Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-800/2025 06.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi və mənəvi zərərin ödənilməsi; sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4045/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü ildən 18 saat dərs yükü ilə, aylıq 714 manat məbləğində əmək haqqı almaqla Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı 65 yaşına çatdıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi nəticəsində İddiaçı ixtisas fənni üzrə 40 sualdan 33-nü cavablandırmaqla, 82,5 % uğur əldə etmiş, metodika üzrə isə 20 sualdan 7-sinə düzgün cavab verməklə 35 % uğur əldə etmiş, ümumi göstəricisi 66,667 % olmuşdur.
3. Çalışmanın yaş həddinə çatmış ingilis dili fənn müəllimi olan İddiaçı məktəbin direktoru Cavabdeh onunla cari tədris ilinin sonunadək müddəti əmək müqaviləsi bağlanması barədə müraciət etmiş, lakin direktor Cavabdeh ingilis dili müəllimi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaqdan imtina etmişdir.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsinin idarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə, həmçinin idarənin Xidmət və əməliyyat mərkəzinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2973-02/10 nömrəli məktubunda qeyd olunmuşdur ki, 2022/2023-cü tədris ili ərəfəsində ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış və əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilən işçilərlə bağlı Sizə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq razılıq məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin xx.xx.2022-ci il tarixli, F-467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsinin bağlanılması və tədris ilinin sonunda yaranacaq vakansiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsi tapşırılmışdır. Hazırkı vəziyyətdə sənəd dövriyyəsi və icraatda əlavə çətinliklərin yaranmasının aradan qaldırılması məqsədilə, tədris ili ərzində ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətinin 2022/2023-cü tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) uzadılmasına Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi qaydada razılıq verilir. Əlavə olaraq bildirilir ki, yuxarıda göstərilənlərlə bağlı müstəsna hal olduğu təqdirdə (bu və ya digər şəxslə yeni əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilmədikdə və s.) Bakı Şəhəri üzrə Təhsil İdarəsinə fərdi qaydada müraciət oluna bilər və s. Əmək müqaviləsinin mövcud əmək və təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi tapşırılır.
5. Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2022-ci il tarixli, 203 nömrəli əmrində qeyd olunmuşdur ki, çalışmanın yaş həddinə çatmış və müddətli əmək müqaviləsinin bağlanması məktəb tərəfindən məqsədəuyğun hesab edildiyindən, ingilis dili müəllimi İddiaçı Bakı şəhəri üzrə Təhsil idarəsinə fərdi müraciəti əsasında, idarə tərəfindən müvafiq razılıq verilmişdir. Çalışmanın yaş həddinə çatmış İddiaçı xx.xx.2022-ci il tarixdən 2022-2023- cü tədris ilinin İ yarımilliyinin sonuna qədər xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlansın. Əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil idarəsinin idarənin xx.xx.2022-ci il tarixli, 2973-02/10 nömrəli məktubu göstərilmişdir.
6. İşə götürən Cavabdeh ilə işçi İddiaçı arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi Cavabdeh tərəfindən imzalansa da, İddiaçı tərəfindən imzalanmamışdır. Tərtib olunmuş müqavilədə əmək müqaviləsinin müddətli olması, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 2 ay 15 gün müddətinə bağlanılması, işçinin xx.xx.2022-ci il tarixdən işə başlaması, əmək haqqının isə 357 manat olması nəzərdə tutulmuşdur.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023- cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla, Cavabdeh əmək müqaviləsi qüvvəyə minmədən İddiaçı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə barədə qərara müddətin keçməsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1509/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı ilə xitam verilmişdir.
8. Çalışmanın yaş həddinə çatmış ingilis dili fənn müəllimi olan İddiaçı Bakı şəhəri üzrə Təhsil idarəsinə şəxsi müraciətinə əsasən qurumun rəhbərliyinin və öz şəxsi razılığı ilə cari tədris ilinin xx.xx.2022-ci il tarixdən 2022-2023-cü tədris ilinin İ yarımilinin sonuna qədər onunla xx.xx.2023-cü il tarixindək uzadılan müddətli əmək müqaviləsinə imza atmaması barədə Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, İddiaçı səbəb olaraq “əmək müqaviləsinin surətini verin, evdə rahat oxuyum, gəlib əslini imzalayaram” demişdir. İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə həm yazılı, həm də elektron versiyada ərizəsini təqdim edərkən nə şifahi, nə də yazılı etirazını bildirməmişdir.
9. İddiaçı ingilis dili müəllimi olduğu qruplarının dəyişdirilməsi barədə bir qrup (14 nəfər) şagird tərəfindən Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoruna 2022-ci ilin sentyabr və oktyabr aylarında eyni və oxşar məzmunlu - “müəllimənin keçdiyi dərs bizi qane etmir” qeydləri olan, 19, 21, 23 sentyabr və 31 oktyabr 2022-ci il tarixli ərizələr ünvanlanmışdır.
10. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli dərs dinləmə qeydiyyat vərəqi tərtib edilmişdir. Dərs dinləyənlər Cavabdeh, Təranə Əliyeva və Mehriban Məmmədova tərəfindən tərtib edilmiş həmin qeydiyyat vərəqində aşağıdakı qeydlər aparılmışdır: perspektiv planlaşdırmaya uyğun gündəlik planlaşdırması, cari planlaşdırmanın tələblərə uyğun tərtib olunması, müəllimin prosesi sistemli, ardıcıl təşkil etməsi, müəllimin dərsdə məlumatın qavranılmasının müxtəlif üsullarından istifadə etməsi, müəllimin səs tonundan, intonasiyadan, göz təmasından, jest və mimikalardan düzgün istifadə etməsi qismən müşahidə olunur. Mövzuya aid olmayan suallar verir. Şagirdlər tərəfindən cavab almadığından sualları özü cavablandırır. Dərs azərbaycan dilində aparılır. Qiymətləndirmə düzgün aparılmır. Dərsi yalnız 1-2 şagirlə aparır. Dərs zamanı zəif şagirdlər kənarda qalır.
11. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli qarşılıqlı dərs dinləmə vərəqi tərtib edilmişdir. Dərs dinləyənlər Cavabdeh, Təranə Əliyeva və Mehriban Məmmədova tərəfindən tərtib edilmiş həmin qarşılıqlı dərs dinləmə vərələrində aşağıdakı qeydlər aparılmışdır: müəllim dərsə hazırlaşmayıb, gündəlik planlaşması olmadığından təlim nəticələrini çatdıra bilmədi. Heç bir tapşırıq yerinə yetirilməmişdir. Şagird dəftərlərində sonuncu tapşırıq sentyabra aiddir. İngilis dili dərsi olmasına baxmayaraq, dərs azərbaycanca keçirildi. Hətta ənənəvi dərs kimi də, çox zəif dərs idi.
12. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 224 saylı əmrə əsasən, İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi və s. əmr edilmişdir.
13. Bakı şəhəri 3 nömrəli tam orta məktəbin kollektivi tərəfindən İddiaçı barədə 12 dekabr 2022-ci il tarixli akt tərtib edilmiş və imzalanmışdır. Həmin aktda qeyd edilmişdir ki, İddiaçı tez-tez dərsə gecikir, ən çox 5 və 12 dekabr 2022-ci il tarixlərində 9 Ç sinfinə 14 dəqiqə gecikmişdir. Bu da, sinifdə şagirdlərin dərsə münasibətinin nizamsızlığına dəlalət edir. Dərs prosesinin pozulmasına səbəb olan gecikmə halına görə növbətçilər və rəhbərlik tərəfindən xəbərdarlıqlara laqeyd yanaşaraq, dərsə daxil olma punktuallığını nizamlaya bilmir.
14. Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 21 saylı əmrindən görünür ki, məktəbin ingilis dili müəllimi İddiaçı 10 noyabr 2022-ci il tarixdən 31 yanvar 2023-cü il tarixinədək bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından xitam verilməsi əmr edilmişdir. Əmrin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsnin 68-ci maddəsinin “b” bəndi göstərilmişdir.
15. İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək əmək qanunvericliyinin tələblərinə uyğun müvafiq qeydiyyatlar aparıldıqdan sonra əmək kitabçasının rəsmi qaydada poçtla 15 gün ərzində ünvanına göndərilməsini xahiş etmiş, məktubun göndərilməsi izlənmə kodu SS808561618AZ olan sifarişli poçtla təmin edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində dəymiş 5.264 manat miqdarında maddi zərərin və 5.000 manat miqdarında mənəvi zərərin əvəzini cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız və ingilis dilləri ixtisası üzrə tam kursunu bitirərək ali təhsil haqqında diplom almış və Bakı şəhəri Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi çalışmış, 35 ildir fasiləsiz olaraq pedaqoji fəaliyyətlə məşğul olaraq şagirdlərə dərs deməklə xarici dillər öyrətmişdir. 65 yaşı xx.xx.2022-ci ildə tamam olduğundan məktəb direktoruna müraciət edərək onunla müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə cavabdeh müxətlif bəhanələr gətirərək onunla müqavilə bağlanmasını süni şəkildə uzatmışdır. Bu hal isə onun əmək hüququnun kobud şəkildə pozulması demək idi. xx.xx.2022-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın qəbulunda olarkən bildirilmişdir ki, qanuni əsaslarla cari tədris ilinin sonuna qədər işində qalıb işləyə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.3-cü bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin xx.xx.2011-ci il tarixli 1404 nömrəli əmrində, həmçinin Nazirliyin xx.xx.2022-ci il tarixli F-467 nömrəli əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasında həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanması və tədris ilinin sonunda yaranacaq vakansiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsi tapşırılmışdır. Qeyd olunan normativ aktlara və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən onunla Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb arasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçi qismində o və işəgötürən qismində məktəbin direktoru cavabdeh qeyd edilmiş, həmin müqavilə işəgötürən tərəfindən imzalansa da, ona imzalanması üçün təqdim edilməmiş, əmək müqaviləsinin surətini belə almamışdır. xx.xx.2022-ci il tarixdən müəllimlik fəaliyyətini davam etdirmiş və cari tədris ilinin sonuna qədər, yəni xx.xx.2023-cü ilə qədər işləyəcəyini güman etmişdir. Sonradan məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti qanunun tələblərinə əsasən cari tədris ilinin sonuna qədər deyil, xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Bu müddət ərizənin üzərinə dərkənar qoymuş cavabdehin iradəsinə əsasən müəyyən edilmişdir. Onun iş saatı cavabdeh tərəfindən heç bir əsas olmadan yarıbayarı azaldılmış, nəticədə aldığı təqaüdün məbləği nisbətən aşağı miqdarda hesablanmışdır. Əmək müqaviləsi qanuni əsaslarla bağlandığı halda o, cari tədris ilinin sonuna qədər məktəbdə ingilis dili müəlliməsi kimi çalışacaq və iş saatlarına əsasən müvafiq əmək haqqı alacaqdı, həmin məbləğ 5184 (beş min yüz səksən dörd) manat təşkil edir. xx.xx.2023-dən xx.xx.2023-cü il tarixinə kimi işləmiş, həmin işlədiyi günlərin almadığı əmək haqqı 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir, həmin mənəvi zərərin məbləği 5.000 manat təşkil edir.
18. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız və ingilis dilləri ixtisası üzrə tam kursunu bitirərək ali təhsil haqqında diplom almış və Bakı şəhəri Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi 35 il fasiləsiz olaraq çalışmışdır. 65 yaşı xx.xx.2022-ci ildə tamam olduğundan məktəb direktoruna müraciət edərək onunla müddətli əmək müqaviləsinin bağlanmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək müddətdə cavabdeh onunla müxtəlif bəhanələr gətirərək müqavilə bağlanmısını süni şəkildə uzatmışdır. xx.xx.2022-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevayanın qəbulunda olarkən ona qanuni əsaslarla cari tədris ilinin sonuna qədər işində qalıb işləyə biləcəyi bildirilmişdir. Bundan sonra cavabdeh onunla xx.xx.2022-ci ildə müddətli əmək müqaviləsi bağlamışdır. Həmin müqavilə işəgötürən tərəfindən imzalansa da, imzalanması üçün ona təqdim edilməmiş, əmək müqaviləsinin surətini belə almamışdır. xx.xx.2022-ci il tarixdən müəllimlik fəaliyyətini davam etdirmiş və cari tədris ilinin sonuna qədər işləyəcəyini güman etmişdir. Lakin sonradan məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti qanunun tələblərinə əsasən cari tədris ilinin sonuna qədər deyil, xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Bu müddət ərizəsinin üzərinə dərkanar qoymuş məktəb direktoru Cavabdeh iradəsinə əsasən müəyyən edilmişdir. Bunu öyrəndikdən sonra məktəb direktoruna öz etirazını bildirərək, ona qarşı qanunsuzluğa yol verildiyini bildirmişdir. Hətta o, bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət ərizələri ilə müraciət etmiş və müraciətinə cavab olaraq müddətli əmək müqaviləsinin razılıq əsasında cari tədris ilinin sonuna qədər bağlanmalı olduğunu bildirdilər. Bu barədə X4 Xidmətinə də şikayət etmiş və cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, o, cari tədris ilinin sonunadək əmək fəaliyyətilə məşğul olmalı idi, onun dərs saatı cavabdeh tərəfindən 19 saatdan 9 saata azaldılmış və nəticədə aldığı pensiya məbləğinin nisbəti aşağı miqdarda hesablanmışdır. Halbuki diqanostik qiymətləndirmə nəticələrinə görə göstəricisi ondan daha aşağı olan müəllimlər var idi. Lakin direktor onun 18 saat stavkasını 9 saata endirmiş, qalan 9 saatı isə gənc və göstəricisi ondan daha aşağı olan müəllimlər arasında bölmüşdür. Həmin məktəbdə Xuraman adlı müəllim isə noyabr ayında yaş həddinə çatmasına baxmayaraq, tədris ilinin sonuna kimi işləmişdir. Ümumiyyətlə məktəbdə 15-16 ingilis dili fənnini tədris edən müəllim var. Keçən məhkəmə iclasında cavabdeh onun guya ingilis dili müəlliməsi kimi fəaliyyətinin qeyri-qanuni olduğunu bildirmişdir. Lakin 1979-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız və ingilis dilləri ixtisası üzrə tam kursunu bitirərək ali təhsil haqqında diplom almış və Bakı şəhəri Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi kimi 35 il fasiləsiz olaraq çalışmışdır. Cavabdeh dəfələrlə məktəbin müəllimələrini üstünə göndərib, onu polislə hədələyib. xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət etsə də, cavabdeh əmək kitabçasını hələ də ona təqdim etməmişdir. Əmək müqaviləsini evə aparmamışdır. Təqdim olunan şikayət ərizələrinin isə 19-dan 13-ü saxtadır. Çünki ərizələrin tarixi xx.xx.2022-ci il tarixinə aiddir ki, həmin vaxtı o, işləməyib. Qanunla xx.xx.2023-cü il tarixinədək, əmək fəaliyyətinə davam etməli idi. Jurnallarla bağlı məsələyə gəldikdə isə 2023-cü ilin fevral ayının 6-7-sinə kimi dərslərə girmiş və jurnalları yazmışdır.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, İradə xanımla əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanıb. Müqavilənin surəti isə fevralın 6-7-si təqdim edilsə də, təqdim edilən müqavilədə İradə xanımın imzası olmamışdır. Cavabdeh iddia edir ki, İradə xanım müqavilənin surətini evə aparmışdır. Halbuki, işəgötürən kimi bilməliydi ki, əmək müqaviləsi tərtib edildiyi gün imzalanmalı, iki nüsxədə olmalı, biri işçidə, bir digəri isə işəgötürəndə qalmalıdır. Müqavilə işçiyə həmin tarixdə təqdim edilmiş olsaydı, İradə xanım 2 ay 15 gün müddətinə bağlanacaq əmək müqaviləsində ki, qısaldılmış iş vaxtından məlumatlı olardı. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, əmək müqaviləsi qanuni əsaslarla bağlandığı halda iddiaçı cari tədris ilinin sonuna qədər məktəbdə ingilis dili müəlliməsi kimi çalışacaqdı və dərs saatlarına əsasən cari tədris ilinin sonuna kimi iddiaçı 5.184 manat əmək haqqı alacaq idi. Eyni zamanda iddiaçı xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi işləmiş, iddiaçı həmin işlədiyi günlər üçün almadığı əmək haqqı 80 manat təşkil edir. Bundan başqa cavabdeh iddiaçının əmək kitabçasını təqdim etməyib. İddiaçı 2023-cü ilin fevral ayının 1,2,3 və 6-da işə olmuşdur və bunu sübut olaraq sinif jurnallarını yazmış, dərs keçmişdir. Cavabdeh tərəfindən təqdim olunan sənədlər müəllimin dərs saatlarının azaldılması üçün əsas deyil. Müəllim tərəfindən sırf dərs saatlarının azaldılması ilə bağlı şikayət olmasa da, aidiyyəti qurumlara ümumi proses barədə şikayətlər edilmişdir. 35 illik stajı olan müəllimi fəaliyyətini 6 ay müddətinə uzadılması, ən azı müəllimin stajı və savadı nəzərə alınmaqla mümkün ola bilərdi.
20. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbinə xx.xx.1991-ci ildə fransız dili müəlliməsi kimi işə qəbul olunub. Halbuki məktəbdə fransız dili heç vaxt tədris olunmayıb. İddiaçının ingilis dili müəlliməsinə çevrilməsini təsdiq edən heç bir rəsmi sənəd, əmr yoxdur. Lakin iddiaçı iddia ərizəsində məhz ingilis dili müəlliməsi kimi işə qəbul olunduğunu göstərməklə yalan məlumat verib. Bu xüsusatı məhkəməni aldatmaq cəhdi kimi qəbul edilməsini xahiş edir. İddiaçının 65 yaşı tamam olduqdan sonra digər həmkarları kimi xitam əmri yazılmış, əmək kitabçasını 2022-ci ilin oktyabr ayında götürərək getmişdir. Lakin 1 aydan sonra məktəbə gələrək işə düzəlmək istəməsini bildirəndə, qanunun tələblərini izah etmişlər. Təəssüf ki, iddiaçı qanunun tələblərini qulaq ardına vuraraq öz istəyində iddia etmişdir ki, işə düzəlməlidir. İddiaçı iddia ərizəsində göstərir ki, BŞTİ-nin rəhbəri Mehriban Vəliyeva “qanuni əsaslarla cari tədris ilinin sonuna kimi işinizdə qalıb işləyə bilərsiniz” deyərək iddiaçının haqlı olduğuna dəstək verib. X2 hüquqi əsası olmayan belə bir söz deyə bilməz. Yaşı 65 tamam olmuş müəllimələrdən kimi tövsiyyə olunursa, hansı müəlliməyə ehtiyac duyulursa, hansı fənnlər üzrə müəllim çatışmırsa və şagirdvalideynlərin “sevimlisidirsə” həmin müəllimələr direktorun BŞTİ-ə təqdimatı əsasında ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətini tədris ilinin sonunadək uzadıla bilər. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin əmrləri vardır ki, istisnalar olan halda çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətini tədris ilinin sonunadək uzadıla bilər. Əmək Məcəlləsinin 10-1-ci bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin uzadılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi, Elm və Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli və 02 aprel 2018ci il tarixli F-23 nömrəli əmrlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu qaydalara görə 65 yaşına çatmış işçi ilə əmək müqaviləsinin uzadılması səlahiyyəti yalnız məktəb direktoruna aiddir. Eyni zamanda müqavilənin uzadılması üçün gərəkli əsaslar da nəzərə alınmalıdır. Belə ki, 65 yaşına çatmış müəllim işdən ayrılacağı təqdirdə məktəbdə müəllim çatışmazlığı yaranarsa ona qalıb ilin sonunadək işləmək təklif edilə bilər. Eyni zamanda 65 yaşına çatmış şəxs yalnız o halda işdə saxlanıla bilər ki, onun işlədiyi müddətdə xüsusi təltifləri, fərqlənməsi olsun. Lakin iddiaçının belə bir üstün özəllikləri yoxdur, əksinə ingilis dili müəllimləri gərəkli olduğundan daha çoxdur. Sadalanan yüksək keyfiyyətlər İddiaçı fəaliyyətində özünü əks etdirmədiyi üçün, işlədiyi müddət ərzində heç bir fərqlənməsi, təltifi olmadığından onunla müddətli əmək müqaviləsinin uzadılmasına ehtiyac olmamışdır. İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə qanuni əsaslarla xitam vermişlər. İddiaçının BŞTİ-yə şəxsi müraciətinə əsasən qurumun rəhbərliyinin tövsiyyəsi ilə xx.xx.2022-ci il tarixindən 2022-2023-cü tədris ilinin İ yarım ilinin sonuna qədər, yəni xx.xx.2023-cü ilədək müddətli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi imzaladıqdan sonra iddiaçı qeyri səmimilik edərək bildirmişdir ki, “aparım evdə oxuyub imzalayacağam” siz sistemə daxil edin. Onlar da iddiaçıya inanmış, lakin iddiaçı müqavilənin imzalanmış nüsxəsini onlara gətirməkdən imtina etmişdir. Üstəlik də iddia ərizəsində qeyd olunur ki, guya onlar əmək müqaviləsinin surətini iddiaçıya verməmişlər. Əmək müqaviləsi imzalanmasa da, əmək bildirişi elektron sistemə iddiaçının şifahi razılığı və özünün iştirakı ilə daxil edilmişdir. Əmək müqaviləsini imzalanmasa da, əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi üçün məhdud müddət nəzərdə tutulub. Həmin müddətin ötürülməsi isə sonradan sənədləşmə işlərində problem yaradır. Əmək müqaviləsinin iddiaçıya təqdim edildiyini təsdiq edən şahidlər var. İddiaçının işə qəbul üçün yazdığı ərizəsinin üstündə olan və müddətin göstərildiyi qeyd iddiaçının iştirakı ilə özü tərəfindən yazılmışdır. Əgər müqavilənin surəti ona verilməyibsə surətini iddia ərizəsinə necə əlavə edib. Əlbəttə ki, iddiaçının belə davranışı bir daha göstərir ki, o, ilk gündən direktora qarşı şər planı cızıb. Bu isə pedaqoqa yaraşmayan hərəkətdir. Müddət başa çatdıqdan sonra iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu da direktorun qanuni səlahiyyətindədir. Burada heç bir qanun pozuntusu yoxdur. Lakin iddiaçı bununla razılaşmayaraq şikayətçi olmuş, hətta X4 Xidmətinə də müraciət etmişdir. Təəssüf ki, Müfəttişlik yetərincə araşdırma aparmadan onu 3.000 manat məbləğində cərimə etmişdir. O da, qərarla razılaşmayaraq Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş, Əmək Müfəttişliyinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddiaçı əmək haqqı alanda da, onun məbləğindən, işə gəlib gedərkən əmək müqaviləsinin müddətli olmasından məlumatlı olmuşdur. xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının özünə bu barədə məlumat verilib. xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi bağlanmamışdan əvvəl BŞTİ ilə aralarında vhatsap yazışması olmuş və iddiaçının sadəcə bir rüb işləməsinə icazə verilmişdir. 2020-ci ildən Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçının 65 yaşı tamam olduqdan sonra sənədlərə baxdıqda onun fransız dili müəlliməsi olduğunu bilmişdir. Əgər müəllimənin 65 yaşı tədris ilinin ortasında tamam olmuşdursa, bu halda yaş həddinə çatan işçilərin çalışma müddətini tədris ilinin sonunadək uzadılır. İddiaçının 65 yaşı oktyabr ayının 9-u tamam olub. BŞTİ-nin rəhbərinin tövsiyyəsinə əsasən iddiaçının əmək müqaviləsi 2 ay müddətinə uzadılmışdır. İddiaçı 01-06 fevral 2023-cü ildə işləməyib, o, sadəcə məktəbə gəlib və kitabxanada əyləşib. Müddətli əmək müqaviləsi yalnız müəyyən şərtlər əsasında tədris ilinin sonuna qədər uzadıla bilərdi. Lakin iddiaçıda o şərtlər olmadığından direktor olaraq hesab etmişdir ki, iddiaçıya 3 ay və 9 saat dərs saatı kifayətdir. Direktor kimi, 1 il əvvəldən məktəbdə çalışmanın yaş həddinə çatanların siyahısı AR TN-ə göndərilir. Məktəbin şagirdləri tərəfindən tik-tok sosial şəbəkəsində iddiaçının dərsdə yatmış videosunu yerləşdirmişdilər. O, tik-tok sosial şəbəkəsindən həmin videonu sildirmişdir. İddiaçı şagirdlərlə yola getmədiyi üçün iddiaçının dərslərində oturmuşdur. İddiaçı tez-tez dərsə gecikib, ən çox 5 və 12 dekabr 2022-ci il tarixlərində 9 ç sinfinə 14 dəqiqə gecikmişdir. Bu da sinifdə şagirdlərin dərsə münasibətinin nizamsızlığına dəlalət edir. Dərs prosesinin pozulmasına səbəb olan gecikmə halına görə tərəfindən və növbətçilər xəbərdarlıqlara laqeyd yanaşaraq, dərsə daxil olma punktuallığını nizamlaya bilməmişdir. Bu barədə aktın, dərs dinləmələrinin qeydiyyat vərəqənin və şagirdlərin iddiaçı barədə mənfi rəyləri barədə ərizələrinin surətini məhkəməyə təqdim edib. Cavabdehlə müddətli müqavilənin 3 ay müddətinə bağlanılması barədə qarşılıqlı razılığımız olmuşdur. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılan zaman artıq dərs saatları paylanılmışdır, bu səbəbdən iddiaçıya 9 saat dərs saatı vermişdir. Əmək müqaviləsinin uzadılmasına ehtiyac olan müəllimlər barəsində isə direktor tərəfindən təqdimat verilir. Direktorun təqdimatına uyğun nazirlikdən razılıq verilərsə, həmin müəllimin tədris ilinə kimi fəaliyyəti uzadılır. İddiaçıya münasibətdə onu müəllim kimi qəbul etmək niyyəti olmamışdır. Lakin müəllim tərəfindən müxtəlif orqanlara müraciət edildiyi üçün və nəticədə direktor kimi ona rəhbərlik tərəfindən iddiaçının razı salınması tapşırıldığından, məcbur qalaraq onun bir rüb işləməsinə razılıq vermişdir. İddiaçı özü də, bu prosesdən məlumatlı idi. Hətta müddətli əmək müqaviləsi bağlandıqdan sonra çox rahat bir şəkildə məktəbə gələrək, dərslərini keçmiş və həmin aylara görə nəzərdə tutulan əmək haqqını almışdır. xx.xx.2023-cü il tarixində əmək müqaviləsinin müddəti bitdikdən sonra isə ona müqaviləsinin müddəti bitdiyindən işə gəlməməli olduğu deyilmişdir. Hətta iddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasını istəsə də, bununla razılaşmamışdır. Fevral ayında işə gəlməməli olsa da, işə gəlmiş və müəllimlərin nəzarətindən kənar vaxtalarda məktəb jurnallarını götürərək, dərsə girməsə belə jurnallarda öz qeydllərini aparmışdır. Bu barədə müəllimlərin özləri yazılı ərizələri ilə məlumat vermişlər. AR TN-nin F-223 saylı, xx.xx.2018-ci il tarixli əmri praktikada formalaşmış adətlərə görə ancaq ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub. Həmin əmrdə nəzərdə tutulan prosedur qaydalar yalnızca ibtidai sinif müəllimlərinə şamil olunur. İddiaçıya çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış müvafiq bildiriş göndərilməmiş, lakin ona iclasda və təklikdə məlumat verilmişdir. İddiaçı əmək müqaviləsinin müddətinin uzatmaması onun diskression səlahiyyətidir. Bu hərəkəti ilə təhsildə keyfiyyətin artırılmasını, şagirdlərin göstəricilərinin artmasını, uşaqların diaqnostik göstəricilərinin artmasını təmin etmək istəmişdir. İddiaçı iddia edir ki, ona 18 saat dərs stavkası verilməli idi. Amma əmək müqaviləsi müddətli olduğundan ona verilən dərs saatlarının müddətinin müəyyənləşdirilməsi direktorun öz səlahiyyətindədir. İstəsə 1 sinif, istəsə 10 sinif verə bilər. İddiaçı dəfələrlə dərsə gecikmiş, səhhətində problemlər yaşamış, həmçinin barəsindən narazıçılıqlar olduğundan dərs saatı 9 saat olaraq müəyyənləşdirilmişdir. Müddətli əmək müqaviləsinin müddəti bitdiyindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4045/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin 16 iyun tarixinədək ingilis dili müəllimi kimi 18 saat dərs yükünə uyğun hesablanmaqla (həmin dövrdə aparılmış ödənişlər nəzərə alınmaqla) əmək haqqının məbləğinin Bakı şəhəri, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, çalışmanın son həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı heç də direktora müstəsna səlahiyyətlər verilməmişdir. Belə ki, bununla bağlı müvafiq qaydalara əsasən xüsusi prosedurlar müəyyən edilmiş və bu barədə Təhsil Nazirliyi əmr qəbul etmişdir. “Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması proseduraları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-223 nömrəli əmrində qeyd edilən tələblərə isə cavabdeh tərəfindən əməl edilməmişdir. Belə ki, əmrə əsasən çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış göstərilən ixtisaslar üzrə müəllimlərin siyahısını hazırlamaq və onlara bildirişlərin göndərilməsi tələb edilsə də direktor tərəfindən icra edilməmişdir. Bu tələb ondan irəli gəlir ki, onunla müddətli əmək müqaviləsinin bağlanmasına müəllimin razılığının olub-olmaması qabaqcadan aydınlaşdırılmalı, müqavilə bağlanılmayacağı barədə səbəblər göstərilməli, meyarlar üzrə hallar qiymətləndirilməli və işçinin də bu barədə məlumatı olmalıdır. Yəni işçi ilə müddətli əmək müqaviləsinin bağlanmayacağı onun üçün surpriz olmamalıdır. Bununla yanaşı həmin əmrdə göstərilmişdir ki, fənn yükü 1 stavkadan az olmamalı, bir qayda olaraq müddətli əmək müqaviləsi tədris ilinin sonunadək bağlanmalıdır. Lakin cavabdeh iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması barədə əmr qəbul etsə də, həmin müqavilənin hansı əsasa görə tədris ilinin sonunadək deyil, 2 ay 15 gün müddətinə bağladığını və orta dərs yükü şərtinə əməl etmədiyini əsaslandıra bilməmişdir. Belə ki, çalışmanın son həddinə çatanadək son 1 il ərzində müəllimin barəsində intizam tənbehi tətbiq edilməmiş, müddətli əmək müqaviləsi bağlanan zaman da bu hal olmamışdır. Hansı ki, qeyd edilən həmin meyar müddətli əmək müqaviləsinin bağlanması üçün müstəqil əsas kimi çıxış etmişdir. Bundan əlavə müəllimin diaqnostik qiymətləndirməsi də ixtisas fənni üzrə yüksək olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan başqa qaydalarda tabelik üzrə təhsili idarəetmə orqanının razılığının əsas kimi çıxış etməsi barədə müddəa o qənaət yaradır ki, direktorun diskression səlahiyyətləri məhduddur. Yəni əgər müvafiq idarəetmə orqanı çalışmanın yaş həddinə çatmış işçi ilə cari tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmasına razılıq vermişdirsə, direktorun bununla razılaşmaması əsaslandırılmalı və müvafiq qaydada rəsmləşdirilməlidir. Əks halda qeyd edilən razılığın alınması barədə tələbin mahiyyəti aradan qalxmış olardı. Hansı ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi ümumi təhsil müəssisələrinin rəhbərlərinə həm sənəd dövriyyəsi və icraatda əlavə çətinliklərin yaranmasının aradan qaldırılması məqsədilə, tədris ili ərzində ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətinin 2022/2023-cü tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) uzadılmasına Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi qaydada, həm də iddiaçıya münasibətdə fərdi qaydada razılıq verilmişdir. Bununla yanaşı işəgötürənin Bakı şəhəri Təhsil İdarəsi olduğu və müddətli əmək müqaviləsinin xx.xx.2023-cü il tarixədək bağlanmasına razılıq verməsi nəzərə alındıqda, onun səlahiyyətlərini yerinə yetirən şəxsin hər hansı əsaslandırma aparmadan bundan kənara çıxması hüquqdan suiistifadədir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehin imzalanmamış əmək müqaviləsi barədə bildirişi elektron sistemə daxil etməsi, əmək müqaviləsi və onun şərtləri ilə işçini tanış etməsi barədə hər hansı sübut təqdim etməməsi, məhz müddətli əmək müqaviləsi bağlandıqdan sonra işçi barəsində intizam tənbehi verməsi (halbuki həmin dövrə qədər işçi barəsində hər hansı intizam tənbehinin tətbiq edilməsi barədə sübut təqdim edilməmişdir) və işçinin fəaliyyətini mütəmadi olaraq yoxlamağa başlaması, müəllimin işləmədiyi dövrə aid şagirdlərdən izahat alması (xx.xx.2022-ci il tarixində bir neçə şagird tərəfindən ərizə təqdim edilmiş və hansı ki, müəllimlə əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir), müəllimin işləmədiyi dövrə aid dərs dinləməsi aparması (cavabdeh bununla bağlı xx.xx.2022-ci il tarixdə keçirildiyini iddia etdiyi qeydiyyat vərəqi təqdim etmişdir), tədris ilinin başlanmasından 1 həftə keçməmiş şagirdlərdən onun fəaliyyəti barədə ərizə alması onunla cari tədris ilinin sonunadək müqavilə bağlamamasında, dərs yükünün azaldılmasında qərəzli mövqeyindən xəbər verir. Məhkəmə işəgötürənə qarşı deyil, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsə qarşı iddianı ona görə əsaslı saymışdır ki, bu işçinin istəyindən asılıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, işçinin çalışmanın son həddinə çatmasından sonra onunla cari tədris ilinin sonunadək müqavilə bağlanılmamasında və iş yükünun orta dərs yükündən aşağı müəyyən edilməsində işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxsin təqsiri müəyyən edildiyindən və bunun nəticəsində işçiyə ödənilməyən əmək haqqı miqdarında əldən çıxmış fayda qismində maddi ziyan dəydiyindən iddia tələbi həmin hissədə əsaslıdır. Buna baxmayaraq məhkəmə iddiaçının 5.264 manat maddi zərərlə bağlı tələbinə münasibətdə hesab etmişdir ki, tələb edilən məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üçün ödənilməyən və ya natamam ödənilən əmək haqqı miqdarında əldə çıxmış fayda qismində maddi zərər kimi qiymətləndirilməlidir. Hansıki, həmin məbləğ iddiaçı tərəfdən sadə riyazi hesablama qaydasında müəyyən edilmiş və tələb edilmişdir. Həmin məbləğin mühasibatlıq qaydalarına uyğun dəqiq hesablanmamış olması istisna edilmir. Məhkəmənin həmin məsələ ilə bağlı ekspertiza keçirməməsi həmin halın qətnamənin icrası qaydasında müəyyən edilməsinin mümkünlüyü qənaətindən irəli gəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğ 2022-ci ilin oktyabr ayından 2023-cü ilin 16 iyun tarixinədək ingilis dili müəllimi vəzifəsinin 18 saatlıq dərs yükünə uyğun və faktiki edilən ödənişlər nəzərə alınmaqla müəyyən edilməlidir. İddianın mənəvi zərərin tutulması hissəsində isə məhkəmə tələbi əsassız hesab etmişdir. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 386.1, 1096.1, 1096.2, 1099.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 2(3), 10-1(1), 16(1), 191, 194, 290, 296(4), 300-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi (1 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təqdiq edilmiş qaydalar) qaydalarının, “Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması prosedurları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018- ci il tarixli, F-223 nömrəli əmrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 124.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-954/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı cavabdehin qeyri-qanuni hərəkəti nəticəsində dəymiş 5.264 manat miqdarında maddi zərərin və 5.000 manat miqdarında mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh işçi deyil, işəgötürəndir. Belə ki, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qanunvericiliyin tələbindən görünür ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında imzalanır, işəgötürən əmək müqaviləsi imzalanan müəssisənin rəhbəri və ya ayrılıqda fiziki şəxs ola bilər. Bundan əlavə, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 1099-cu maddəsi hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyətini tənzimləyir. Yəni, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında işçi tərəfindən üçüncü şəxslərə qarşı törədilmiş mülki hüquq pozuntusuna görə zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiasının işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilinməsi qeyd edilmişdir. Ona görə də işə baxan məhkəmə düzgün olmayaraq Mülki Məcəllənin 1099-cu maddəsini hazırkı işə tətbiq etmişdir. Çünki, hazırkı iddia tələbinin mahiyyəti üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi deyil, işəgötürən tərəfindən işçinin hüquqlarının və qanuni mənafelərinin pozulmasına görə işçiyə maddi və mənəvi zərərin ödənilməsi tələbidir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Belə ki, iddiaçı ayrıca fiziki şəxs olaraq Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanı olaraq onun yaşadığı ünvan – ünvan 2şdir. Halbuki, iddia tələbi işəgötürən- Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qarşı yönəlməli idi. Yəni hazırkı iş üzrə əsl cavabdeh işəgötürən olmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3(2), 3(3), 290(2), 290(3), 300(1), 300(2)-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
28. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2629/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-954/2024 saylı, 05 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, məktəbin direktoru Cavabdeh işçi deyil, işəgötürəndir. Birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 1099-cu maddəsi hüquqi və ya fiziki şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyətini tənzimləyir. Yəni, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında işçi tərəfindən üçüncü şəxslərə qarşı törədilmiş mülki hüquq pozuntusuna görə zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiasının işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilinməsi qeyd edilmişdir. Ona görə də işə baxan məhkəmə düzgün olmayaraq Mülki Məcəllənin 1099-cu maddəsini hazırkı işə tətbiq etmişdir. Çünki, hazırkı iddia tələbinin mahiyyəti üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi deyil, işəgötürən tərəfindən işçinin hüquqlarının və qanuni mənafelərinin pozulmasına görə işçiyə maddi və mənəvi zərərin ödənilməsi tələbidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Belə ki, iddiaçı ayrıca fiziki şəxs olaraq Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanı olaraq onun yaşadığı ünvan qeyd edilmişdir. Halbuki, iddia tələbi işəgötürən - Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Cavabdeh qarşı yönəlməli idi. Yəni hazırkı iş üzrə əsl cavabdeh işəgötürən olmalıdır. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə dair maddi hüquq norması düzgün tətbiq edilməməklə yanaşı, işin halları tam yoxlanılmadan, eyni zamanda iddiaçının təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi və s. təşkil edir. Əmək Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq, işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək və s. isə işəgötürənin vəzifələridir. İşəgötürənin işçiyə, habelə işçinin işəgötürənə vurduğu zərərlə bağlı münasibətlər əmək münasibətlərinə uyğun olaraq Əmək Məcəlləsi ilə, işçinin üçüncü şəxslərə vurduğu zərərə görə işəgötürənin məsuliyyəti isə Mülki Məcəllənin 1099-cu maddəsi ilə tənzimlənir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işə baxan birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1099-cu maddəsini hazırkı işə düzgün olmayaraq tətbiq etməsini qeyd etməkdə haqlı olsa da, iddianın qanuni əsasını təşkil edən zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntusu (delikt) ilə bağlı maddi hüquq normalarını hazırkı işə tətbiq etməklə mübahisənin həlli etmək əvəzinə, iddia tələbinin işəgötürən məktəbin direktoru kimi Cavabdeh yönəlməli olması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırkı halda iddiaçı cavabdehə qarşı yönəltdiyi iddia tələbini işçi işəgötürən münasibətləri kimi əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənə qarşı yönəlmiş tələb olaraq deyil, ona real zərər vurmuş şəxsə qarşı yönəlmiş və mülki qanunvericilikdən irəli gələn tələb kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəyə baxarkən işin yuxarıda qeyd olunan hallarını lazımi qaydada araşdıraraq düzgün hüquqi qiymət verilməmiş, işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normasını işə düzgün tətbiq etməmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, iddianın qanuni əsasını təşkil edən maddi hüquq normasını işə düzgün tətbiq etmədən iş üzrə iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmiş və şikayətində göstərmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki prosessual qanunvericiliyinin normalarının tələblərinin heç birinə cavab vermir. Belə ki, tərəflərindən məhkəməyə iddiaçının ərizəsinin əsassız olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və cavabdeh tərəfin izahatlarına qiymət vermədən əsassız qərar qəbul etmişdir. Həmçinin məhkəmə prosesində iddiaçının əmək müqaviləsindən “xəbərsiz” olmasına münasibətdə bildirilmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən biri də əmək müqaviləsinin surəti olmuşdur. Belə ki, o, əmək müqaviləsinin müddətli olmağından məlumatlı olmuş, işə qəbul üçün yazdığı ərizəsinin üstündə olan və müddətin göstərildiyi qeyd iddiaçının iştirakı ilə özü tərəfindən yazılmış, əmək bildirişi elektron sistemə iddiaçının şifahi razılığı və özünün iştirakı ilə daxil edilmişdir. Lakin bu halların heç biri məhkəmə araşdırmasında nəzərə alınmamışdır. Halbuki iddiaçı əmək müqaviləsindən də, əmək haqqı və onun məbləğindən də kifayət qədər məlumatlı olmuşdur və bu faktı təsdiq edəcək şahidlərin, dəlillərin olduğu bildirilmişdir. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İddiaçı müddətli əmək müqaviləsi ilə işə qəbul edildikdən sonra işlədiyi müddətdə dərs yükü və əmək haqqından şikayətçi olmamış, ona ayrılan dərs saatlarında məktəbə gəlmiş, hər ayın sonunda da əmək haqqını almışdır. Halbuki o, məhkəmədə iddia edib ki, guya ona ayrılan dərs saatlarından xəbəri olmayıbmış və məhkəmə də onun bu əsassız (absurd) iddiasını haqlı saymışdır. 65 yaşı tamam olan iddiaçı işdən qanun çərçivəsində yaş həddinə görə azad edilsə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın tövsiyəsi ilə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçının keyfiyyət göstəricilərinin aşağı olması nəzərə alınaraq bu müqavilə qısa müddətli olmuşdur. Özünə də bu haqda məlumat verilmişdir. Lakin təəssüflər olsun ki, o, bir müəllimə yaraşmayacaq şəkildə qeyri-səmimilik etmiş, cavabdehə qarşı əsassız iddia ilə çıxış etmişdir.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
32. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək iddiaçının iddiasından imtina etməsini tələb etdi.
33. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
34. Məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi səbəbini göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
35. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 26 (İ hissə). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 60 (İ hissə). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya ilə təminat altına alınan bu hüquq təkcə fundamental hüquq deyil, həm də digər əsas hüquq və azadlıqların lazımi şəkildə həyata keçirilməsini və qorunmasını təmin edən ən səmərəli vasitələrdən biridir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. Maddə 3 (2-ci hissə). İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Maddə 3 (3-cü hissə). İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
38. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişməsi (1 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təqdiq edilmiş qaydalar) qaydaları:
Bənd 1.2. Bu qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının, ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir. Bənd 2.2. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Bənd 2.3. Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin xx.xx.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. “Təhsilverənlərin peşəkarlığının inkişafının təmin edilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2017-ci il tarixli 141 nömrəli əmrinə əsasən Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər çalışmanın yaş həddinə çatdıqda onlarla əmək münasibətləri xüsusi prosedur əsasında tənzimlənir. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Bənd 6. Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar bu qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
39. “Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması prosudurları barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-223 nömrəli əmri. Bənd 1. Çalışmanın yaş həddinə çatmış İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə müddətli əmək müqaviləsinin bağlanması ərazihesablama mərkəzlərinin və rayon (şəhər) təhsil idarələrinin birgə razılığı ilə həyata keçirilsin; Bənd 2. ƏMHM və R(ş)TŞ(i)-lər müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı qərar qəbul edərkən təhsil nazirinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmrinin, ümumi təhsil müəssələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsinin həyata keçirilməsinə dair qaydaların tələblərinin əsas götürülməsinə, eləcə də aşağıdakı prosedurlara riayyət olunmasına nəzarəti təmin etsinlər: Çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış göstərilən ixtisaslar üzrə müəllimlərin siyahısını hazırlamağı və onlara bildirişlərin göndərilməsini; Sənədlərin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsini: Ümumtəhsil məktəblərində işçilərlərin çalışma müddətinin uzadılmış işçilərin sayının həmin müəssənin işçilərinin sayının 2%-dən artıq olmaması (nəzərə alınmalıdır ki, müəssədə çalışan işçilərin sayı 100 nəfərdən az olduqda çalışma müddəti uzadılmış işçilərin sayı 2 ştat qədər yuvaqlaşdırılır.); Fən yükünün 1 stavkadan az olmaması; Fənn üzrə ixtisaslı pedaqoji kadrların olmaması, əvəzetmə, müvəqqəti işə qəbul imkanlarının olmaması; Çalışmanın yaş həddinə çatmış müəllimin Diaqnostik Qiymətləndirmədə topladığı bal (ixtisas/metodika); Çalışmanın yaş həddinə çatmış müəllimin pedaqoji fəaliyyəti dövründə nailiyyətləri pedaqoji kollektivdə və valideynlər arasında nüfuzu; Əmrdə nəzərdə tutulmayan hər hansı bir hal barədə Təhsil Nazirliyinə məlumat verilməsi. Bənd 3. Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsi, bir qayda olaraq, tədris ilinin sonunadək bağlansın. Bənd 4. ƏMHM və R(ş)TŞ(i)-lər müddətli əmək müqaviləsinin bağlanılan müəllimlər barədə bu əmrə əlavə olunmuş formaya uyğun elektron hesabatı rübdə bir dəfədən gec olmayaraq insan resursları şöbəsinə təqdim etsinlər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarı:
Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
42. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
45. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
46. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
47. Əvvəla, təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
48. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə cavabdehin mübahisələndirdiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cvabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından təmin edildiyi hissədə iddia haqlı sayılır.
49. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
50. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın təmin edilən hissəsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
51. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və açıq-aşkar hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə və iddia həmin hissədə də rədd edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılması zəruridir.
52. Cavabdeh iddianın əsassız olmasına dair yetəri qədər sübutlar təqdim etdiyinə baxmayaraq məhkəmənin onlara qiymət vermədən əsassız qətnamə qəbul etdiyini göstərsə də əksinə yuxarıda qeyd olunduğu kimi kifayət qədər ətraflı araşdırmaya şərait yaratmış və gəldiyi nəticəni təqdim edilən sübutları qiymətləndirməklə əsaslandırmışdır. Belə ki, iddiaçının çalışmanın son həddinə çatmasından sonra onunla cari tədris ilinin sonunadək müqavilə bağlanılmamasında və iş yükünun orta dərs yükündən aşağı müəyyən edilməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Başqa sözlə, cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normalarını, o cümlədən Təhsil Nazirliyinin yuxarıda qeyd olunan Əmr və Qaydalarının tələblərini pozması nəticəsində iddiaçıya əldən çıxmış fayda qismində maddi ziyan dəymişdir. Məhz buna görə də cavabdehin törətdiyi pozuntu nəticəsində iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
53. İddiaçının əmək müqaviləsinin müddətli olub-olmamasından əvvəlcədən məlumatlı olması da heç nəyi dəyişmir. Çünki Təhsil Nazirliyinin yuxarıda qeyd olunan Əmrinin tələbinə görə çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsi, bir qayda olaraq, tədris ilinin sonunadək bağlanmalı idi. Düzdü bu qaydadan kənar hal da ola bilər. Başqa sözlə iddiaçının razılığı ilə onunla müddətli əmək müqaviləsi bağlanması mümkün ola bilərdi. Ən azından buna iddiaçının razılığının olması mötəbər sübutlarla təsdiq olunmalı idi. Ancaq cavabdeh tərəf məhkəməyə belə bir mötəbər sübut təqdim etməmişdir.
54. İddiaçının müddətli əmək müqaviləsi ilə işə qəbul edildikdən sonra işlədiyi müddətdə dərs yükü və əmək haqqından şikayətçi olmaması da iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı etmir. Çünki dərs yükünün də Qaydalara uyğun bölünməməsi özü bir hüquq pozuntusudur və bu cür bölgü ən azından cavabdeh tərəfindən əsaslandırılmalı və iddiaçının buna razılığı alınmalı idi. Bir halda ki, 65 yaşı tamam olan iddiaçının işdən qanun çərçivəsində yaş həddinə görə azad edilsə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın tövsiyəsi ilə onunla müddətli əmək müqaviləsi bağlanmışdırsa, demək tədris ilinin sonunadək də müddətli əmək müqaviləsi bağlanması mümükün idi. Əks halda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin iddiaçı ilə məhz 31 yanvar 2023-cü ilədək müddətli əmək müqaviləsi bağlamasını tövsiyyə etdiyinə dair məhkəməyə mötəbər sübut təqdim etməli idi.
55. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın qanuni əsası barədə də kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsi də iddiaçının cavabdehə qarşı yönəltdiyi iddia tələbini işçi işəgötürən münasibətləri kimi əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənə qarşı yönəlmiş tələb olaraq deyil, ona real zərər vurmuş şəxsə qarşı yönəlmiş və mülki qanunvericilikdən irəli gələn tələb kimi müəyyən etmişdir. Demək ki, cavabdehin iddiaçı qarşısında mülki hüquq münasibələrindən əmələ gələn öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi də iddianın qanuni əsası kimi zərərin vurulması normalarına istinad etmişdir. Yəni, cavabdehin iddiaçıya əldən çıxmış fayda formasında zərər vurduğu qənaətinə gəlmişdir. Düzdü birinci instansiya məhkəməsi qətnamədə Mülki Məcəllənin 1099-cu maddəsinə də istinad etmişdir. Lakin həmin normanı hazırkı mübahisəyə xüsusi olaraq tətbiq etməmişdir. Burada, cavabdehin iddiaçı qarşısında zərərin vurulmasından yaranan öhdəliyinin əmələ gəldiyi barədə məhkəmənin qənaəti açıq-aşkar görünür. Göstərilənlərə baxmayaraq, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır. Ona görə də nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır və mahiyyəti üzrə düzgündür, deməli yalnız formal mülahizələrə görə ləğv edilməsinə də məhkəmə tərkibi lüzum görmür.
56. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifad6ə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, bu cür hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyəti ilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda zərərvuramadan əmələ gələn öhdəliklər və hüquqdan başqalarına zərər vurmaq üçün suiistifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
57. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4045/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4045/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.