Məhkəmə qərarları › İş №2(103)-8197/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8197/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8197/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)- 2529/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya məxsus olan soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası əşyalarının və ya 47 min manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödədiyi 267 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan, məhəllə 2942A ünvanındakı 62 saylı mənzili müqavilə əsasında almışdır. 2020-ci ildə o, anası Cavabdeh təkidi ilə həmin mənzili satmağa məcbur olmuşdur. Həmin mənzili o, makler işləyən Ruslan adlı şəxsin vasitəsilə satmışdır. Həmin mənzilin satılmasının razılıq sənədlərinə imza atdıqdan sonra, həmin mənzilin pulunu, yəni 25000 manatı anası ondan almış və mənimsəmişdir. Bu faktı həm evi alan Bəhram adlı şəxs, həm də makler işləyən Ruslan təsdiqləyə bilər. Həmin evi satmamışdan qabaq o 12000 manat pulu anasına saxlamaq üçün vermişdir ki, müalicəsinə lazım olacaq. Bundan əlavə iddiaçının anası ona qarşı evdə haqsızlıq etmiş, iddiaçı həyat yoldaşı ilə evi tərk etmişdir. Onlara məxsus olan cehiz əşyalarını anası mənimsəmiş, həmin əşyaları onlar geri ala bilmirlər. Həmin əşyalar soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qabqacaq dəsti, tava və blinçik tavasından ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)-2529/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və 47000 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, məhkəmədə iddiaçının iştirakı təmin edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)- 2529/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(011)-3830/2020 saylı qətnaməsi ilə X2 iddiası təmin edilərək iddiaçının qardaşları olan cavabdehlər X4 və İddiaçı Fərqanə Cabbarovanın mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 61 mənzil 6-dan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.02.2021-ci il tarixli 2(103)- 1264/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh İddiaçı aid hissədə ləğv olunmuş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Gəncə prospektindəki 61 saylı evin 6-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması və ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbindən və iddiaçının məhkəmədə verdiyi izahatdan görünür ki, o özünə məxsus olan evin satışından əldə olunmuş 25000 manat və müalicəsi üçün saxladığı 12000 manat pulu anası Cavabdeh verdiyini, bundan əlavə iddiaçıya məxsus olan soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası əşyalarının anası tərəfindən mənimsənildiyini, anasının qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirmiş, mənəvi zərərin miqdarını 10000 manat məbləğində qiymətləndirmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müalicəsi üçün saxladığı 12000 manat pulun cavabdeh olan anasına verilməsi, habelə iddiaçıya məxsus olan soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası əşyalarının anası tərəfindən mənimsənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Evin satışından əldə olunmuş 25000 manat pulun cavabdeh tərəfindən ələ keçirilib qaytarılmaması barədə iddia tələbinin sübutu kimi iddiaçı tərəfindən X5 və X1 birinci instansiya məhkəməsində işə baxılarkən şahid kimi məhkəməyə təqdim olunmuşlar. X9 və Bəhram Tarverdiyev ifadələrində İddiaçı adına olan Bakı şəhəri Sadıqcan küçəsi ev 15-də yerləşən 62 saylı mənzilin alqı-satqısından əldə olunmuş 25000 manat pulun İddiaçı anası Cavabdeh verilməsini göstərmişlər. İş materiallarında satılmış evin İddiaçı məxsus olması barədə heç bir sübut yoxdur. Apellyasiya icraatı zamanı işə baxılarkən satılmış evin iddiaçıya məxsus olması barədə sənədlərin məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuş, bu məqsədlə işin baxılması 3 həftə müddətinə təxirə salınsa da, iddiaçı müvafiq sənədləri məhkəmə təqdim etməmiş və növbəti məhkəmə iclasına gəlməmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi də sübuta yetirilməmişdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bütün məhkəmə iclaslarında İddiaçı iştirak etmiş, izahat və vəsatətlər vermişdir. Ona görə də apellyasiya şikayətinin bu dəlili tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(011)-2529/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar