Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8049/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “zaminliyə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, zamin olaraq onunla cavabdeh (kreditor) Bank və (borcalan) mərhum X4 arasında bağlanılmış 28.07.2015-ci il tarixli, 106.CL.280715.00001/c nömrəli üçtərəfli “Zaminlik müqaviləsi” üzrə zaminliyinə xitam edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qənbər Dadaşov ilə Bank arasında bağlanmış 28.07.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Q.Dadaşovun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı olaraq onunla, Q.Dadaşov və Bank qarasında 28.07.2015-ci il tarixdə üçtərəfli “Zaminlik müqaviləsi” bağlanmışdır. Bundan təxminən 4 il sonra, yəni 11.05.2019-cu il tarixdə Q.Dadaşov ölmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli qərardadına əsasən Q.Dadaşovun övladı Cavabdeh1 mərhumun prosessual hüquqi varisi hesab edilmişdir. Bu səbəbdən də, Cavabdeh1 28.07.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında yeni borclu kimi çıxış edir. İddiaçı hesab edir ki, qeyd edilənlərə əsasən yuxarıda qeyd edilən üçtərəfli, 28.07.2015-ci il tarixli “Zaminlik müqaviləsinə” əsasən onun zamin kimi iştirakına xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.2-ci maddəsinə əsasən görə, zamin yeni borclu üçün cavabdeh olmaq barəsində razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.07.2021-ci il tarixli qərardadı ilə iddia tələbini baxılmamış saxlamışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanmış, lakin digər məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş mövcud deyildir, əgər iş mövcud deyilsə ərizəsi baxılmamış saxlanıla bilməz. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh Bank cavabdehlər X1 hüquqi varisi Cavabdeh1 və X3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə” ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh Banka və İddiaçı qarşı “ipoteka müqaviləsinin və əlavə razılıqların etibarsız hesab edilməsi tələbi” barədə qarşılıqlı iddia ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsindən (İş № 2(001)-21/2020) görünür ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” yalan əqd hesab olunaraq, kredit öhdəliyinin İddiaçı ilə bağlanmış hesab edilmiş və kredit borcunun İddiaçı tutulmalı olmasını müəyyən edilmişdir. Həmçinin “İpoteka müqaviləsi” də etibarsız hesab edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin mülki iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, onun yuxarıda qeyd edilən “Zaminlik müqaviləsi” üzrə zaminliyinə xitam verilməlidir. Hazırki işin icraatının başlanmasına əsas olmuş iddiadan görünür ki, İddiaçı həmin “Zaminlik müqaviləsi” üzrə zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının tələblərini əsaslandırdığı hallara digər iş üzrə də qiymət verilir. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsasla iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8049/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8049/2021
04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver