Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7993/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-348/2022 saylı, 18 oktyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində sahəsi 205 m2 olan ünvan 2 və 0.25 ha. torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ adına RX seriyalı ******* saylı çıxarışla xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
2. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışda İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2nin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2016-cı il tarixinə bazar dəyərinin 158000 manat təşkil etdiyi göstərilib.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı işlərin aşağı keyfiyyətli, ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində ona dəymiş maddi ziyana görə 55000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla cəmi 65000 manatın və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İlk tələbdə göstərilir ki, Cavabdeh ilə ümumi tanışları vasitəsilə tanış olmuş, normal münasibətləri yaranmışdır. Cavabdeh özünü iş icraçısı, yəni prorab kimi təqdim etmiş, o, isə bağ sahəsində olan evinin təmirə ehtiyacı olduğundan həmin şəxslə təmir işlərinin aparılması barədə razılığa gəlmişdir. Cavabdeh özünü ona peşakar təmir-tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Bu səbəbdən cavabdehlə Bakı şəhəri Pirşağı qəsəbəsində yerləşən bağ sahəsində əsaslı təmir-tikinti işlərinin aparılmasına dair şifahi razılığa gəlmiş, aralarında yazılı qaydada müqavilə, görülməli işlərə dair smeta tərtib edilməmişdir. Lakin cavabdeh tərəfindən aparılan təmir-tikinti işləri son dərəcə keyfiyyətsiz olmaqla yanaşı sonuncuya ödənilmiş külli miqdarda pul vəsaiti cavabdeh tərəfindən mənimsənilmiş, aparılmış qüsurlu təmir işləri isə çox ucuz və keyfiyyətsiz materiallardan istifadə edilməklə ona külli miqdarda ziyan vurulmuşdur. Evin otaqlarının və mansardın döşəməsinin taxtalarının araları normadan çox olduğundan estetik forma pozulmaqla taxtaların aralarından hava daxil olduğundan sökülüb yenidən yığılmalıdır. Köhnə mövcud evlə birləşən yeni tikilmiş 2 ədəd otağın dam örtüyü qüsurla vurulduğundan yağış suları həmin otaqları yararsız vəziyyətə salmış və dam örtüyü yenidən sökülüb-yığılmalıdır. Birinci və ikinci mərtəbələrin döşəmələrinin atmaları-balkaları çox nazik olduğundan və birbirlərindən çox aralı olduğundan döşəmə silkələnir. İnşa edilmiş evdə quraşdırılmış pəncərələr keyfiyətsiz materiallardan və qüsurlu yığıldığından aralarında qalan boşluqlardan hava keçdiyindən yüksək səslər əmələ gəlir, habelə pəncərələrin ara boşluqlarından yağış suları mənzilə daxil olaraq ziyan vurur. Kanalizasiya sistemi düzgün quraşdırılmadığından inşa olunmuş hamam və sanitar qovşaqda daimi pis qoxu gəlir və bu sistemin yenidən quraşdırılmasına ehtiyac vardır. Evin mansard adlanan hissəsinin dam örtüyünün alt hissəsi, yəni izolyasiyası olmadığından mansardda qışda soyuq, yay aylarında isə çox isti olur və sökülüb yenidən tikinti qaydalarına uyğun bərpa olunmalıdır. Evin birinci mərtəbəsinin döşəməsi keyfiyyətsiz və qüsurlu yığıldığından hərəkət zamanı kifayət qədər güclü amplituda ilə tərpənir. Bu halların aradan qaldırılması məqsədilə müəyyən vəsait sərf olunmaqla zirzəmidən dəmir boru vasitəsilə döşəmə bərkidilmişdir. Yeni inşa edilmiş evin bir sıra divarlarının müxtəlif yerlərində çatlar müşahidə olunur ki, bu hallar da evin özünün zəif inşa edilməsi nəticəsində bütövlükdə evin daşıyıcı divarlarında geniş çatlar əmələ gəlmişdir. Mətbəx və sanitar qovşağın arasında izolyasiya işlərinin aparılmaması nəticəsində mətbəxin ümumi divarında nəmişlik əlamətləri müşahidə olunur. Nəmişlikdən kəskin qoxular əmələ gəlmişdir. Bu səbəbdən izolyasiya işləri bərpa olunmalıdır. Kombi sisteminin borularının düzgün quraşdırılmaması nəticəsində evin zirzəmisinə daxil olunmasını məhdudlaşdırmış, borular izolyasiya olunmamış, kombi aparatı keyfiyyətsiz olduğundan tez-tez sıradan çıxır və bu halların aradan qaldırılması əlavə xərc tələb edir. Evin həyətindəki hovuzun tikinti norma və qaydalarına zidd olaraq qüsurlu inşa edilməsi nəticəsində əlavə olaraq dəmir-beton işləri aparılmışdır. Mansardın divar və tavanında işlədilmiş taxta məmulatları quraşdırılarkən keyfiyyətsiz materiallardan istifadə edilməsi nəticəsində araları açılmış, yararsız vəziyyətə düşmüşdür. Evin elektrik xətləri keyfiyyətsiz quraşdırıldığından bir sıra qüsur və nöqsanlar aşkar edilmişdir. Həmin qüsurların aradan qaldırmaq məqsədilə elektrik xətləri yenidən quraşdırılmışdır. Cavabdehlə razılığa əsasən bütün qeyd olunan işlər yüksək keyfiyyətli materiallardan inşa edilməli idi. Lakin ondan təxminən 85000 manat civarında hissə-hissə pul alaraq, işlərin aşağı keyfiyyətli ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində cavabdeh ona külli miqdarda, təxminən 55000 manat civarında maddi ziyan vurmuşdur. Bundan başqa, 2016cı ildə işləri görməyə başlayan cavabdeh 2017-ci ildə işləri tamamlamadan getmiş, o, dəfələrlə cavabdehdən işləri tamamlamağı tələb etsə də, əvvəl cavabdeh ona vədlər vermiş, sonra ona hara şikayət edirsə etməsini deyib, zənglərinə cavab verməmişdir. Nəticədə cavabdeh tərəfindən hissə-hissə görülən işlər ona təhfil verilməmişdir. Halhazırda da yağış yağanda onun evinə su axır, bu barədə o, video görüntüləri də çəkmişdir. Cavabdehin gördüyü işlərə görə onun cavabdehə hər hansı bir borcu qalmamışdır.
5. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın tutulmasına, qeyd olunan pul tələbinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınmasına dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-348/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Səadət Səlimova) ilə ilkin iddia tələbinin qismən təmin edilərək Cavabdeh maddi ziyana görə 15578 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 15608 manatın İddiaçı xeyrinə tutulması; ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi; qarşlıqlı iddia ərizəsinin də təmin edilməməsi; Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, 2016-cı ildə tərəflər arasında ünvan 2 ünvanında yaşayış evinin inşası və təmirinə dair şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Sifarişçi İddiaçı podratçı Cavabdeh podratın nəticəsinin qüsurlu olmasını, işlərin ona təhvil verilmədiyini bildirib vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini, podratçı isə öz növbəsində görülən işlərin ödənilməmiş qalan dəyərini və vurulan mənəvi ziyanı tələb etməklə şifarişçinin tələbləri üzrə iddia müddətini ötürməsini iddia edir. İlk iddia tələbinə iddia müddətinin təbiq edilməsini tələb edən podratçı bu barədə müraciəti ilk iddia ərizəsinə qarşı vəkili tərəfindən tərtib olunan etirazda qeyd etməklə etirazın eyni zamanda ərizə kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, podrat müqaviləsi üzrə podratçının Bakı şəhəri Pirşağı qəsəbəsi 111 saylı bağ evində gördüyü işlərdə qüsurlar mövcuddur və bu qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 15578 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, şifarişçinin qüsurların aradan qaldırılması üçün podratçıdan 15578 manat tələbi əsaslıdır ona görə də, ilk iddia ərizəsi maddi ziyanla bağlı bu hissədə təmin edilməlidir. Məhkəmə ilk iddiaçının mənəvi zərərin tutulması tələbinə münasibətdə qeyd edir ki, podratçının hərəkəti nəticəsində keçirdiyi mənəvi sarsıntının nədə ifadə olunmasına, hansı şəkildə təzahür etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən şifarişçinin ilk iddia tələbi bu hissədə əsassızdır, ona görə təmin edilmir. Məhkəmə podratçının şifarişçinin tələbinə iddia müddətinin təbiqi ilə bağlı qeyd edir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx.xx.2005-ci il, R.Salamovun şikayəti üzrə xx.xx.2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli və s. qərarlar). Məhkəmə hesab edir ki, ilk iddia ərizəsi üzrə cavabdeh ilk iddia tələbinə iddia müddətinin təbiqini tələb etdiyindən iddia müddətinin axımının başlanğıcına dair təkzib olunmaz sübutlarını da məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh verdiyi izahatlarında şifahi podrat müqaviləsi üzrə işlərin 2016-cı ilin fevral-mart aylarında başlanmasını, həmin ilin may-iyun aylarında tamamlanmasını bildirsə də, müqavilə üzrə gördüyü işləri şifarişçiyə nə vaxt təhvil verməsini sübuta yetirə bilməmişdir. Podratçının vəkili işlərin təhvil verilməsini sifarişçinin daşınmaz əmlakı qiymətləndirməsi, həmin əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınması tarixi ilə təsdiq olunmasını bildirsə də, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edən sifarişçi bu hesablama nəticəsində də, iddia müddətini ötürməmişdir. Belə ki, qanunla müəyyən edilmiş xüsusi iddia müddətlərindən biri də podrat hüquq münasibətləri üçün Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş podrat müqaviləsi üzrə iddia müddətidir. Həmin maddəyə müvafiq olaraq sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (MM-nin 776.1 mad). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (MM-nin 776.2 mad). Beləliklə hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 377.1-ci madəsinə əsasən sifarişçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmaqla Mülki Məcəllənin 776-cı madəsində müəyyən edilmiş xüsusi iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla şifarişçinin binaya dair icranın qüsuruna aid tələbi üzrə beş illik iddia müddətini ötürmədiyi müəyyən olunduğundan məhkəmə podratçının etirazında istinad etdiyi bu dəlil ilə razılaşmır. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, şifahi qaydada bağladığı podrat müqaviləsinə əsasən, gördüyü işlərin dəyərinə görə şifarişçinin ona 3700 manat borclu qalmasını iddia edən podratçı iddia tələbində istinad etdiyi bu halı sübuta yetirə bilmədiyindən, müqavilədən irəli gələn tələblərinə əsaslanaraq podratçının binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb etmək hüququ olduğundan, qarşılıqlı iddia ərizəsində qeyd olunan şifarişçinin öz hüquqlarının müdafiəsi üçün müraciət etməsi halı podratçının mənəvi sarsıntı, iztirab keçirməsinə əsas olmadığından qarşılıqlı iddia tələbləri tam həcmdə əsassızdır, ona görə təmin edilmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə tam təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, ərizə verməsinə baxmayaraq məhkəmə hazırki iş üzrə iddia müddətinin keçməməsi qənaətinə gəlmişdir. Halbuki, bu tip işlər üçün qanunverici 5 illik iddia müddəti müəyyən etmişdir. Hazırki iş üzrə isə evin təhvil verilməsindən 6 ildən artıq müddət keçmişdir. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Məhkəmədə verilmiş ifadələrdən də aydın olur ki, İcraçı işini 2016-cı ilin yayında bitirib. İşin predmeti evin tikintisi və təmiri olduğundan əksini düşünmək sadəlövlük və absurd olar ki, iddiaçı həmin evə tikiləndən sonra daxil olmamışdır. Evdə ilk diqqət çəkən döşəmənin olmasını da nəzərə alsa, döşəmədəki aralıqların və vibrasiyaların olmasını (təbii ki, bu qüsurlar onun təqsiri ilə sonradan yaranmayıbsa) dərhal görülməli idi. Faktiki olaraq, iddiaçı 2016-cı ilin yayında evə daxil olarkən döşəmələrdə problemin olmasını, bununla da hüquqlarının pozulduğunu bilmişdir. Belə olan halda, iddiaçı hüquqlarının pozulmasını 2016-cı ildə gördüyündən 5 illik iddia müddəti keçmiş sayılmalıdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin qərarında qeyd etdiyi kimi, tərəf iddia müddətinə riayət etmiş olsaydı, bir çox hallara vaxtında aydınlıq gələr, yaranmış qüsurların kimin təqsirindən əmələ gəldiyini sübut etmək asan olardı. İddiaçı aradan keçmiş 6 il ərzində mülki qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək cavabdehdən əlavə icra və ya qüsurların aradan qaldırılmasını tələb etməyib. Hər bir halda, məhkəməyə buna dair sübutlar təqdim etməyib. Bu halın özü də qüsurların sonradan yarandığını sübut edir. Cavabdeh bu qüsurların aradan qaldırılmasından yayınmır və özünün təqsirindən yaranmış qüsuru könüllü aradan qaldırmaq niyyətindədir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X2 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
10. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 758. Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Maddə 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Maddə 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773 Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, təmin edilən hissədə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddanın isə faktiki əsası isə (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, qarşılıqlı iddia isə uzlaşmadığından, üstəlik ilk iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından ilk iddia haqlı sayılır, qarşılıqlı iddia isə haqlı sayılmır.
20. Tərəflər arasında həqiqətən də 2016-cı ilin mart ayında şifahi podrat müqaviləsi bağlanması ilə əlaqədar mülki hüquq münasibətləri yaranmış, iddiaçı bununla əlaqədar, yəni fərdi yaşayış evinin tikintisinə görə ilk iddia üzrə cavabdehə hissə-hissə 85000 manat ödədiyini bəyan edir, lakin sonuncu podratçı olaraq sifarişçinin sifarişini, yəni podratı həm kəmiyyətcə, həm də keyfiyyətcə tam yerinə yetirməli olduğu halda öhdəliklərini bugünə kimi də yerinə yetirməmiş, podratdakı qüsurları aradan qaldırması üçün heç bir tədbir görməmiş, bununla öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə ilk iddiaçıya vurduğu zərəri aradan qaldırmamışdır.
21. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən həm ilkin, həm də əlavə məhkəmə tikinti-texniki ekspertizalar təyin edilərək keçirilmiş, eləcə də birinci rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmiş və verdiyi rəyi müdafiə etmişdir. Həm qeyd olunan rəylərlə, həm də ekspertin izahatı ilə podratın qüsurlu icra olunduğu öz təsdiqini tapmışdır. O da müəyyən olunub ki, qüsurların yalnız əlavə xərclər hesabına aradan qaldırılması mümkündür. Başqa sözlə cavabdeh istəsəydi belə əlavə xərclər olmadan qüsurlu icra etdiyi podratın qüsurlarını fiziki olaraq aradan qaldıra bilməzdi. Göründüyü kimi, bu hallar da ilk iddianın əsaslı olmasına dəlalət edir. Podratçı ekspertiza rəyinə etiraz etsə də, bu etiraz təkrar ekspertizanın keçirilməsi üçün əsas deyildir. Belə ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyildir, məhkəmə həmin rəylə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmənin də ilk və əlavə ekspertizaların rəyləri ilə razılaşmaması üçün əsaslar olmalıdır. Belə bir əsas isə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar edilməmişdir.
22. Apellyasiya şikayətinin əsas dəlili Mülki Məcəllənin 776.1-ci maddəsində 5 illik iddia müddətinin keçməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin bu müddətlə bağlı gəldiyi qənaəti kifayət qədər əsaslandırılmış və düzgün olmuşdur. Belə ki, həmin Məcəllənin 776.2-ci maddəsində də göstərilir ki, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Apellyasiya baxışı zamanı tərəflərin izahatları ilə də müəyyən edildi ki, işin tam qəbul edilməsi nəinki 2016-cı ilin yayında, heç hazırki iddia irəli sürülənədək də tam qəbul edilməmişdir. Ona görə də qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlandığından hansısa müddətin ötürülməsindən söhbət gedə bilməz.
23. Şikayətdə evin təhvil verilməsindən 6 ildən artıq müddət keçdiyi göstərilsə də bu müddətin hansı qaydada hesablandığı başadüşülən deyildir. Belə ki, podratçı özü qeyd edir ki, 2016-cı ilin mart ayında işə başlamış, həmin ilin yay aylarında işin nəticəsini təhvil vermişdir. İlk iddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. Deməli, 5 ilin keçməsi özü belə təsdiq olunmur, nəinki 6 il keçməsi, yəni bu dəlilin əsassızlığı adi hesablama nəticəsində təsdiq olunur. O ki qaldı, qeyd olunan ölçüdə evin 2016-cı ilin mart ayında başlanılıb iyun ayında yaxud da digər yay aylarında başa çatmasına bu dəlilin özü də podratın qüsurlu icra edildiyini açıq-aşkar təsdiq edir. Hətta, nəzərə alınsa ki, qeyd olunan ev daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınan zaman ümumən qüsurlu olsa da hazır vəziyyətdə olub, yenə də 5 illik iddia müddətinin keçməsindən bəhs etmək olmaz.
24. Qeyd olunduğu kimi iddiaçı qüsurların aradan qaldırılmasını dəfələrlə, illərlə cavabdehdən tələb etsə də sonuncunun müxtəlif bəhanələrlə bundan yayındığı təsdiq olunur. Ən azından ona görə ki, şikayətdə də göstərilir ki, cavabdeh bu qüsurların aradan qaldırılmasından yayınmır və özünün təqsirindən yaranmış qüsuru könüllü aradan qaldırmaq niyyətindədir. Deməli, dolayı da olsa cavabdehi podratı qüsurlu icra etməsini etiraf etmiş olur. Ona görə də iddiaçının cavabdehdən əlavə icra və ya qüsurların aradan qaldırılmasını tələb etməyib dəlili də özü-özlüyündə əsassızdır.
25. Podratçının israrla 5 illik iddia müddətinin keçdiyini bəyan etməsi də ilk iddianın açıqaşkar əsaslı olduğuna dəlalət edir. Əks halda o, daha çox podratı qüsursuz və keyfiyyətlə yerinə yetirdiyinə dair dəlillərə şikayətində üstünlük verərdi. Ancaq şikayətin məzmunu da onu deməyə əsas verir ki, ilk iddia üzrə cavabdeh nəyin bahasına olursa-olsun mülki hüquqi məsuliyyətdən yayınmağa çalışır.
26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışda İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2nin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2016-cı il tarixinə bazar dəyərinin 158000 manat təşkil etdiyi göstərilməsi də ilk iddianın əsassızlığına, qarşılıqlı iddianın isə əsaslı olmasına dəlalət etmir. Əvvəla, bu qiymətləndirmənin hüquqmüəyyənedici sənədlərə əsasən aparıldığı göstərilir. İkinci də, qeyd olunan evə aid xüsusi mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi də qiymətləndirməyə təsir edən amildir.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda podratın qüsurlu və keyfiyyətsiz icra edilməsinin nəticələri və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-348/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-348/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.