Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8006/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1854/2021saylı, 15.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona qanuni əsaslarla məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və yenidən real qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli bina dövlət qeydiyyatına keçmiş və dövlət qeydiyyat nömrəsi MN №0017709 olmaqla 30 may 2008-ci il tarixindən mülkiyyət hüququ ilə onun istifadəsindədir. O, maddi çətinlikləri ilə bağlı bankdan kredit götürmüş və krediti vaxtında tam qaytara bilmədiyi üçün ona məxsus olan əmlakı onun iştirakı təmin olunmadan, mülkiyyətinə rəy verilmişdir. Həmin rəy reallıqdan uzaq olmuş və onun həmin dövrdə iştirakı olmadan əmlakı 62000 manat qiymətləndirilmişdir. Sonradan o, bunu bildikdə həmin Cavabdeh MMC-yə müraciət edərək ona məxsus əmlakının yenidən qiymətləndirilməsini tələb etmişdir. Əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı müraciətindən sonra, əmlakın ümumi bazar dəyəri 310000 manat müəyyən olunmuşdur. Cavabdeh MMC əvvəlki rəyi reallığı əks etdirmədiyindən, 2016-cı ilin avqust tarixində məhkəmə sorğusu əsasında əmlakının qiymətləndirilməsi və sonradan ikinci dəfə 12 noyabr 2019-cu il tarixli rəyləri ziddiyyət təşkil etdiyindən, rəy araşdırılmalıdır və qanunda nəzərdə tutulmuş qaydada təcili təxirəsalınmaz ünvandakı əmlak yenidən qiymətləndirilməlidir. Qiymətləndirmə düzgün aparılmadığından və ona məxsus olan əmlak yenidən qiymətləndirilməlidir.
3. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1854/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. ( sədrlik edən: Orxan Məmmədli)
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1854/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan qiymətləndirmə reallıqdan tam uzaqdır.Onun əmlak hüquqları kobud şəkildə pozulmuşdur.Məhkəmə işə iddiaçının iştirakı olmadan birtərəfli qaydada baxmışdır.
6. Kollegiya iclasında İddiaçı iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
7. Cavabdeh "xxxx" MMC kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:
8. İş materiallarında olan Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 91/dF saylı, 13.07.2013-cü il traixli ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmişdir.
9. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 12.11.2019-cu il tarixli, 264/R-11-19/BK-05 saylı Ekspert rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və 1 mərtəbəli binanın ümumi bazar qiyməti 310000 manat məbləğində qiymətləndirilmişdir.
10. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(044)-11/2018 saylı, 12.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Unibank ASC-nin cavabdehlər İddiaçı, X1 qarşı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən 12032,64 ABŞ dolları məbləğində pulun tutulması, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilərək, açıq hərracda satılması qət edilmişdir.
11. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı 15 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(044)- 11/2018 saylı, 12.06.2018-ci il tarixli qətnaməsi pulun tutulması hissəsində qismən dəyşdirilmiş, qalan hissədə təmin edilməmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının 2(102)-6549/2019 saylı 05.11.2019-cu il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-393/2019 saylı 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hüquqi dəyərləndirmə:
13. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
14. Belə ki, Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
15. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
16. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
17. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binaya dair qiymətləndirmə rəyi əsas götürülməklə qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Həmin qiymətləndirmə rəyinə dair qanuni qüvvəyə minmiş qətnamələr olduğundan, artıq başqa məhkəmədə sözügedən rəy mübahisə predmeti ola bilməz. Bu tələb Prosessual Məcəllənin 233.3-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
18. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
19. İddiaçı şikayətində onun iştirakı olmadan işə baxılmasını desə də, iş materiallarından görünür ki, İddiaçı tərəfindən 15.04.2021-ci il tarixində Bakı şəhər Yasamal rayon məhkəməsinə teleqram daxil olmuşdur.teleqramda bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilmir və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir (i.v.101)
20. Beləliklə iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,50 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilməsi hissəsi dəyişdirilmədən saxlanmış və qətnamələr həmin hissədə artıq qanuni qüvvəsini almışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir
21. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
22. Məhkəmə Kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-1854/2021 15.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.