Məhkəmə qərarları › İş №2(103)-805/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-805/2021

31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-805/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X3, Cavabdeh X1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı, 12.12.2009-cu il tarixli çıxarışına əsasən 0,12 ha-dan ibarət Bakı şəhəri Binəqədi rayonu Goradii bağları, bağ 1293a saylı bağ sahəsinin mülkiyyətçisidir. Belə ki, qeyd edilən bağ sahəsi özəlləşdirilməzdən əvvəl uzun illərdən bəri ona məxsusdur, bağa dair Bakı şəhəri Bağlar İdarəsi ilə müqaviləsi olmuşdur. Bağ sahəsi tərəfindən daş hasara alınmış, dəmir darvaza qoyulmuş və 1 mərtəbəli ev inşa edilmiş, ağaclar əkilmişdir. İşlərilə əlaqədar bir müddət bağa qulluq edə bilməmiş, bağ nəzarətsiz qalmışdır. Bundan istifadə edən X8 bağa daxil olmuş, ailəsi, yəni 2 övladı ilə birlikdə orada məskunlaşmışdır. Bununla bağlı ailə üzvləri tərəfindən cavabdehin bağdan çıxması üçün tədbirlər görülsə də, əhəmiyyəti olmamışdır. Bundan sonra Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etmiş, Cavabdeh bağdan çıxarılması üçün tədbir görülməsini xahiş etmişdir. Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən müraciətə verilmiş 26.10.2019-cu il tarixli cavabda iddiaçıya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də Cavabdeh ailə üzvləri ilə birgə mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsinin İddiaçı təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X7 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır, qanunsuzdur, madd və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları, 1293a saylı bağ sahəsinin onun yaşadığı bağ sahəsinə heç bir aidiyyəti yoxdur. O, ünvan 1 ünvanında sahibsiz olan bağda qeydiyyatsız yaşayır. Bu 14 il müddətində kim isə ona bağ zəbt etdiyi və yaxud buradan çıxmağı barədə mübahisə açmamışdır. Həmin bağ sahəsinə görə uzun illər ərzində elektrik və kommunal ödənişlərini özü ödəyir. ünvan 2 ünvanının ünvan 3r, güslərdilkləri ayrı-ayrı bağ sahələri və ünvanlardır Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh X7 və onun nümayəndəsi və vəkili X13 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X9 cavabdeh Zenfira Rüstəmova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh Zenfira Rüstəmova apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, məhkəmə araşdırması zamanı cavabdeh Zenfira Rüstəmovanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293 a saylı bağ sahəsini zəbt etməsi öz təsdiqini tapdığından iddiaçının X1 Bakı şəhəri Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ sahəsindən və bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin həqiqi hallarına uyğun olaraq əsaslı və həmin nəticəyə tətbiq edilmiş hüquq normalarını qanuni hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Apelyator qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə dəlillərini onunla əsaslandırmışdır ki, iddiaçının boşaldılmasını tələb etdiyi bağ sahəsinin ona heç bir aidiyyəti yoxdur, o, iddiaçının bağ sahəsini zəbt etməmişdir. İddiaçının iddia etdiyi bağ sahəsi Goradildə yerləşir. Onun yaşadığı bağ sahəsi Fatmai qəsəbəsində yerləşir. Məhkəmə kollegiyası apelyatorun həmin dəlillərini əsassız hesab edir. Belə ki, işin mübahisə olunmayan halına görə iddiaçının mübahisələndirdiyi bağ sahəsi onun mülkiyyətində və Bakı şəhəri Goradil qəsəbəsində yerləşməklə 1293 “a” saylı bağ sahəsidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Bələdiyyəsinin BRB/d-478 saylı, 01.10.2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində olan 1293 “a” saylı bağ sahəsinə Binəqədi Bələdiyyəsi əməkdaşları tərəfindən 01.10.2020-ci il tarixdə baxış keçirilərkən X1 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, Binəqədi rayonu Goradil bağları 1293a saylı bağ onun qardaşı İddiaçı, Binəqədi rayonu Goradil bağları 1293 saylı bağ isə onun oğlu X11 mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan bağa nəzarət etməyi ona tapşırmışdır. X7 ailə üzvləri ilə birlikdə uzun müddət Rasim adlı qonşunun bağında yaşamışdır. Lakin 2016-cı ildə X12 öz bağından çıxarmışdır. Həmin vaxt onun qaynanası Məhbubə öz əşyaları ilə küçədə qalan Zenfira Rüstəmovanın vəziyyətinə acıyaraq onu 1-2 ay müddətinə İddiaçı bağına buraxmış, əlavə olaraq ona təmir işlərinə görə 300 manat pul vermişdir. Lakin bir müddətdən sonra o, qardaşı İddiaçıla birlikdə Zenfira Rüstəmovadan bağı boşaltmağı tələb etsələr də, Zenfira Rüstəmova onlardan 10000-15000 manat pul tələb etmişdir. Bundan sonra onun qardaşı polisə və məhkəməyə müraciət etmişdir. Apelyasiya icraatında cavabdeh Zenfira Rüstəmova izahatında yaşadığı bağ sahəsinin İddiaçı bacısı X5 məxsus bağ sahəsi ilə yanaşı olduğunu bildirmişdir. Cavabdeh Zenfira Rüstəmovanın vəsatətinə əsasən apelyasiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunur ki, İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin naturada koordinatları və sərhədləri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi AA 020505 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşir. İddiaçı məxsus ünvan 5, cavabdeh X1 hazırda yaşadığı bağ sahəsi ilə üst-üstə düşür. İşin qeyd edilən halları ilə mübahisələndirilən bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz təsdiqini tapır. Bu səbəbdən apelyasiya şikayətinin dəlilləri hər hansı mötəbər sübuta söykənmədiyindən, formal mülahizələrdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh Zenfira Rüstəmovanın apelyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin dəlillər qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Zenfira Rüstəmovanın apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh Zenfira Rüstəmova apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, cvabdeh Zenfira Rüstəmovanın apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cvabdeh Zenfira Rüstəmovanın apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün 300 (üç yüz) manat, həmçinin ekspertiza tədqiqatlatının dəyəri olan 50 (yüz əlli) manat ekspertiza xərci cavabdeh X2 tutularaq həmin qurumların hesablarına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2344/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin – VOEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ52 İBAZ******************** hesabına köçürülsün. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdeh X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar