Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8172/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştiraklar ilə İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 273/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsiə müraciət edərək, onun mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 5000 manat pul cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziyan olaraq 500 manat cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, məhkəməyə ödənilən 30 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanda yerləşən ünvan 1 yerləşən əmlak onun şəxsi mülkiyyətidir. Cavabdeh qanunsuz olaraq özbaşına tikili aparması nəticəsində onun evinin divarında bitişik ev tikmişdir. Həmin tikililərin sökülməsinə dair Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-141/2009 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililər sökülməsinə dair tələb təmin edilmişdir. Hal-hazırda onun istinad divarını zəbt edib özünə ev tikdiyi üçün günəş şuasının düşməməsi nəticəsində həyətə tökülən qrunt sularının evinin divarlarını və döşəməsini nəmişlikdən qəzalı hala düşmüşdür. Təmir işləri görsə də, heç bir nəticə verməmişdir. Onu dəfələrlə cavabdeh və onun qızı X2 təhqir və hədələr etmişlər. Cavabdehin və onun ailə üzvlərinin qərəzli və təhqiramiz hərəkətləri nəticəsində sağlamlığına ziyan dəymişdir. Dəfələrlə bütün dövlət orqanlarına və məhkəməyə müraciət etsə də, nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Tikililərin sökülməsi ilə bağlı məhkəmə prosesində keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3787 saylı, xx.xx.2019-cu il tarixli ekspertiza rəyin nəticəsi hissəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan göstəricilərinə əsasən mübahisəli ünvanda inşa olunan ikinci mərtəbəsinin qonşuluqda yerləşən 10 saylı fərdi yaşayış evinə (evin dəhlizinə və iki yataq otağına) təbii işığın (günəş şüaları) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik törətməsi müəyyən edilir. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 5000 manat təşkil edir. Həmçinin cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilinə korlanmış təmirin nəticəsində təmir dəyəri 5000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1470 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1500 (min beş yüz) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Bu səbəbdən də, iddia tələbi təmin edilə bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən , işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1470 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki- hüquq məsuliyyəti daşıyır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş FM seriyalı 009141 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14405/2019 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2946/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14405/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının qanuni sahibliyində olan tikilidən kənarda yerləşən və tikiliyə-dəhlizə hər hansı bir hüququ olmadığından, habelə cavabdeh tərəfindən aparılan tikinti işlərinin iddiaçının hər hansı hüquq və mənafeyinə toxunması təsdiqini tapmadığından, özbaşına aparılmış tikilinin sökülməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyil. Səbail rayon 46 saylı MKİS-nin xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, cavabdehə məxsus evin 2-ci mərtəbəsindəki tikililər 2004-2005-ci illərdə inşa edilib və sonraki illərdə həmin ünvanda hər hansı tikiti işləri aparılmayıb. Eyni zamanda işə əlavə edilmiş çoxsaylı ekspert rəyləri ilə müəyyən olunur ki, cavabdehə məxsus evin 2-ci mərtəbəsində inşa edilmiş tikililərin həmin evin qonşuluğunda yaşayan iddiaçının həyat və sağlamlığı üçün təhlükə törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Cavabdeh tərəfindən 2004- 2005-ci illərdə apırılmış tikililərin iddiaçıya məxsus yaşayış evinə (evin dəhlizinə və iki yataq otağına) təbii işığın (günəş şüalarının) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik (məhdudiyyət) törətməsi də kassasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Cavabdehin 2004-2005-ci illərdə inşa etdiyi tikililərin iddiaçının həyatı və sağlamlığı üçün hər hansı təhlükə törətməsi mülki iş materialları ilə təsdiq olunmur və həmin tikililər öz sahəsindən istifadə etməkdə iddiaçıya elə bir maneçilik törətmir və onun hüququ əhəmiyyətsiz dərəcədə pozulur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsinə əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri iddiaçıların özünə aid edilməlidir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 100 təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi qərarına gəlindiyindən ekpertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8172/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8172/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver