Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7996/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X3" X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2021-ci il tarixli 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş və müharibə zamanı yaxınlığında partlayan düşmən mərmilərinin partlamasından barotravma almış, bunun nəticəsində isə səhhətində Tinnitus xəstəliyi yaranmışdır. Bundan başqa, burun çəpər əyriliyi və Septoplastika cərrahi əməliyyatının uğursuz nəticə verməsinə görə sol burun borusunda sinexiya və burun üzərində şişlər, döyənəklər yaranmışdır. Göstərilən xəstəliklərinin müayinə və müalicəsi üçün dəfələrlə cavabdehə ünvanlanmış müraciətləri müsbət həll olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli sonuncu cavab məktubunda müalicəsi üçün “YAŞAT” fonduna müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh iddiaçını müalicə və müayinə olunması üçün başqa bir orqana yönləndirirsə, demək onun icbari tibbi siğortaya ehtiyacı yoxdur. İcbari tibbi siğorta şəhadətnaməsinin ləğv edilməsi üçün cavabdehə ünvanlanmış müraciətinə baxılmamışdır. 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi siğorta şəhadətnaməsinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, iş № 2(006)-608/22) iddia rədd edilmişdir. Məhkəmə öz mövqeyini “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1- 1.1, 1-1.3, 15-1.0, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. İddiaçı ərizə göndərərək işi, səhhəti və s. ilə əlaqədar məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, yaxud işə onun iştirakı ilə videokonfrans şəklində baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qayadada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, cavabdeh inzibati akt qəbul etmək səlahiyyəti olan hüquqi şəxsdir və İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X3" X1 müraciətinə münasibətdə hərəkətini (hərəkətsizliyini) mübahisələndirir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasındakı hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 2.2.3-cü maddələrinin tələbinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin edilməli, mübahisələndirilən qətnamə ləğv olunmalı, hazırkı mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2022-ci tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X3" X2rşı “icbari tibbi sığorta şəhadətnaməsinin ləğv olunması” tələbinə dair işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7996/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7996/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver