Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8051/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün 2(006)-862/2022 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(103)-5019/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)- 862/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiyanın qeyri-mümkün hesab edilməsi və apelyasiya şikayətinin qaytarılması üçün mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan, İddiaçı tərəfindən məhkəməyə yeni apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin üzrlü hesab edilərək, bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(006)- 862/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına” dair ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Daha sonra, həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(006)- 862/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş qərardaddan şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(006)- 862/2022 saylı qərardadının ləğv edilməsi və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(006)-862/2022 saylı qərardadı 05 sentyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan şikayət ərizəsi isə 11 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qərardad 05 sentyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Lakin həmin qərardaddan verilmiş şikayət ərizəsi qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilmişdir. Bununla yanaşı daxil olmuş şikayət ərizəsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən ona verilmiş etibarnamənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə, sonradan ona yeni etibarnamənin verilməsinə istinad etsə də, yuxarıda sadalanan iş materialları ilə də müəyyən edildiyi kimi, iddiaçının nümayəndəsi və vəkilinin hazırda mübahisələndirdiyi 02 sentyabr 2022-ci il tarixli qərardad etibarnamənin qüvvədə olma müddətinin bitməsindən bir xeyli müddət öncə qəbul edilməklə, Elektron Məhkəmə İnformasiya Sisteminə, o cümlədən Nümayəndə həmin sistemdə yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bu səbəbdən iddiaçı tərəfin həmin etibarnamənin qüvvədə olma müddətinin bitməsinə istinad edərək, şikayətinə baxılmasını tələb etməsi birmənalı şəkildə yolverilməzdir. Eyni zamanda, məhkəmə haqlı olarq qeyd etmişdir ki, şikayət ərizəsində iddiaçı tərəfin məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qərardadının onlar tərəfindən 22 oktyabr 2022-ci il tarixində “oxunduğuna” istinad etməsi və bu səbəbdən prosessual müddətin axımının məhz həmin tarixdən başlanmalı olmasına dair dəlilləri qanunvericiliyin tələblərinə ziddir və həmin dəlillərin məhkəmə tərəfindən qəbul edilməklə, əsaslı hesab edilməsi mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyasl qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla şikayəti geri qaytarmaqda düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfin məhkəmənin qərardadını mübahisələndirmək üçün xeyli vaxtı və imkanı olmasına baxmayaraq, bu imkandan istifadə etməmiş və qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-862/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8051/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8051/2022
19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver