Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8028/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-725/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 35000 avro pul vəsaitinin, 7000 avro maddi zərərin, 10000 avro dəyərində mənəvi zərərin, cəmi 52000 avro (ödəniş gününə manata olan məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2016-cı il tarixdə FG_16/09 saylı müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC iddiaçının uşaqları X4 və X5 Almaniyada orta məktəbə qəbulunu öz öhdəsinə götürmüşdür. Sifarişçi şəxs olaraq iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirərək həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixdə 40380 (qırx min üç yüz səksən) avro məbləğində pulu (əsas ÇZY/6 № 407736 saylı mədaxil qəbzi), habelə 2000 avro - 3460 manat pulu (əsas ÇZY/6 № 407735 saylı mədaxil qəbzi) cavabdehə ödəmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə FG_16/10 saylı müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Cavabdeh MMC (F-GROUP Academy) iddiaçının Almaniyada rezidenturaya qəbulumu öz öhdəsinə götürmüşdür. Sifarişçi şəxs olaraq iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirərək, Almaniyada depozit məbləğinin göstərilməsi üçün nəzərdə tutulan 10000 (on min) avro və 2500 avro məbləğlərində pulları xx.xx.2016-cı il tarixdə cavabdeh təşkilata ödəmişdir (əsas ÇZY/6 № 407738 saylı mədaxil qəbzi). Eyni tarixdə Almaniyada təhsil haqqı adı altında 7690 (yeddi min altı yüz doxsan) avro iddiaçı tərəfindən həmin şirkətə ödənilmişdir (əsas ÇZY/6 № 407739 saylı mədaxil qəbzi). Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə FG_16/11 saylı müqavilə imzalanmış və həmin müqaviləyə əsasən iddiaçının adına Almaniyada bank hesabının açılması üçün 30000 (otuz min) avro vəsaitin ödənilməsi nəzərdə tutulmuş və həmin tarixdə məbləğin manat ekvivalenti olaraq 54740 (əlli dörd min yeddi yüz qırx) manat şirkətə ödənilmişdir (əsas 201616 saylı mədaxil qəbzi). Həmçinin Almaniyaya bilet sifariş olunacağı adı ilə iddiaçıdan 1050 ABŞ dolları məbləğində pul vəsaiti şirkət tərəfindən alınmışdır. Qeyd olunan müqavilələr 6 ay müddətinə bağlanmış, lakin “İcraçı” təşkilat olan Cavabdeh MMC (FGROUP Academy) tərəfindən öhdəliklərdən heç biri icra edilməmişdir. Müqavilə müddətinin bitməsinə görə iddiaçı dəfələrlə cavabdehə ödədiyi pulların geri qaytarılması ilə bağlı müraciət etsə də nəticə olmamış, cavabdeh təşkilat tərəfindən iddiaçıya uzun müddət yalan vədlər verilərək xx.xx.2017-ci ildə müddəti bitmiş müqavilələrin müddəti 4 ay uzadılaraq son tarix olaraq xx.xx.2017-ci il müəyyən edilmişdir. İddiaçı ödədiyi 92570 (doxsan iki min beş yüz yetmiş) avro və bilet üçün ödədiyi 1050 ABŞ dolları məbləğində pul vəsaitlərinin geri qaytarılması ilə bağlı xx.xx.2017-ci ildə şirkətə yenidən müraciət etmiş və həmin tarixdə Cavabdeh MMC ödənilən pulların 27 iş günü ərzində iddiaçıya geri qaytarılacağı şirkət rəhbəri olan X7 tərəfindən rəsmi olaraq cavab məktubunda bildirilmişdir. Cavabdeh tərəfindən şirkətə ödənilən 92580 avro pul vəsaitinin 52570 (əlli iki min beş yüz yetmiş) avro və 1050 (min əlli) ABŞ dolları olan hissəsi iddiaçıya xx.xx.2017-ci il tarixində, 5000 avro məbləğində hissəsi isə xx.xx.2018-ci il tarixdə qaytarılmış, hazırki qalıq isə 35.000 (otuz beş min) avro təşkil edir. Hazırki dövrə qədər dəfələrlə şirkət rəhbəri X7 ilə əlaqə saxlanılaraq iddiaçının ödədiyi pulların geri qaytarılması tələb edilsə də, hazırki tarixə qədər ödənilən məbləğ iddiaçıya tam şəkildə qaytarılmamışdır. Müqavilələr üzrə illik gecikməyə görə 5% hesabı ilə maddi zərər 7000 avro təşkil edir. Bundan əlavə, iddiaçı özünün və uşaqlarının xaricdə təhsil almasından, böyük məbləğdə pulundan məhrum edilməsinə görə mənəvi stress və əzab keçirmişdir, buna görə də mənəvi zərər qismində 10 min avro tələb edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-725/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 35000 (otuz beş min) avro məbləğində pul, maddi zərərin əvəzi kimi görə 3500 (üç min beş yüz) avro, cəmi 38500 (otuz səkkiz min beş yüz) avro (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və mənəvi ziyana görə 1000 (min) manat, habelə 23 (iyirmi üç) manat dövlət tutularaq İddiaçı xeyrinə ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh MMC-nin qanuni təmsilçisi X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd olunan tələb mövcud reallığı özündə əks etdirməyərək və qanunvericiliklə təmin norması olmayan tələbdir. Lakin buna baxmayaraq hakim işə iddiaçı tərəfin mənafeyinə uyğun şəkildə baxaraq, cavabdehin işdə iştirak etməməsindən istifadə edərək Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan məhkəmə aktı qəbul etmişdir. Onun ali təhsili belə yoxdur, xaricdə təhsil sektorundan anlayışını yoxdur və Cavabdeh MMC-yə hər hansi bir aidiyyatı yoxdur. Təxminən 2017-ci ildə qohumu X8 ona məzmunu ilə tanış olmadığı bir neçə sənəd imzalatmış, onu işə götürdüyünü desə də, bu günə kimi hər hansı bir məbləğdə əmək haqqı ödəməmişdir. Hərbi xidməti başa vurduqdan sonra 2016-2017-ci illərdə X2 əmək müqaviləsi əsasında rəsmi şəkildə mühafizəçi olaraq işləmişdir. 2020-ci ilin sentyabr ayında Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onun barəsində icra vərəqəsi olduğunu deyərək, onu şöbəyə dəvət etmişdir. İcra məmuru Cavabdeh MMC-nin direktoru olduğunu və iddiaçıya icra vərəqəsində qeyd olunan məbləği ödəməli olduğunu, əks halda barəsində məcburi icra tədbirləri götüləcəyini bildirmişdir. Müqavilələrlə ilə taııış olan zaman məlum olmuşdur ki, xx.xx.2016-ci il tarixli FG16/10 saylı Cavabdeh MMC-nin direktoru X7 ilə, xx xxxxxxx 2016-cı il tarixli FG 16/10 saylı müqavilə isə Layihə rəhbəri X8 ilə İddiaçı arasında bağlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çəxarışdan isə görünür ki, xx.xx.2017-cı il tarixdən qanuni təmsilçi kimi Fuad onu qeydiyyatdan keçirmişdir. Fuad hazırda cəzaçəkmə müəssəsində cəza çəkir və onunla əlqa saxladıqda bildirmişdir ki, xx.xx.2016-cı il tarixli FG16/10 saylı və xx xxxxxxx 2016-cı il tarixli FG 16/10 saylı müqavilələr üzrə qalıq borc vardır və həmin borc həbsxanadan çıxdıqdan sora bağlanacaqdır, borca görə o məsuliyyət daşıyır. Həmçinin Fuad bildirmişdir ki, İddiaçı ona (F.Hacıyevə) bütün bank hesablarında olan vəsaitin idarə edilməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Hətta Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış FG 16/10 saylı müqavilə qohumu Fuad Hacıyevin onu formal direktor keçirdikdən xeyli müddət öncə bağlanılmışdır. Bu müqavilələr bağlanan zaman Cavabdeh MMC-nin hüquqi təmsilçiləri və təsisçiləri o deyil, X7 və X9 olmuşdur (50%-50% Nizamnamə Kapitalı 20 Manat). Bundan əlavə məhkəmə qətnamədə müqavilənin icra müddəti və cavabdehin ödənişləri, qalıq borcun məbləği nəzərə alınmaqla illik 5 faizlə hesablamaqla maddi zərərin əvəzi kimi 3500 avronun tutulmasını əsaslı hesab etmiş, həmçinin mənəvi zərərin əvəzi kimi 1000 manat məbəğində pulun ondan tutulması qanunsuz və ədalətsizdir, mülki qanunvericiliyə tamamilə ziddir. Cavabdeh MMC-nin iddiaçıya qalıq borcu olması barədə məlumatı olmayıb. İdiaçı İddiaçı da təsdiqləyər ki, onu tanımır bir dəfə belə şirkətin ofisində olmamışdır. O da Şəhanənin tanımır və heç vaxt üzüzə və ya telefonla əlaqəsi olmayıb. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunmalıdır kı, xx.xx.2017-cı ildən GROUP SERVİCES” MMC-nin qanuni təmsilçisi olmuş və həmin vaxtdan 2020-ci ilin aprel ayına kimin GROUP SERVİCES” MMC fəaliyyətini dayandırmışdır. Məhkəmə tərəfindən onlara məlumat verilməmiş, rəsmi qaydada bildiriş yaşayış ünvanına və ya mobil nömrəyə göndərilməmişdir. Bu səbəbdən də məhkəmənin vaxtı və yeri barədə məlumatı olmamışdır. Əgər məlumatı olardısa iştirak edər və İddiaçı iddiasının əsasız olduğunu və qalıq borcumun olmadığını isbat etmiş olardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamənin iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh tərəf isə qeyd olunan hissədə qətnamənin mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-725/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, FG_16/09 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış həmin müqaviləyə əsasən uşaqlarının Almaniyada təhsil alması məqsədilə İddiaçı tərəfindən “xxxx” MMC-yə təhsil haqqı üçün 40380 avro, xidmət haqqı üçün 2000 avro məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, FG_16/10 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə bank hesabında depozit məbləğinin göstərilməsi üçün 10000 avro, xidmət haqqı kimi 2500 avro ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, FG_16/11- saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, FG_16/11 saylı müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə Almaniya bankında hesab açılması üçün 30000 avro ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, FG_16/09 saylı müqavilədən görünür ki, xx.xx.2016-cı il tarixli, FG_16/09 saylı müqavilənin müddətinin xx.xx.2017-ci il tarixdən 4 (dörd) ay müddətinə xx.xx.2017-ci il tarixədək uzadılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, FG_16/10 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə alman dili kursu, yaşam və viza üçün 7690 avro ödəniş edilməsi, habelə müqavilənin müddətinin xx.xx.2017-ci il tarixdən 4 (dörd) ay müddətinə xx.xx.2017-ci il tarixədək uzadılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, FG_16/11 saylı müqavilədən görünür ki, xx.xx.2016-cı il tarixli, FG_16/10 saylı müqavilənin müddətinin xx.xx.2017-ci il tarixdən 4 (dörd) ay müddətinə xx.xx.2017-ci il tarixədək uzadılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ÇZY/6 № 407735 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 3460 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ÇZY/6 № 407736 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 40380 avro ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ÇZY/6 № 407738 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 10000 avro, xidmət haqqı üçün 2500 avro ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ÇZY/6 № 407739 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 7690 avro ödəniş etmişdir. İş materiallarında olan 201616 saylı kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə Almaniyada hesab açılması üçün 54740 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, ödəniş olunan 92570 avro və əlavə olaraq bilet pulu üçün ödənilmiş 1050 ABŞ dolları pulun 27 iş günü ərzində geri qaytarılacağı bildirilmişdir. Beləliklə, iş üzrə sübutlara müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən özünün və övladlarının Almaniyada təhsili üçün cavabdehə cəmi 92570 avro və əlavə olaraq 1050 ABŞ dolları pul ödənilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, ödənilmiş məbləğin 2017-2018-ci illərdə 57500 avro və 1050 ABŞ dolları hissəsi geri qaytarılmış, buna baxmayaraq hal-hazıradək 35000 avro ödənilməmiş qalmışdır. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 35 min avronun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin haqlı olaraq qeyd hesab etmişdir ki, müqavilələrin icra müddəti və cavabdehin ödənişləri, qalıq borcun məbləği nəzərə alınmaqla, iki illik gecikməyə görə illik 5 (beş) faizlə hesablanmaqla maddi zərərin əvəzi kimi 3500 avronun tutulması əsaslıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanın tutulması hissəsində iddia tələbini qisməntəmin etməklə düzgün nəticəyə gəlmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materialları ilə cavabdehin etmiş olduğu hərəkətlər nətcəsində iddiaçının mənəvi sarsıntı keçirməsi təsdiq olunur. Ona görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin təqsiri səbəbindən iddiaçının özünün və uşaqlarının xaricdə təhsil almasından, habelə buna görə ödədiyi böyük məbləğdə pulundan uzun müddət məhrum olmasına görə cavabdehdən mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulması qanuni və ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-725/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-725/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8028/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8028/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver