Məhkəmə qərarları › İş №2(103)-8107/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8107/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8107/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tutulması ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmin tədbiri barədə ərizə verərək, Cavabdeh2 mülkiyyətində olan “Mitsubishi L-200” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh2 məxsus “Mitsubishi L-200” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardad dərhal icraya yönəldilərək, icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və DİN Baş Dövlət X1 tapşırılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ayrı-ayrılıqda həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi, Şirvan şəhər PŞ-nin, Şirvan PŞ-nin DYPB-nin, Şirvan Apelyasiya Məhkəməsinin müəyyən etdiyi hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlər belə əsaslandırılmışdır ki, sözügedən avtomobil Cavabdeh2 məxsusdur. Emin Abbsov həmin avtomobili etibarnamə əsasında idarə edərkən piyadanı vurmuş və avtoqəza nəticəsində vəfat etmiş piyadanın yaxınlarına avtomobili sığorta edən “xxxxxxxxxxxxx” ASC tərəfindən 5000 manat dəymiş zərərin əvəzi ödənilmişdir. Həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qanunsuz və əsassızdır. Belə ki, Elşən Abbasova məxsus avtomobillə başqa şəxs hadisə törətmiş, bu barədə polis orqanında istintaq aparılmış, məhkəmə hökmü ilə Cavabdeh1 beş il azadlıqdan məhrum edilmişdir və hazırda cəzasını çəkir. Cavabdehlərdən heç biri məhkəmə iclasında iştirak etməmiş və iclasda cinayət işi ilə əlaqədar istintaq materialları, yol polisinin vəfat etmiş şəxs barədə tərtib etdiyi sənədlər və s. sübutlar araşdırılmadan qərardad qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətləri rədd edərək, işlə birlikdə baxılmaları üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməklə, ərizəyə yenidən baxılması üçün iş rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə, cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Eyni zamanda, mübahisə həll olunanadək, Cavabdeh2 məxsus “Mitsubishi L-200” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün cavabdehlərin mülkiyyətində olan əmlak üzərinə həbs qoyula bilər. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Ona görə də, həmin əmlak üzərinə həbs qoyulması iddianın təmini tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Birinci instansiya məhkəməsi, bu əsaslarla ərizəni təmin edərkən, mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixli AB 071054 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Mitsubishi L-200” markalı, **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir və o, həmin avtomobilə dair Cavabdeh1 xx.xx.2008-ci il tarixdə xx.xx.2018-ci il tarixə kimi 10 il müddətinə etibarnamə vermişdir. Lakin işdən görünür ki, rayon məhkəməsinin hazırda mübahisələndirilən bu qərardadı əsasında verilmiş icra vərəqəsi Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə geri qaytarılmış və qərarda qeyd olunmuşdur ki, DİN Baş Dövlət X2 tərəfindən xx.xx.2020-ci il tarixli, 016-60389-1220 nömrəli məktubla bildirilmişdir ki, “Mitsubishi L-200” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Kollegiya hesab edir ki, ərizəyə baxılarkən bu xüsusat məlum olmasa da, şikayətlərə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı və mübahisə predmeti olan avtomobilin hazırda kimin (tərəflərdən birinin və ya başqa şəxsin) mülkiyyətində olması barədə sübutlar yoxlanılmalı idi. Odur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianın təmini tədbiri haqqında ərizə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3116/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar