Məhkəmə qərarları › İş №2(103)-8219/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8219/2020

23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8219/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh-N” MMC-yə qarşı “qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)-956/2020 saylı qətnaməsindən üçüncü şəxs X3 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh-N” MMC-yə qarşı (Beyləqan rayon İcra və probasiya şöbəsi üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh-N” MMC-nin ona məxsus Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən torpaq sahələrini qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli hesabatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Beyləqan rayon sakini X9 ilə aralarında olan razılaşmaya əsasən Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 3,38 ha torpaq sahəsini, orada olan tikililərlə birlikdə ona 40.000 manata vermiş, razılığa əsasən E.Rəhimov onun banka olan borcu ilə bağlı 15.000 manatı ödəməli, qalan pulu isə ona nağd verməli idi. X2 borcu uzun müddət ərzində ödəmiş, ona cəmi 5000 manata yaxın pul vermiş, tikililəri isə özbaşına sökmüşdür. Buna görə aralarında narazılıq yaranmış, Elçin Rəhimovla atası Musa Rəhimov ondan verdikləri və Banka ödədikləri pulu geri tələb etmiş, o, da Elçin Rəhimovdan torpağı və tikilinin sökülməsi ilə bağlı ona vurduğu ziyanı tələb etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(106)- 2349/2018 saylı icra sənədinə əsasən ondan 20.000 manat alınaraq X8 ilə X6 verilməlidir. Eyni zamanda Beyləqan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(20)-85/2018 saylı qətnaməsi ilə Beyləqan rayonun Yuxarı Aran kəndində xüsusi mülkiyyətində olan 1,7 ha torpaq sahəsindən X4 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(106)-167/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)- 5880/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(106)-167/2019 saylı qətnaməsi 1,68 ha torpaq sahəsindən cavabdehin çıxarılması və əmlaka vurulmuş zərərin əvəzi kimi 20.000 manat ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2(106)-2349/2018 saylı icra sənədinin icrası qaydasında Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən mübahisə predmeti olan mülkiyyətindəki Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 1,70 ha və 1,68 ha kənd təsərrüfatlı torpaq sahələrinin qiymətinin müəyyən edilməsi üçün “Cavabdeh-N” MMC-yə sifariş verilmişdir. Həmin Cəmiyyətin tərtib etdiyi xx.xx.2019-cu il tarixli hesabatda isə 1,70 ha torpaq sahəsi 3400 manat, 1,68 ha torpaq sahəsi isə 5880 manat dəyərində qiymətləndirilmişdir. Cavabdehin tərtib etdiyi mübahisəli hesabatda qiymətlərin hansı meyar əsasında müəyyənləşdirilməsi göstərilməmişdir. Eyni ərazidə yerləşən, sahəcə demək olar ki, eyni olan torpaqların birinin digərindən hansı səbəbdən 2 dəfə qiymətcə fərqli olması da aydın deyildir. Əlavə edilmiş ayrı-ayrı məhkəmə aktlarından görünür ki, mübahisəli torpaqla bağlı tərəflər arasında bir neçə il bundan əvvəl qiymətləndiricinin göstərdiyi məbləğdən dəfələrlə yüksək məbləğə razılaşma əldə edilmişdir. Bu hal da hazırki mübahisəli hesabatın reallığa uyğun olmamasını göstərir. Həmçinin daşınmaz əmlakın qiyməti hər il demək olar ki, artmışdır. Belə olan vəziyyətdə necə ola bilər ki, bir neçə il əvvəl dəyəri daha yüksək olan daşınmaz əmlak hazırda dəyərcə aşağı olsun. Bu isə hesabatda göstərilən qiymətlərin torpaqların real qiymətlərinə uyğun olmamasını göstərir. Birinci instansiya məhkəməsi tərəfindən X8 və X9 üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(009)- 956/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha və 1,68 ha torpaq sahələrinin qiymətləndirilməsinə dair “Cavabdeh-N” MMC-nin xx xxxx 2019-cu tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs X8 apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə ədalətsizdir. Borclunun məqsədi dövlətin adından çıxarılmış qətnamənin icrasına mane olmaq, borcu ödəməkdən yayınmaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən M.Rəhimovun nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu və onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə müəyyən olunmuş hallar aşağıdakılardır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-2349/2018 saylı qətnaməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-2662/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 20.000 manat, 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləğinin nəzərə alınmaqla 7600 manat, cəmi 27600 manat məbləğində pul, “xxxxxxxxx” MMC-nə ödənilmiş 210 manat və dövlət rüsumu 30 manatın alınıb X5 verilməsi qət edilmiş, iddia həmin torpaqlara 200 laped peyin və 100 kisə silitr verilməsi üçün çəkilmiş xərc 5500 manat hissəsində və tələb etdiyi pul tam alınıb ona verilənədək torpağın onun istifadəsində saxlanılması və ya onun torpaqdan çıxmağı və pulun cavabdehdən alınıb ona verilməsinin eyni zamanda icra edilməsi hissəsində rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləği nəzərə alınmaqla 7600 manatın və rəy alınması üçün “xxxxxxxxx” MMC-yə ödənilmiş 210 manatın tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 5880/2019 saylı qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-85/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı iddiası qismən təmin edilmiş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 1,7 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia mövcud olmuş əmlakın məhv edilməsinə görə 20.000 manat dəymiş zərərin ödənilməsi və İddiaçı olan 20000 manat borcun qaytarılması hissəsində rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi 1,68 ha torpaq sahəsindən cavabdehin çıxarılması və əmlaka vurulmuş zərərin əvəzi kimi 20.000 manat ödənilməsi tələblərinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “Cavabdeh-N” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 135-19 saylı hesabata əsasən İddiaçı məxsus olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha kənd təsərrüfatlı sahəsinin dəyəri - 3.400 manat, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,68 ha kənd təsərrüfatlı torpaq sahəsinin dəyəri - 5.880 manat, cəmi 9280 manat qiymətləndirilmişdir. İddiaçı sifarişi ilə “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 30/MT/03-20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Beyləqan rayonu, Yuxarı Aran ünvanında olan, ümumi sahəsi 3,38 ha torpaq sahəsinin və üzərində faktiki sahəsi 122 kv.m.-dən ibarət qeyri-yaşayış binasının xx.xx.2020-ci il tarixə bazar dəyəri 18.901 manat həcmində müəyyən edilmişdir. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi X1 üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, “Cavabdeh-N” MMC tərəfindən mübahisəli torpaq sahələrinə qoyulmuş qiymət real qiyməti əks etdirmir. Belə ki, mübahisəli torpaq sahələrinin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə “Cavabdeh-N” MMC tərəfindən qoyulan qiymət arasında kəskin fərq vardır. “Cavabdeh-N” MMC tərəfindən eyni ərazidə və yan-yana yerləşən torpaq sahələrinə fərqli qiymət göstərilmişdir, iddiaçıya məxsus olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha torpaq sahəsinin qiyməti 3.400 manat, eyni ərazidə və həmin topaq sahəsinə bitişik olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,68 ha torpaq sahəsinin qiyməti 5.880 manat müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan və yan-yana yerləşən torpaq sahələrinə fərqli qiymət qoyulması, tərtib edilmiş hesabatın həqiqətə uyğun olmadığını göstərir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına əsaslanaraq, əmlakın real qiymətinin düzgün müəyyən edilməməsi, həmin əmlakın mülkiyyətçisinin hüquqlarını pozması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya onu da nəzərə alır ki, tərəflər arasında yaranmış mübahisələr məhz həmin torpaq sahələrinin alqı-satqısı ilə bağlı aralarında əldə olunmuş razılığın pozulması və s. səbəbindən baş vermiş, iddiaçı mübahisəli torpaqları 40.000 manata satdığını, üçüncü şəxslər isə 20.000 manata aldıqlarını göstərmişlər. Yəni, mübahisəli torpaqların ən azı təqribən 20.000 manat dəyərində olması üçüncü şəxslərin öz etirafı ilə təsdiq olunur, belə olan halda isə “Cavabdeh-N” MMC tərəfindən bu torpaqların cəmi 9.280 manat dəyərində olması barədə rəyi əsaslı və reallığa uyğun sayıla bilməz. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-956/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar