Məhkəmə qərarları › İş №2(103)-818/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-818/2022

10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-818/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-435/2005 saylı, 04 fevral 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsi, 45 “b” saylı evə mülkiyyət hüququnun tanınmaqla, adına qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını belə əsaslandırıb ki, 1994-cü ildən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsindəki, 200 kv.m. torpaq sahəsində yerləşən 3 otaq, 1 mətbəx və hamamtualetdən ibarət 45 “b” saylı evi tikib başa çatdırmış, həmin vaxtdan ailə üzvləri ilə birlikdə köçüb orada yaşamağa başlamış, həmçinin pasport qeydiyyatına alınmışdır. Uzun müddətdir ki, yaşadığı evə dair kommunal və digər xərcləri ödəmiş, oradan açıq, fasiləsiz, vicdanla və etirazsız istifadə edir. Tikdiyi ev memarlıq baxamından mümkündür, digər binalara, qurğulara, kommunikasiya xətlərinə heç bir maneçilik törətmir. Başqa yaşayış yeri yoxdur, özü Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-435/2005 saylı, 04 fevral 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə. Ağayev küçəsindəki, 200 kv.m. torpaq sahəsində yerləşən 3 otaq, 1 mətbəx və hamam-tualetdən ibarət 45 “b” saylı evə İddiaçı mülkiyyət hüququ tanınıb, adına qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi Bakı şəhəri Tİ və HQ İdarəsinə həvalə edilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, qətnamə qəbul edilərkən və icraya yönəldilərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddianı təmin edərkən qətnamənin qanuni və əsalı olması üçün heç bir mötəbər sübuta istinad etməmiş və əsaslandırmamışdır. İddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyinə baxmayaraq məhkəmə bu halları nəzərə almadan qətnamə qəbul etmişdir. Eyni zamanda fərdi yaşayış evinin 7 mərtəbəli yaşayış binasından 5 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divarın hündürlüyünün 0,6, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divarın hündürlüyünün 0,3 hissəsi qəbul olunur Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə, apellyasiya şikayətinə isə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), hansısa maddi hüquq normasının dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların hansısa maddi hüquq normalarının dispozisiya şərtləri uzlaşması müəyyən edilmir. Birinci instansiya məhkəməsi də Mülki Məcəllənin hansısa maddələrinə istinad etməmiş yaxud hər hansı bir normanın iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməsinin mümkünlüyü barədə də heç bir arqument göstərməmişdir. İkincisi, iddiaçı iddia etdiyi ünvanda yerləşən torpaq sahəsinin onun icarəsində və ya istifadəsində olmasına, eləcə də həmin torpaq sahəsinin hansısa hüquqla ona məxsus olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə vəziyyətdə torpaq sahəsi üzərində onun mülkiyyət hüququ necə tanına bilərdi, əlbətdə ki, iddiaçı bu cür iddia irəli sürməmişdən əvvəl özü üçün bu məsələləri aydınlaşdırmalı idi. Üçüncüsü, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iddiaçı iddia olunan evin yerləşdiyi torpaq sahəsinin nəinki mülkiyyətində olmasına, eləcə də hansısa hüquqla ona məxsusluğuna dair də heç bir sübut təqdim etmir, ancaq mülkiyyət hüququnun tanınmasına nail olmaq istəyir. Bu hallar isə biri digəri ilə ziddiyyət təşkil edir. Dördüncüsü, iddiaçının mübahisəli ünvandakı torpaq sahəsinə və üzərində yerləşən evə fasiləsiz və etirazsız uzun müddət ərzində sahiblik etməsi, həmin ünvana kommunikasiya xətlərinin çəkilməsi, iddiaçının və ailə üzvlərinin o evə qeydə alınması iddianın əsaslı olmasına dəlalət etmir və daşınmaz əmlak üzərində avtomatik olaraq mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Çünki, qeyd olunduğu kimi bunun üçün qanunda nəzərdə tutulan şərtlər olmalıdır. Əks halda hansısa şəxsə yaxud orqana məxsus torpağı zəbt etmiş və üzərində özbaşına tikili inşa etmiş istənilən şəxs bu cür vəziyyətdə iddia ilə məhkəməyə müraciət edib mülkiyyət hüququnun tanınmasına nail olmağa çalışardı ki, bu da açıq-aşkar arzuolunmaz vəziyyətin yaranmasına səbəb ola bilərdi. Göstərilənlərdən əlavə, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməməsi düzgün olmamışdır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-435/2005 saylı, 04 fevral 2005-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-435/2005 saylı, 04 fevral 2005-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar