Məhkəmə qərarları › İş №2(103)-8088/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8088/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8088/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “açılmış pəncərənin sökülməsi və onun yerinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda açılmış və həyətə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlanılaraq əvvəllki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, ev 30 ünvnanındakı fərdi yaşayış evi və torpaq sahəsi atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Atası 18.02.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda anası, o, bacısı qeydiyyatda olmaqla yaşayırlar. ünvan 2 ünvanında qeydiyyatda olub yaşayan qonşusu Cavabdeh tərəfindən onun evindən onun həyətinə iki qanunsuz pəncərə açılmışdır. Onun yaşadığı ünvanın 11.06.2018-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 2 ünvanında yaşayan qonşu Cavabdeh tərəfindən hasardan həyətinə iki pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də, heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Evin texniki pasportundan da aydın görünür ki, qonşu ilə aralarında olan hasarda iki pəncərə yoxdur. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmadığı arqumentilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 102.5 kv.metr olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında 12.06.2018-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/51 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi 28 saylı evin arxa divarında olan cavabdeh tərəfindən açılmış nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda nəzərdə tutulmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə, həmin nəfəslik oyuqlarınnın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarına əsasına tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Nəfəslik oyuqlarının açılmasının İddiaçı Alikoviçə maneə yaradıbyaratmaması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə bu sual cavablandırılmamışdır. Cavabdeh tərəfindən açılan nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda öz əksini tapmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə həmin nəfəslik oyuqlarının texniki cəhətdən bağlanması mümkündür. Həmçinin qeyd olunmuşdur ki, nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyildir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsində qeyd olunmuşdur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyində qeyd olunanları əsas götürərək ünvan 2 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunduğu qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı mübahisəli ünvanda yerləşən evin faktiki mülkiyyətçisidir və cavabdeh tərəfindən açılmış pəncərə onun mülkiyyət hüquqlarını pozduğundan onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar