Məhkəmə qərarları › İş №2(103)-8039/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8039/2022

14.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8039/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Hərrac Mərkəzi "xxxx" MMC cəlb edilməklə mənzildən istifadəyə maneələrin aradan qaldırılması və ekspert rəyinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1615/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan, ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən sahiblik və istifadə olunması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı bir maneənin qadağan olunması; mülkiyyət hüququ ilə İddiaçı ¼ hissədə məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzildən mülkiyyətçinin öz hüquqlarının tam, sərbəst və heç bir müdaxilə etmədən həyata keçirilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 istənilən qanunazidd hərəkətlərinə son qoyulması; cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi”nin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 manat olmaqla, ümumilikdə 112 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1615/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli “ekspert rəyi”nin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət 22 noyabr 2022-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC adlı hüquqi şəxs tərəfindən hazırlanmış (tərtib edilmiş) xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli ekspert rəyi rəsmi qaydada iddiaçıya təqdim olunmadığından, şəxsən Yasamal rayon İŞ-dən kserosurəti əldə olunmuşdur. Həmin sənədlə tanış olarkən müəyyən olunmuşdur ki, heç bir ekspertiza fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti olmayan bir hüquqi şəxs tərəfindən həqiqəti əks etdirməyən, mülkiyyətçiyə paylı hüquqla məxsus olan mənzilin dəyəri həddən artıq aşağı qiymətlə - yəni 50.000 – 60.000 manat dəyərindən aşağı - qiymətləndirmişdir. Ekspert tərəfindən qiymətləndirilən mənzilə baxış keçirilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli 2(004)-5580/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Mustafayeva (Cəlilova) Nigar Sədi qızının Cavabdeh1 qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 586-cı məhəllə, Zahid Xəlilov küçəsi, ev 74, 5 saylı mənzilin açıq hərracdan satılması, əldə olunan vəsaitin tərəflər arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək onlara ödənilməsi qət edilmişdir Qətnamə icraya yönəldilmişdir. Qətnamənin icrası məqsədi ilə Yasamal rayon İcra Şöbəsinin icra məmurunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 190/21 nömrəli ekspert rəyi ilə mübahisəli əmlak qiymətləndirilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-5606/24 saylı arayışına əsasən Yasamal rayon Məhkəməsinin 22. 11.2017-ci il tarixli, 2(004)-5580/2017 nömrəli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanında yerləşən, 5 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı hərrac baş tutmaması səbəbindən xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi ilə bağlı sifariş geri qaytarılmışdır Göründüyü kimi, hazırkı iş üzrə icra icraatı çərçivəsində iddiaçıya hissəvi məxsus əmlak barəsində hərrac keçirilməmiş və borclu qeyd olunan daşınmaz əşyanın ilkin satış qiymətini hərrac keçirilənədək olan dövr ərzində mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi esasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti iddia icraatı qaydasında haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq mübahisələndirilməlidir. Hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam vermişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1615/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar