Məhkəmə qərarları › İş №2(103)-8205/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8205/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8205/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı Sığorta ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 8313,00 (səkkiz min üç yüz on üç) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumun və bank xidmət xərci kimi ödənilmiş 29,60 (iyirmi doqquz manat, altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8513 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat, cəmi 8543,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29.06.2012-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Azadlıq prospekti ilə hərəkət edərkən ara məsafə saxlanılması qaydasını pozaraq qarşısında hərəkət edən X2 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Binəqədi rayonu DYPŞ-nin DYP 900362 saylı X5 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “Anar-99” firmasının təqdim etdiyi 09.07.2012-ci il tarixli Qüsur aktına uyğun olaraq həmin avtomobilə 8813 manat ziyan dəymişdir. MİP№120242-B23 saylı sığorta müqaviləsinə və №1966/2012 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 300 manat çıxmaqla 8513 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 8513 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2- ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxılmış, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir, məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, şikayəti qəbul etməyrək rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 27 sentyabr 2012-ci il tarixli 1966/2012 saylı sığorta aktından görünür ki, X2 məxsus “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil könüllü avtonəqliyyat vasitələrinin ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti 23.04.2012-23.04.2015-ci il, sığorta məbləği 14600 manat, azadolma məbləği (franşiza) 300 manat təşkil edir. 29.06.2012-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuşdur. “Anar-99” firmasının təqdim etdiyi 09.07.2012-ci il tarixli aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 8813 manat məbləğində olduğu, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişinin 8513 manata bərabər olduğu müəyyən edilmişdir. İş materiallarında olan 05.10.2012-ci il tarixli 2998 saylı kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 05.10.2012-ci il tarixdə 8513 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 23.04.2012-ci il tarixli, MİP120242- B23 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 məxsus avtomobil 14600 manat məbləğində sığortalanmış (23.04.2012- 23.04.2015), azadolma məbləği 300 manat, sığorta haqqı isə 818 manat təşkil edir. İş materiallarında olan “Anar-99” firması tərəfindən tərtib edilmiş 09.07.2012-ci il tarixli aktın surətindən görünür ki, “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8813 manat müəyyən edilir. İş materiallarında olan AB seriyalı 380076 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, prospektində “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan ƏN-İİ seriyalı 447604 nömrəli, 04.12.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus “Vaz 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi 17.11.2019-cu il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 26.07.2012-ci il tarixli, 3(001)- 552/2012 saylı qərarından görünür ki, Cavabdeh1 29 iyun 2012-ci il tarixdə idarə etdiyi “VAZ- 21074” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Azadlıq prospektində qarşısında eyni istiqamətlə hərəkət edən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomaşınla düzgün ara məsafəsi saxlamamış nəticədə onunla toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə ilə təqsirli bilinib 140 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 29.01.2020-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh1 sığorta ödənişini 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, 08.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Anar-99” firması tərəfindən təqdim edilmiş 09.07.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırda mübahisələndirilən avtomobilin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4334 saylı, 08.01.2021-ci il tarixli ekspert rəyinə əsasən “Kia Rio” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8613,00 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində nəzərdə tutulan 300 manat azadolma məbləği çıxılmalı və sığorta ödənişi 8313,00 manat həcmində müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yol-nəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçı “Atəşgah" Sığorta Şirkətinə ödənilməsini qət etməklə işə baxan birinci instansiya məhkəməsi haqlı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar