Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8070/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Maarif qızının vəkili Vəkil, Üçüncü şəxs X1 vəkili X4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 saylı, 05 sentyabr 2018ci il tarixli qətnaməsindən üçüncü şəxs R.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-ni və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, Cavabdeh1nə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, təsisçisi olduğu "xxxx" MMCnin torpaq sahəsinin qiymətləndirilməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpağın qiyməti çox ucuz müəyyən edilmiş və torpağın üzərində olan tikililər ümumiyyətlə qiymətləndirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 nömrəli, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndiirlməsinə dair 22 yanvar 2018-ci il tarixli rəyinin ləğv edilməsi, torpaq sahəsinin və torpaq sahəsində olan tikilinin bazar dəyəri 4 500 000 (dörd milyon beş yüz min) manat qiymətləndirilmişdir. Qətnamədən iş üzrə üçüncü şəxs R.Abdullayev apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2(103)-1504/19 nömrəli qətnaməsi ilə 3-cü şəxs R.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.09.2018ci il tarixli, 2(001)- 4758/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 (bir milyon doqquz yüz on səkkiz min) manat (torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-879/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1504/2019 nömrəli, 22.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/20 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin edilməsi, "xxxx" MMCyə məxsus ünvan 2 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin tərtib etdiyi 22.01.2018-ci il tarixli 16 saylı hesabat ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiyməti 1.984.000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsi qərara alınmışdır. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 2796/2021 saylı, 26.05.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs R.Abdullayevin vəkili S.Süleymanlı apellyasiya şikayətini müdafiə edərək, əvvəlki ekspert rəyləri ilə razı olduqlarını və buna uyğun məhkəmə aktı çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız üçüncü şəxs "xxxx" MMC məhkəməyə 04.10.2021-ci il tarixli müraciət göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək İddiaçı 187 000 manat pulun, eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun 24 %-nin, yəni 7,44 manatın tutularaq X3 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək İddiaçı ilə X5 arasında Bakı şəhəri 38 saylı notariat kontorunda 08 noyabr 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M/-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilmiş, sözügedən qətnamə ləğv olunmuş, X1 ilk iddia ərizəsi təmin edilərək İddiaçı 08 noyabr 2013-cü il tarixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılmaması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824 281 manat X1 xeyrinə tutulmuş, İddiaçı qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir; sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin2(102)-2815/17 saylı, 11 may 2017-ci il tarixli qərarına əsasən). Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-2616/2017 saylı 12.09.2017-ci il tarixli qərardadına əsasən İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin 22 yanvar 2018-ci il tarixli “əmlakın qiymətini müəyyən etmək üçün hesabat”ı ilə torpaq sahəsi (0,7936 ha) 1 587 200 manat, torpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmiş; hesabatın qeyd hissəsində “Lyuks- Sönməz“ MMC-yə məxsus torpaq sahəsi üzərində avto-təmir sexlərinin inşa edildiyi və sifarişə uyğun olaraq sadəcə torpaq sahəsinin qiymətləndirildiyi xüsusi olaraq göstərilmişdir. . Birinci instansiya məhkəməsinin təyin etdiyi eskpertiza əsasında rəy verən "xxxx" MMC isə həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin bazar dəyərini 18.07.2018-ci il tarixinə 4 500 000 manat məbləğində müəyyənləşdirmişdir ("xxxx" MMCnin direktoru X6 birinci instansiya məhkəməsinə ünvanladığı 05.09.2018-ci il tarixli ərizədə MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu və sözügedən rəyin "xxxx" MMC tərəfindən verilməsi kimi qəbul edilməsi xahiş olunmuşdur). “Əmlak Ekspert Mərkəzi” nin 29 may 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC-nə məxsus ünvan 3 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan 29 may 2019-cu il tarixinə bazar dəyəri 1 587 200 manat, üzərindəki tikililərin dəyəri isə 331 500 manat, cəmi ******* manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyinə əsasən "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin hazırda mövcud olan real bazar qiyməti 1.587.200 manat, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinini üzərindəki 3217.31 kv. tikili 363.000 manat, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiyməti 1.950.200 manat təşkil etdiyi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 14 oktyabr 2020-ci il tarixli 272-01 saylı rəyinə əsasən ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 06 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs R.Abdullayevin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə üçüncü dəfə apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)- 2796/2021 saylı, 26.05.2021-ci il tarixli qərarının 50-ci bəndində bildirir ki, iddia tələbi ona cavab verən şəxsə - aidiyyəti cavabdehə qarşı yönəldilməli, iddia bir neçə cavabdehə qarşı verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər iddia ona cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etmə məsələsini iddiaçı ilə müzakirə etməli, bunun müvafiq prosessual nəticələrini tətbiq etməlidir (§ 30-31, 35). Həmin qərarın 51-ci bəndində göstərilir ki, baxılan işdən görünür ki, İddiaçı "xxxx" MMC-nin 22 yanvar 2018-ci il tarixli hesabatının ləğvi tələbini irəli sürsə də, həmin şəxsi cavabdeh qismində işə cəlb etməmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qoyulsa da, adı çəkilən MMC-nin cavabdeh kimi işə cəlb olunması məsələsi və bunun müvafiq prosessual nəticələri müzakirə edilməmişdir. Qərarın 52-ci bəndində qeyd edilir ki, İddiaçı hazırkı iddia üzrə ... tələbin yönəldiyi cavabdehlə bağlı yuxarıda qeyd edilən hallar araşdırılmaqla həmin xüsususatlara müvafiq hüquqi qiymət verilməlidir. Kollegiya Ali Məhkəmənin həmin göstərişlərini nəzərə alaraq qeyd edir ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə İddiaçı "xxxx" MMC-nin 22 yanvar 2018-ci il tarixli hesabatının ləğvi tələbini irəli sürsə də, hazırkı halda tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdeh- Cavabdeh1nə qarşı tələb irəli sürmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına düzgün qiymət verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, iddiaçının "xxxx" MMC-nin 22 yanvar 2018-ci il tarixli hesabatının ləğvi tələbi MMC-yə qarşı yönəlsə də, iddiaçının tələbi əsl olmayan cavabdehə, yəni Cavabdeh1nə qarşı irəli sürülmüşdür. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl olmayan cavabdehə verildiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəfə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 saylı, 05 sentyabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçıya əsl cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8070/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8070/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver