Məhkəmə qərarları › İş №2(103)-8201/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8201/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8201/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3276/2021 saylı mülki iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı(, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 685 (altı yüz səksən beş) ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin 21.08-20.09 tarixləri üçün Cavabdeh MMC-dən «Bakı-Dubay-Kenya-Dubay-Bakı» uçuşları üçün gediş-dönüş bileti almış, gediş zamanı problem yaşamamış, 21 sentyabr 2020-ci il tarixdən əvvəl MMC-nin əməkdaşı Nuridə Abdullayevadan bileti 07 sentyabr tarixinə dəyişməsini xahiş etmiş, buna görə əlavə 100 Avro pul ödənilməli olduğu bildirilmişdir. O, əlavə ödəməli olduğu pulu Bakıya qayıtdıqdan sonra ödəyəcəyini, Nuridə Abdullayeva biletin tarixini dəyişdiyini bildirmiş, “Whatsapp” vasitəsi ilə biletin skrinlərini göndərmişdir. İddiaçı hava limanına getdiyi zaman X8 əməkdaşları tərəfindən biletin dəyişilməməsi səbəbindən gedişin 21.09.2020-ci il tarixinə qaldığı bildirilmişdir. İddiaçı Cavabdeh MMC-nin əməkdaşlarına dəfələrlə zəng etməsinə baxmayaraq ona cavab verilməmiş, 10 saata yaxın hava limanında qalmış, yenidən 685 ABŞ dolları ödəyərək yeni bilet alıb Bakıya qayıtmışdır. İddiaçı Cavabdeh MMC danışıqlar aparan zaman məsələyə görə X1 məsuliyyət daşıdığı, həmin şəxsin artıq həmin MMC-də işləmədiyi, bileti dəyişmək üçün heç bir məbləğə ehtiyac olmadığı, biletlərin vaxtının pulsuz dəyişildiyi bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(006)-3276/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 685 (altı yüz səksən beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hansı əsasla Nairobidən- Dubaya yeni biletlə qayıtması iş materiallarından aydın deyildir və onun tərəfindən 685 ABŞ dolları məbləğində pul vəsaitinin məhz biletin dəyəri olmasını təsdiq edə biləcək sübut iş materiallarında mövcud deyildir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(006)- 3276/2021 saylı qətnaməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(006)-3276/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinə yönəldiyinə görə kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilməsi hissəsində yoxlanılır. Aşağıdakılara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində isə təsbit olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də bu əsaslar mövcuddur. Çünki cavabdeh təşkilatın əməkdaşı qanuna zidd və təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh təşkilatın əməkdaşıın törətdikləri deliktə görə mülki məsuliyyəti isə cavabdeh daşıyır. Maddi zərərin həcminə dair kollegiya qeyd edir ki, həm Mülki Məcəllənin 1097.1-ci maddəsində müəyyən olunmuş sübutetmə yükünün bölüşdürülməsinə dair qaydaya, həm də mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi ilə bağlı ümumi yanaşmasına uyğun olaraq məhz iddiaçı tələb etdiyi məbləğdə maddi zərərin dəydiyini sübut etməlidir. İddiaçı ona maddi ziyanın dəyməsi ilə bağlı sübutetmə vəzifəsini həyata keçirmişdir. Belə ki, mülki işin materiallarında olan 04.05.2020-ci il tarixli elektron biletdən görünür ki, Cavabdeh MMC tərəfindən Xumar Kərimovanın adına yazılan biletin tarixləri gediş 20.06.2020-ci il tarixə qayıdış isə 20.07.2020-ci il tarixinə dəyişdirilmişdir. Mülki işin materiallarında olan 14.07.2020-ci il tarixli elektron biletdən görünür ki, Cavabdeh MMC tərəfindən Xumar Kərimovanın adına yazılan biletin tarixləri gediş 21.08.2020-ci il tarixə qayıdış isə 21.09.2020-ci il tarixinə dəyişdirilmişdir. Mülki işin materiallarında olan minik kartında görünür ki, Xumar Kərimova **********65701 nömrəli elektron bilet ilə 07.09.2020-ci il tarixində Nayrobi-Dubay KQ304 nömrəli reysinə qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan minik kartından görünür ki, Xumar Kərimova ********** nömrəli elektron bilet ilə 08.09.2020-ci il tarixində Dubay-Bakı FZ709 nömrəli reysinə qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan «Kenya Airways Limited» Hava Yollarının 07 sentyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Xumar Kərimova tərəfindən 685 ABŞ dolları ödənilmişdir. Göründüyü kimi, iddiaçı 2020-ci ilin 21.08-20.09 tarixləri üçün Cavabdeh MMC-dən «Bakı-Dubay-Kenya-Dubay-Bakı» uçuşları üçün gediş-dönüş bileti almış, daha sonra İddiaçı MMCnin əməkdaşı Nuridə Abdullayevadan bileti 07.09.2020-ci tarixinə dəyişməsini xahiş etmiş və Nuridə Abdullayeva xahişi qəbul edərək onun bileti lazım olan tarixə dəyişdirilməsində əmin etmişdir. Hava limanında iddiaçıya biletinin bileti satan şirkət tərəfindən dəyişdirilmiş biletin təsdiq edilmədiyindən həmin bilet üzərindən uçuşun həyata keçirilməsinin qeyri mümkün olduğu bildirildikdən sonra MMC-ni əməkdaşı N.Abdullayeva ilə əlaqə saxlamış, lakin heç bir nəticə əldə edilmədiyindən 685 ABŞ dollarına yeni bilet almaq məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Cavabdehin əməkdaşının hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini, eləcə də onun uzun müddət havalimanında qaldığını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, mənəvi zərərin əvəzi kimi 200 manatın ağlabatan məbləğ kimi müəyyənləşdirilməsi barədə nəticə də düzgündür. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, dəlil olaraq iddiaçının hansı əsasla Nairobidən-Dubaya yeni biletlə qayıtması iş materiallarından aydın olmadığını və onun tərəfindən 685 ABŞ dolları məbləğində pul vəsaitinin məhz biletin dəyəri olmasını təsdiq edə biləcək sübut iş materiallarında mövcud olmadığını bildirsə də, bunu təsdiq edəcək sübutlar iş materiallarında mövcuddur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(006)-3276/2021 saylı qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar