Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8178/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-402/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı - Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37,370 manat məbləğində maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, vəkillərə ödənilmiş 212 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-402/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh "xxxx" MTK-nın sədri İddiaçı xeyrinə vurulmuş ziyanın əvəzi kimi 37,370 manat, hüquqi xidmət üçün ödənilmiş 212 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 37,597 manat məbləğində pulun tutulması qət edilmişdir. İşin materiallarından görünür ki, həmin qətnamədən 09 iyul 2021-ci il tarixdə Cavabdeh apellyasiya şikayəti vermiş, həmçinin ərizə də verərək apellyasiya şikayəti verrmək üçün ötürülmüş müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxaraq onun əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəyə münasibət bildirilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-ə əsasən müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin bərpa olunmasını xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpası haqqında cavabdeh tərəfindən verilmiş ərizəni bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqularının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, onun müddətin bərpası haqqında ərizəsinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-402/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti ilə birlikdə verilmiş “prosessual müddətin bərpasına dair” ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8178/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver