Məhkəmə qərarları › İş №2(103)-8213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8213/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8213/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Şeyxoviç cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 50.000 (əlli min) manat və mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat məbləğində ziyanın əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş N 2(006)-2574/21) iddia qismən təmin olunaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun alınıb İddiaçı Şeyxoviçə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1976-cı il tarixdə Balakən rayonunda anadan olmuş, 2014-cü ilin avqust ayında X1 ilə ailə həyatı qurmuş, faktiki nikaha daxil olmuş, nikaha daxil olduqdan bir müddət sonra 2015-ci ilin iyun-iyul aylarında Balakən RPŞ tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə cinayət işi qaldırılmış və 01 iyul 2015-ci ildə o, təqsirləndirilən şəxs qismində cilb edilmişdir. Lakin, həmin vaxt o, Rusiya Federasiyasında olduğundan barəsində axtarış elan edilmişdir. 25 aprel 2016-cı il tarixdə Balakən rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 05 mart 2018-ci ildə Rusiya Federasiyasında həbs edilmiş və 06 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən Rusiya Federasiyasının səlahiyyətli nümayəndələrindən təhvil alınaraq Azərbaycan Respublikasına 3 saylı İstintaq təcridxanasına göndərilmişdir. Balakən rayon məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmü çıxarılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar barəsində cinayət işinin başlandığı 01 iyul 2015-ci il tarixdən bəraət hökmü çıxarılanadək, yəni 19 may 2020-ci il tarixədək 6 il ərzində özü və ailəsi prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmış, psixikaları pozulmuşdur. Eyni zamanda, barəsində cinayət işi qaldırılaraq axtarış elan edilməsi onu tanıyanların ona olan münasibətini dəyişmiş və ona qarşı mənfi rəy formalaşmışdır. Keçirdiyi sarsıntılar səhhətinə də xeyli təsir etmiş, uzun müddət depressiyada olmaqla, çoxsaylı müalicələr almışdır. O, uzun müddət, 6 il ərzində mənəvi sarsıntı və iztirab keçirmişdir, qanunsuz axtarışda olmağı nəticəsində fəal ictimai həyat tərzindən məhrum olmuşdur, işgüzar nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. 6 il ərzində işləməmiş, himayəsində olan ailəsinin saxlanılması üçün, o cümlədən müalicəsi üçün lazım olan pul vəsaitini müxtəlif şəxslərdən borc olaraq götürmüşdür. İndi isə, həmin borcu qaytarmaq iqtidarında deyil. Bu hal isə, onlara çox böyük mənəvi sarsıntı, iztirab verir. Baş vermiş hadisələr onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı mənəvi zərərə məruz qalmasını təsdiq edən faktlara dair sübutlar təqdim etməsə də məhkəmə iddianı həmin hissədə qismən təmin etmiş və bununla da maddi hüquq normalarının pozuntusuna yol vermişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunsa da, iddiaçı bununla razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Yəni, hazırkı apellyasiya baxışının predmeti iddianın təmin olunan hissəsidir və məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, 02.05.2015-ci il tarixdə İddiaçı Şeyxoviçin barəsində Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə (köhnə redaksiyada) cinayət işi başlanaraq istintaqı aparılmış, Balakən Rayon Məhkəməsinin 25.04.2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 15.02.2020-ci il tarixdə ittiham aktı tərtib olunmuş, lakin Balakən Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsilə (köhnə redaksiyada) bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmdən görünür ki, İddiaçı Şeyxoviç 05 (beş) ay 13 (on üç) gün (06.12.2019-cu il tarixdən 19.05.2020-ci il tarixədək) müddətində həbsdə saxlanılmışdır. Hazırda iddiaçının tələbi cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı yalnız mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin etmiş və gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 5, 6, 7-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinəəsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinəəsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsindəəmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarından çıxış edərək bu qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi və maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə bağlı dəlilərini əsassız sayır. İşdən aydın şəkildə görünür ki, iddiaçı Balakən Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət almış, lakin həmin hökmə qədər 05 (beş) ay 13 (on üç) gün (06.12.2019-cu il tarixdən 19.05.2020-ci il tarixədək) müddətində həbsdə saxlanılmışdır. İddiaçı məhz cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində barəsində cinayət işi başlandığını, haqqında həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunduğunu və qanunsuz həbsdə saxlanıldığını bildirərək mənəvi zərərə məruz qaldığını göstərmiş və bu zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Bu baxımdan iddia tələbinin həmin hissədə sübuta yetirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun alınıb İddiaçı Şeyxoviçə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar