Məhkəmə qərarları › İş №2(103)-807/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-807/2023

06.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-807/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə, cavabehin vəkili və nümayəndəsi İlqar Cəfərovun, cavabdehin nümayəndəsi Adil Gözəlovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması, qeyri-yaşayış sahələrinin və hasarın sökülməsi, torpaq sahəsinin yenidən hasarlanması və mülkiyyətçilərə qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıların mülkiyyətində olan, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi, 80 ünvanında yerləşən 3,0 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 4.299 kv.m hissəsi boşaldılsın, həmin torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahələri və hasar cavabdehin hesabına sökülsün, torpaq sahəsi kordinatlara uyğun yenidən cavabdeh tərəfindən hasarlansın və iddiaçılara qaytarılsın, zərərin əvəzi kimi 100.000 manat, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin torpaq sahəsi boşaldılsın, torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahələri və hasar cavabdehin hesabına sökülsün və torpaq sahəsi iddiaçılara qaytarılsın, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabehin vəkili və nümayəndəsi İlqar Cəfərov və cavabdehin nümayəndəsi Adil Gözəlov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətnin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi, 80 ünvanında yerləşən 3,0 ha torpaq sahəsi iddiaçıların ümumi mülkiyyətindədir. Bu barədə reyestr çıxarışı var (cild 1, iş v. 18). Mübahisə predmeti olan 4.299 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin (yəni 3,0 ha torpaq sahəsinin) kordinantları daxilində yerləşir, lakin faktiki olaraq cavabdehin istifadəsindədir. Bu barədə ekspert rəyi var (cild 2, iş v. 20). O cümlədən həmin ekspert rəyi ilə müəyyən edilib ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi iddiaçılarla olan ümumi sərhəddin sol tərəfindən (mübahisəli 4.299 kv.m torpaq sahəsindən sonra) başlayır. Göründüyü kimi, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edib. Məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Odur ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddianın rədd edilən hissəsində qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar