Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7993/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 senytabr 2010-cu ilə tarixdə MMC-nin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2752 saylı məhəllədə inşa etdiyi binanın A girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 111,2 kv.m olan 2 otaqlı 22 saylı mənzili hər kv.m üçün 500 (beş yüz) manat olmaqla aldığını, MMC-nə ümumilikdə 55 600 (əlli beş min altı yüz) manat ödədiyini, 04 mart 2020-ci il tarixdə mənzilinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət haqqında çıxarış verildiyini, çıxarışda mənizilinin ümumi sahəsinin 94,7 kv.m göstərildiyini, bu barədə MMC-nə məlumat versə də buna məhəl qoyulmadığını bildirmiş, buna görə də MMC-dən artıq ödədiyi 8250 (səkkiz min iki yüz əlli) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən 5875 manatın X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan 30 manat dövlət rüsumunun əvəzinin MMC-dən tutularaq X2 ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasına sərf olunmuş 100 manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, iddiaçı ilə bağlanmış müqavilənin podrat müqaviləsi olduğunu, podrat müqaviləsi üzrə iddia müddətinin bir il müəyyənləşdirildiyini, mənzilin iddiaçıya 2010-cu ilin oktyabr ayında təhvil verildiyini və onun hətta ümumi iddia müddəti olan 10 illik müddəti də ötürdüyünü nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin, iddiaçının iddiasının təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC ilə İddiaçı arasında 04 sentyabr 2010-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MMC, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2572-ci məhəllə ev 53 A ünvanında yerləşən 22 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul edib 55 600 manat müəyyənləşdirilən dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüş, müqavilədə mənzilin 2 otaqdan, ümumi sahəsinin 111.2 kv.m-dən ibarət olması göstərilmiş, MMC-nın 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən mənzil 04 mart 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr qeydiyyatına alınmış və İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmiş, çıxarışda mənzilin ümumi sahəsinin 94,7 m2 olduğu göstərilmişdir. İddiaçı işin məhz qeyd olunan hallarına istinad edərək MMC ilə bağladığı müqavilədə mənzilin ümumi sahəsinin 111,2 m2 göstərildiyini, lakin daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mənzilinin ümumi sahəsinin 94,7 m2 olduğunu, beləliklə də cavabdehin üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq ondan 16,5 m2lik fərqə görə artıq pul aldığını və həmin pulu geri qaytarmaq vəzifəsi daşıdığını irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, ünvan 1 ünvanda yerləşən 22 nömrəli mənzilin ümumi sahəsinin 99,45 m2 təşkil etdiyi və həmin sahənin 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 m2 sahədən 11,75 m2 az olduğu müəyyənləşdirilmiş, rəydə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinad olunaraq mənzilin sahəsinin həmin qaydalara uyğun hesablanmadığı vurğulanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, cavabdeh MMC iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl etməmiş, ona təhvil verməli olduğu mənzil müqavilədə nəzərdə tutulan sahədən 11,75 m2 az ölçülü olmuşdur. İddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; işin hallarından isə aydın olur ki, iddiaçı mənzilin sahəsinin 04 sentyabr 2010-cu il tarixli müqavilədə göstəriləndən az olduğunu 04 mart 2020-ci il tarixdə mənzilə dair reyestr çıxarışı əldə etdikdən sonra bilmiş, 08 oktyabr 2020-ci il tarixdə məhkəmədə müvafiq iddianı qaldırmışdır. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Əşrh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7993/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7993/2021
25.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver