Məhkəmə qərarları › İş №2(103)-820/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-820/2024

19.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-820/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzildən çıxarılma, birgə nikah dövründə əldə olunan əmlak») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 mənzil 30; Yeni qaydalarla AZ 1100, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, mənzil 2 İddiaçı adına 05 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Bakı şəhəri M.Hadi küçəsi ev 152-də yerləşən 3 saylı mənzil Cavabdeh adına 14 avqust 2004-cü ildən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25, mənzil 30 ilə bağlı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, Cavabdeh mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərinə son qoyulması və onun mənzildən çıxarılması, hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 100 manat, cəmi 600 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə aralarındaki nikah pozulmuşdur. Ailə münasibətləri pozulduğu andan cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Seyidov küç. ev 25, m.30-da yaşayır. İddiaçı isə iki övladı ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, M.Hadi küç, ev 152 mənzil 3-də yaşayır. Cavabdeh mülkiyyətində olan mənzildən çıxmadığı üçün mülkiyyət hüquqlarını pozur, odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100(yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı və cavabdeh birgə nikah dövründə Bakı şəhəri M.Hadi küçəsi ev 152-də yerləşən 3 saylı mənzili və Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, 2 saylı mənzili əldə etmişlər. Bakı şəhəri M.Hadi küçəsi ev 152- də yerləşən 3 saylı mənzil cavabdehin mülkiyyətində, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, mənzil 2 isə iddiaçının mülkiyyətindədir. Tərəflər arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 02 günündə 551 nömrə ilə qeyd edilmişdir. Tərəflər arasındakı nikah pozulduqdan sonra aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehin, cavabdeh isə iddiaçının mülkiyyətində olan hər biri birgə nikah dövründə əldə edilmiş mənzillərdə yaşamışlar. Hazırda iddiaçı cavabdehin yaşadığı mənzilin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu əsas gətirərək cavabdehin həmin mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edib ki, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını tələb etsə də, işin mübahisəsiz halı odur ki, mənzil birgə nikah dövründə alınmışdır. Mənzil birgə nikah dövründə əldə edildiyindən, hazırki dövrədək tərəflər arasında əmlak bölgüsü həyata keçirilmədiyindən, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməlidir. Belə olan halda iddiaçının qeyd olunan əsaslarla cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddiası əsassızdır. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin həmçinin cavabdehin tərəflər arasında nikah pozulduqdan sonra üç il ərzində əmlak bölgüsünə dair iddia qaldırmadığından, əmlak bölgüsünə dair iddia müddətini ötürdüyündən iddianın təmin edilməsi barədə mülahizəsinə münasibətdə qeyd etmişdir ki, hazırki mübahisənin predmeti ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlakın bölgüsü deyil, mənzildən çıxarılmadır. Belə olan halda məhkəmə əmlak bölgüsünə dair 3 illik iddia müddətinin ötürülüb-ötürülməməsinin müazikirəsini məqsədə müvafiq hesab etmir. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımı tərəfin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İşin hallarından göründüyü kimi tərəflər arasında nikah 2019-cu ildən pozulsa da, ötən müddət ərzində onlar arasında əmlak bölgüsünə dair iddia qaldırılmamış və ya rəsmi notariat qaydada razılıq əldə edilməmişdir. Tərəflərin şifahi razılığına əsasən iddiaçı cavabdehə məxsus, cavabdeh isə iddiaçıya məxsus evdə yaşamışdır. Tərəflərin gəldiyi razılaşma hər iki tərəfin iradə ifadəsini əks etdirdiyindən, istər iddiaçı, istərsə də, cavabdeh ötən müddət ərzində aralarında olan razılaşmaya əsasən biri digərinin mülkiyyətində olan mənzilərdə yaşamaqla əmlak bölgüsünə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Mənzildən çıxarılma ilə bağlı iddia hal-hazırda irəli sürüldüyündən, cavabdeh tərəfin də hüquqlarının pozulduğunu bildiyi andan əmlak bölgüsü tələbi ilə müraciət etmək hüququ onun subyektiv hüququdur. Lakin belə bir iddia olmadığından və nəqədərki əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirlimədiyindən, eləcə də, tərəflər arasında əmlak bölgüsünə dair saziş olmadığından, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və beləliklə də, tərəflərin ümumi mülkiyyəti sayıldığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab edib ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş edib şikayətində göstərir ki, qətnamə işin faktiki hallarına əsasən qanuna uyğun olmamaqla, ədalətsizdir və mülkiyyətinə qəsd kimi qiymətləndirir. Məhkəmə mülkiyyət hüququnun pozulmasını aradan qaldırmamış, hətta mülkiyyətinə edilən qəsdi qanuniləşdirmişdir. Məhkəmə onun əsaslı tələbini rədd etməklə Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qətnaməyə görə o, mübahisəli mənzilin mülkiyyətçisi olsa da, cavabdehi mülkiyyətində olan mənzildən çıxara bilmir, öz istədiyi kimi mülkiyyətinə sahib ola və ondan istifadə edə bilmir. Cavabdehin sübutsuz söz yığımını məhkəmə qəbul edib belə nəticəyə gəlmişdir ki, onların arasında razılıq olduğu üçün cavabdeh mənzildən çıxarıla bilməz. Əvvəla, bununla bağlı onların arasında heç bir razılıq olmayıb. İkincisi, daşınmaz əmlakla bağlı hər hansı razılıq (müqavilə) notariat qaydasında təsdiq edilməlidir. Əks halda, hüquqi nəticələr yaratmır. Cavabdeh hər dəfə söz verirdi ki, mənzilindən çıxacaq. Hətta mənzilini ondan almağa belə əvvəl razı olsa da, sonradan fikrini dəyişmişdir. Bu fakt məhkəmə iclasının video yazısı ilə təsdiqlənir. Beləliklə, məhkəmə onların arasında olan mübahisəni həll etməmiş, absurd və qanunsuz qətnamə çıxarmışdır. Onun və cavabdehin mülkiyyətində olan mənzillər nikah pozulduqdan sonra bölünmədiyi üçün hər birinin adına olan adına dövlət qeydiyyatına alınan hər birinin mülkiyyəti hesab edilir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

21. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda (əmlak hüquqlarında) hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

23. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak (əmlak hüquqları) onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

24. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi də onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

25. Hazırki iddianın birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia olmadığı bəlli olsa da, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə tərkibi yuxarıda qeyd olunan normaların xatırlatmasını zəruri bildi. Çünki, iddiaçı da cavabdehin çıxarılmasını tələb etdiyi mənzilin birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilən mənzil olduğunu mübahisələndirmir, əksinə bunu qəbul edir. Mübahisələndirdiyi hal ondan ibarətdir ki, birgə nikah dövründə əldə etdikləri iki mənzildən biri onun, digəri isə cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alındığından, nikahları pozulduğu üçün sonuncu onun adına qeydə alınmış mənzildən çıxmalıdır. Çünki, cavabdehlə nikahı pozulduqdan üç il müddət keçmiş və bununla da Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan üç illik müddət keçdiyi üçün cavabdehin çıxarılmasını tələb etdiyi mənzil üzərində heç bir hüququ qalmamışdır.

26. Əlbətdə ki, bu məzmunlu dəlillər ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddiaya baxılsaydı başadüşülən ola bilərdi. Ancaq hazırki iddianın və apellyasiya icraatının predmetinə bu cür tələb daxil deyildir. Məhkəmə istəsəydi belə hazırki iddia çərçivəsində həmin məsələlər üzrə hüquqi dəyərləndirmə apara bilməzdi. Qeyd olunduğu kimi iddiaçı yalnız cavabdehin çıxarılmasını tələb etdiyi mənzil mülkiyyət hüququ əsasında adına qeyd olunduğu üçün hazırki iddianı irəli sürmüşdür. Lakin nəqədərki qeyd olunan mənzil tərəflərin birgə nikahı dövründə əldə edilib və bu fakt işin mübahisəsiz halıdır, mənzilin bölünməsinə dair iddia həll edilməyənədək hazırki iddia əsaslı ola və təmin edilə bilməzdi.

27. Hazırki iddianın əsaslılığı baxımından iddianın yalnız müddətin keçməsinə görə təmin edilməsi də ədalətli hesab edilə bilməz. Çünki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdirsə və ümumi birgə mülkiyyətdədirsə, yalnız ümumi mülkiyyətin rejiminin dəyişməməsinə, yəni nikah pozulduqdan sonra mənzilin ümumi birgə mülkiyyətdən yalnız üç illik müddət ərzində bölünməklə paylı mülkiyyətə keçmədiyinə görə cavabdehin həmin mənzil üzərindəki ümumi birgə mülkiyyət hüququnu itirməsi faktı mahiyyət etibarı ilə mülkiyyət hüququnun fəlsəfəsinə zidd olardı. Çünki, yalnız üç illik müddətin keçməsi daşınmaz əmlak üzərində həqiqətən yaranmış ümumi birgə mülkiyyət hüququnun itirilməsinə səbəb ola bilməz.

28. Göründüyü kimi, iddiaçı qətnaməni ədalətsiz hesab edib mülkiyyətinə qəsd kimi qiymətləndirsə də cavabdehin də həmin mənzil üzərində birgə mülkiyyət hüququ olduğunu unudub yaxud unutduğunu nümayiş etdirmək istəyir. Ona görə də mənzilin mülkiyyət hüququ əsasında adına qeydə alınması həmin mənzilə birgə mülkiyyət hüququ olan cavabdehi hazırki vəziyyətdə mənzildən çıxara bilməsi üçün əsas deyildir. Tərəflər arasında birgə nikah dövründə əldə etdikləri mənzillərlə bağlı ayrı-ayrı vaxtlarda danışıqların və müəyyən razılıqların olması da iş materiallarından görünür. Ən azından belə danışıq və razılıqlar olmasaydı iddiaçı cavabdehin, cavabdeh isə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzillərdə bugünədək yaşamazdılar. Şərt deyil ki, bu cür razılıq notariat qaydasında təsdiq edilmiş olsun.

29. O ki qaldı məhkəmənin tərəflər arasında olan mübahisəni həll etməməsi dəlilinə bunun üçün ilk növbədə tərəflərdən vicdanlılığın tələb etdiyi tərzdə davranmaq və hüquqdan sui-istifadə etməmək tələb olunur. Çünki, cavabdehin mübahisəli mənzili almaq istəməsi də işdən bəlli olur. Hətta apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının təxirə salınmasını xahiş edərək mübahisəni barışıq sazişi ilə tamamlamağa cəhd etdilər, hətta barışıq sazişinin imzalanmamış layihəsini də məhkəməyə təqdim etdilər. İzahatlarından bəlli oldu ki, iddiaçı tərəf, daha doğrusu yetkinlik yaşına çatmış övladı cavabdehin adına olan mənzildən qeydiyyatdan çıxmaq istəmədiyindən və bununla da cavabdehin həmin mənzili satmaq imkanı reallaşmadığından barışıq sazişinin imzalanması və təsdiq edilməsi baş tutumamışdır. Mübahisəli mənzillə bağlı tərəflər arasında nəinki əvvəllər hansısa razılaşmalar olub, hətta bu cür razılışmalar və danışıqlar hər an davam edib və edəcək. Demək ki, mübahisənin hər iki tərəfin maraq və mənafeyinə uyğun həll edilməsini istəməyən elə tərəflərin özləri olmuşdur. Bununla belə, tərəflər istənilən vaxt məhkəmədən kənar yaxud məhkəmə vasitəsilə aralarındakı mübahisəni qanunla qadağan edilməyən üsul və qaydada həll etmək imkanını da itirməmişlər.

30. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, artıq cavabdeh tərəfindən qeyd olunan mənzilin bölünməsinə dair məhkəmədə iddia qaldırıb. Əlbətdə ki, hazırki iş üzrə iddiaçının göstərdiyi dəlillər, yəni üç illik iddia müddətinin keçməsi qeyd olunan işdə keçərli olacağı təqdirdə bu işdəki iddiaçının yeni əsasla, hazırki iddia ilə eyni məzmunlu iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ yaranacaqdır. 31.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın hazırki vəziyyətdə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda ümumi birgə mülkiyyət hüququnun yaranması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4167/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar