Məhkəmə qərarları › İş №2(103)-818/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil–Tikinti Kooperativinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3654/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil–Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən 90 kv.metr qaraj sahəsinə iddiaçının sahiblik və istifadə hüququnu pozaraq ona zərər vurduğuna görə cavabdeh "xxxx" MTK-nın hesabından 180.000 manat maddi və 1000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 19 avqust 2011-ci il tarixli, 294 saylı Sərəncamı ilə Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qaraj sahəsinin iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh MTK 2018-ci ilin əvvələrində həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar qazıntı işləri aparmağa başlamış və buna etiraz edilərkən ərazidə yerləşən qaraj və sair sahələrin sahiblərinə MTK kompensasiya ödəyəcəyini öhdəsinə götürmüşdür. Qazıntı işləri aparılması nəticəsində həmin vaxtdan iddiaçının istifadəsində olan qaraj sahəsinin giriş qapısı bağlanmış və ora daxil olmaq qeyri-mümkün olmuşdur. Ona görə də iddiaçı avtomobili açıq dayanacaqda saxlamağa məcbur olmuşdur. Məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2017-ci il tarixli, 439 saylı Sərəncamı ilə Kooperativin müraciətini nəzərə alaraq Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın şimal hissəsində yerləşən torpaq sahəsi (icarə əsasında) yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçının sahibliyində və istifadəsində olan qaraj sahəsi 90 kv.metrdən ibarət olduğundan o, cavabdehə hər kv.metr üçün 2000 manatdan kompensasiya ödəməsini bildirmişdir. Lakin, cavabdeh bu günə kimi müəyyən bəhanələrlə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirmək istəmir və kompensasiya ödəməkdən yayınır.Mənəvi zərərlə əlaqədar iddiaçı göstərir ki, cavabdeh ona bildirmədən özbaşına olaraq qazıntı işlərinin aparılması nəticəsində istifadəsində olan qaraj sahəsinə daxil ola bilmədiyindən və bir ildən artıq müddətdə dəfələrlə ona yanlış məlumat verərək kompensasiya ödəyəcəyinə əmin etməsinə görə sarsıntı keçirmiş, fiziki əzab çəkmiş, stresdə olmuş və buna görə də müalicə almışdır. Göründüyü kimi, cavabdeh MTK iddiaçıya, məlumatvermədən sahiblik və istifadə hüquqlarını pozaraq iddiaçıya 180.000 manat maddi və 1000 manat mənəvi zərər vurmuşdur. Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslndırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi mənəvi zərərin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh MTK-dan 1000 manat mənəvi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümyəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin maddi ziyanın tutulmasının rədd edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işə baxmış əvvəlki apellyasiya instansiya məhkəməsinin qətnaməsini yalnız maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv etmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mənəvi zərərin tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlsə də maddi ziyanın tutulması hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajdan istifadə edilməsi üçün 19.08.2011-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir və həmin sərəncam hazırda da qüvvədədir. Lakin buna baxmayaraq həmin qaraja giriş-çıxışa Cavabdeh MTK tərəfindən maneələr yaradılmışdır. Ona görə də iddiaçı Cavabdeh MTK tərəfindən onun qaraja avtomobillə giriş-çıxışının qarşısı alındığına görə vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi zərərin tutulması hissəsində onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə onun istifadəsində olan qaraja giriş-çıxışla bağlı Cavabdeh MTK tərəfindən maddi ziyan vurulmasını göstərən mötəbər sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddiaçı mübahisə predmeti olan qarajın hər kvadratına 2000 manat pul tələb etsədə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən qarajda hər hansı söküntü işləri aparılmamış və qaraj mövcuddur. Cavabdehin bununla bağlı dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan qaraj sökülməsə də, cavabdeh MTK tərəfindən inşa edilmiş bina ilə həmin qaraj arasındakı məsafə qarajdan istifadəni qeyri-mümkün edir. Göründüyü kimi mübahisə predmeti olan qarajla cavabdeh MTK tərəfindən inşa edilmiş bina arasındakı məsafənin həmin qarajdan istifadəni qeyrimümkün edib-etməməsinin müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu hal həm iddia ərizəsində həm də apelyasiya şikayətində qeyd edilməsinə baxmayaraq nə birinci instansiya məhkəməsi nə apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Ona görə də işə yeni apelyasiya baxışında mübahisə predmeti olan qarajla cavabdeh MTK tərəfindən inşa edilmiş bina arasındakı məsafənin həmin qarajdan istifadəni qeyrimümkün edib-etməməsi araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “maddi ziyanın tutulması” hissəsində ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 19.08.2011-ci il tarixli, 294 saylı “Fərdi avtomobil qarajından İddiaçı istifadəsinə icazə verilməsi barədə” sərəncamından görünür ki, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajdan, H.Seyidzadə küçəsi 5 saylı evin 28 saylı mənzilində yaşayan vətəndaş İddiaçı istifadəsinə icazə verilmiş, vət. İddiaçı xəbərdarlıq edilmişdir ki, ərazidə ümumi abadlıq işləri aparılacağı təqdirdə, rayon İcra Hakimiyyətinə heç bir iddia edilmədən qaraj söküləcəkdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 26.09.2017-ci il tarixli, 439 saylı sərəncamından görünür ki, Cavabdeh MTK-nın 14.09.2017-ci il tarixli, 03 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsi, 5 saylı binanın hissəsində yerləşən 0,3648 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikinti layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Təkrar apellyasiya baxışı zamanı iş üzrə mübahisə predmeti olan qarajla cavabdeh MTK tərəfindən inşa edilmiş bina arasındakı məsafənin həmin qarajdan istifadəni qeyrimümkün edib-etməməsi araşdırılmaq məqsədilə tikinti-texniki ekspertizası, həmin qarajın orta bazar qiymətini müəyyən etmək üçün isə qiymətləndirmə təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/335 nömrəli rəyində göstərilmişdir ki, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajın faktiki olaraq qapısının olmadığı, tavanı və arxa divarının faktiki olaraq uçmuş vəziyyətdə olması və qarajın giriş hissəsinə hər hansı istiqamətdən (çoxmərtəbəli binanın sağından və ya solundan) avtomobil yolunun olmadığı müəyyən olunur. İddiaçı istifadəsində olan Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajın planında miqyas və ölçülər qeyd olunmamışdır, lakin planda göstərilən qarajın konfiqurasiyası iş materiallarında olan (i.m səh.7.) sxemə uyğundur və həmin qarajın faktiki sahəsi baxış zamanı əldə olunmuş ölçülərə əsasən 90m2 təşkil edir. "xxxx" MMC-nin 277 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki, - Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında sökülmüş vəziyyətdə olan qeyri-yaşayış sahəsinin (qarajın) hazırki vaxta olan orta bazaq qiyməti aşağıdakı kimi olduğu müəyyən olmuşdur; 1 kv.m = 450 manat təşkil edir. 1 kv.m = 450 manat x (iddia edilən) 90 kv.m = 40.500 manat təşkil edir. 2. Bakı şəhəri Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajın normal şəkildə istifadə oluna biləcəyi halda, aylıq orta icarə haqqı aşağıdakı kimi olduğu müəyyən olmuşdur; (iddia edilən) 90 kv.m qarajın bir aylıq orta icarə haqqı 80 – 100 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi-vəkilinin vəsatəti əsasında yenidən qiymətləndirmə təyin edilmiş, “X2” MMC-nin verdiyi 18 oktyabr 2021-ci il tarixli 247 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı istifadəsində olmuş Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 sayli binanın arxasında yerləşən (hal-hazırda sökülmüş) daş qarajın 1 kv.m-nin təqribi orta bazar dəyəri 525,00 manat, ümumi təqribi dəyəri isə 47250,00 manat məbləğində müəyyən edilir. Yuxarıda qeyd edilən tikinti-texniki ekspertizasının rəyindən də müəyyən olunur ki, cavabdeh MTK tərəfindən inşa edilmiş bina qarşısını kəsdiyi üçün iddiaçının istifadəsində olan qaraj sahəsinin giriş qapısı bağlanmış və ora daxil olmaq qeyri-mümkün olmuşdur. Bunun üçün də iddiaçı öz qaralından istifadə etmək imkanından məhrum olmuşdur. Sonuncu qiymətləndirmə rəyindən isə məlum olur ki, artıq qaraj sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilməlidir ki, mülkiyyətdən məhrum baş verib-vermədiyini müəyyən etmək üçün belə bir məsələni araşdırmaq lazımdır ki, mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya ötürülməsi baş veribmi, eləcə də mülkiyyətdən de fakto məhrum edilmə baş veribmi, yəni mövcud olan real vəziyyət də araşdırılmalıdır («Yunanıstanın keçmiş kralı və başqaları Yunanıstana qarşı» iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar, «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərar). İşin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı faktiki olaraq əmlakından istifadədən məhrum olmuşdur. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Kollegiya qeyd edir ki, iddia tələbini maddi ziyanın məbləği hissəsində “X2” MMCnin rəyi daha ətraflı və dolğun əsaslandırıldığından və mövcud bazar qiymətlərinə daha uyğun olmaqla reallığı əks etdirdiyindən həmin rəyin nəticələrini əsas götürülərək 47.250,00 manat məbləğində maddi ziyan Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3654/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi maddi ziyanın ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən 47.250,00 (qırx yeddi min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün (Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, M/h AZ41NABZ013601**********3944, SFİFT-BİK CTREAZ22). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar