Məhkəmə qərarları › İş №2(103)-8134/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8134/2021

03.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8134/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (övladı) X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 6.057 manat, 6.102,58 manat məbləğində kredit götürüb verdiyi pulun, mənəvi ziyana görə 15.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat, ümumilikdə isə 27.189,58 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X5 2018-ci ilin fevral ayının axırlarında arvadı Səbinə Muradova ilə boşanırdı. Onların arasında evlə bağlı mübahisə mövcud idi. Şairin tanışı olan cavabdeh Şairə bildirmişdir ki, əvvəllər Buzovna bələdiyyəsində işləyib, hazırda da vəkil kimi fəaliyyət göstərir və bu işdə ona köməklik göstərə bilər. Şair bunu nəzərə alaraq cavabdeh ilə birlikdə iddiaçının yanına gəlmiş və söhbət zamanı iddiaçıya da bildirmişdir ki, ev mübahisəsində Şairə kömək edə bilər. Bunun müqabilində cavabdeh iddiaçıdan ilk olaraq 1.200 manat pul almışdır. Pul Şairin və iddiaçının qohumu Zaurun yanında verilmişdir. Bundan bir neçə gün sonra cavabdeh iddiaçıya bildirmişdir ki, sənədləri hazırlayaraq məhkəməyə vermiş və tezliklə məhkəmə işə baxacaq. Daha bir neçə gündən sonra cavabdeh iddiaçıya zəng edərək bildirmişdir ki, işin həlli üçün 3.000 manat pul istənilib, lakin o, məbləği 2.500 manata endirmişdir. İddiaçı cavabdeh ilə görüşmüş, 2.500 manat pulu və cavabdehin özü üçün 50 manat pulu Xəzər Rayon Məhkəməsinin qarşısında övladları Şairin və Şahinin iştirakı ilə cavabdehə vermişdir. Bundan sonra məhkəmə olmuş və qətnamə çıxmışdır. Dəqiq tarixlər iddiaçının yadında deyil. Lakin o, bildirir ki, 2018-ci ilin aprel ayının 13-dən avqust ayının ortalarına kimi cavabdehin istəyi ilə etibarnamə üçün 232 manat, icraçının özünə vermək üçün 220 manat, etibarnamə üçün 2 dəfə 250 manat olmaqla ümumilikdə 500 manat, etibarnaməni dəyişmək üçün 240 manat, bundan başqa cavabdehin onlara bildirdiyi yemək pulu, yol pulu, benzin pulu, çay pulu, siqaret pulu, taksi pulu ilə ümumilikdə çıxan xərci olaraq 1.500 manat pulu, ən son icraçıların məhkəmə qətnaməsini icra etməklərindən ötrü 2.500 manat pulu cavabdehə vermişdir. Təxminən 2018-ci ilin iyul ayında cavabdeh iddiaçını məcbur etmişdir ki, pensiya kartını qoyub “Kapital Bankdan” kredit götürə bilər. İddiaçı da cavabdehin sözündən sonra 4.000 manat kredit götürmüş və hal-hazırda Banka 6.102,58 manat borcu vardır. Həmin puldan da 2.500 manatını götürdüyü gün cavabdehə vermişdir. Bundan başqa, Astara rayonu, Vaqo kəndindən göndərdiyi sənədlərə çəkdiyi xərc üçün 365 manat pulu 16.04.2018-ci il tarixdə, sənədləri qabağa atmaq üçün 400 manat pulu 12.05.2018-ci il tarixdə, icranın rəisinə verilməsi üçün 150 manat pulu 23.05.2018-ci il tarixdə, sənədlərin poçt ilə göndərilməsi üçün çıxan xərcə görə 200 manat pulu 26.05.2018-ci il tarixdə poçtla cavabdehə göndərmişdir. Lakin sonradan keçmiş arvadı və onun anası evdən çıxarılmamış və cavabdeh də gördüyü işi söz verdiyi kimi yekunlaşdıra bilməmişdir. Verdiyi pulların qaytarılmasını cavabdehdən tələb etdikdə cavabdeh pulu qaytarmayacağını, ancaq 2.500 manatını qaytara biləcəyini və ona vermiş olduğu digər pulları isə bildirdiyi şəxslərə verdiyini demişdir. İddiaçı bununla bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Bundan sonra cavabdeh iddiaçıya 4.000 manat məbləğində pulu qaytarmışdır. Polis orqanı tərəfindən müəyyən araşdırma aparılsa da, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10.057 manat pul vermiş, lakin ona xeyli miqdarda ziyan vurduğundan, yəni həmin işlə bağlı dəfələrlə Astara rayonundan Bakı şəhərinə gedib-gəldiyini, Bakı şəhərində qaldığını, cavabdehə vermiş olduğu pullardan əlavə ondan bu işə görə çəkmiş olduğu yol xərcini və çəkdiyi digər xərcləri və bankdan götürmüş olduğu 4.000 manat pula görə həmin pulun üstünə gəlmiş faizləri də hesablayıb cavabdehdən ümumilikdə 15.000 manat pulun tutulmasını tələb etmiş, həmin puldan 4.000 manat cavabdeh tərəfindən istintaq vaxtı qaytarmış, digər pulları da hissə-hissə qaytaracağını bildirsə də, lakin vədinə əməl etməmişdir. Cavabdehin iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan cəmi 4.000 manat məbləğində pulu borc almış və iddiaçının şikayəti əsasında Xəzər RPİ tərəfindən araşdırılma aparılan zaman cavabdeh borcunu iddiaçıya qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi, və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh apellyasiya baxışı iclasında iştirakı etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin 28.11.2018-ci il və 18.03.2019-cu il tarixli qərarların surətindən görünür ki, hazırki iş üzrə iddiaçının iddia ərizəsində qeyd edilənlər ilə bağlı cavabdehin barəsində etdiyi şikayət ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsi ilə cinayət işinin başlanması rədd edilmişdır. "xxxx" MMC Astara poçt filialının 11.10.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 16.04.2018-ci il tarixdə 365 manat, 12.05.2018-ci il tarixdə 400 manat, 23.05.2018-ci il tarixdə 150 manat, 26.05.2018-ci il tarixdə isə 200 manat məbləğində pul göndərilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 09.07.2018-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, iddiaçı həmin müqaviləyə əsasən Bankdan illik 29,84 faiz dərəcəsi ilə 36 ay müddətinə 4.000 manat məbləğində kredit almışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısının yoldaşıdır. İddiaçı onun yanında cavabdehə 1.200 manat vermişdir. Pulu verərkən iddiaçı cavabdehə bildirmişdir ki, əgər cavabdeh işi düzəldə bilməsə, pulu geri alacaq. O, sonradan bilmişdir ki, cavabdeh iddiaçıdan əlavə pullar da almışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostu və qohumdur. O, cavabdehi 6 dəfə görmüşdür. İddiaçı onun yanında cavabdehə hüquqi yardım göstərməsi üçün 2.500 manat pul verib. O, özü iddiaçının əvəzində cavabdehə 50 manat pul vermiş, iddiaçı isə həmin pulu sonradan ona qaytarmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçının mövqeyi ondan ibarətdir ki, cavabdeh onunla aralarına olan razılaşma üzrə görməli olduğu işlərə görə aldığı məbləğləri geri qaytarmalıdır. Çünki cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, görməli olduğu işləri görməmiş və onu aldadaraq əsassız olaraq ondan pul almış, onun hesabına əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin onun qarşısında üzərinə hər hansı bir öhdəlik götürməsini, onun üçün müəyyən işlər görməli olmasını, bu işlərin müqabilində iddiaçının müxtəlif vaxtlarda ona pul verməsini təsdiq edə biləcək sübutlara malik deyil (iddiaçı, bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir). İddiaçı tərəfindən pulun verilməsi və cavabdehin iddiaçını aldadaraq həmin vəsaiti qanunsuz əldə etməsi sübuta yetmədiyi halda isə onun geri tələb edilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması sübuta yetmədiyindən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi mənəvi ziyanın ödənilməsinə dair iddia tələbini də təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə və MPM-nin 384 və 385-ci maddəsinin tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Rayon Məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar