Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8052/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" QSC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılısn. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdən az dövlət rüsumu ödənilib. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, dövlət rüsumu düzgün ödənilib. Belə ki, iddia ərzəsinin verildiyi zaman daha az rüsum dərəcələri (məbləğləri) qüvvədə olub, iddia ərizəsinin verilməsinə görə rüsum həmin rüsum dərəcələrinə uyğun ödənilib. Apellyasiya şikayəti verildiyi zaman yeni (artırılmış) rüsum dərəcələri qüvvədə olsa da, apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan rüsum iddia ərizəsinin verildiyi zaman qüvvədə olan rüsum dərəcələrinə uyğun müəyyən edilməlidir. Çünki rüsumun dəcələrini (məbləğini) müəyyən edən hüquq normaları maddi hüquq normalarıdır, hazırkı işdə münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməlidir. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş rüsumun məbləği iddia ərizəsinin verildiyi zaman qüvvədə olmuş rüsum dərəcələrinə uyğundur. Şikayət təmin edilə bilməz. Belə ki, dövlət rüsumunun dərəcələrini (məbləğini) müəyyən edən hüquq normaları maddi deyil, prosessual hüquq normaları sayılır. Çünki prosessual sənədlərlə məhkəməyə müraciət edilərkən rüsum ödəmək vəzifəsi Mülki-Prosessual Məcəllənin 108.1-ci maddəsində müəyyən edilib. Dövlət rüsumunun dərəcələri (məbləği) isə blanket ifadə üsulu ilə həmin Məcəllənin 108.2-ci maddəsində müəyyən edilib. Bu maddəyə görə, dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. Bu maddədə “qanun” deyiləndə “Dövlət rüsumu haqqında” Qanun nəzərdə tutulur. Adı çəkilən qanun isə MPM-in 1.1-ci maddəsinə görə, mülki məhkəmə icraatı haqqında qanunvericiliyin, yəni prosessual qanunvericiliyin tərkibinə aid edilir. İddia ərizəsinin verildiyi zaman daha az rüsum dərəcələri qüvvdə olsa da, apellyasiya şikayətinin verildiyi zaman artırılmış rüsum dərəcələri qüvvədə olub. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində qeyd olunub ki, apellyasiya şikayətinin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. Göründüyü kimi, qanunda “ödənilmiş dövlət rüsumu” deyil, “müəyyən edilmiş dövlət rüsumu” ifadəsindən istifadə olunub. Ona görə də apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan rüsumun məbləği həmin zaman (apellyasiya şikayətinin verildiyi zaman) qüvvədə olan rüsum dərəcələrinə uyğun müəyyən edilməlidir. Cavabdehin ödədiyi rüsumun məbləği həmin dərəcəyə uyğun deyil. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8052/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8052/2022
16.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver