Məhkəmə qərarları › İş №2(103)-8060/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8060/2021

12.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8060/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı, 29.01.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə 3000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat, 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13060 manat almaraq ona ödənilməsi, zəbt olunmuş 3 sot sahəsinin boru, dəmir tor və məqsədyönlü xaotik əkilmiş kol və ağaclardan təmizlənməsinin bələdiyyəyə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26.01.2014-cü il tarixində bağa getmiş, qonşunun bağında qalan İnqilab adlı şəxs ona demişdir ki, qonşusu Rafael onun qarajının dəmir örtüyünü mismarla deşik-deşik etmişdir ki, mətbəxinə su axmasın. 29.01.2014-cü il tarixində güclü yağışdan sonra sahə üzrə polis müvəkkilini, damı düzəldən ustanı, qonşuları dəvət etmişdir. İştirakçılar özləri baxış keçirib müəyyən etmişlər ki, qonşu ona xəbərdarlıq etmədən qarajın dəmir örtüyünü (3 metr enində) mismar ilə deşik-deşik etmişdir ki, onun mətbəx divarı islanıb. Məhkəmə prosesində Rafael qəti etiraz edərək deyirdi ki, bu işi həyətində qalan İnqilab edib. Sonralar İnqilab onu təhqir edərək, söyərək evindən getdi.Qeyd etmək istəyir ki, qonşu bu bağı alandan sonra ona və ətrafdakı qonşulara narahatlıq yaradır, özünü müharibə iştirakçısı kimi qələmə verərək heç kimdən qorxmadığını bəyan edir. Bir neçə il əvvəl aralarındakı hasarı bir neçə daş qaldırmaq üçün razılaşmışlar ki, o, hörgünü edir, cavabdeh isə həyəti tərəfindən suvaq işlərini görəcək. Səhər hörgünün söküldüyünü görmüş, arvadı hamının yanında icazə vermədiyini demişdir. Münasibət gərginləşəndə qonşu onu (ailə üzvlərinin yanında) hədələmişdir ki, “məndə qumbaralar var, özüdə kontuziyalıdır, hamınıı qıraram, məhv edərəm.” Bu hədələr hər dəfə təkrarlanır. Polislər bu dəfə gələndə dedilər ki, “nahaq belə şəxslə barışıq etmisiniz. 50 ildir ki, bu bağda yaşayır. Əvvəlki bu bağda yaşayan qonşularla razılıq əsasında hasar və yeni yaşayış evinin arasında məsafə qoyulmuşdu. Gördü ki, həmin İnqilab adlı işçi hasarı sökür. Soruşduqda, Rafaelin dediyini bildirmişdir. Rafael isə izah edə bilmədi ki, niyə sökdürür və söz verdi, hasarı bərpa edəcək. İştirakçılar gördülər ki, tikinti və sanitar normaları pozaraq hasarına söykənmiş bir mərtəbəli evin, ikinci mərtəbəsini hasarın üstünə otuzdurublar. Qeyd edir ki, hasar 30-35 il əvvəl, 40 sm dərinliyində, eninə 40 sm olan əhəng daşının üstündə 2 m hündürlüyündə tikilmişdi. İndi həmin hasarın üstünə ikinci mərtəbənin, damın yükü vurulmuşdur. Hər an fəlakət ola bilər. Mübahisə predmeti kimi, narazılıq yaradan qonşunun mətbəx divarı yenə də tikinti və sanitar normaları pozularaq qarajının divarından istifadə edilərək tikilib. Belə hallar az imiş kimi, küçədə Bələdiyyəyə məxsus 6-7 sot maşin üçün nəzərdə tutlmuş ərazinin 3 sotunu boru dirəkləri betonlamaqla, dəmir torla zəbt etmişdir. 5-6 ildir ki, bələdiyyə nümayəndəsi torpaq pulunu almağa gələndə, niyə sökülmədiyini soruşduqda, Bələdiyyə sədri, müavinləri deyirlər ki, icra etmir. Digər təqdim etdiyi şəkillərdə onun evindən aralı tikilən, qonşuya aidi olmayan hasarın sökülmüş əksidir. Hal-hazırda hasar bərbad halda, necə gəldi, kobud hörgü ilə tikilib, amma əlavə xərc çəkərək ev ilə hasar arasını yağışdan, qardan qorumaq üçün, sink metal vərəqələrdən istifadə edərək, binanın enini ötrmüşdür. Bu xərcdə nəzərə alınmalıdır.Beləliklə cavabdeh tərəfındən ona 3000 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində o və ailəsi böyük fiziki və mənəvi əzablar çəkmişlər. Belə streslər onda yuxusuzluq, əsəbi həyacan hissləri yaratmışdır. Ürəyində problemlər əmələ gəlib. Bunları nəzərə alaraq cavabdehdən dəymiş mənəvi zərərə görə 10000 manat tutulmasını tələb etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək cavabdehdən onun xeyrinə dəymiş maddi və mənəvi ziyanın tutulmasına, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı yazdığı iddia ərizəsi tamamilə cəfəngiyatdır, böhtan və təhqirdən başqa heç bir yazısı həqiqətə uyğun deyil. 1992-2003-cü illər ərzində evinin arxasından keçən və onun pəncərələrinin açıldığı küçəni icazəsiz zəbt edərək, eni 3,10 metr, uzunluğu isə 68,9 metr olan sahədə 3 mərtəbəli ev, qaraj və s. tikdirib. Eyni zamanda onun bağına aid olan hasarları öz divarı kimi qələmə verir. 2003-cü ildə eni 5.6 m., uzunluğu isə 14 m. sahəni zəbt edərək darvazasını irəli çəkmişdir. Qonşulardan çoxu zəbt edilmiş yol üzrə şahidlik edə bilər, bağ evinin əvvəlki sakinləri bunu təsdiq edə bilərlər. Tikintidə istifadə edilmiş bütün metal konstruksiyalar neftçıxarmada istifadə edilən “ştanqa” adlanan materiallardır. Orduda xidmət etdiyi dövrdə, İddiaçı yolu kəsərək, özünə villa tikdirirdi. Zərərin kimə vurulduğu dəqiq araşdırılsa, məlum olar ki, dam örtüyünün meyillik istiqamətini onun evinə yapışdırmış İddiaçı özü tikinti qanunlarını pozaraq, qonşuya külli miqdarda ziyan vurmuşdur. Bu barədə Sabunçu rayon İca Hakimiyyətinə müraciət edilmişdir. Hal-hazırda evinin arxasında, divara bitişik quyu qazdırıb, üzərində ayaq yolu tikdirib. Heç bir sanitariya normalarına uyğun olmayan bu tikili ona və ailəsinə qarşı ancaq düşmənçilik mövqeyini əks etdirir. Bu ilin son 2 ayı ərzində onun və ailəsinin məzuniyyətıni, istirahətini qəsdən pozan qonşunun şantaj dolu böhtanları, təhqirləri məqsədyönlüdür - şantajla pul tələbi. Polis sahə müvəkkili, bələdiyyə, qaz idarəsi, icra hakimiyyətinin nümayəndələri İddiaçı yazdızığı ərizələri, onun haqqında böhtanları, təhqirləri araşdırdıqdan sonra, onlardan üzr istəmişlər. Ailəsində 6 nəfər elmlər doktoru var. Qısa müddətli yay mövsümündə hər il böhtan xarakterli yazılarla istirahətlərini pozan İddiaçı ailə üzvlərini tanımır, sifətlərini belə görməmişlər. 18 il ərzində müxtəlif təşkilatlara yazdığı böhtan xarakterli ərizələr əsasında daima qapılarına gələn polis dəstələri, bələdiyyə və icra hakimiyyəti nümayəndələri, onun və ailə üzvlərinin müntəzəm stress, iztirab və sarsıntı keçirməsinə səbəb olur. Elmi fəaliyyətlərinə ağır təsir göstərən İddiaçı böhtan və təhqirlərinə son qoyulmalıdır. Daha sonra İddiaçı ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülərək zəbt olunmuş ərazinin qaytarılması, qarajın uzunluğu 8 metr, eni 4 metr olan örtüyünün cavabdehin hesabına dəyişdirilməsi, zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020saylı, 29.01.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi təmin edilməyərək,ilk iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. (sədrlik edən: Emin Mehdiyev). Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iş materiallarında olan yəni ilk iddiaçının təqdim etdiyi ƏMDK X1 Təşkili üzrə Dövlət Agentliyinin 21.02.2019-cu il tarixli və 19.08.2019-cu il tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Agentliyin direktoru Mohuma Heraçiyevin imzası ilə verilən həmin məktublarda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları vardır və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. Yəni torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirən dövlət orqanın məktubu ilə də cavabdehin torpaq zəbt etməsi faktı öz təsdiqini tapmışdır. Eləcə də Bakı ŞİH Sabunçu Rayon İcra hakimiyyətinin Maştağa Qəsəbə Nümayəndəliyi də 30.01.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, Cavabdeh dövlət mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etmişdir. Həmin məktub da iş materiallarına əlavə edilmiş lakin məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş ƏMDK-nin Bakı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən 18.02.2019-cu il tarixli Aktla da müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh mübahisəli ünvanda təxminən 200 kv.metr torpaq sahəsini zəbt edərək qanunsuz hasarlamışdır. Bu zaman Cavabdeh qazdan istifadə ilə bağlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq, ərazidən keçən qaz boru xəttinin istiqamətini özbaşına şəkildə dəyişmiş, bununla da növbəti qanun pozuntusuna yol vermişdir. Bu pozuntu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və dağ X7 04.02.2019-cu il tarixli Azəriqaz İB-nin baş direktoru Əkbər Hacıyevə ünvanlanan məktubunda da öz əksinin tapmışdır. Məktubda qeyd edilmişdir ki, qaz xəttinin bir hissəsinin ləğv edilməsi təsdiq edilmiş sxemə uyğun həyata keçirilməmişdir. Təəsüf ki, məhkəmə bütün bu fakta da düzgün hüquqi qiymət verməmişdir.Bundan başqa məhkəmə ilk iddia tələbimin dəqiqləşmə verilən hissəsini də düzgün araşdırmamışdır. Belə ki, qüvvədə olan tikinti qanunvericiliyinin tələblərini pozaraq Cavabdeh hasarın üstündə evin divarını tikmişdir ki, bu yolverilməzdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3929/2020 02.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (Azad İmanov). Daha sonra qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1705/2021 saylı, 11.06.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3929/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Aqil Abbasov). Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh hüquqi varisi X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin hüquqi varisinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili X5 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə yenidən apellyasiya məhkəməsində baxılan zaman iddiaçı ərizə təqdim edərək, cavabdehin iddiaçıya məxsus qaraja ziyan vurması nəticəsində dəymiş 3000 manat zərərin tələb edilməsi ilə bağlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8060/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin İddiaçı ünvanladığı 19.07.2018-ci il tarixli, 259 saylı məktubun surətindən görünür ki, Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış 09.07.2018-ci il tarixli 294-148 nömrəli ərizə Maştağa qəsəbə nümayəndəliyində araşdırılmış, münaqişədə olan hər iki bağ sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, bağ evi 15 il öncə inşa edilmişdir. Bu evin ortaqlı hasarın üstündə tikilməsi barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin İddiaçı ünvanladığı 27.07.2018-ci il tarixli, 783 saylı məktubun surətindən görünür ki, 21.06.2018-ci il tarixli, bağ qonşusu Rəfail Bayramovun bağ sahəsinin qarşısında metal torla çəpər etməsi və həmin sahəni zəbt etməsi, aralarında olan sərhəd hasarın üzərində onun tərəfindən tikinti işləri aparılması, həyətinə gələn avtomobil yolunun daralması və sair barədə ərizəyə Maştağa bəiədiyyəsində baxılmışdır. Maştağa bələdiyyəsinin səiahiyyətii əməkdaşları əraziyə baxış keçirərkən hər iki tərəflə müvafiq qabaqlayıcı proflaktik söhbətlər aparmışlar. Məsələnin həlli ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İddiaçı ünvanladığı 10.10.2018-ci il tarixli, 09-Ə-1227/4 saylı məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən yolun qanunsuz zəbt edilərək hasara alınmasına dair müraciətə baxılmış, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə asasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyənləşdirilmiş qaydada məhkəməyə [şikayət vermək hüququ izah olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyinin İddiaçı ünvanladığı 30.01.2019-cu il tarixli, 29 saylı məktubun surətindən görünür ki, Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə ünvanlanmış ərizəyə cavab olaraq birdirilmişdir ki, müraciət yerində araşdırıllmış, dövlət mülkiyyətində olan torpağı zəbt etmiş X6 rəsmi xəbərdarlıq edilərək dəmir tor sökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin İddiaçı ünvanladığı 15.07.2019-cu il tarixli, 041- 94287-3219 saylı məktubun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 bağ massivində 200 kvadrat metr torpaq sahəsini özbaşına tutması ilə bağlı İddiaçı müraciətinə baxılmış, müraciətinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Vüsal Məhərrəmovun icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci (torpaq üzərində mülkiyyət hüququnu pozmaqla özbaşına tutma və özbaşına tikinti işləri aparma) maddələri ilə istintaq olunan cinayət işinə əlavə edilməklə araşdırma aparıldığı, nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 20.06.2019- cu il tarixli, **********29 saylı mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən əraziyə yerli baxış keçirilmişdir. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları (X-417011;Y- 4488962, X-416980; Y-4488956) naturada müəyyən edilərək mülki iş materiallarına və elektron baza məlumatlarına əsasən araşdırılmış və Xidmətə müvafiq sorğu göndərilmişdir. Mütəxəssis qarşısında qoyulmuş suallar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aşağıda göstərilənlər kimi cavablandırılmışdır. 1-ci suallar üzrə-İddiaçı və cavabdeh tərəfin torpaq sahələri müvafiq qurum tərəfindən verilmiş çıxarış və texniki pasporta uyğundur. 2-ci və 3 -cü suallar üzrə- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq ünvanında yerləşən, İddiaçı məxsus 319 saylı və Cavabdeh məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikinti-texniki normalarına uyğun olmayan tikililər inşa olunması və eyni zamanda mübahisələndirilən ərazidə yerləşən tikililərin İddiaçı və yaxud Cavabdeh hüquqlarını pozulub- pozulmaması sələhiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 23.11.2019-cu il tarixli, **********22 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə torpaq sahələrinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X8nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X8 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmadığından DƏDRX-ə sorğu göndərilmişdir. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən qərardadda qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır.

1. İddiaçı və cavabdeh tərəfin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır.

2. Sözügedən məsələ 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərə aid olmadığından sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır.

3. İddiaçı və cavabdeh tərəfin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və birbirinin hüquqlarını pozmur. Həmçinin, 319 saylı bağ sahəsində olan əlavə 257,0 m2 sahə ilkin sənədlərdə digər bağlara (özünə məxsus) yol üçün nəzərdə tutulub. 318 saylı bağın əlavə 317,0 m2 sahəsi ilkin sənədlərdə əlavə sahə kimi göstərilmişdir. Belə ki, heç biri digər qonşusunun həyətinə keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair 03.07.2019-cu il tarixli, 5934 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu və ünvan şöbəsinin mühəndisi Azər Nəbizadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı və cavabdeh tərəfin torpaq sahələri müvafiq qurum tərəfindən verilmiş çıxarış və texniki pasporta uyğundur. Qərardadın ikinci və üçüncü sualları üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq ünvanınmda yerləşən, İddiaçı məxsus 319 saylı və Cavabdeh məxsus 318 saylı bağ sahələrində və bağ ətrafı sahələrdə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində tikilinin inşa olunub-olunmaması barədə qoyulmuş sual cavablandırılmadığından, qərardadın bu suallarına cavab vermək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair 24.12.2019-cu il tarixli, 23400 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salmah Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən tərəflərin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır, lakin Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarı, Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuşdur ki, bu da Azərbaycan Respublikasnıın Şəhərsalma və Tikinti Məcəlləsinin 69- cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə ziddir. Əliyev Rasim Nəcəf oğluna məxsus 319 saylı bağ sahəsində yerləşən uzunluğu 8 metr, eni 4 metr olan qarajın dəmir dam örtüyünə vurulmuş dəmir təbəqənin üzərində zədələr mövcuddur. Lakin həmin zədələrin kim tərəfindən törədildiyinin müəyyən olunması tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur. 319 saylı bağ sahəsində olan əlavə 257,0 m2 sahə ilkin sənədlərdə digər bağlara (özünə məxsus) yol üçün nəzərdə tutulub. 318 saylı bağın əlavə 317,0 m2 sahə ilkin sənədlərdə əlavə sahə kimi göstərilmişdir, Belə ki, heç biri digər qonşusunun həyətinə keçməmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. İşə yenidən apellyasiya məhkəməsində baxılan zaman iddiaçı ərizə təqdim edərək, cavabdehin iddiaçıya məxsus qaraja ziyan vurması nəticəsində dəymiş 3000 manat zərərin tələb edilməsi ilə bağlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8060/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «...İkinci rəydə cavabdehə məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması göstərilsə də, rəyin bu hissəsinə qiymət verilməmiş, nəyə görə bu hissənin qəbul edilməməsi qətnamədə əsaslandırılmamışdır.» İşə yenidən apellyasiya icraatı qaydasında baxılarkən kollegiya Ali Məhkəmənin göstərişlərini rəhbər tutaraq, iş materiallarında olan 24.12.2019-cu il tarixli, 23400 saylı ekspert rəyinə əsasən vurğulayır ki, Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması, bunun da Azərbaycan Respubİikasnıın Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə zidd olması barədə ekspert rəyi nəzərə alınmalıdır. İddiaçı onun hasarının üzərində inşa olunan cavabdehin mansardının sökülməsi ilə yanaşı zəbt olunmuş torpaq səhəsinin qaytarılması tələbini də irəli sürmüşdür. Kollegiya həmin tələbə münasibətdə qeyd edir ki, hasarın üzərində inşa olunan mansardın qanunsuz olaraq tikilməsi iş materialları ilə öz təsdiqini tapsa da, zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Kollegiya həmçinin iddia tələbinin zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, qeyd edilən ekspert rəyində birinci sual üzrə verilən cavabda göstərilmişdir ki, “Baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətində dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh tərəfin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır.”. Ekspert rəyində qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2 sot dövlət torpağının zəbt edilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunmasını iddia etməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilən maddələrin tələblərinə müvafiq olaraq kollegiya qeyd edir ki, 24.12.2019-cu il tarixli, 23400 saylı ekspert rəyinin mötəbərliyinə sübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyin sübut kimi nəzərə alınmasına mane olan hər hansı hal mövcud deyildir. Bu səbəbdən də həmin ekspert rəyi sübut kimi nəzərə alınmalı və işin həllində əsas götürülməlidir. Bundan başqa, məhkəmə kollegiyasınn heç bir iclasında cavabdeh tərəf məlumatlı olmasına baxmayaraq iştirak edib öz mövqeyini əsaslandırmamışdır. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İddiaçı iddia tələbində mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)- 45/2020 saylı, 29.01.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-45/2020 saylı, 29.01.2020-ci il tarixli qətnaməsi qismən, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuş evin divarı (uzunluğu 25 metr, eni 3,5 metr) sökülsün. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar