Məhkəmə qərarları › İş №2(103)-8024/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8024/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8024/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc və mənəvi ziyan tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(005)-2545/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9150 (doqquz min bir yüz əlli) manat borcun, işgüzar nüfuzuna xələl gətirməsi və mənəvi ziyana görə 150.000 (yüz əlli min) manat pulun və dövlət rüsumuna görə ödədiyi 30 (otuz) manat pulun, ümumilikdə 159.180 (bir yüz əlli doqquz min yüz səksən) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 2019-cu ilin iyul ayında iddiaçıya zəng edərək onu Bakı şəhərinə dəvət etmiş, onunla görüşərək birlikdə iş görməyi təklif etmişdir. İddiaçının həmin vaxtda iki ədəd ekskavatoru olmuş və şirkətlə işləmişdir. Cavabdeh ondan xahiş etmişdir ki, ışini itirdiyi üçun əlində olan vəsaiti hər hansı bir iş uçün sərf etmək istəyir və bu işdə ona kömək etsin. İddiaçının həmin vaxt özu üçun iki ədəd ekskavator almaq fikri olmuş, cavabdeh də iki ədəd ekskavatoru onun üçun almaqda ona köməklik etməyi xahiş etmişdir. Onlar razılaşmış və cavabdeh üçün iki ədəd ekskavator almışlar. Cavabdeh prokurorluq əməkdaşı olduğu uçün texnikanı öz mülkiyyətinə keçirmək istəməmiş və onun qohumunun adına rəsmiləşdirmişlər. İşə başladıqdan sonra texnikaların işinə iddiaçı nəzarət etmiş, cavabdehə məxsus iki ədəd ekskavatordan əldə olunan gəliri hər ay istismar xərcləri çıxılmaqla nəğd şəkildə şəxsən özunə və ya oğlu X3 ödəmişdir. Bəzi hallarda pulu Cavabdeh öz kartına və ya həyat yoldaşının adına olan kartına yükləmişdir. Zaman keçdikcə texnikaların təmirə ehtiyacı olduqda təmir xərclərini cavabdehlə razılaşdırıb iddiaçı icra edərək servis xidmətləri göstərmişdir. Təmir proseslərini foto və ya video çəkilişlər vasitəsi ilə qeyd edərək cavabdehə təqdim etmişdir. Ehtiyat hissələrini mağazadan nisyə götürmüş və aylarla hissə-hissə ödəmişdir. Sonralar pandemiya ilə əlaqədar olaraq işlər çox zəifləmiş, gəlir də azalmışdır. Pandemiya dövründə cavabdeh texnikanın birini satmış, o biri texnikasını təmir etdirmişdir. Təmir xərclərini iddiaçı qarşılamış və cavabdeh ona borclu qalmışdır. Cavabdeh aralarında yaranmış borcundan az bir hissəsini təxminən altı ay ərzində ödəsə də, onun iddiaçıya 9.150 (doqquz min bir yüz əlli) manat borcu qalmışdır. İş zəif olduğundan həmin borcla əlaqədar cavabdehlə aralarında söz-söhbət yaranmış, bu arada iddiaçının xəbəri olmadan cavabdeh texnikasını işlədiyi yerdən götürmüş və iddiaçıya olan borcunu bu günə qədər ödəməkdən imtina etmişdir. Əlavə olaraq cavabdeh bu hərəkəti ilə iddiaçının işgüzar nüfuzuna xələl gətirərək iddiaçıya mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin ekskavatorunu iddiaçıya xəbər vermədən xidməti ərazidən götürməsi zamanı xoşagəlməz hal yaşanması iş qurduğu şəxslərin iddiaçıya qarşı etimadsızlığı ilə nəticələnmişdir. Bu da iddiaçının işgüzar nüfuzuna, qazandığı etimada ciddi ziyan vurmuş, iddiaçıya uzun müddət mənəvi iztirablar, güclü əsəb gərginliyi, stres yaşatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(005)- 2545/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(005)- 2545/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş borcun olmasını sübut edən Cavabdeh öz xətti ilə yazdığı təmir xərcləri barədə əlyazmada 6100 manat borcun, İddiaçı tərəfindən Cavabdeh ailə üzvlərinin və özünün kartına köçürülmüş pulların əməliyyat fotolarının olmasına baxmayaraq, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, iş üçün əhəmiyyət kəsb edən dəlillər üzrə mütəxəssis rəyi və ya ekspertiza keçirilməsi zəruri olan hərəkətləri etməmiş, cavabdehin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Həmçinin, məhkəmə baxış iclasında hakim tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, vəkil tərəfindən verilmiş vəsatəti (iş üzrə əhəmiyyət kəsb edən fotolar, videogörüntülər və səs yazıları) təmin etməyərək, məqsədli şəkildə iddiasını rədd etmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozduğuna görə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, X1 Bəhruz Yusif oğlunun ona icarə pulu, təmir pulu və digər səbəblərdən 114.620 manat borcunun olmasını, İddiaçı isə Orxan Əliyevin atası Cavabdeh Oktay oğlunun ona 9.150 manat pul borclu olduğunu iddia etmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılıq əsasında ekskavatorlara çəkilmiş xərcə görə verilən 9.150 manat borc pulu və bu əsasla mənəvi ziyanı tələb edir, lakin tərəflər arasında borc müqaviləsi bağlanmamışdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə sübutlar təqdim edilmədiyindən həm əsas tələb, həm də ona istinadən törəmə tələb kimi mənəvi zərərin əvəzi barədə iddia əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, Kollegiyanın qənaətinə görə, iddiaçının təqdim etdiyi imzalanmamış və kimin tərəfindən yazılması bəlli olmayan əlyazma kağız, həqiqətən cavabdehin bank kartına iddiaçı tərəfindən və aralarındakı razılaşmaya əsasən ödənişin köçürülübköçürülməməsini müəyyən etməyin mümkün olmadığı təsdiq edilməmiş fotolar iş üzrə mötəbər sübutlar hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2 və 89.3-cü maddələrinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Bununla yanaşı, apellyasiya şikayətinin videogörüntülər və səs yazıları ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qəraında göstərilir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı məhkəmə təqdim etdiyi sosial WhatsApp sosial şəbəkəsi üzərindən aparılan yazışmanı sübut kimi təqdim etmişdir. Həmin yazışmalarla bağlı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, yazışmalarda cavabdehin ona 9150 manat borcu olması barədə birbaşa danışıq və ya yazışma olmamış, onun yazdıqlarına iddiaçı Cavabdeh cavab verməmiş, o, məcbur olub Qabilin oğlu Orxana WhatsApp şəbəkəsi vasitəsilə yazaraq, atasına onun borcunu qaytarmasını deməsini xahiş etmişdir. Lakin iddiaçının oğlu da onun müraciətinə cavab verməmiş, əksinə onun barəsində guya onlara 114000 manat borcu olması barədə polisə şikayət etmişdir. Məhz bundan sonra o, Cavabdeh borcunu məhkəmə qaydasında tələb etmək qərarına gəlmişdir. Onun təqdim etdiyi digər yazılar və səsli mesajlar da onlar arasında texnikanın istismarı ilə bağlı müxtəlif vaxtlarda müzakirə etdikləri məsələrlə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin dəlillərini təsdiq edən sübut kimi onunla cavabdeh arasında olan yazılı və səsli mesaclar şəklində yazışmaları təqdim etsə də, özünün də bildirdiyi kimi, həmin yazışmalar birbaşa olaraq 9150 manat borcun olmasını təsdiq etmir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin iddiaçıya həqiqətən tələb olunan 9150 manat məbləğində borclu olması, cavabdehin borcun yaranması ilə bağlı öhdəliklərinin yaranması və həmin borcun ödənilməməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar və belə məlumatların yayılma halları mövcud olmalı, iddiaçı işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalmalı, o cümlədən təsərrüfat fəaliyyətinin nüfuzdan salınması, qazandığı etimadı itirməsi və bütün bunların nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4.-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Ləkələyici məlumat dedikdə, fiziki şəxslər (hüquqi şəxslər) tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya fiziki şəxslərin şərəf və ləyaqətini və ya şəxslərin (fiziki və hüquqi şəxslərin) işgüzar nüfuzunu alçaldır, onları qiymətdən salır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bununla yanaşı, iş materiallarında olan, 26 may 2021-ci il tarixli məhkəmə iclasının protokolundan da göründüyü kimi, iddia tərəfi məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(005)- 2545/2021nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar