Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-812/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X13, Cavabdehin nümayəndələri X2 və X8, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Anıl Resminin iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-1256/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat pulun və mənəvi zərərin əvəzi olaraq 200000 manatın, habelə məhkəməyə müraciət üçün ödənilmiş 30 manatın iddiaçının xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, pedaqoji peşə fəaliyyətinə universiteti bitirəndən sonra başlamış və universitetdə dosent müəllim kimi peşə fəaliyyətini əməliyyat olunan günə qədər normal davam etdirmişdir. İddiaçı kitab və məqalələr müəllifidir. Tam ətraflı yazmaqda iddiaçının məqsədi ona dəymiş mənəvi zərərin düzgün hesablanmasıdır. İddiaçı işi ilə əlaqədar olaraq gözündə narahatçılıqlar (zəif görmə) hiss etdiyindən həkim müayinəsindən keçməyi qərara aldı və xx xxxx 2017-ci il tarixdə cavabdehin «X7» adı ilə fəaliyyət göstərən klinikasına müraciət etdi. X5 qəbul şöbəsinə yaxınlaşıb maraqlandıqda iddiaçıya həmin xəstəxanada fəaliyyət göstərən türkiyəli mütəxəssis kimi təqdim etdikləri həkim-oftalmoloq X24 məsləhət görüb onun qəbuluna yazdılar. X12 Aykan iddiaçını müayinə edərək ona əməliyyat olunmağını vacib bildiyini və mütləq şəkildə bir ay ərzində əməliyyat olunmağını məsləhət bildi. Həmçinin əməliyyatın nəticələri barədə maraqlandıqda iddiaçıya əməliyyat sonrası ümumiyyətlə eynəkdən istifadə etməyəcəyini və görmənin tam normala qayıdacağını bildirdi. Epikrizdə də müayinə nəticələri hissəsində görmə kəskinliyi sağ: 1.00: sol:0.20 biomikroskopik (müayinə vaxtı iddiaçıya sol gözdə 20 faiz görmə olmasını izah etmişdi); sağ: normal: sol katarakt olması qeyd olunub. Müayinə vaxtı da bunları qeyd edərək sol gözdə əməliyyatın vacibliyini və əməliyyatın yuxarıda qeyd edildiyi nəticələrini iddiaçıya ətraflı izah etdi. Həkim həmin müayinə vaxtı və daha sonrakı müayinələr zamanı iddiaçıya əməliyyatın risksiz olmasını, heç bir riskin olmamasını dəfələrlə qeyd etdi. Bildirdi ki, şəkər xəstəsi olmadığından iddiaçının əməliyyatında heç bir risk yoxdur. Göz əməliyyatı ödənişi də iki məbləğdə olur, riskli xəstələr (şəkəri olan xəstələr) üçün başqa məbləğ, riski olmayan xəstələr üçün başqa məbləğ. İddiaçı əməliyyat ödənişini də riski olmayan xəstə kimi etmişdir. İddiaçı xx xxxxx 2017-ci il tarixdə əməliyyat ödənişini həyata keçirdikdən sonra onu bəzi müayinələrdən (gözünün təzyiqinin ölçülməsi, şəkərin yoxlanışı və s.) keçirib əməliyyata hazırladılar. Əməliyyat otağında xəstələr növbə ilə salınıb əməliyyat olunurdu. İddiaçıdan əvvəl əməliyyata salınmış xəstənin əməliyyatını yarımçıq dayandırıb dərhal iddiaçını onun yerinə əməliyyata saldılar. İddiaçı bu barədə soruşduqda ona bildirdilər ki, həmin xəstənin şəkəri və göz təzyiqi qalxdığı üçün əməliyyat yarımçıq dayandırılıb. Belə ki, başqa xəstə üçün hazırlanmış (əməliyyatda istifadə olunan ləvazimatlar həmin xəstə üçün istifadə olunub-olunmamasından və ona istifadə olunduqdan sonra iddiaçıya yeni ləvazimatların qoyulmasından xəbəri olmadı və çox qısa müddətdə yerinə qoyulması mümkün deyildi, çünki xəstəni əməliyyat otağından çıxaran kimi dərhal iddiaçını saldılar) əməliyyat otağına iddiaçını saldılar. İddiaçı əməliyyatdan sonra 2 saata yaxın xəstəxanada qaldı, daha sonra onu evə göndərdilər. Əməliyyatdan çıxan vaxtdan gözündə sancmalar, ağrılar başladı. Həmin ağrılarla bağlı əməliyyatın səhəri günü xəstəxanaya X12 Aykana müraciət etdikdə bu halın normal olduğunu, əməliyyatdan sonra olan sancmalar olduğunu bildirərək tez bir zamanda aradan qalxacağını bildirdi. Həmçinin əməliyyatdan sonra iddiaçının gözünə hər yarım saatdan bir, bir saatdan bir dərmanlar tökmək tapşırılmışdı və ev şəraitində bunları edirdi. Əməliyyatdan bir neçə gün sonra ağrı sancmalar aradan qalxmadığından iddiaçı həkim oftalmoloq X25 yenidən müraciət etmək məcburiyyətində qaldı. Həkimin də bu halla bağlı narahatçılıq keçirməsini iddiaçı hiss edirdi, amma ona heç nə bildirmirdi, hər şeyin qaydasında olmasını, ağrıların tez bir zamanda aradan qalxacağını deyirdi. Ağrılar əməliyyatdan on gün sonra kəskinləşdi və gecə həkimə zəng edib bu barədə bildirdikdə iddiaçını xəstəxanaya dəvət etdi, gecə təcili yardım keçidi ilə xəstəxanaya daxil oldu və gözünə iynə vuruldu. Lakin yenə də həkim iddiaçıya narahat olmamağını bildirdi. Beləliklə də həkim iddiaçını arxayın salaraq heç bir problemin olmadığını və ağrıların, sancmaların keçəcəyini bildirdi. İddiaçı hər gün həkimə gözü ilə bağlı müraciət edirdi, necə edəcəyini soruşurdu, o isə iddiaçıya bir, iki dərmandan başqa bir söz demirdi və sonda dəfələrlə müraciətindən sonra, əməliyyat olunan gözdə görmə tamamilə itdikdən sonra həkim iddiaçıya gözündə infeksiya olması barədə məlumat verdi. Bu səbəbdən hər gün yarım saatdan bir dərman antibiotik tökülməsini tapşırdı. İddiaçıya artıq gözü sağalda bilməyəcəyini və başqa həkimə (xəstəxanalara) müraciət etməyini məsləhət gördü. Bunu iddiaçıya vaxtında deməməsinə görə və həmçinin əməliyyatın fəsadları barədə iddiaçıya əvvəlcədən məlumat verməməsinə görə və ən əsası əməliyyat vaxtı iddiaçının gözünə infeksiya düşdüyünə görə aralarında mübahisə yarandı. İddiaçı nə edəcəyini, hara müraciət etməyi barədə həkim-oftalmoloq X22 məsləhət almağa çalışdı. Cavabdeh iddiaçıya artıq heç nə edə bilməyəcəyini və yalnız bura qədər bacardığını bildirirərək Bakı və digər xaricdə olan xəstəxanalara müraciət etməyini bildirdi. Bundan əlavə, iddiaçı gözündə sancmalarla bağlı xəstəxanaya müraciət etdikdə hər dəfə qəbul üçün ona kassaya pul ödəməyini bildirirdilər. Həmçinin xəstəxananın səhvinə görə baş vermiş xəsarətlə bağlı bütün dərmanların pulunu özü ödəmişdir. Bununla bağlı da iddiaçıya heç bir güzəşt olunmadı. İddiaçı həkimin xəstəliyi sağalda bilməyəcəyi etirafından sonra dərhal Gürcüstanda olan xəstəxanalarla maraqlandı və ağrılar kəskin olduğundan o, gözləmədən Gürcüstanda “NEW HOSPİTAL” xəstəxanasına gözünün müayinəsi və müalicəsi ilə bağlı müraciət etdi. Gürcüstanda xəstəxanada müayinə edən həkimlər iddiaçıya artıq müalicənin gec olmasını bildirdilər. İddiaçı görməni tamamilə itirmiş və ona hətta gözü itirmək təhlükəsinin olmasını və yalnız gözün itirilməsinin qarşısının alınması üçün müalicəni sınaya biləcəklərini, görmənin yenidən bərpa olunmasının isə qeyri-mümkün olmasını bildirdilər. İddiaçı məcburiyyət qarşısında qalıb Gürcüstanda olan həkimlərin fikirləri ilə razılaşaraq müalicəsinə başladı. Müalicə 2 aya yaxın davam etdi və həmin iki ay ərzində iddiaçı hər həftə Gürcüstana gedib iki-üç gün qalmalı olurdu. Ən sonda iddiaçı bir həftə Gürcüstanda qaldı və ona Gəncədən müalicə üçün artıq gec gəldiyini və bu səbəbdən gözü çıxarmaq məcburiyyətində olduqlarını bildirdilər. Gürcüstandakı həkimlərin rəyindən sonra iddiaçı artıq başqa xəstəxanalarla maraqlandı və ona dünyanın göz incəlikləri ilə bağlı ən yaxşı xəstəxananın Rusiya Federasiyasında olmasını bildirdilər. İddiaçı Gürcüstandan gəldi, səhəri gün X6 xəstəxanasına müalicə üçün getdi. Xəstəxanaya bir ay əvvəlcədən növbəyə yazılmaq lazım gəlirdi, sadəcə iddiaçının gözünün vəziyyəti ağır olduğundan, hətta infeksiyanın beyinə təsir edə biləcəyi təhlükəsi olduğundan onu növbəsiz qəbul edəcəkləri barədə razılıq aldılar. X3 xəstəxanada 70-ə yaxın həkimin qəbulunda oldu, müayinə və analizlərdən sonra ona artıq gec olduğunu, tez bir vaxtda göz çıxarılmasa beyinə təsir edə biləcəyini bildirdilər. Ən sonda bir həkim iddiaçıya Qemqolts adına göz xəstəlikləri İnstitutuna getməyi məsləhət bildi. Həmin həkimin məsləhəti ilə iddiaçı həmin xəstəxanaya getdi. Orada da iddiaçıya bir neçə həkim baxıb ona gözün tez bir zamanda çıxarılmasının vacib olduğunu, əks halda beyinə təsir edə biləcəyini dedilər. Yalnız bir həkim müalicə etməyin az ehtimal da olsa mümkün olduğunu bildirdikdən sonra iddiaçı gözünü itirməmək üçün razılaşdı və müalicə kursunu başladı. Müalicə dövründə iddiaçı xəstəxanada qalırdı. Müalicə xəstəxanada qalmaq şərtilə 20 gün davam etdi. Həmin xəstəxanaya müayinə üçün müraciət etdikdə buynuzlu qişanın deşildiyini və dərhal əməliyyat olunaraq buynuzlu qişanın dəyişdirilməsini, əks halda digər gözə və ya beyinə təsir edəcəyini bildirdilər. Əməliyyat böyük xərc tələb edirdi, həmçinin donor tapılmalı idi. Bir gün sonra donor tapıldı və iddiaçı əməliyyat olundu. Əməliyyatdan sonra müalicə olunmalı idi. Bir aya yaxın xəstəxanada qalmaqla müalicə olundu. Xəstəxanada müalicə yekunlaşdı, gözü itirmək təhlükəsi aradan qalxdı, lakin iddiaçının gözünün görmə qabiliyyəti bərpa olunmadı. Xəstəxanada iddiaçıya müalicəyə fasilə verməməyini, müayinə üçün tez-tez xəstəxanaya getməli olmağını bildirdilər. Bu səbəbdən iddiaçı hər iki-üç aydan bir Rusiya Federasiyasına xəstəxanaya gedir. Hər dəfə də iddiaçıya görmə qabiliyyətinin qaytarılmasının mümkün olmadığını bildirirlər. İddiaçı ona dəymiş zərərlə bağlı Gürcüstana müalicə üçün getməmişdən əvvəl xəstəxanaya müraciət etdi, həkim və xəstəxana rəhbərliyi iddiaçının sonrakı vəziyyəti ilə bağlı maraqlanmasa da həkimə vəziyyəti ilə bağlı məlumat verdi. Həkim iddiaçıya heç bir kömək edə bilməyəcəyini bildirdi. İddiaçı həkimin laqeydliyi və gözünün itirilməsinə səbəb olması ilə bağlı xəstəxana rəhbərliyi ilə görüşmək istəsə də, rəhbərlik onu qəbul etmədi. Yalnız baş həkim qəbul edərək həkimlə bağlı tədbir görəcəklərini bildirdi. Lakin iddiaçıda olan məlumata görə bununla bağlı heç bir tədbir görülməyib. İddiaçı hazırda gözünün birini itirmiş və bununla bağlı xəstəxana rəhbərliyi bir dəfə də olsun maraqlanmamışdır. İddiaçı bütün bu olanlarla bağlı Səhiyyə Nazirliyinə və Prokurorluğa müraciət etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X10» MMC-nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin xx xxxx 2018- ci il tarixli 08/222 nömrəli məktubu ilə xəstəxanada aparılmış yoxlamanın nəticəsi barədə iddiaçıya məlumat verilmişdir. Belə ki, xəstəxanada aparılmış yoxlama nəticəsində iddiaçının ünvanladığı şikayət ərizəsindəki faktlarla əlaqədar müəssisədə çoxsaylı nöqsanlar müəyyən edilmişdir. Belə ki, tibb müəssisəsinin oftalmoloji tibbi xidmət sahələrində müayinə və diaqnostika işlərinin keyfiyyətsiz aparılması, sanitariya-gigiyenik və ekspidemik rejimə dair tələblərə riayət olunmaması, tibbi alətlərin və məmulatların yuyulması, dezinfeksiyası, sterilizasiyası və steril alətlərin saxlanmasının qeyri-qənaətbəxş aparılması, tibb müəssisələrinə dair qüvvədə olan qaydaların və təlimatların tələblərinə əməl olunmaması aşkar olunmuşdur. Həmin nöqsan və çatışmazlıqlara görə tərtib olunmuş protokol və akt əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq, tibbi xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə Cavabdeh MMC-nin tibb müəssisəsinin baş həkimi İ.İsmayılov barəsində inzibati tənbeh növü kimi inzibati cərimə tətbiq edilərək - xx.xx.2018-ci il tarixli, SNA/180005 nömrəli qərar çıxarılmış və icrası nəzarətə götürülmüşdür. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2018-ci il tarixli qərarı ilə oftalmoloq-həkim X16 əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Lakin araşdırılma zamanı komisyon məhkəmə-tibb ekspertizası keçirilmişdir. Rəydə qeyd olunmuşdur: ”Keçirilmiş ekspertiza zamanı yüksək ixtisaslı mütəxəssis müayinəsi zamanı hal-hazırda xəstənin gözündə VİS OD=1,0; Vis OS=0 olduğu müəyyən edilmişdir. İkinci dəfə icra edilmiş “Keratoplastika” cərrahiyyə əməliyyatının keçirilmiş birinci cərrahiyyə əməliyyatı ilə əlaqəsinin olması istisna edilmir. Belə ki, gözün buynuz qişasının endotelial distrofiyası və yaxud endoftalmit keçirilmiş ikinci cərrahiyyə əməliyyatının icrasına səbəb ola bilər.” Qeyd olunan mütəxəssisin rəyindən də göründüyü kimi iddiaçının ikinci dəfə Rusiyada əməliyyata səbəb birinci dəfə X5 keçirilən əməliyyat səbəb oİmuşdur. Rəydə həkimin düzgün diaqnoz qoyub düzgün əməliyyat apardığı nəticəsinə gəlindiyi üçün həkimin əməlində cinayət tərkibi olmamışdır. Lakin Səhiyyə Nazirliyinin məktubundan və mütəxəssisin rəyindən görünür ki, xəstəxanada oftalmologiya şöbəsində nöqsan və çatışmazlıqlara görə birinci əməliyyatın nəticəsində xəstə kor olma dərəcəsinə çatmışdır. Belə ki, əgər göz əməliyyatı olunursa həmin xəstəxanada hər bir risk, həmçinin mütləq şəkildə endoftalmit riski araşdırılmalıdır. Endoftalmit - toxumaların travmaya yaxud bakteriya və ya virus istilalarına, isinmə qızarma və şişmə kimi reaksiyalar göstərməsidir ki, bunu əvvəlcədən müəyyən etmək mümkündür. Əməliyyatdan əvvəl endoftalmit riski araşdırılmaması gözün itirilməsinə səbəb oİmuşdur. Göstərilən səbəblə əlaqədar Türkiyə Cümhuriyyətində bir neçə xəstəxananın oftalmalogiya şöbələri əməliyyatdan əvvəl həmin riskin araşdırılması üçün şərait yaradılana qədər bağlanılmışdır. Belə ki, həmin riskin araşdırılmamasına görə xəstəxana rəhbərliyi məsuliyyət daşıyır. İddiaçıya dəymiş maddi zərər 30000 manat məbləğindədir. Mənəvi zərərə gəldikdə isə iddiaçı müəllim (dosent) olduğu üçün hər gün Universitetdə, kollektivdə, auditoriya qarşısında, cəmiyyətdə nüfuzlu müəllim dosent kimi cəmiyyət içinə belə vəziyyətdə (əməliyyat olunan gözündə görmə sıfır) çıxmalı olduğundan mənəvi sarsıntı və iztirab keçirir. İddiaçı əməliyyatdan sonra mənəvi sarsıntı və iztirablara görə dəfələrlə nevropatoloq müalicəsi götürmüşdür. Bütün bunlara görə mənəvi zərəri 200000 manat qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 1256/2019 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən təmin olunmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən (X4) maddi zərərə görə 14856,62 (on dörd min səkkiz yüz əlli altı manat, altmış iki qəpik) manat, mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.886,62 (iyirmi dörd min səkkiz yüz səksən altı manat, altmış iki qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının gözündə cərrahiyyə əməliyyatını icra etmiş, Cavabdeh MMC-də həkim oftalmoloq vəzifəsində işləyən Anıl Resmi üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclasında iştiraklarının təmin olunmaması, iddiaçının gözündə yaranmış ağırlaşmalarda (fəsadlarda) cavabdehin təqsirinin olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsaslı sayaraq, cavabdehin nümayəndələrinin verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı gözündə narahatçılıqlar (zəif görmə) hiss etdiyindən həkim müayinəsindən keçməyi qərara almış və xx xxxx 2017-ci il tarixdə cavabdehin «X7» adı ilə fəaliyyət göstərən klinikaya müraciət etmişdir. Həmin vaxt İddiaçı X5 fəaliyyət göstərən həkimoftalmoloq X26 müayinə etmiş və sonra ona əməliyyat edilməsini məsləhət bilmişdir. İddiaçının üzərində xx.xx.2017-ci il tarixdə «X7»nda əməliyyat keçirilmiş, əməliyyatdan sonra xəstədə «buynuz qişanın deşilməsi, uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» müəyyən edilmiş, hazırda iddiaçı gözündə yaranan problemin səbəbi kimi yanlış aparılmış əməliyyatı əsas gətirərək, cavabdehdən vurduğu zərərin əvəzini tələb edir. Cavabdeh tərəf isə istər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də apellyasiya şikayətində iddiaçının gözündə qeyd edilən fəsadların (ağırlaşmaların) yaranmasında və bununla bağlı sonrakı müalicələr və əməliyyatda təqsirlərinin olmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. X18 Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, AİHK-nın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququn «qanunla» qorunması tələbləri tibbi səhlənkarlığın baş verdiyi işlərə də şamil olunur. Məsələn, «Erikson İtaliyaya qarşı» işdə Məhkəmə bildirmişdir ki, Konvensiyanın 2ci maddəsi üzrə dövlətin pozitiv öhdəlikləri, yəni yaşamaq hüququnu qorumaq vəzifəsi belə bir tələbi də özündə ehtiva edir ki, xəstəxanaların pasiyentlərinin həyatını qorumaq üçün hüquqi aktlar qəbul edilməli, habelə xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və müvafiq tibb işçilərinin hər hansı məsuliyyətini müəyyən etmək üçün səmərəli məhkəmə sistemi təşkil edilməlidir. «Kalvelli və Çiqlio İtaliyaya qarşı» işdə Məhkəmə bir daha təsdiq etmişdir ki, 2-ci maddə üzrə pozitiv öhdəliklər dövlətlərdən tələb edir ki, «xəstəxanaları pasiyentlərinin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə məcbur edən hüquqi aktlar qəbul etsinlər» və «həkimlərin himayəsində olan pasiyentlərin ölümünün səbəblərinin ... müəyyən edilməsi və cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması üçün səmərəli və müstəqil məhkəmə sistemi təşkil etsinlər», həmçinin vurğuladı ki, hər iki növ öhdəlik həm dövlət, həm də özəl səhiyyə sektoruna şamil olunur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X10» MMC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən Cavabdeh MMC-yə məxsus tibb müəssisəsində İddiaçı düzgün tibbi xidmət göstərilməməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə daxil olmuş xx.xx.2018-ci il tarixli müraciətdə qeyd edilən faktlar Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən müəssisədə aparılan plandankənar yoxlama zamanı ətraflı araşdırılmışdır. Yoxlama nəticəsində müraciətdə göstərilən faktlarla əlaqədar müəssisədə çoxsaylı nöqsanlar müəyyən edilmişdir. Belə ki, tibb müəssisəsinin oftalmoloji tibbi xidmət sahələrində müayinə və diaqnostika işləri keyfiyyətsiz aparılır, sanitariya-gigiyenik və eksepidemik rejimə dair tələblərə riayət olunmur, tibbi alətlərin və məmulatların yuyulması, dezinfeksiyası, sterilizasıyası və sterilal alətlərin saxlanması qeyri-qənaətbəxş aparılır, tibb müəssisələrinə dair qüvvədə olan qaydaların və təlimatların tələblərinə əməl olunmur. Qeyd edilənləri nəzərə alaraq, yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmamazlıqlar müəssisə rəhbərliyinin nəzərinə çatdırılmış, eləcə də tərtib olunmuş protokol və akt əsasında, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq, tibbi xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə Cavabdeh MMC-nın tibb müəssisəsinin baş həkimi İ.İsmayılov barəsində inzibati tənbeh növü kimi inzibati cərimə tətbiq edilərək xx.xx.2018-ci il tarixli, SNA/180005 nömrəli qərar çıxarılmış və icrası nəzarətə götürülmüşdür. İşdə olan Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, materialın tam, hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olduğundan İddiaçı müalicəsinin düzgün təşkili və aparılmasının müəyyənləşdirilməsi, habelə digər əhəmiyyətli halların aydınlaşdırılması məqsədilə material üzrə xx.xx.2018-ci il tarixli qərarla komisyon məhkəmə-tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X17-təcrübi və tədris birliyinin xx.xx.2018-ci il tarixli 82/KEŞ saylı məhkəmə tibbi ekspert rəyində göstərilmişdir ki, İddiaçı adına X5 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə sol gözdə bulanıq görmə şikayəti ilə xəstəxanaya müraciət etmiş və aparılmış müvafiq müayinələr əsasında ona «Qocalıq nüvə kataraktası» diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində «Kataraktanın fenolsufikasıyası və aspirasiyası» cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2017-ci il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır. «Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu»nda İddiaçı adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər «Buynuz qişanın deşilməsi. Uveit hipopionlu. Uveitdən sonrakı qlaukoma. Endoftalmit» diaqnozu ilə ambulator müalicədə olmuş və xx.xx.2017-ci il tarixdə üzərində «OS-keratoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir İddiaçı yüksək ixtisaslı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda Vıs OD=1,0; Vis OS=0 olduğu müəyyən edilmişdir. Xəstənin üzərində ikinci dəfə icra edilmiş «Keratoplastika» cərrahiyyə əməliyyatının keçirilmiş birinci cərrahiyyə əməliyyatı ilə əlaqəsinin olması istisna edilmir. Eyni zavmanda, birinci instansiya məhkəməsi tərəfindən də iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 70/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı sol gözündən X5 xx.xx.2017-ci il tarixdə «OS-qocalıq nüvə kataraktası diaqnozu ilə kataraktanın fakolmulsifikasiyası» əməliyyatı icra edilmişdir. Əməliyyata qədər xəstədə «Buynuz qişasının deşilməsi, uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» diaqnozuna uyğun dəyişikliklər olmamışdır. İddiaçı X21 Göz Xəstəlikləri İnstitutunda qoyulmuş «Buynuz qişanın deşilməsi, Uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» diaqnozunun X5 xx.xx.2017-ci il tarixdə icra edilmiş əməliyyatın nəticəsi olması istisna olunmur. İddiaçı xx.xx.2017-ci il tarixdə X21 Göz Xəstəlikləri İnstitutunda icra edilmiş «Keratoplastika» əməliyyatı xx.xx.2019-cu il tarixdə X5 aparılmış əməliyyatın fəsadlarının nəticəsi ola bilərdi. Beləliklə, işin faktiki halları və araşdırılmış sübutlardan (həmçinin, ekspertiza rəylərindən) müəyyən olunur ki, iddiaçının sol gözündən cavabdeh təşkilatda (Cavabdeh MMC-də həkim oftalmoloq vəzifəsində işləyən Anıl Resmi tərəfindən) xx.xx.2017-ci il tarixdə «OS-qocalıq nüvə kataraktası diaqnozu ilə kataraktanın fakolmulsifikasiyası» əməliyyatı icra edilmiş, əməliyyata qədər iddiaçıda «Buynuz qişasının deşilməsi, uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» diaqnozuna uyğun hər hansı dəyişikliklər olmamışdır. Lakin, əməliyyatdan sonra iddiaçının gözündə ağrılar yaranmış, nəticədə iddiaçı «Buynuz qişanın deşilməsi, Uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» diaqnozu üzrə digər tibb müəssisələrində ambulator müalicə olunmaq məcburiyyətində qalmış (sonuncu diaqnozun cavabdeh təşkilatda həyata keçirilmiş əməliyyatın fəsadlarının nəticəsi ola bilməsi tibbi ekspertizaların rəyləri ilə müəyyən olunmuşdur), eləcə də yaranmış zərurətdən xx.xx.2017-ci il tarixdə onun üzərində X21 Göz Xəstəlikləri İnstitutunda «OS-keratoplastika» cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçının gözündə hazırda Vıs OD=1,0; Vis OS=0 olduğu müəyyən edilmiş, sol gözünün görməsi tamamilə itirilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdə gözündə aparılmış cərrahiyyə əməliyyatın fəsadlarının nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirmiş, hətta həmin gözün çıxarılması təhlükəsi ilə üzləşmişdir. Bununla əlaqədar xarici ölkələrdə çoxlu sayda həkimlərin qəbulunda olmuş, yenidən üzərində əməliyyatlar aparılmış və müalicələr almışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı qarşısında ona dəymiş ziyana görə mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundansonra, MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Şəxs tibb müəssisəsinə tibbi xidmətindən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tibb müəssisəsi müayinə və müalicə zamanı yanlışlığa yol verdikdə, yəni xəstəni səhv cərrahiyyə əməliyyatı etdikdə, xəstəyə yanlış diaqnoz qoyduqda və sair nəticəsində xəstənin sağlamlığına vurduğu maddi, mənəvi zərərin əvəzini ödəməyə borcludur və tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Cavabdeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə biliəmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını qeyd etmiş, lakin bunun nədə ifadə olunmasını (əlavə və ya təkrar ekspertizanın keçirilməsinin prosessual əsasları və s.) əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə əməliyyat və müalicə üçün ödənilmiş pul, habelə uğursuz əməliyyatdan sonra çəkdiyi xərclər ümumilikdə 14856,62 manat təşkil etmişdir. Belə ki, işdə olan sənədlərdən (qəbzlər, tibbi sənədlər və s.) görünür ki, iddiaçı tərəfindən cavabdehə əməliyyat və müalicə üçün ödənilmiş pul - 540 manat; dərmanların alınmasına çəkilmiş xərclər - 250 manat; Gürcüstana getmək üçün nəqliyyat xərcləri (3 dəfə olmaqla maşınla birbaşa Gəncədən Tbilisiyə və geriyə) - 300 manat; Gürcüstanda müayinə və müalicə xərcləri - 700 manat (kurs=0,70 azn, 1000 lari); RF Moskva şəhərinə gedib-gəlmək üçün nəqliyyat xərcləri (təyyarə ilə hər dəfə iki nəfər olmaqla) - 1600 manat; Moskva şəhərində müayinə, müalicə və əməliyyat xərcləri - 4256,62 manat (kurs=0,029 azn, 146780 rubl); donor göz qişasının alınması üçün çəkilən xərc - 1740 manat (kurs=0,029 azn, 60000 rubl); Moskva şəhərində xəstəni müşayiət edən qohumunun hoteldə qalma xərcləri (iki dəfəyə cəmi 27 gün olmaqla) - 1890 manat (kurs=0,029 azn, 64800 rubl); Moskvada qaldığı müddətdə yemək və nəqliyyat xərcləri – 1080 manat; iddianın verildiyi günədək davam edən müayinə, müalicə və dərman xərcləri - 2500 manat olmaqla, cəmi 14856,62 (on dörd min səkkiz yüz əlli altı manat, altmış iki qəpik) manat təşkil etmişdir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın ödənilməsi hissədə də əsaslıdır. Çünki, işin faktiki halları, iddiaçının cavabdehin təqsiri üzündən uzun müddət ərzində müalicə kurslarına cəlb olunması, cərrahiyyə əməliyyatına məruz qalması, sol gözünün görmə qabiliyyətinin tamamilə itirilməsi, hətta gözünün çıxarılması təhlükəsinin olması və s. diqqətəlayiq hallar nəzərə alınmaqla, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsi aşkardır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və ağırlıq dərəcəsini, onun təsirinin uzun zaman ərzində baş verməsini və qalıcı olmasını (iddiaçı sol gözünün görmə qabiliyyətini bərpa olunmayacaq dərəcədə itirmişdir) habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 10000 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməməsini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr və s.) aydın olur ki, cavabdehə dəfələrlə məhkəmə bildirişləri, eləcə də elektron qaydada bildiriş göndərilmiş, lakin cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda, cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı teleqramdan (teleqramda iş yükünün çox olması səbəbindən məhkəmə iclasına gələ bilmədikləri, bu səbəbdən də məhkəmə baxışının təxirə salınması xahiş edilmişdir) da aydın olur ki, cavabdeh tərəfin məhkəmə icraatından məlumatlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-1256/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 1256/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-812/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-812/2020
28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver