Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tikiliyə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(006)-3053/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinçi mərtəbəsində yerləşən sahəsi 48,08 kv.m olan üç yaşayış otağı, mətbəx və sanitar qovşağından ibarət tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin paylı mülkiyyətçiləridir. Cavabdehlərin X10 adlı şəxsin qarşısında 9000 manat məbləğində pul öhdəlikləri olmuş, bununla bağlı məhkəmə qətnaməsi çıxmış və icraya yönəlmişdi. Məhkəmə tərəfindən iddianın təmin tədbiri kimi həmin evin üzərinə həbs qoyulmuşdu. Danışıqları nəticəsində cavabdehlərlə belə razılaşmışlar ki, o onların əvəzinə 9000 manat məbləğində borcu, o cümlədən də məcburi icranın 7 faiz xərci olan 630 manatı ödəyir, 1000 manat da nağd ödəyir, evi həbsdən azad edirlər və onlar ona həmin evin ikinci mərtəbəsində özünə ev tikməyə icazə verirlər. O, onların 9630 manat borcunu ödəmiş və evin ikinci mərtəbəsində evi tikib başa çatdırmışdır. Evin tikilməsinə isə 21400 manat xərc çəkmişdir. Cavabdehlər söz vermişlər ki, paylı mülkiyyətlərində olan evin birinci mərtəbədəki paylarından 2 kv.m ona satacaqlar. O, evi tikib başa çatdırdıqdan sonra onlar həmin vədə əməl etməmiş və 2 kv.m sahəni onun adına keçirməmişlər. Bundan sonra aralarında narazılıqlar yaranmağa başlamış, nəticədə onlar onu ikinci mərtəbədə olan tikiliyə buraxmamış, qapını bağlamış, hazırda isə cavabdehlərin qanunsuz müdaxilələri ucbatından həmin evə daxil ola, orada yaşaya bilmir. O, yaşayış evini inşa edərkən tikilinin inşa olunmasına xərc çəkmiş, digər şəxslərlə şifahi əqdlər bağlamış, daşınar əşyalar kateqoriyasına daxil olan materiallar almış, tikilinin tərkib hissəsi olan materialların və digər xassələrin sahibinə çevrilmişdir. İddiaçı öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 158.4, 181.1, 181.4, 190-cı maddələri ilə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(006)-3053/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinci mərtəbəsində yerləşən, sahəsi 48,08 kv.m olan, üç yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət tikiliyə köçürülməsi qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(102)-3529/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X11 şikayətin təmin edilməməsini xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər X4, Cavabdeh3 və təkrar apellyasiya icraatı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını və apellyasiya şikayətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(006)-3053/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı ev paylı mülkiyyət hüququ üzrə 2/36 hissədən qalan hissədə Cavabdeh1, 2/36 hissədə Cavabdeh2, 2/36 hissədə Cavabdeh3, qalan hissələrdə isə digər 6 nəfər şəxsə məxsusdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(006)-2790/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı Məlikova (Hüseynova) Sədaqət Musa qızının ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin Cavabdeh3 məxsus 2/36 hissəsinin, Cavabdeh2 məxsus 2/36 hissəsinin, Cavabdeh1 məxsus 2/36 hissəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan Məlikova (Hüseynova) Sədaqət Musa qızı tərəfindən imzalanmış 22.12.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.06.2017-ci il tarixli 2(006)-2790/2017 saylı və 14.09.2017-ci il tarixli 2(006)- 4846/2017 saylı qərarlarının icrası ilə əlaqədar o, Fərzullayevlərin etibarnamə üzrə nümayəndəsi İddiaçı 9000 manat pul almışdır. İş materiallarında olan Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 30.12.2017-ci il tarixli ərizəsindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci və 3-cü mərtəbələrinin X3 və İddiaçı tərəfindən tikilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bu barədə məhkəmə və digər orqanlar qarşısında iddia qaldırmayacaqdır. İş materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiq edilmiş 30.12.2017-ci il tarixli ərizəsindən görünür ki, anası Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci və 3-cü mərtəbələrinin X3 və İddiaçı tərəfindən tikilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bu barədə məhkəmə və digər orqanlar qarşısında iddia qaldırmayacaqdır. İş materiallarında olan X5 13.11.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci mərtəbəsi İddiaçı məxsusdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı ev paylı mülkiyyət hüququ üzrə 2/36 hissədən qalan hissədə Cavabdeh1, 2/36 hissədə Cavabdeh2, 2/36 hissədə Cavabdeh3, qalan hissələrdə isə digər 6 nəfər şəxsə məxsusdur. İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən Cavabdeh1 evinin üzərində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına icazə vermiş və iddiaçı tərəfindən həmin ünvanda tikinti işləri aparılmışdır. Daha sonra aralarında olan razılaşma pozulmuş, Cavabdeh1 iddiaçını həmin tikiliyə buraxmamışdır. Hazırda iddiaçı onun Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinçi mərtəbəsində yerləşən tikiliyə köçürülməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən cavabdehlərin 9630 manat məbləğində borcunun ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci mərtəbəsinin İddiaçı tərəfindən tikilməsinə razılıq verilməsi və sonuncu tərəfindən orada tikili inşa edilməsi iddiaçının həmin tikiliyə köçürülməsinə əsas vermir. Kollegiya qeyd edir ki, iddiaçı həmin tikiliyə köçürülməsi üçün ilk növbədə həmin tikiliyə hüquq əldə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından görünür ki, Cavabdeh1 ümumi paylı mülkiyyətdə olan evin onun payına düşən 2 kv.m hissəsini iddiaçıya satmağa söz versə də, vədinə əməl etməmişdir. İş materiallarından görünür ki, 24 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 evin ona çatan paydan 3 kv.m hissəsini X1, sonuncunun həmin evin 2/36 hissədən 3 kv.m hissəsi üzərində mülkiyyət hüququ 29.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinçi mərtəbəsində özbaşına tikili inşa etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən ümumi sahəsi 139,7 kv.m olan 89 saylı ev 9 nəfər şəxsin ümumi paylı mülkiyyətində olduğundan və Cavabdeh1 həmin evdə payı 2/36 hissədən qalan hissədə olduğundan, Cavabdeh1 təkbaşına olaraq ümumi paylı mülkiyyətdə olan evdə əlavə tikili aparılmasına razılıq verə bilməzdi. Belə ki, Mülki Məcəllənin 217.4-cü maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9, X13 və X2 ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlər yalnız İddiaçı Cavabdeh1 9000 manat məbləğində borcunu ödəməsini, Cavabdeh1 razılığı ilə evin ikinci mərtəbəsinin İddiaçı tərəfindən tikilməsini təsdiq etmişlər. Qeyd olunan şahid ifadələri iddianın əsaslılığını təsdiq edən sübutetmə vasitəsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mübahisəli tikili özbaşına tikili olduğundan və iddiaçının həmin tikiliyə mülkiyyət və sair əmlak hüquqları yaranmadığından, iddia tələbi əsassızdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(006)-3053/2019 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-820/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver