Məhkəmə qərarları › İş №2(103)-8163/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8163/2022

08.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8163/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızı tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və sair » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsi 2(007)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar Nümayəndə və İddiaçı2 (nümayəndəsi və vəkili Vəkil2la birgə) tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti 2-ci dəfə iddiaçılar (nümayəndəsi və vəkili E.Əzizov) tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçılar şikayətində sadəcə işin hallarını göstərmiş, maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulduğunun nədə ifadə olunduğunu göstərməmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Bundan başqa, mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə iddiaçı tərəfə poçt vasitəsilə 22 sentyabr 2022-ci il tarixdə göndərilmiş, qətnamə 06 oktyabr 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş, apellyasiya şikayəti ilk dəfə 26 oktyabr 2022-ci il tarixdə verilmiş, prosessual qaydalara əməl edilmədiyinə görə şikayət geri qaytarıldıqdan sonra, iddiaçılar növbəti dəfə apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron qaydada vermişdir. Lakin birinci instansiya məhkəməsi sonuncu şikayətin vaxtında verilib-verilməməsini yoxlamamış, bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar