Məhkəmə qərarları › İş №2(103)-8111/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8111/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8111/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-555/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC-dən maddi zərərə görə 5494,72 manat və mənəvi zərər görə 3000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya vurulan maddi zərərə görə 7245,22 manat, mənəvi zərərə görə 50 000 manat olmaqla, ümumilikdə 57245,22 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixində "‘belində və sağ ayağında olan ağrılar” şikayəti ilə cavabdeh “Cavabdeh1 Hospital”a müraciət etmişdir. Daha sonra “Cavabdeh1 Hospital”ın həkimi neyrocərrah Cavabdeh2 tərəfindən iddiaçının üzərində “L4-L5 fəqərələrdə-iskektomiya” əməliyyatı həyata keçirilmişdir. Həmin əməliyyatın səhv icra olunmuş, səhv və səhlənkar icra edilmiş cərrahi müdaxilə nəticəsində iddiaçının sağlamlığına zərər yetirilərək ona maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixində Daxili İşlər Nazirliyinin Hospitalında “MRT” müayinəsindən keçmiş və onda “L4- L5 fəqərələrarası sağ tərəfli yırtığının olduğu” müəyyən edilmişdir. Bununla əlaqədar o, xx.xx.2019-cu il tarixində Cavabdeh1 Hospitala müraciət etmiş və hospitalın həkimineyrocərrah Cavabdeh2 tərəfindən cərrahiyyə əməliyyatı olunmasının vacib olduğu ona bildirilmişdir. Həkim pasiyent İddiaçı həyata keçirəcəyi cərrahi əməliyyatın risksiz və fəsadsız olacağına, onda olan ağrıları tamamən götürəcəyinə inandırdıqdan sonra xx.xx.2019-cu il tarixində xəstə üzərində “L4-L5 fəqərələrdə diskektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra şiddətli ağrılarının davam etməsinə baxmayaraq, həkim iddiaçıya heç bir ağrısı olmayacağına əminlik verərək xx.xx.2019-cu il tarixində evə yazmışdır. Lakin Cavabdeh1 Hospitalın həkimi Dr. Cavabdeh2 tərəfindən həyata keçirilən uğursuz əməliyyat sonrasında aparılmış bütün ambulator müalicələrə baxmayaraq, xəstəliyin sağalmasında heç bir müsbət dinamika müşahidə olmamışdır. İddiaçının belində və ayağıda olan ağrılar, uyuşuqluqlar gün keçdikçə daha da şiddətlənməyə başlamışdır. İddiaçı bu barədə əməliyyatı həyata keçirən həkim-cərrah Cavabdeh2 dəfələrlə məlumatlandırsa da, sonuncu buna heç bir məhəl qoymamış, kəskin ağrılar içərisində qıvranan və həyat komfortunu itirən xəstəni ciddi iztiraba, mənəvi əzaba, eləcə də sağlamlıq vəziyyətinin əhəmiyyətli dərəcədə pozulmasına məruz qoymuşdur. Həkim tərəfindən laqeyd münasibət görən iddiaçı artan ağrılarına dözməyərək xx.xx.2019-cu il tarixində yenə də Daxili İşlər Nazirliyinin Hospitalına müraciət etmiş və təkrar “MRT” müayinəsindən keçmişdir. Müayinə nəticəsində xəstədə hələ də daha öncəki problemin davam etdiyi “L4-L5 fəqərələrarası sağ tərəfli yırtığının mövcud olduğu” müəyyən edilmişdir. Bu haqda əməliyyatı həyata keçirən Cavabdeh1 həkimi Cavabdeh2 bildirəndə öz xətasını inkar etmiş və əməliyyatı düzgün icra etdiyini bildirərək xəstəyə yardım göstərməkdən imtina etmişdir. Şikayət ediləcəyini bildirdikdə isə peşəkar uzman həkim olduğunu hara və kimə istərsə şikayət edə biləcəyini xəstəyə bildirmişdir. Bütün bunlardan sonra ağrılar içərisində çarəsiz qalan İddiaçı digər tibb müəssisəsinə pənah apararaq, yenidən eyni cərrahi əməliyyatı olmaq məcburiyyətində qalmışdır. O, xx.xx.2019-cu il tarixində xxxxxxxxxxxxxxxa müraciət etmiş və həmin yerdə xəstəyə “L4-L5 sağ tərəfli mikrodiskektomiya” əməliyyatı həyata keçirilmişdir. Qeyd edir ki, iddiaçı təkrar əməliyyat sonrasında Cavabdeh1 Hospitala müraciət edərək heç olmasa məruz qaldığı maddi zərərin ödənilməsini həkimdən xahiş etmişdir. Lakin bu dəfə də mənfi cavab almış və aidiyyatı qurumlara şikayət ərizəsi ünvanlamışdır. Şikayət ərizəsinə münasibətdə xx.xx.2019-cu il tarixində AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyində həyata keçirilmiş komisyon ekspertiza nəticəsində ilk əməliyyatı həyata keçirən Cavabdeh2 səhvə yol verdiyi, əməliyyatı düzgün həyata keçirmədiyinə dair “490/KEŞ”-saylı rəy verilmişdir. Bu rəydə Cavabdeh1 Hospital həkimi Cavabdeh2 xx.xx.2019-cu il tarixində icra etdiyi əməliyyatın düzgün icra edilmədiyi, səhv və səhlənkar yanaşma öz əksini tapır. İddiaçı bütün bunlar baş verərkən böyük mənəvi iztirab çəkməklə yanaşı, pozulan sağlamlığının bərpası üçün ciddi maliyyə vəsaiti sərf etmişdir. Bildirir ki, iki dəfə eyni mahiyyətli cərrahi əməliyyata, əməliyyat səbəbilə verilən ağır anesteziyaya məruz qalmaq bu yaş dövründəki şəxsin sağlamlığına ciddi zərər yetirir. Həmçinin hərkəsə məlumdur ki, qısa tarix aralığında təkrarlanan bu tip əməliyyatlar sonrası xəstənin müalicəsinə, təkrar müayinələrinə, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə də ümumilikdə 523 azn məbləğində vəsait sərf etmişdir. Bundan başqa iddiaçının səhv əməliyyat olunması, həmin ərəfədə həkimin xəstəyə olan laqeyd münasibəti, süründürməçiliyi nəticəsində uzun müddətli məruz qaldığı şiddətli ağrıları həyatı dözülməz etmiş, xəstəni yatağa məhkum edərək gündəlik həyatını yaşamasını, ehtiyaclarını şəxsən qarşılamasını mümkünsüz etmişdir. Bu səbəbdən iddiaçı əhəmiyyətli ölçüdə mənəvi zərərə məruz qalmışdır ki, bu məbləğ olaraq 50000 azn ilə ölçülür. Yuxarıdakıları nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfdən iddiaçıya vurduğu maddi zərər görə 7245.22 azn və mənəvi zərərə görə isə 50000 azn olmaqla ümumilikdə 57245.22 azn tutularaq iddiaçıya ödənilməlidir.Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-555/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən qətnamə qəbul olunmuşdur. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Qeyd olunan qətnamədən öz növbəsində Cavabdeh1 MMC-nin direktoru İmran Ağayev apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-555/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin 3000 manat tutulması hissəsində dəyişdirilməli,Cavabdeh1 MMC-dən mənəvi zərər görə 5000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.0.3.-cü maddəsinə görə birinci instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən Alıyev Böyükağa Mahmud oğlu 3 saylı Vəkil Bürosunun hesabına 510 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 790 nömrəli xxxxxxxxxxxxxxx MMC tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu tarixində “xxxxxxxxxxxxxxx” MMC-yə müraciət etmişdir. Aparılan müayinə və laborator analizlər nəticəsində ona L4 - L5 sağ tərəfli residiv disk yırtığı diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2019 tarixində stasionara qəbul edilmiş və qoyulmuş diaqnoza müvafiq cərrahi əməliyyat olunmuşdur. Xəstə xx.xx.2019 tarixində yaxşı vəziyyətdə evə buraxılmışdır. Aparılan müayinə, laborator analizlər və əməliyyat üçün xəstə tərəfindən klinikaya ümumilikdə 2800 (iki min səkkiz yüz) manat ödənilmişdir. İş materiallarında olan 490/KEŞ saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrubi və Tədris Birliyinin rəyindən görünür ki, İddiaçı adına DİN “A.N.Heydərov adına RespublikaHospitalı”nın X1 Bölməsindən verilmiş xx.xx.2019-cu il tarixli Lumbosakral MRT-də: “Lumbal lordoz düzlənmişdir. Müayinə sahəsində görünən vertebraların cisminin hündürlüyü normal olub, degenerativ dəyişikliklər müşahidə edilmişdir. Aşağı torakal və lumbal vertebraların ön qonşu künclərində degenerativ sivriləşmələr izlənir. L5-S1 fəqərəarası məsafə daralmış, bu vertebraların biri birinə qonşu qapayım səthlərində (end plate) T1 və T2 sekanslarında hiperintens görünüşlü İİ tip degenerasiya zolağı qeyd edilmişdir. Görüş sahəsinə girən intervertebral məsafələr normal olub, lumbal disklərin siqnal intensivliyi degenerasiya lehinə azalmış, hər iki tərəfdə faset oynaq və sarı bağlar hipertrofikdir. L4-L5 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan sekvestrə olunmuş geniş əsaslı sağ paramedianposterolateral ekstruziya (20mm) mövcuddur. Sekvestr sağ nevral recessi dolduraraq sağ sinir kökünü və dural kisənin sağ-ön yarısını kəskin kompressiya etmişdir. Sol sinir kökünə təmas izlənmişdir. L5-S1 aralığına aid diskdə diffuz annulyar qabarma mövcuddur. Buna bağlı xüsusən sol olmaqla hər iki nevral foramen parsial daralmış, sinir kökləri minimal sıxılmış və dural kişə önünə təmas izlənmişdir. Görüş sahəsinə girən digər intervertebral disklərin konfiqurasiyası normaldır. Medulla spinalis Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanmışdır. Kəsiklər daxilində spinai kanal diametri normal olub, qeyd edilən disk patologiyaları səviyyələrində lokal daralmalar müşahidə edilmişdir.Paraspinal yumşaq toxumaların görünüşü normaldır. İddiaçı adına “MediStayl Hospital”dan verilmiş xx.xx.2019-cu il tarixli Döş qəfəsinin ön-arxa düz proyeksiyada çəkilmiş icmal Rentgenoqrafıyasında: “Traxeya orta xətdədir. Ağciyərlərin quruluşu, bronx-damar şəkli və şəffaflığı təbiidir. Köklərin quruluşu təbiidir. Ağciyərlərində patoloji kölgəliklər müşahidə olunmur. Diafraqma günbəzlərin konturları hamardır. Hər iki kosto-diafraqmal və kardiodiafraqmal sinuslar sərbəstdir. Divararalığının sərhədləri təbiidir. Ürək və aorta-vəziyyəti, forması və hüdudları normaldır. Görünən sümüklərdə patoloji-destruktiv dəyişiklər müşahidə olunmur”. Transtorakal Exokardiografiyada: “Sol mədəcıyin sistola diastolik ölçüləri və sistolik funksiyası normaldır (LVEF-55%). Sol mədəciyin konsentrik hipertrofıyası və relaksativ tip diastolik disfunksiyası izlənilir. Seqmentar divar hərəkət pozğunluğu qeyd edilmir. Sol qulaqcıq və sağ boşluqlar normaldır. Aortal qapaq tayları kalsifikdir üzərində hemodinamik əhəmiyyəti olmayan qradient ölçülür (Pmax=16mmHg). Pulmonar arteriya normaldır. Pulmonar arteriya təzyiqi normaldır. Rəngli doppler ExoKQdə: Min MÇ, Min TÇ qeyd edilir”. EKQ-də: “Sinus ritmi. ÜEO normal vəziyyəti. AV keçiriciliyin ləngiməsi. Sol mədəciyin hipertrofıya əlamətləri”. İşə əlavə edilmiş “X5’da tərtib adilmiş ******* saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə saat 07:00-da belində olan və sağ ayağına vuran ağrılar şikayəti ilə Hospitalın Cərrahiyyə şöbəsinə müraciət etmişdir. Deməsinə görə, 1 neçə ildir ki, özünü xəstə hesab edir. Konservativ müalicələr effektsiz olub. Şikayətləri daha çox narahatçılıq yaratdığından müayinə və müalicə məqsədilə klinikaya müraciət etmişdir. Normal doğulub. Özündə və ailəsində dəri zöhrəvi, vərəm, Botkin xəstəliklərini inkar edir. Mənzil şəraiti kafidir. Ailəlidir. Obyektiv müayinədə bədən quruluşu normastenik tiplidir. Ümumi vəziyyəti qənaətbəxşdir. Xəstə ilə kontakt asanlıqla girilir. Dəri və görünən selikli qişaların rəngi normaldır. Dəri altı piy qatı normaldır. Periferik limfa düyünləri böyüməyib. Dayaq hərəkət sistemində patoloji dəyişiklik yoxdur. Ürək tonları aydındır. Arterial təzyiq 130/80mm.c.st. Nəbzi ritmikidir. Auskulyasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Dili nəmdir, təmizdir. Nevroloji statusda: Sağ ayaqda ağrı, parez və hipesteziya var. MRT-də: L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı aşkarlanıb. Xəstəyə anesteziyanın aparılmasının mümkün variantı, anesteziyanın həyat üçün təhlükədən başlamış, dişlərin zədələnməsində dəyişə bilən fəsad ehtimalları izah edildi. Anesteziyanın aparılmasına razılıq verilir. xx.xx.2019-cu il tarixində xəstəyə “L4-L5 diskektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat fəsadsız keçdi. Yara İ-li sağalır. xx.xx.2019-cu il tarixdə ağrı və parez reqress edib, sağ pəncədə hipesteziya qalmaqdadır. Xəstə nevropatoloqun ambulator nəzarətinə evə yazıldı. Klinik diaqnoz: “L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı”. İddiaçı adına DİN “A.N.Heydərov adına Respublika Hospitalının X1 Bölməsindən verilmiş xx.xx.2019-cu il tarixli Lumbosakral MRT-də: “Oma-qalça və bud-çanaq oynaqlarına istiqamətlənmiş koronal STİR long TE. xx.xx.2019-cu il tarixində aparılmış müayinə ilə müqayisədə; Lumbal lordoz düzlənmişdir. Müayinə sahəsində görünən vertebraların cisminin hündürlüyü normal olub, degenerativ dəyişikliklər müşahidə edilmişdir. Aşağı torakal və lumbal vertebraların ön qonşu künclərində degenerativ sivriləşmələr izlənir. L5-Sj fəqərdarası məsafə daralmış, bu vertebraların biri birinə qonşu qapayıcı səthlərində (end plate) T, və T2 sekanslarında hiperintens görünüşlü İİ tip degenerasiya zolağı qeyd edilmişdir. Görüş sahəsinə girən digər intervertebral məsafələr normal olub, lumbal disklərin siqnal intensivliyi degenerasiya lehinə azalmiş, hər iki tərəfdə faset oynaq və sarı bağlar hipertrofik görülmüşdür. L4-L5 aralığına aid diskdə diffuz annular qabarma ilə müşayiət olunun sekvestrə olunmuş geniş əsaslı sağ paramedian-posterolateral ekstruziya (12mm) mövcuddur. Sekvestr sağ nevral recessi dolduraraq sinir kökünü kəskin sıxmış və dural kisənin sağ-ön yarısını kompressiya etmişdir. Sol sinir kökünə təmas izlənmişdir. L5-S1 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan geniş əsaslı posterosentral protruziya (12mm) mövcuddur. Buna bağlı anterior epidura yağ planı və hər iki nevral foramen parsial daralmış, dural kisə önü və sinir köklərinə təmas izlənmişdir. Görüş sahəsinə girən digər intervertebral disklərin konfiqurasiyası normaldır. Medulla spinalis Th12-L1 səviyyəsində conus medullaris şəklində sonlanmışdır. Kəsiklər daxilində spinal kanal diametri normal olub, qeyd edilən disk patologiyaları səviyyələrində lokal daralmalar müşahidə edilmişdir. L4-L5 intervertebral diski səviyyəsində sağ tərəfli parsial hemilaminektomiya deffekti izlənmişdir. Kəsiklər daxilində oma-qalça və bud-çanaq oynaqlarına istiqamətlənmiş STİR seriyalarında oynağı əmələ gətirən sümüklərin siqnal intensivliyi təbiidir”. xxxxxxxxxxxxxxxda tərtib edilmiş ******* saylı “Epikriz”in kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə planlı surətdə, uzun müddət mövcud olan bel və sag ayaq ağrısı, yerişin çətinləşməsi, qamətin əyilməsi, pəncədəki zəiflik şikayətləriylə klinikaya daxil olmuşdur. Deməsinə görə, özünü bir neçə ildir ki, xəstə hesab edir. Son zamanlar ağrıları kəskinləşmişdir. Xəstəliyin səbəbini agır yük qaldırmaqla əlaqələndirir. Xəstəlik tədricən yuxarıda göstərilən şikayətlərlə başlamışdır. Aparılan konservativ tədbirlər fayda vermemiş, ayaqda zəiflik yarandıqdan sonra xəstə hospitala müraciət etmişdir. Yuxarı tənəfflis yollarının kəskin respirator infeksiyası. Obyektiv müayinədə xəstənin halı orta ağır, huşu aydın, vəziyyəti aktivdir. Normastenik konstitusiyalı, orta boyludur. Dəri və görünən selikli qişaları adi rənglidir. Dayaq-hərəkət sistemində gözlə görünən patologiya aşkarlanmadı. Periferik limfa düyünləri əllənmir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Tənəffüsün dəqiqəlik sayı 16-dır. Ürək tonları aydındır. AT 120/70mm.c.st. Nəbzi bir dəqiqədə 82 vurğu, ritmik, orta dolğunluqdadır. Dili nəm, təmiz, udma aktı sərbəst, ağrısızdır. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Auskultasiyada bağırsaqların peristaltik küyü eşidilir. Defekasiya normaldır. Pastematski əlaməti hər iki tərəfdə mənfidir. Sidik ifrazı sərbəst və ağrısızdır. Diurez adekvatdır. Nevroloji status: Xəstə antalgik pozisiyadadır. Sag tərəfdən Laseq 20 dərəcədə pozitivdir, har iki baldırın arxa qrup əzələləri hipotonik və hipotrofikdir. Sağ aşağı ətrafın monoparezi, kiçik çanaq orqanlarının funksiyasının pozulması təyin olunur. Axill refleksi iki tərəfli alınmır. Sağ pəncənin plegiyası. Bel lordozu hamarlaşıb. Palpasiyada lomber paravertebral əzələlər rigiddir. Apardan klinik instrumental, laborator, MRT müayinələrindən sonra pasient stasionara planlı olaraq yerləşdirildi. Əməliyyatönü hazırlıq bitdikdən sonra, xx.xx.2019-cu il tarixdə spinal anesteziya ilə “L4-L5 sag tərəfi mikrodiskektomiya” cərrahi əməliyyatı icra olundu. Əməliyyat fəsadsiz bitdi. Əməliyyat sonra xəstənin vifal parametrləri normal olduğuna görə palataya yerləşdirildi. Postop birinci sutka pasient mobdizə edildi. Təyinat üzrə müalicələr aparıldı. Əməliyyatdan sonrakı dövr sakit keçib. Ağırlaşmalar olmayıb. Yara sarğı olundu, birincili sağalır. Ağrıları yoxdur, pəncədəki zəifik preopla eynidir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəmişdir: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı müəyyən edilən “L4-L5 aid disklərdə diffuz anulyar qabarma ilə müşaiyət olunan sekvestrolunmuş geniş əsaslı sağ paramedian-posterolateral ekstruziya (20mm)” ilə əlaqədar ona xx.xx.2019-cu il tarixdə Cavabdeh1 hospitalda “L4-L5 diskektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Lakin əməliyyat tam şəkildə yerinə yetirilməmiş və disk yırtığın əsas kütləsi çıxarılmamışdır. Kontrol çəkilmiş MRT müayinəsində sağ posterolateral ckstruziyanın (12mm) olması səbəbindən xx.xx.2019-cu il tarixdə “MedEra” hospitalda təkrar “L4-L5 sağ tərəfli mikrodiskektomiya” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçı mövcud olan patologiya ilə əlaqədar ona ilkin cərrahiyyə əməliyyatı tam şəkildə icra edilməli olduğu halda icra edilməmişdir. İddiaçı üzərində texniki cəhətdən qüsurlu icra edilmiş ilkin cərrahiyyə əməliyyatı ilə təkrar cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs ilkin cərrahiyyə əməliyyatı icra edən Cavabdeh2dur. İş materiallarında Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdən Cavabdeh1 MMC-də həkim-plastik cərrah vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 2019-cu ilin aprel ayının 02-ci günündə belində və sağ ayağında olan ağrılara görə “Cavabdeh1 Hospital” MMC-yə müraciət etmişdir. Aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, həkim məsləhətinə inanaraq cərrahi əməliyyata razılıq vermişdir. “Cavabdeh1 Hospital” MMC-nin həkimi neyrocərrah Cavabdeh2 tərəfindən iddiaçının üzərində “L4-L5 fəqərələrdəiskektomiya” əməliyyatı həyata keçirilmişdir. İddiaçı bu əməliyyatdan narazı qalmışdır. Bu səbəbdən də ikinci dəfə “xxxxxxxxxxxxxxx” MMC-də əməliyyat olunmuşdur. İddiaçı hazırda cavabdeh hospitalda aparılmış əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbi haqlı olaraq təmin edilməmişdir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Odur ki, məhkəmə iddiaçıya dəyən maddi və mənəvi zərər Cavabdeh2 deyil, cavabdeh “Cavabdeh1 Hospital” MMC-dən tutulması qənətinə gəlmişdir. Məhkəmə İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 490/KEŞ saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edib hesab etmşdir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır və cavabdeh “Cavabdeh1 Hospital” MMC-dən iddiaçının xeyrinə 5494,72 manat məbləğində pul tutulmalıdır. (iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri, müqavilə, notarial təsdiq üçün ödənilmiş qəbz) Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi “hər iki əməliyyat sonrası təyin edilmiş dərman prepatlarının alınması, fizioterapiya müalicəsi və rehabilitasiya məqsədilə” çəkdiyi xərcin əvəzi olaraq 1750 manatın tutulması hissəsində sübuta yetmədiyindən, haqlı olaraq həmin hissədə təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı bəhs edilən hallarla bağlı çəkilən xərcin məbləğinin 1750 manat həcmində olmasını təsdiqləyən hər hansı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. İşə baxan birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, cavabdeh “Cavabdeh1 Hospital” MMC-dən mənəvi ziyana görə 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. " Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında həmçinin qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunan qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Şərh olunanlara və iş materiallarına əsasən korllegiya hesab edir ki, iddiaçı aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, cavabdeh “Cavabdeh1 Hospital” MMC-dən mənəvi zərərin ödənilməsinə görə məsuliyyətdən azad edilməməli və iddiaçıya vurduğu mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Kollegiya, cavabdeh “Cavabdeh1 Hospital” MMC-dən 3000 manat mənəvi ziyanın tutulması hissəsi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və digər mühüm hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə “Cavabdeh1 Hospital” MMC-dən 5000( beş min) manat alınaraq iddiaçıya ödənilməsini ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-555/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərərə görə 3000 manat tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 MMCdən mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Cavabdeh1 Hospital” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar