Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8155/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, üçüncü şəxs X1 və onun vəkili X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı payın müəyyən edilməsi, evə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində inşa etdikləri yaşayış evinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə iddiaçının payının müəyyən edilməsi, onun məcburi qaydada həmin evə köçürülməyi və həmin evdən istifadəyə yaradılan maneələrin Cavabdeh və üçüncü şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(010)-1828/21) iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh və üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.09.1995-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş və həmin nikahdan 3 övladı var. Nikaha daxil olduğu dövrdə Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində fərdi yaşayiş evi inşa etmişlər. Belə ki, 2002-ci il yayında bir otaq tikərək ora köçmüş, sonradan evi hissə-hissə genişləndirərək 2020-ci ilədək birgə təsərrüfat aparmışlar. Aralarında olan narazılıqla bağlı 2020-ci ildə Sumqayıt şəhər məhkəməsində nikahları pozulmuşdur. 2020-ci il may ayından cavabdeh ona və uşaqlarına qeyd edilən evdə yaşamağa imkan verməmişdir. O, cavabdehin qeyri-qanuni hərəkətləri ucbatından kirayədə yaşamış və hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödəmək məcburiyyətindədir. Cavabdeh onun hüquqlarını pozmaqla yanaşı ona maddi ziyan da vurmuşdur. Buna görə də iddia ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, torpaq sahəsini bacısı alıb, mübahisəli evi də bacısı özü üçün tikdirmişdir, iddiaçının və onun özünün həmin evin tikintisində hər hansı əməyi olmayıb. Birinci instansiya məhkəməsində iştirak edən üçüncü şəxs X2 ifadəsində göstərmişdir ki, torpağı o almış və evi hissə-hissə tikdirmişdir, qardaşına isə həmin evdə yaşamağa icazə vermişdir. İddiaçı evin tikilməsində heç bir rol oynamayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, evin tikintisi ilə maddi və digər cəhətdən heç bir əlaqəsi olmamış, bu evi bacısı S.Gəncəliyeva hissə-hissə tikdirmiş, ona və ailəsinə isə həmin evdə müəyyən müddətə yaşamağa icazə verilmişdir. Eyni zamanda iddiaçı özü də evin tikilməsində heç bir rol oynamamışdır. Bu hal bacısı tərəfindən 2001-ci il tarixdə ona verilmiş etibarnamə ilə öz təsdiqini tapır. Məhkəmədə cavabdeh tərəfindən çıxış edən şahidlərdən biri olan, evin tikintisini həyata keçirən usta Ə.Hüseynov da evi onun deyil, bacısı Sevil üçün tikdiyini bildirmişdir. Ə.Hümbətov da bacısının evin tikintisi ilə bağlı ondan borc aldığını, yəni evin onun tərəfindən tikilmədiyini təsdiqləmişdir. Bundan başqa, O.Əliyev bildirmişdir ki, evin pulunu Soltan həkimdən alıb. Onlar həmin ünvanda müvəqqəti yaşayırlar. Evin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə bacısına məxsus olduğundan onun üzərində tikilən hər hansı əmlak da onu kimin tikdirməsindən asılı olmayaraq mülkiyyət hüququ ilə bacısına məxsus olacaq. Bu hal özü qanunla təsdiqlənir. Qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş edir. Üçüncü şəxs S.Gəncəliyeva apellyasiya şikayətini eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iclaslarında o, şəxsən mülkiyyət sahibi olaraq əmlakın ona məxsus olmasını bildirsə də, qeyd olunan hallar məhkəmə qətnaməsində öz təsdiqini tapmamışdır. Digər tərəfdən, məhkəmə əsassız olaraq iddiaçının evin tikintisi ilə bağlı müfəssəl məlumata malik olmasına əsaslanmışdır. Lakin iddiaçı evin tikintisi ərzində orada olduğundan bu tikinti ilə bağlı məlumatları bilməsi çox normaldır və bu, tikinti məsrəflərinin onun tərəfindən qarşılandığı faktını təsdiq etmir. Qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş edir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Üçüncü şəxs S.Gəncəliyeva və onun vəkili C.Cavadov da məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. S.Gəncəliyeva əlavə olaraq bildirdi ki, o, mübahisəli evdə aparılmış müəyyən yaxşılaşdırma işlərinin müqabilində iddiaçıya müvafiq kompensasiya ödəməyə razıdır. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil isə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İddiaçı eyni zamanda üçüncü şəxs S.Gəncəliyevanın təklif etdiyi kompensasiya məbləği ilə az olduğuna görə razı olmadığnı göstərdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddianın təmin edilən hissəsində cavabdeh və üçüncü şəxs mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Suraxanı Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi Sevil Gəncəliyevaya məxsusdur, evin isə hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı Nərgiz Gəncəliyeva ilə Cavabdeh 1995-ci ildə nikaha daxil olmaları və 2020-ci ildə nikahlarının məhkəmə qaydasında pozulması işin mübahisəsiz halıdır. Mübahisənin əsasını tikintisi tərəflərin birgə nikahda olduqları dövrə təsadüf edən evə iddiaçının köçürülməsi və hüquqların əldə edilməsi təşkil edir. İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, evin yerləşdiyi torpaq sahəsi S.Gəncəliyevaya aid olsa da, ev onunla keçmiş həyat yoldaşının vəsaiti hesabına tikilib, evin planlaşdırılması onlar tərəfindən aparılıb, vəsait də onlar tərəfindən verilib. Torpağın S.Gəncəliyevanın adına alınması isə bəzi texniki prosedurlardan yayınmaq məqsədilə edilmişdir. Cavabdehin iddiaya etirazı ondan ibarətdir ki, torpaq sahəsinin onun adına deyil, bacısının adına olması evin də bacısına aid olmamasının birbaşa göstəricisidir, o, keçmiş həyat yoldaşı ilə mübahisəli evdə yaşasa da, evə hər hansı aidiyyəti olmamış, ev bacısının vəsaiti hesabına tikilmişdir. Onlar evsiz olduqlarına görə bacısı humanistlik göstərərək onlara öz evində yaşamağa icazə vermişdir. Üçüncü şəxs S.Gəncəliyeva da iddiaya etiraz edərək eyni məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27, 157, 180-ci maddələri və sair normalarla əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı və cavabdehin birgə nikah dövründə mübahisəli evdə yaşamağa başlamaları, uzun müddət orada birgə yaşamaqları, orada müəyyən yaxşılaşdırma işləri aparmaları (təmir, yenidənqurma) mübahisəli evin məhz onlar tərəfindən, birgə qazanc hesabına və birgə yaşayış üçün tikildiyini göstərir. Digər tərəfdən, iddiaçının mübahisəli evin quruluşu, təmir müddətləri, təmirə istifadə edilən materiallar barədə müfəssəl məlumata malik olması, onun bu proseslərdə yaxından iştirak etməsini və bu işlərdə onun da istəyinin nəzərə alındığını göstərir. Evin, cavabdeh tərəfin bildirdiyi kimi S.Gəncəliyevanın vəsaiti hesabına tikildiyi və ona məxsus olduğunu göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin yerləşdiyi torpaq sahəsinin S.Gəncəliyevaya məxsus olması faktına gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının birgə nikah dövründə inşa edilmiş qanunsuz tikiliyə köçürülməsinə hüquqi əngəl yaratmır. Çünki, mübahisəli ev qanunsuz tikilidir və nə S.Gəncəliyevanın, nə də ki digər şəxsin ona hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda, məsələyə yuxarıda qeyd edilən hüquq normaları baxımından yanaşılmalıdır. İddiaçı həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə yaşamaq hüququ əldə etmişdir və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyatorlara aid hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən hər hansı pay və s. kimi hüquqlar əldə etməsi ilə nəticələnmir. Hazırkı işdə onun bu kimi tələbləri rədd olunmuş və o, qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə yalnız evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, apellyatorlar həmin iddiaya qarşı etirazlarını əsaslandırdıqları faktları, eləcə də apellyasiya şikayətinin dəlillərini həmin hissədə sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə toplanmış və araşdırılan sübutlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh və üçüncü şəxs X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8155/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8155/2021
27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver