Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8074/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X4, cavabdeh - “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyinin nümayəndəsi (vəkili) X1, tərcüməçi X3 iştirakı ilə İddiaçı “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı 26.12.2017-ci il tarixində Bakı-İstanbul-Lüksemburq istiqaməti üzrə təyyarəyə bilet almışdır. Bakıdan İstanbula təyyarə reysini "xxxx" QSC, İstanbul- Lüksemburq təyyarə reysini isə X12 Aviaşirkəti həyata keçirməli olmuş, Bakı-İstanbul reysi üzrə uçuş 12.01.2018-ci il tarixdə heç bir gecikmə olmadan "xxxx" tərəfindən icra edilmişdir. Səyahətin ikinci mərhələsi - İstanbuldan Lüksemburqa: Təyyarənin yerli vaxtla 12.01.2018-ci il saat 14:45-də X8 1-ci terminalından (Türkiyə) uçması, yerli vaxt ilə saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Uçuşdan əvvəl X9 təyyarəyə minik qapısı dəyişdirilmiş, yeni qapıya təqribən 35-40 dəqiqə məsafə qət etmək lazım olmuşdur. İddiaçı təyyarənin minik qapısına çatmadığı üçün həmin gün uçuşdan istifadə edə bilməmiş, nəticədə gecələmək, qida məhsullarına və yenidən həmin istiqamədə uçmaq üçün təyyarə bileti almaqla xərc çəkmişdir. İddiaçı hesab edir ki, onun təyyarəyə vaxtında minməməsinin günahı hava limanının əməkdaşlarının səriştəsizliyindən baş vermiş, minik qapısının dəyişdirilməsi barədə vaxtında məlumat verilməmiş, gecikmə onların günahından baş versə də şirkət bununla bağlı xərcləri çəkməkdən imtina etmişdir. Ona görə hazırkı tələbi irəli sürərək vurulmuş zərəri tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi qismində ilkin biletin dəyəri olaraq 326 manatın, ikinci biletin dəyəri olaraq 468 avronun, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manatın, işgüzar nüfuzuna xələl gəlməsinə və mənəvi zərərə görə 20 000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahilş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 26.12.2017-ci il tarixdə Bakı- İstanbul-Lüksemburq istiqaməti üzrə təyyarəyə bilet almış, Bakıdan İstanbula təyyarə reysini "xxxx" QSC, İstanbul-Lüksemburq təyyarə reysini isə “X12” Aviaşirkəti həyata keçirməli olmuşdur. Bakı-İstanbul reysi üzrə uçuş 12.01.2018-ci il tarixdə heç bir gecikmə olmadan "xxxx" tərəfindən icra edilmiş, səyahətin ikinci mərhələsi, yəni İstanbuldan Lüksemburqa təyyarənin yerli vaxtla 12.01.2018-ci il saat 14:45-də “X15”nın 1-ci terminalından (Türkiyə) uçması, yerli vaxtla saat 16:10-da Lüksemburq hava limanına çatması planlaşdırılmışdır. Lakin burada “X16”nın əməkdaşlarının səhlənkarlığı və sərnişinlərə etinasızlığı baş vermiş, nəticə etibarilə o, öz təyyarəsinə minə bilməmişdir. Belə ki, vaxtı-vaxtında reys üzrə qeydiyyatdan keçdikdən sonra o və bir neçə sərnişin “X15”nın tələblərinə uyğun olaraq 1 saat 45 dəqiqə əvvəl hava limanında olmuş və yükü yoxlanılmışdır. Halbuki, tranzit olaraq Türkiyədən keçdiyindən və səyahətini davam etdirdiyi üçün birbaşa növbəti təyyarəyə köçürülərkən yükün təkrar yoxlanılmasına ehtiyac olmamışdır. Bundan sonra digər sərnişinlərlə birlikdə təyyarayə minmək üçün hava limanının əməkdaşlarının dediyi çıxış qapısının (GATE) yanında gözləmədə olmuş, uzun bir müddət keçdikdən sonra “X16”nın əməkdaşları yaxınlaşaraq təyyarəyə keçid qapısının dəyişdirildiyini bildirməklə onları başqa istiqamətə yönləndirmişlər. Bundan sonra o və bir neçə sərnişin həmin çıxış qapisına yaxınlaşdıqda bildirilmişdir ki, guya onlar çıxış qapısına vaxtında yaxınlaşmamışlar, həmçinin təyyarə tamamilə dolmuşdur və buna görə də minmələrinə icazə verilməyəcəkdir. Aviadaşıyıcının nümayəndələrinə irad bildirsə də, onlar tərəfindən heç bir köməklik edilməmiş, bir sərnişin kimi hüquqları faktiki olaraq tapdanmışdır. İşgüzar səfərini nəzərə alaraq növbəti reyslə uçmalı olduğunu bildirsə də, “X16”nın əməkdaşları tərəfindən yalnız yeni bilet aldıqdan sonra uça biləcəyi söylənmiş, “X16” öz əməkdaşlarının səhlənkarlığını, onların günahı ucbatından təyyarəyə minməməyini nəzərə alaraq ona əvəzsiz yeni bilet verməli olduğu halda, ondan yeni bilet almasını tələb etmişlər. Məcbur olaraq növbəti günə bilet almış, bundan əlavə “X16” onu ödənişsiz və qalmaq yeri ilə təmin etmədiyindən xarici ölkədə heç bir təminat və şərait olmadan qalmağa məcbur edilmişdir. Bu azmış kimi ona yeni bilet satılanda da cavabdehin əməkdaşları tərəfindən haqsızlığa yol verilmiş, biletin alınması üçün ondan 470 avro pul alınmış, sonradan verilmiş qəbzdə isə biletin dəyərinin 468 ABŞ dolları olması göstərilmişdir ki, bu da həmin günün məzənnəsi ilə ondan 400 türk lirəsi artıq alınmasına dəlalət etmişdir. X5 bağlanmış sərnişin daşıma müqaviləsinə və beynəlxalq qanunlara məhəl qoymadan hüquqlarını kobud şəkildə pozmuş, bunun da nəticəsində iş görüşməsinə gecikmiş və işgüzar nüfuzuna xələl dəymişdir. Dəfələrlə bu barədə “X12”nın mərkəzi ofisinə email vasitəsilə etdiyi müraciətlər cavabsız qalmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, işin faktiki hallarını və sübutları düzgün qiymətləndirmədiyi, yalnış olaraq Mülki Məcəllənin 848-ci maddəsinə istinad edərək iddia müddətinin ötürülməsi nəticəsinə gəldiyi, həmin maddədə göstərilən 1 aylıq müddətin daşıyıcıya pretenziya irəli sürülməsi ilə bağlı olduğunu nəzərə almadığı irəli sürülmüşdür.
7. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddiasının təmin edilməməsi, İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının onun özünə aid olunması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 842.2, 846.1, 846.2, 846.3, 846.4, 848, 1096.1, 1097.1-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:
11. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı Bakı - İstanbul və İstanbul - Lüksenburq marşurutu üzrə 26.12.2017-ci il tarixdə Bakı şəhərində aviabilet almış, Bakı - İstanbul reysi üzrə uçuşları "xxxx" QSC, İstanbul - Lüksenburq istiqaməti üzrə uçuşları isə "X16 X11 Sözləşməsi” Şirkətinin yerinə yetirməsi nəzərdə tutulmuşdur. İddiaçı 12.01.2018-ci il tarixdə Bakı - İstanbul reysi üzrə avia uçuş həyata keçirərək X10 (İstanbul) enmişdir. İddiaçının növbəti uçuş marşurutu 12.01.2018-ci il tarixində İstanbul şəhərindən (X15) Lüksemburq şəhərinə nəzərdə tutulmuş, lakin təyyarəyə giriş (minmə) qapısına vaxtında çatmaması səbəbindən iddiacı İstanbul - Lüksemburq istiqaməti üzrə sərnişin təyyarəsinə buraxılmamış, bu səbəbdən həmin istiqamət üzrə iddiaçı yenidən avia uçuş həyata keçirmək üçün 12.01.2018-ci il tarixində 468 ABŞ dolları ödəməklə yenidən aviabilet almışdır. İddianı rədd edən Apelyasiya Məhkəməsinin əsaslanması belə olmuşdur: mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki işdə isə iddiacı cavabdehin qanunsuz hərəkətlləri nəticəsində maddi ziyana uğradığı iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məhkəməyə ünvanladığı “12 yanvar 2018-ci il tarixli TK 1355 nömrəli İstanul-Lüksenburq uçuşu ilə əlaqədar” 10.03.2020-ci il tarixli arayışdan görünür ki, uçuş vaxtı saat 14:45, uçuş üçün təyyarəyə minik qapısı isə ilk olaraq 204 nömrəli qapı müəyyən edilmiş, saat 13:19-da X15 tərəfindən minik qapısı 204-dən 302 nömrəli qapıya dəyişdirilmiş, qapılar arasında 35-40 dəqiqəlik məsafə olmuşdur. Uçuş üçün qeydiyyatdan keçmiş 121 nəfərdən iddiaçı da daxil olmaqla 7 nəfər uçuşda iştirak etməmişdir.
12. Göründüyü kimi, işə baxan məhkəmə iddia edənin sübutetmə yükünün öhdəsindən gələ bilməməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmənin həmin qənaətinin əsaslı olmasını müəyyən etmək üçün kimin hansı halları (nəyi) sübut etməli olmasını aydınlaşdırmaq lazımdır.
13. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
14. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
15. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
16. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, uçuş vaxtı təyyarəyə minik qapısı uçuşa bir neçə dəqiqə qalmış dəyişdirilmiş və ona görə uçuşdan istifadə etməsi fiziki cəhətdən mümkün olmamışdır. İddiaçı həmçinin uçüşü həyata keçirən təyyarəyə çatmasını, lakin təyyarə dolu olduğu üçün salona minə bilməməsini izahatlarında qeyd etmişdir.
17. Cavabdeh təşkilat üçüşdan əvvəl minik qapısının dəyişdirilməsini etiraf edir. Lakin məhkəməyə arayış göndərərək bunun uçuşdan kifayət qədər əvvəl aparılmasını və sərnişinin həmin qapıya getməyə vaxt imkanı olmasını bildirir. Məhkəmə həmin arayışı mötəbər sübut kimi qətnamənin əsaslanması zamanı istifadə etmişdir.
18. Eyni zamanda, cavabdeh təşkilat həmin uçuşda 121 nəfərdən 114 nəfərin iştirak etməsini, iddiaçı da daxil olmaqla 7 nəfərin iştirak etmədiyini etiraf edir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə cavabdehin minik qapısının dəyişdirilməsini etiraf etməsilə iddiaçı bu halı sübut etməkdən azad olunur (bu hal sübuta yetirilmiş hesab olunur).
20. Minik qapısının sərnişinin uçuşdan istifadə etməsi üçün kifayət qədər əvvəl dəyişdirilib-dəyişdirilməməsi halını sübutetmə yükü sərnişinin deyil, cavabdehin üzərinə düşür. Çünki sərnişin daşınması ilə bağlı xidmətləri həyata keçirən təşkilat bu sahədə inhisarçı səlahiyyətə malikdir, o cümlədən uçuşu həyata keçirmək, hava limanının iş rejiminə uyğun olaraq minik qapılarını uçuşdan əvvəl dəyişmək, bu zaman uçuşdan əvvəlki vaxt intervallarını nizamlamaq və.s. Həm də belə tədbirlər hava limanını təhlükəsiz iş rejimini təmin etmək üçün mərkəzləşdirilmiş qaydada, hava limanının elektron monitorları vasitəsi ilə həyata keçirilir və qeydiyyata alınır.
21. Ona görə cavabdeh təşkilat həmin halın təsdiqi üçün mötəbər sübutlar təqdim etməli idi. Cavabdehin öz mənafeyinə uğun olaraq təqdim etdiyi və digər sübutlarla təsdiq edilməyən, əksinə şübhə doğuran (7 nəfərin gecikməsinin etiraf olunması) arayış mötəbər sübut kimi qəbul edilə bilməz.
22. Cavabdeh tərəfindən təqdim edilmiş arayışa uçuş qapısının dəyişdirilməsi vaxtını təsdiq edən sənəd, video, foto, eletron manitorlardan çıxarış və.s. sübutlar əlavə edilməmişdir. Hava limanında minik qapısının dəyişdirilməsi barədə məlumatların tezliklə silinməsi barədə dəlillərə düzgün qiymət verilməmişdir. Özü də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hadisədən dərhal sonra iddiaçı cavabdeh təşkilata hadisə ilə bağlı pretenziyalar göndərmiş, yazışmalar aparmış, cavab almışdır (mülki iş səhifə 92-94).
23. Bundan başqa, cavabdeh təşkilat iddiaya etirazında bildirir ki, (mülki iş səhifə 48) digər sərnişinlərdən fərqli olaraq iddiaçının dəyişdirilmiş keçid qapısına vaxtında yaxınlaşmadığını görən X13 əməkdaşları iddiaçıya şəxsən yaxınlaşaraq onun təyyarəyə vaxtında minməsinə şəxsən kömək etməyə cəhd etmiş, lakin nəticədə iddiaçı öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməmişdir. Nümayəndə apelyasiya baxışı zamanı da həmin izahatı vermişdir (mülki iş səhifə 122.) İddiaçının apelyasiya şikayətinə etirazda isə uçuş qapısının uçuşdan 40 (50) dəqiqə əvvəl dəyişdirildiyi qeyd edilmişdir (mülki iş səhifə 133). Cavabdeh təşkilatın Apelyasiya Məhkəməsinə ünvanladığı məktubda isə (mülki iş səhifə 127.) minik qapısının uçuşdan 01 saat 26 dəqiqə əvvəl dəyişdirildiyi və qapılar arasındakı məsafənin 35-40 dəqiqə vaxt apardığı bildirilmişdir.
24. Göründüyü kimi cavabdehin iş üçün əhəmiyyət kəsb edən yeganə halla bağlı bütün məlumatları bir-biri ilə ziddiyyət təşkil edir. Əvvəla, X13 əməkdaşlarının iddiaçıya təyyarəyə vaxtında minməsinə şəxsən kömək etməyə cəhd etmələri, lakin nəticədə iddiaçının öz diqqətsizliyi və ehtiyatsızlığı üzündən təyyarəyə minə bilməməsi barədə izahatın aydınlaşdırılmasına zərurət vardı. Məhkəmə bununla bağlı heç bir aydınlaşdırma aparmamışdır. Həmin ifadə ilə belə qənaət hasil olur ki, iddiaçı minik qapısına çatsa da təyyarəyə minə bilməmişdir. Deməli, təyyarədəki bütün yerlərin artıq tutulmuş olması barədə iddiaçının dedikləri əsaslıdır. Əks təqdirdə sərnişinin təyyarəyə öz diqqətsizliyi və ehtiyatsızlığı ucbatından hansı qaydada minə bilməməsinin başqa izahı yoxdur.
25. Bundan başqa, nümayəndə etiraf edib ki, minik qapısı uçuşdan 40 dəqiqə əvvəl dəyişdirilib və şirkətin rəsmi arayışı ilə təsdiq olunur ki, dəyişdirilmiş qapılar arasındakı məsafə 35-40 dəqiqəlik məsafə olmuşdur. Bu isə yenə də iddiaçının rahat şəkildə minik qapısına çatmasını istisna edir.
26. Göründüyü kimi, apelyasiya instansiyası sübutetmə vəzifəsini bölüşdürərkən və sübutlara qiymət verərkən prosessual qanunvericiliyin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
27. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili (nümayəndəsi) X7 apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyinin nümayəndəsi (vəkili) X2 isə şikayətin əsassız və mübahisəyə ümumiyyətlə Azərbaycan qanunvericiliyinin tətbiq edilməməli olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
29. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
30. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.
31. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.
32. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.
33. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
34. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
42. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
43. Bununla belə kollegiyanın qənaətinə görə, iddia tələbi qismən əsaslı hesab oluna bilər - belə ki, iddiaçı ikinci uşuş bileti üçün 468 Avro ödədiyini irəli sürsə də, iş materiallarından həmin biletin qiymətinin 468 ABŞ dolları olduğu aydın olur; həmçinin o, İstanbul havalimanından (Atatürk havalimanı) uçuşun baş tutmamasına görə bir günlük gecələmə üçün 500 manat ödədiyini iddia etsə, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan, iddiaçının London vəkilləri ilə bağladığı müqavilə çərçivəsində hazırlanan iddia ərizəsində onun verdiyi məlumat belə olmuşdur ki, o, “uçuşun baş tutmaması nəticəsində terminalın (yəni havalimanının) binasında olduqca narahat bir gece keçirməli olmuş, bütün gecə istirahət edə və yata bilməmişdir”. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının İstanbul-Lüksemburq reysi üçün 26.12.2017-ci il tarixdə Bakı şəhərində aldığı biletin qiymətinin ona geri qaytarılması, məruz qaldığı maddi itki baxımından əsassız varlanmasına səbəb olar; çünkü həmin bilet üzrə uçuşu cavabdehin təqsirindən həyata keçirə bilməsə də o, növbəti gün təkrar aldığı biletle uçuşu həyata keçirmişdir və kollegiya ikinci bilet üçün ödədiyi pulun ona qaytarılmalı olması nəticəsinə gəlmişdir.
44. Bununla yanaşı kollegiya hesab edir ki, uçuşun baş tutmamasına görə həmin gecə iddiaçının müəyyən xərclər (qidalanma və s.) çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi belə xərc(lər)in məbləği ilə bağlı sübut təqdim etmədiyindən həmin məbləğ ağlabatan mühakimə əsasında hesablanmalıdır. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Kollegiya hesab edir ki, cavabdehin təqsiri ucbatından uçuşun baş tutmamasına və bu səbəblə havalimanında gecələmək məcburiyyətində qalmasına görə iddiaçının çəkdiyi qidalanma və digər xərclərin 150 manat məbləğində müəyyənləşdirilməsi və bu məbləğin ona ödənilməsi ədalət, insaf və mənəviyyat tələblərinə uyğundur.
45. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
47. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
48. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
49. Kollegiya həmçinin hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidmətinin məbləğləri də cavabdehdən alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
50. Mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməməli olduğu barədə cavabdehin nümayəndəsinin təkrar apellyasiya baxışı zamanı irəli sürdüyü arqumentə münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 27-ci maddəsinə görə, xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə istehlakçının seçdiyi hüquq tətbiq olunur; hazırkı mübahisə üzrə iddiaçı isə mübahisəyə məhz Azərbaycan qanunvericiliyinin tətbiqinə üstünlük vermişdir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7552/2019 saylı iş üzrə 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pulun ödənilməsi” tələbi qismən təmin olunsun. “X16 X11 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən maddi zərərin əvəzi qismində 468 (dörd yüz altmış səkkiz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və 150 (yüz əlli) manat, mənəvi zərərin əvəzi qismində 1000 (min) manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) alınaraq (tutularaq) İddiaçı ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev