Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7995/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: qanunsuz məhkum etməyə görə kompensasiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(101)-362/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3, 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona CM-nin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrl-ayrılıqda qismən toplamaq və əsas cəzanı əlavə cəzaya birləşdirməklə İddiaçı qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə czası təyin edilmiş, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzaını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkmiş və cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv olunmuş və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə cəmi 15.846 manat, mənəvi ziyana görə 100.000 manat olmaqla, cəmi 115.846 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirməklə ona qəti olaraq 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 13 oktyabr 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İşin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, iddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, yol-nəqliyyat hadisəsi 12 oktyabr 2018-ci il tarixdə baş verdiyi halda 23 iyun 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hökmünə əsasən bəraət verilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hadisə baş verən günə kimi “Daewoo BS 090” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 06/1-15 nömrəli məktubundan görünür ki, Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara (fiziki şəxslərə) dair məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən keçirilən seçmə statistik müayinə əsasında əldə olunur. 2019-cu ildə sözügedən fəaliyyətlə məşğul olan şəxslərin orta aylıq nominal əmək haqqı Bakı şəhəri üzrə 792.3 manat olmuşdur. Beləliklə, qeyd olunanlar nəzərə alınsa, İddiaçı 13 oktyabr 2018-ci il tarixdən 23 iyun 2020-ci il tarixinədək 20 ay ərzində həbsdə olduğu müddət ərzində itirilmiş mənfəəti (20x792.3=5.846) 15.846 manat olmuşdur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3779/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməli, iddiaçının xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 6, 7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də, hazırkı məhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyət təşkil edir. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi təmin olunmalı idi. Eləcə də, qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslər məhkəmə prosesinə cəlb olunmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
12. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
13. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
14. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi
15. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
16. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
17. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu
18. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.
19. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
20. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb olunmasında təqsirkar olan vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədədir.
25. Məhkəmə kollegiyası aşağıdakılara görə bu dəlili əsassız sayır.
26. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
27. «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır...
28. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
29. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
30. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
31. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafiq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
32. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır».
33. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 1 il 8 aydan çox müddət keçdikdən sonra onun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir. Beləliklə, iddiaçı istintaq orqanının və məhkəmənin səhvi ucbatından əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli hökmü ilə iddiaçının cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İddiaçı 12 oktyabr 2018-ci il tarixdən 23 iyun 2020-ci il tarixə qədər, yəni 1 il 8 ay 11 gün azadlıqdan məhrum etmə yerində saxlanılmışdır.
34. Nəzərə alınmalıdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 4-cü maddələrinin məzmunundan göründüyü kimi şəxsin haqqında bəraətverici hökm, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə, şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunun göstərilən şəkildə ifadə olunması istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina üçün əsas ola bilməz.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozülmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edidlir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
36. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
37. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
38. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət müşakiməsinin əsas prinsipləri haqqında» Bəyamnaməyə istinad etmişdir: «Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.
40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin dövlət tərəfindən qarşılanması Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələbinə də uyğundur. Həmin maddəyə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
41. Kompensasiya məbləğinin ədalətli olub-olmamasına münasibətdə Kollegiya qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır.
42. Maliyyə Nazirliyinin iş üzrə cavabdeh ola bilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
43. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olub-olmamasından asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti Dövlət büdcəsinin vəsaiti hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
44. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.