Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-80/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: ümumi istifadədə olan yolun açılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-181/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağ sahəsi, 1083 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubda deyilir: “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinin giriş-çıxış yolunun müəyyənləşdirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan bağ sahəsinin yolu şimalşərq tərəfdən nəzərdə tutulmalıdır.”
3. İş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin İŞ-nin müstəntiqi, polis kapitanı Cəlal Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir.
4. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd olunur: “icraatınızda olan 2(003)-181/2022, 2(003)-3877/2022 nömrəli iş üzrə tədqiqat obyektinə baxışda mütəxəssisin iştirakının təmin edilməsi barədə bildiririk ki, müraciətdə qeyd edilən tarixdə keçirilməsi nəzərdə tutulan baxışda cavabdehin iştirak etməməsi səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq münasibət bildirilməsi mümkün olmamışdır. Tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı, iş üzrə texniki və hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə tədqiqat obyektinə baxışda iştirak edərək müvafiq münasibət bildiriləcək.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı 1 Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinə gedən yolda ümumi istifadadə olan yolun açılması, qanunsuz qoyulmuş darvazanın və hasarın sökülməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.245093 ha ölçüdə 1083 saylı bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 25564 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ona miras olaraq keçmişdir. Lakin, torpaq sahəsinə giriş-çıxış yolu yoxdur. Bağ sahəsinə giriş yolu qonşusu tərəfindən zəbt edilərək dəmir darvaza qoyulmaqla yolu bağlanmışdır. O, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Məcbur qalıb bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu da onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, sərbəst olaraq öz əmlakı barədə müəyyən hüquqları- xüsusən də istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir.
7. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı bütün hərəkətləri məntiqsizdir. 01 aprel 2021-ci il tarixdə İddiaçı Xəzər Polis İdarəsinə müraciət edib ki, kənar şəxs tərəfindən 1083 №li bağ sahəsinə yol zəbt edilib və həmin şəxsi müəyyən etməyi Polisdən xahiş edib. Bir neçə gün sonra (aprelin 6-sı), həmin ərizə “əsasında” (əsas olmayaraq), Xəzər rayon Polis İdarəsinin nümayəndəsi və İddiaçı vəkili Vəkil heç bir təsdiq və sübutu olmadan, onun 1092 №li bağ sahəsinin qapısını döyüb, ona deyiblər ki, o, 1083 №li bağın yolunu zəbt etmişdir. Ondan izahat tələb ediblər. O izahatı yazıb, baxmayaraq ki, heç kimin maraqlarına toxunmamışdır, lakin bütün tarixi və faktları bilir, onu aldatmaq mümkün deyil. İddiaçı onun xalası nəvəsidir və onu uşaqlıqdan yaxşı tanıyır və onun bağı 1083 №li sahəsi ilə qonşu olduğunu yaxşı bilir. Onların ailəsi 1092 №li bağ sahəsinə 1947 ildən və şəxsən o, 1968-cı ildən baxır. Xəzər Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları İddiaçı Polisə ərizəsinin mahiyyətini və qanuni olduğunu yoxlamaq üçün, İddiaçı tərəfindən təşəbbüs etdiyi cinayət işini əlavə araşdırmaya göndəriblər. Polis əməkdaşları yerində baxış keçiriblər, onun sahəyə aid təqdim olunmuş sənədləri müstəntiqlər tərəfindən yoxlanılıb. Xəzər Rayon Polis İdarəsi tərəfindən 12 iyun 2021-ci il tarixli Qərar çıxarılıb, qərarda qeyd olunur ki, Cavabdeh heç kimin şəxsi mülkiyyət hüquqlarını pozmayıb, yolunu bağlamayıb, heç kimin şəxsi mülkiyyətində olan sahəsini zəbt etməyib. Qeyd etmək lazımdır ki, İddiaçı ərizəsi ilə bağlı heç bir sübut təqdim etməmiş və Polis İdarəsinə özü gəlməmişdir. Bundan sonra, İddiaçı məhkəməyə müraciət edib ki, Cavabdeh onun mülkiyyət hüququnu pozur, amma indi aydındır ki, onlar Cavabdeh mülkiyyət hüququnu pozmaq niyyətindədilər. Cavabdeh hesab edir ki, ona qarşı iddia ərizəsi əsassızdır. İddiaçı 2010-cu il tarixli 1083 №li sahənin mülkiyyəti ilə bağlı Çıxarışı aldıqdan on il keçdikdən sonra iyun ayında 2020-ci ildə etibarnaməni öz vəkilinə verib və yetkinlik yaşından bəri birinci dəfə bağla, bağın yolu ilə maraqlanıb və 1083 №li bağ sahəsinin yolunu zəbt edənin şəxsiyyətini müəyyən etmək üçün Polisə müraciət edir və daha sonra heç bir sübutu olmadan, nədənsə onu məhkəməyə verir. Maraqlı fakt odur ki, öz adına sahəni keçirdərək (icarə müqaviləsi, sonra mülkiyyət) İddiaçı həmin 1083 №li sahəyə qanuni giriş yolunun haradan olub-olmaması barədə o vaxtı sual vermirdi və indi də əsl qanuni yolun harada olduğunu gizlədir, lakin özü bilir yol haradan zəbt olunub. O tərəfə ki, yolu zəbt edib, gücü çatmır, ona gücü çatır və indi Polis və məhkəməni aldatmaq istəyirlər. Ondan, yaşlı xəstə adamdan, sadəcə olaraq istifadə etmək istəyirlər ki, qanunsuz yollarla 1083 №li bağ sahəsi maklerlər vasitəsilə satsınlar. Belə ki, 1990-cı illərdən 2021-ci ilə qədər heç bağla maraqlanmayıb və baxmayıb, yolun harada olub-olmamasını ilə bağlı İddiaçı 2021-ci ilə qədər nə rəsmi, nə də qeyri-rəsmi qaydada maraqlanmayıb. Qeyd edir ki, o, öz bağ sahəsini başqaları kimi, çoxdan sata bilərdi. Bu halda, İddiaçı kimə qarşı iddia qaldırardı? O, həmişə öz bağında qalırdı, öz bağına baxırdı və qonşu xalası Qumru Qafarovanın vəfatından sonra onun bağını da 40 ildir ki, istər istəməz nəzarət altında saxlayırdı ki, təmiz olsun. Bunları o, öz elmi işçi maaşı ilə edib. Amma İddiaçı yadına da düşmür ki, o torpağa qayğı göstərmirdi, nə qanuni giriş yolundan, nə də ümumiyyətlə sahədən, bağın vəziyyəti ilə də heç vaxt maraqlanmırdı, bir dəfə də soruşmurdu “sahədə nə baş verir?”. İndi satmaq istəyir və hər bir vasitəyə əl atır ki, sənədləşdirib, qanuni tələbləri və hüquqları pozmaqla, bir yerdən yol açılsın, satsın. O, istəsəydi, bu 40 il ərzində həmin nəzarətsiz sahəni öz adına sənədləşdirərdi, sonra satardı. O bunu heç vaxt eləməzdi və etməyib. Hesab edir ki, qanunla mümkün olsa da, mənəvi tərəfdən bu düzgün deyil. O, orada olmasaydı, qonşulardan biri çoxdan öz adına sənədləşdirərdi, İddiaçı heç bilməzdi. O, axırıncı dəfə İddiaçı hardasa 1994-cü ildə qanuni giriş yolun olduğu mərkəzi şosse, qanuni yol ilə öz ata qohumları ilə əncir üçün gəlməsini xatırlayır, həmin mərkəzi şosse ilə 1082 №li bağın ev arxasında olan yola girib, 1083 №li sahəyə keçib (o vaxt İddiaçı 11-12 yaşında idi və həmin qanuni yolu yaxşı tanıyırdı). O vaxt İddiaçı ona bildirib ki, mərkəzi şossedən baxanda 1083 №li bağı tut ağacını görəndə tanıyıb, həmin əsas şossedən də bağa girib. O vaxt şosseyə baxan bağ (1082 №li) hələ ki (qanuni yol ilə birlikdə) satılmamışdır və 1083 bağ sahəsinə gedən yol açıq idi (hələ zəbt olunmamışdır). Təxminən 30 dəqiqə orada olub getmişlər. Onun 1092 №li bağ sahəsinə bütün lazımi sənədlər əsasında 4 metrlik giriş yolu var və həmin bağa o və iki yetkinlik yaşına çatmış uşaqları baxırlar. Daha sonra Cavabdeh ərizə (çıxış) ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi sübutsuzdur. 1083 saylı sahəyə həmişə giriş yolu əsas mərkəzi şossedən 1082 saylı bağ evin arxasında olurdu, həmin qanuni giriş-çıxış yolunu əks etdirən cizgi texniki plan məhkəmədən gizlədilir. Onun 1092 №li sahəsindən 1083 №li sahəyə giriş-çıxış yolu olmamışdır və hazırda da yoxdur. Bu da İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş İddiaçı və Əmlak Komitəsinin aprel 2021-ci tarixli məktublarından da görünür (Əmlak Komitəsi və İddiaçı 1083 №li bağa yolu “müəyyən” etmək istəyirlər, yəni yol axtarırlar). Qeyd edir ki, 1083 №li bağ 1947-ci ildə onun xalası Qumru Qafarova (İddiaçı ana tərəfindən nənəsi) adına sənədləşdirilmişdir və sahəsi 0, 56 (təxminən) hektar idi (yəni 1083 №li və 1082 №li sahələr birlikdə, bir böyük bağ idi). Bağa giriş və evinə gədər gedən yol 1947-ci ildən mərkəzi asfaltdan gəlirdi (təqdim olunan sxemdə Yol №li 1). Yol №li 1 Qumru Qafarovanın evinin arxasından keçir, onun 1092 №li bağından, qarajacan uzanırdı (Yol N İİ) və bu dövlət kadastrın Planına uyğun idi. 1963-cü ildə hökümət tərəfindən göstəriş oldu ki, hər adama 0,25 hektar verilə bilər və Qumru Qafarova mərkəzi şosse tərəfindən olan hissəni kiçik bacısının ailəsinə ayırdı və həmin sahə kiçik bacısının yoldaşının adına sənədləşdirildi (oldu Bağ N 1082 Səfərəliyev Tofiqin adına). Qafarova Qumrunun 1083 №li bağ sahəsinə şossedən gedən ümumi istifadəsində olan qanuni Yol 1 açıq qalırdı (təbil ki, həmin yol 1082 №li bagin sahəsinin özünə daxil ola bilməzdi. Plan ilə yol idi və indi də yoldur. Qumru Qafarova da, onların ailəsi də həmin ümumi yoldan istifadə edirdilər. Qumru Qafarova və 1092 №li bağın sahibi olan onun anası, Qafar-zadə Məhbubə, 1-ci yolu 1947-ci ildə onlara bağ sahələri veriləndə tikmişdirlər. Qafarovanın evinin arxasından keçən və onların bağa gedən yol cavabdehin ailəsi tərəfindən tikilmişdir və ümumi plana daxil idi (o yol sxemdə qeyd olunub). 1976-78-ci ilərdə 1084 №li bağ sahibi 1092 №li onların bağa gedən yolu daş ilə bağladı. Səbəb isə o idiki, Q. Qafarovanın evinin araxından keçən Yol onun bağ sahəsinə baxır və bağını satmaq fikrinə düşüb. Özü o yola, yanında olan qonşuların etirazı olmadan, heç kimin maraqlarına, sahiblik hüququna ziyan vurmayaraq, 1092 №li bağ üçün mümkün yeganə alternativ tapmış və ona görə mübarizə aparmamışdır. Onun 1092 №li sahəsininin arxa tərəfi qumluq olan dar bir (4 metr) dalana çıxırdı, yəni bağın həmin uzun dalanın ən axırında “tupikdə” yerləşir, dalan (“tupik”) bağının sahəsinə dirənir. Sxemdə 1092 №li bağın İİİ Yol kimi göstərilib. O illərdə 1090 №li və 1091 №li (1091 №li bağ hal hazırda satılıb) bağların sahibləri və onlar, yəni cavabdeh o hökümət balansında olan qumluğu, dar dalanı özləri abad edib, təmizləyib, öz hesablarına daş düzmüşdür ki, maşın keçə bilsin. Həmin dalanın sonu, yəni dalanın başı — yalnız onların 1032 №li bağına dirənir. 1090 və 1091 №li bağların qapları dalanın yan tərəfindədirlər. Dalan bir başa onların 1092 №li bağ sahəsinə dirənir (sxemdən görünür) və həmin dalanın 1083 №li sahə ilə (giriş-çıxış yol nöqteyi nəzərdən) heç bir aidiyyəti yoxdur, 1083 №li sahəyə giriş-çıxış üçün ümumi koordinatları yoxdur. 1083 №li bağın sərhədi və onun sərhəd boyunca torpaq sahəsi 1947-ci ildən icarə və sonra mülkiyyət hüququna əsasən anasına, atasına və ona məxsusdur. Həmin dalanın 1083 №li bağın sahəsinə giriş-çıxış kimi göstərilməsi mümkün deyil (dalanın 1083 №li bağın sərhədi ilə əlaqəsi yoxdur) və belə bir texniki sənəd-plan İddiaçı və Əmlak Komitəsi tərəfindən qanunla təqdim oluna bilməz də, belə ki 1947-ci ildən 1083 №li bağa aid olan mərkəzi asfaltdan, şossedən gələn və planda olan Yol 1 istifadə üçün acıq idi (1995-ci ilədək, Səfərəliyev bağını satan günə qədər) və indi də açıq olmalıdır. Yol № 3 (dalan) birbaşa 1083 №li bağın sahəsinə heç bir tərəfdən keçmir və heç bir vaxt onların 1092 №li bağın sahəsindən ümumi yol yox idi. Yol № 1 isə 1083 №li bağ üçün 1995-96-cı illərədək açıq olub. Lakin, 1963-70-ci illərdə, Səfərəliyev Tofiq 1032 №li bağını sənədləşdirəndən sonra, Qumru Qafarovanın bağına və evinə gedən 1 №li yolun kənarında, şimal tərəfdən, özünə ev tikmişdir (sxemdə bilinir) və bir azdan Qumru Qafarovanın mərkəzi şossedən gələn qanuni yolunu, şıltaqlıq edib, sahəsinə qoşmaq niyyəti ilə, ona təklif etdi ki, yolunu dəyiş, onun evinin arxasından keçir. Yolunu cənub tərəfdən tik (yəni İV №li Yolu tik!) ya da yolunu dalandan sal, 1092 №li bağdan keç”. Qumru Qafarova haqqlı olaraq, bu təkliflərə razı olmadı, lakin T.Səfərəliyev mübahisəni davam edirdi və X4 İdarəsinə şikayət yazdı. O vaxt, 1980-cı ildə, Qumru Qafarovanın şikayəti əsasında, Bağlar İdarəsindən Komissiya gəldi və Qumru Qafarovaya rəsmi cavab verdilər ki, Qumru Qafarovanın 1083 №li bağın yolu (Yolu 1) Tofiq Səfərəliyevin evinin arxasından şimal tərəfindən keçir və Sizin istifadənizdə olub və bu günə qədər qalır (sənəd №li 1, əlavə olunur, 1980 ci ilin 08 apreldə verilib, №644). Qumru Qəfarova vəfat edəndən sonra (1982 ildə), onun həyat yoldaşı Ağaşeyxəli Dadaşev, 1083 №li bağı öz adına keçirtdi. Səfərəliyev Tofiq isə öz ideyasından əl çəkməyib məhkəmələrə düşdü. O, A.Dadaşevi və Bağ İdarəsini Məhkəməyə verib o məqsədlə ki, yol 1 (sxemdə) onun 1082 №li bağ sahəsinə birləşsin və 1083 №li bağa gedən Yol 1 ləğv olunsun. Uzun məhkəmə proseslərindən sonra, sonda nəhayət, 1993-cü ildə Bakı şəhər Məhkəməsində Səfərəliyev Tofiq öz iddia ərizəsindən imtina etdi və onu geri götürdü. Beləliklə, 1083 №li bağa gedən Yol 1 açıq qaldı, Bunu təqdim olunan ərizəyə Bakı Şəhər Məhkəməsinin Qətnaməsini və o vaxt qonşuların adından yazılan R. Məlikovun şahidnaməsini əlavə edir, harda ki, o bir şahid kimi təsdiq edir ki, 1083 №li bağın yolu həmişə, Səfərəliyev Tofiq oralarda olmamışdan əvvəl də, mərkəzi şossedən gəlib və heç vaxt dar qumlu dalandan keçməyib. A.Dadaşev özü də bu məsələni ədalətli həll edilməsi üçün məhkəmələrdə çıxış edirdi, onun 1083 №li bağa olan şossedən gələn yolun toxunulmazlığını məhkəmədən tələb edirdi. Səfərəliyev Tofiqin tütün digər təklifləri ədalətsiz və əsassız hesab edildi. 1082 №li bağın sahibi A.Dadaşev 1994-cü ildə vəfat etdi, 11 yaşlı İddiaçı atasının qohumları ilə həmin yol ilə gəlib əncir dərib, həmin Yol 1 ilə getdilər. A.Dadaşev rəhmətə gedəndən sonra, Səfərəliyev Tofiq bağın satıb və 1 №li yolu 1023 №li bağa mərkəzi şossedən gedən və onun evinin arxasından şimal tərəfdən keçən qanuni yolu daş hasar ilə bağlayıb. Beləliklə, sxemdən və yuxarıdakı izahatlardan bir mənali aydın olur ki, 1022 №li bağın yolunu Səfərəliyev Tofiq qeyri-qanuni olaraq bağlayıb, Səfərəliyev Tofiq hətta hasarı belə tikib ki, 1032 №li sahədə bir az çox sahə olsun ki, o zəbt olunmuş Yol 1, zəruri ölçülər aparılanda, onun sahəsi kimi hesablansın. Beləliklə, 1032 №li bağ satılana qədər, yol 1 istifadə üçün açıq idi. Bağ idarəsinin mühəndisləri alqısatqını sənədləşdirəndə T.Səfərəliyevin bütün hərəkətlərinə ya fikir vermədilər, ya da səhlənkarlıq ediblər. Amma 1033 №li sahəni qanuni yoldan məhrum ediblər və T.Səfərəliyev bağını satandan sonra 1033 №li bağ izolyasiyada qalıb və o sahədə 1982-ci ildən bu günə kimi heç kim qalmır, baxmır (Qumru Qafarova rəhmətə gedəndən sonra). O, özü nəzarət edirdi, hətta sahəni təmizlətdirirdi. Hökümət icazə verdikdən sonra ki, bağ sahələrini özəlləşdirmək olar, o, 2006-cı ildə onun 1092 №li sahəsinə özəlləşməyə ald sənədləri hazırlayıb, müvafiq dövlət orqanlarına ərizə ilə müraciət edib və bütün lazımi instansiyalardan keçib, qanunvericiliyin tələblərinə uyğun, beş dəfə ölçülər aparılandan sonra (Əmlak Komitəsi, bələdiyyə, Arxitektura və Şəhərsalma kadastr Komitəsi, Torpaq Komitəsi, İcra hakimiyyəti) Texniki Pasport, Bağının planı və bütün hökümət kassalarında ödəmələrini təqdim etdikdən sonra, nəhayət, iki ildən sonra, 2008-ci ildə mülkiyyət hüququ təsdiqlənmiş və Əmlak Komitəsindən Çıxarışı almışdır. İddiaçı tərəfindən, onun babası 1994-cü ildə rəhmətə gedəndən sonra, 1083 №li səhəyə giriş-çıxış yolunun Səfərəliyev Tofiq tərəfindən zəbt edilməsi (satması) vaxtında və daha sonra 30 ilə yaxın nə İddiaçı, nə onun qanuni nümayəndəsi (qəyyumu) həmin qanuni yolun açıq qalması üçün heç bir tədbir etmədilər, yerində heç bir ölçü təşkil etmədilər, öz qanuni yolunun bərpası üçün və onun bağlanmaması üçün 1994-cü ildən başlayaraq heç bir dövlət təşkilatına şikayət etmədilər. Beləliklə, 1994-cü ildən başlayaraq bir neçə il ərzində İddiaçı qanuni nümayəndəsi və daha sonra özü (2000-ci ildə yetki№lik yaşına çatanda) heç bir etiraz etmədiklərinə görə qanuni 1083 №li sahəyə gedən yolun zəbt edilməsinə imkan yaratdılar. Şikayət, mübarizə və etirazlar yalnız əvvəlki idarəçilər Qumru Qafarova və Ağaşeyxəli Dadaşev tərəfindən olub. Bu cür uzun müddətli hərəkətsizlik (özbaşına hərəkətlər kimi interpritasiya kimi olunmalı) o deməkdir ki, İddiaçı qanuni nümayəndəsi və daha sonra özü (2000-ci ildə yetki№lik yaşına çatanda) mövcud olan qanuni yolun ləğv edilməsinə açıq şəkildə yol verdilər, demək olar ki, özləri mövcud olan yolu ləğv ediblər, indi isə 2021-ci ildə 1083 №li sahəyə yol axtarırlar, satmaq məgsədi ilə. Öz hüquqlarını qorumaq və 1083 №li yolun zəbt etməməsinə imkan yaratmamaq, icarəçilərin borcu, öhdəliyi idi və heç kim onların öz öhdəliklərini yerinə yetirməməsinə görə, cavab verə bilməz. Nə qohumlar, nə qonşular buna görə cavabdeh deyirlər. Artıq mövcud olan əlaqə xəttləri (yol) barədə, əgər 1083 №li sahəyə heç bir zaman yol mövcud olmasaydı, onda bu bir başqa faktlar əsasında iddia olardı. İddiaçı 2010-cu ildə çıxarışı alıb, 2021-ci ildə polisə, Əmlak Komitəsinə və Məhkəməyə 10 ildən sonra müraciət edir ki, giriş yolu müəyyən olunsun. İddiaçı hansı səbəbələrə görə 30 ilə yaxın gözləməli idi, o da bir sualdır (bax maddə 178.5 MM). İddiaçı və Əmlak Komitəsi yolun “müəyyən” olunmasını, ölçülərin yerdə aparılmasını 30 ilə yaxın təxirə saldı (bax maddə 175.3 MM), naturada ölçünün aparılması qanuni tələblərinə baxmayaraq mülkiyyət hüququ ölçülər, zəruri yol koordinatları yerində yoxlanılmamış qeydə alındı (65 və 68 Torpaq Məcəlləsi), çıxarışın alınmasında səhv varsa, həmin səhv bu cür hərəkətlərlə, başqalarına ziyan vurmaqla gizlənmir. Həmin çıxarış və Əmlak Komitəsinin 19 aprel 2021-ci tarixli cavabı etibarsızdır, ona görə ki, çıxarış ölçüsüz, 1083 №li bağın sahibləri (qanuni nümayəndələri, icarəçi, mülkiyyətçi) və Əmlak Komitəsi tərəfindən qanuni mövcud yol bərpa olunmadan verilib, 30 ilə yaxın ərzində nə özü, nə onun qanuni nümayəndəsi giriş-çıxış yoldan maraqlanmayıb, Əmlak Komitəsinin də borcudur ki, 1083 №li bağın bütün mövcud olan sahə sxemləri, qanuni yolu əks etdirən planları hüquq qeydə alınanda yerində yoxlasınlar. Əgər 1083 №li bağla bağlı ölçülər və sxem yerdə naturada təşkil olunub, son 20 ildən çox, onda hansı yoldan İddiaçı və Əmlak Komitəsi istifadə edirdi ki, ölçülər aparılsın və əsas koordinatlar müəyyən olunsun? T.Səfərəliyev Yol 1-i satandan sonra 1083 №li bağ tam izolyasiyadadır, qanuni yol 1 bağlanıb. İddiaçı heç olmasa 2000-ci ildən başlayaraq borcu idi ki, Əmlak Komitəsindən və ya məhkəmədən yolun bərpasını tələb etsin. X5 və A.Dadaşev rəhmətə gedəndən sonra, 1083 №li sahəsinin növbəti icarəçisi, mülkiyyətçisi özbaşına hərəkətləri ilə özü öz qanunu yolunu bərpa etmək istəmədi, Onun 1092 №li bağına dalandan gələn 4 metrlik olan yol və 4 metr olan darvazası heç zaman heç bir qonşunun etirazına səbəb olmayıb. Artıq 40 ildən çoxdur. O dalandan gələn Yol 3 bir başa onun sahəsinə gəlir, yəni onun şəxsi mülkiyyəti olan sahəyə. Həmin sahəyə 40 ildən çoxdur ki, o, əvvəllər icarəçi qismində, daha sonra mülkiyyətçi kimi sahiblik də edir. Bütün sənədlər əlavə olunur. Gələcəkdə onun iki balası və nəvələri onun 1092 №li sahəyə sahib duracaqlar. 4 metrlik yoldan altıncı adam keçə bilməz. Onun evinə, yəni açıq balkonuna əsas giriş və 1083 №li sahə arası ümumi məsafə yoxdur, o cavabdehin, yəni Cavabdeh açıq balkonuna, evinə girişdir və heç vaxt yol kimi istifadə olunmayıb (sxemdən bilinir). Yenə də, ailəsi 1092 №li bağda 1947-ci ildən, və şəxsən o özü o bağda 1968-ci ildən sahiblik edir. Bağ evinin planı, sahiblik etdiyi sahəsi dəyişilməyib o vaxtdan. İddiaçı özü və ya nümayəndəsi (yetkinlik yaşına çatana qədər) qanuni giriş-çıxış yol ilə maraqlanmayıb və şikayət etmirdi ki, yol bərpa olunsun. 1995-96-cı illərdən bu günə kimi T.Səfərəliyev tərəfindən qanuni yolun zəbt olunmasına imkan yaradılıb. Bu qanunsuz hərəkətlər (və hərəkətsizlik) illər boyu həm 1083 №li bağın icarəçi-mülkiyyətçi və Əmlak Komitəsi tərəfindən baş verib və həmin mərkəzi şossedən 1947-ci ildən gələn qanunu yolun dəyişməsinə qanuni əsas yoxdur. Tofiq Səfərəliyev öz iddiasından imtina edib. Bütün sənədlər əlavə olunur. Ona görə, ədalətli çıxış odur ki, Əmlak Komitəsi tərəfindən həmin 1083 №li sahəyə kifayət qədər uzun şossedən (30 metrdən uzun) keçid bərpa olunsun. Göstərdiklərini nəzərə alaraq, bütün digər iddialar, tələblər ədalətsizdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-181/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 184.2, 217.3, 217.4cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları, iclas protokolunda aparılmış qeydlər və son olaraq qəbul edilmiş qətnamə heç biri işin hallarına uyğun deyil. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə təqdim etdiyimiz mütəxəssis rəyinə məhkəmə qətnaməsində istinad olunmayıb. Qarşı tərəf darvaza qoyduğu torpağın onun mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə 2 dəfə ekspertiza təyin etmiş, lakin mütəxəssislərin mübahisəli əraziyə cavabdeh tərəfin iştirakı olmadan baxış keçirə bilməmələri səbəbindən Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin alınması mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə bizim məhkəmə iclasında təqdim etdiyimiz mütəxəssis rəyi əsasında ekspertiza keçirməli və rəy almalı idi. Belə ki, “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 01 iyul 2022-ci il tarixli, 175 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakı kimi göstərilmişdir. 1. Mübahisəli ünvanda iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin torpaq sahələrinə giriş-çıxış yolu ərazinin bağ sahələrinin sxemində də olduğu kimi mübahisələndirilən hissədə nəzərdə tutulduğu müəyyən edilir. 2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinə gedən yol həmin bağa münasibətdə mübahisələndirilən hissədən keçir. Həmin yol Cavabdeh tərəfindən tutulmuşdur. Həmin yolun iddiaçının bağına çatmamış hissəsinə dəmir darvaza qoyularaq 160 kv.metr hissədə tutulmuşdur. 3. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin hüdudlarından kənara çıxılaraq ümumi istifadədə olan yola giriş-çıxış darvazası qoyulduğu müəyyən edilir. 4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən yerləşən 1083 saylı bağ sahəsinə gedən yol Cavabdeh tərəfindən tutulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz verilmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş etirazla eyni məzmunda olmuşdur və əlavə olaraq qeyd olunmuşdur ki, 1083 №li qanuni yolu hər zaman əsas şossedən olmuşdur (1082 №li sahənin arxa tərəfi), həmin yol 3-cü şəxslər tərəfindən zəbt olunub, satılıb, iddiaçı tərəf bu barədə məlumatlı olub, 1083 №li qanuni yolun bərpa edilməsinə maraq göstərmədi və cavabdehin bu iddia predmetinə aidiyyəti yoxdur. Həmçinin, apellyasiya şikayətində qeyd olunan “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 01 iyul 2022-ci il tarixli, 175 nömrəli mütəxəssis rəyi əsassızdır, rəydə cinayət tərkibi var, araşdırılması üçün prokurorluğa təqdim edilməlidir.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 170.1 və 170.2 ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
17. Maddə 175.1, 175.2 və 175.3 əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
18. Maddə 255.1 servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
19. Maddə 255.4 servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
20. Maddə 54 Servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2007-ci il tarixli qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
29. Ə.M.Həsənovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 30 dekabr 2008ci il tarixli qərarına əsasən məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
30. X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarına əsasən ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir.
31. L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və biri-birini tamamlayan şərtləridir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-181/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. Kollegiya bildirir ki, iddiaçı ona məxsus olan bağ sahəsinə giriş çıxış yolunun olmamasını həmin bağ sahəsinə giriş yolunun cavabdeh tərəfindən zəbt edilərək dəmir darvaza qoyulmaqla yolu bağlanması ilə əsaslandırmışdır.
38. İddiaçının apellyasiya şikayətinin əsas dəlili təqdim edilmiş “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 01 iyul 2022-ci il tarixli, 175 nömrəli mütəxəssis rəyinin əsasında ekspertizanın təyin olunması tələbi ilə bağlı olmuşdur. Qeyd olunan dəlilin araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6759/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmişdir.
39. İş materillarına əlavə olunan və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/664 nömrəli, 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsinin faktiki olaraq 2450,93 kv.m təşkil etdiyi və sözügedən torpaq sahəsinin giriş-çıxış yolunun qonşunun mülkiyyətində olan torpaq sahəsindən olduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, 1083 saylı bağ sahəsinə keçid bağların bölgüsünə dair sxematik xəritə və 1083 saylı bağın plan sxeminə əsasən qonşuya ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********0713 nömrəli kadastr planının şimalqərbində olmalıdır (özəlləşib).
40. İddiaçı tərəfindən qeyd edilən ekspert rəyi mübahisələndirilmiş və iddiaçının nümayəndəsinin vəsatəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-420/2023 saylı, 17 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin edilmişdir.
41. İş materillarına əlavə olunan və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8037 nömrəli, 29 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsinin faktiki olaraq 2450,93 kv.m təşkil edir (sahə **********03 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir). Sözügedən torpaq sahəsinin giriş-çıxış yolu qonşunun mülkiyyətində olan torpaq sahəsindədir.Həmin sahədə iddiaçıya məxsus darvaza mövcud deyil. Qeyd olunan giriş-çıxış darvazası Cavabdeh müxsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qeyd olunan 1083 saylı bağ sahəsinə keçid bağların bölgüsünə dair sxematik xəritə və 1083 saylı bağın plan sxeminə əsasən qonşuya ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********0713 nömrəli kadastr planının şimal-qərbində olmalıdır (0.34 ha torpaq sahəsi və üzərinsə yerləşən bağ evi **********31- 11301 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir).
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbini sübut edən hallar məhkəməyə təqdim edilməmişdir.
43. İşin materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinə gedən yolda ümumi istifadadə olan yolun açılması, qanunsuz qoyulmuş darvazanın və hasarın sökülməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, bağ sahəsinə giriş-çıxış yolunun Cavabdeh tərəfindən qanunsuz tutulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus bağ sahəsinə giriş-çıxış yolunun cavabdeh tərəfindən qanunsuz tutulması halı təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmnuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
47. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
48. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (50+50) manat ekspertiza xərci İddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-181/2022 nömrəli, 02 avqust 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.