Məhkəmə qərarları › İş №2(103)-8187/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8187/2021

16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8187/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh X1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)-1835/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayədəsi Vəkil1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 BOKT ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464pbs nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 1 mənzil 12 üzrə ipotekaya xitam verilməsi və X1 adına verilmiş 10.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 17 mart 2021-ci il tarixli qərardad ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəmənin 17.03.2011-ci il tarixli icra vərəqi üzrə ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılmasına dair hər hansı hərəkətlərin edilməsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və X2 qadağan edilməsi qərara alınmışdır. Üçüncü şəxs X3 şikayət verərək qərardadının ləğv edilməsini və ya şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardad ilə şikayət təmin edilməyərək baxılması üçün apellyaiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-481/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı iş üzrə 17.03.2011-ci il tarixli qərardadın ləğv edilməsi və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)-1835/2021 nömrəli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə rədd olunmuşdur. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(005)-1835/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 şikayətin təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin etmək barədə müəvəqqəti xarakter daşıyan qərardad qəbul edə bilər, lakin bu qərardad mahiyyət və məzmun etibarı ilə qanuni qüvvəyə minmiş başqa məhkəmə qərarının icrasını dayandırmamalı yaxud bunun icrasına süni əngəl yaratmamalıdır. Hətta, hazırki iş üzrə artıq iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarlması belə, iddianı təmin etmə tədbiri barədə ərizənin də birmənalı təmin edilməli olduğuna əsas vermir. Bu cür tədbirlər iddianı təmin etmək üçün tədbirlər görmənin mahiyyətinə zidd sayılır. Çünki, təmin etmə tədbiri ilə, iddia tələbi fərqli nəticə yaradan prosessual məsələlər olduğundan onlara dair qəbul edilən məhkəmə aktları da fərqli olmalıdır. Qeyd olunan ərizənin təmin olunmasından belə çıxa bilər ki, istənilən xarakterli təmin etmə tədbiri ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası dayandırıla bilər. Ancaq bu yolverilməzdir. Çünki, bu halda dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə aktının icrası buna qanuni əsas olmadan dayandırılır. İddiaçının təmin etmə tədbiri barədə ərizəsində xahiş etdiyi tələblər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun gördüyü yaxud görməli olduğu məcburi icra tədbiridir və həmin qərarın icrasına xidmət edir. Hazırki iş üzrə olan təmin etmə tədbiri isə artıq çıxarılsa da, hələ yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanacığı bilinməyən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə faktiki olaraq həmin məcburi icra tədbirinin görülməsini məhz elə icra orqanının özünə qadağan etməsi ilə bağlıdır. Göründüyü kimi, bu cür təmin etmə tədbiri əsassız olmaqla yanaşı, qanuni qüvvəyə minmiş başqa məhkəmə qərarının da icra olunmasını açıq-aşkar mümkünsüz edir. Mübahisə predmeti olan mənzilə dair keçirilən hərrac zamanı qanun pozuntularına yol verilməsi həqiqi olsa belə, bu da əsas vermir ki, təmin etmə tədbirinə dair ərizə təmin olunsun. Çünki, bir daha qeyd olunur ki, bu cür tədbirlərin görüldüyü halda başqa məhkəmə qərarının icrasına əngəllər yaranır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)- 1835/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)-1835/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar