Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8219/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «kompensasiya və vurulmuş maddi, mənəvi, fiziki ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2699/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «kompensasiya və vurulmuş maddi, mənəvi, fiziki ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən ona vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunda göstərilən qaydada kompensasiya hesablanaraq ödənilməsi; maddi, fiziki və mənəvi ziyana görə isə 100.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 fevral 1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 105-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə həmin Məcəllənin 23-1-ci maddəsi tətbiq edilmişdir. Sonradan isə şərti cəza həbslə əvəz olunduqdan sonra Rusiya Federasiyasının müxtəlif islah əmək düşərgələrində cəzasını çəkib qurtarmışdır. Cəzasını çəkib qurtarandan sonra Bakı şəhəri Yasamal rayon Prokurorluğunun 06 noyabr 1991-ci il tarixli qərarı ilə barəsində cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinin 2-ci bəndi, 215-ci maddəsinin 2-ci bəndi və 217-ci maddələrinin tələblərinə əsasən hərəkətində cinayət tərkibi olmadığından xitam verilmişdir. Həbsdə olduğu həmin müddətlərdə Rusiya Federasiyasının müxtəlif islah-əmək düşərgələrində sağlamlığını itirmiş və hal-hazırda «sol ağ ciyərin periferik xərçəngi» ilə müalicə olunur. O, 1978-ci ildə BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında təyinatla müstəntiq vəzifəsində işləməyə başlamışdır. Axırıncı iş yeri Yasamal RPİ-nin azyaşlıların işləri üzrə inspeksiyanın inspektoru vəzifəsi olmuşdur. Barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildiyindən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq kompensasiya verilməmişdir. Bəraətverici əsaslara görə barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq əmək kitabçasında bu faktı xidmət stajına aid etməmişdir. Bundan başqa, həbsdən azad olduqdan sonra 1999-cu ilin may ayına qədər müxtəlif müəssisələrdə işləmişdir. Qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin onun iştirakı olmadan keçirilmiş əsassız attestasiya sənədinə əsasən DİO-dan xaric olunmuşdur. Yasamal rayon Prokurorluğunun qanunsuz qərarı ilə həbs olunmuş və məhkəmənin qanunsuz hökmü ilə məhkum olunmuşdur. Onun DİO-dan qanunsuz olaraq xaric olmasının səbəbi cinayət prosesini həyata keçirən orqanın, yəni Bakı şəhəri Yasamal rayon Prokurorluğunun səhvi nəticəsində baş verdiyindən ona mənəvi, fiziki və maddi ziyan dəymişdir. Onun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hüquqları ona izah edilməmiş və çıxarılmış qərarda da öz əksini tapmamış, bu barədə ayrıca protokol tərtib olunmamışdır. Onun məhkəməyə uzun illər müraciət etməməsinin səbəbi özünün ağır xəstəlikdən müalicə olunması, məhkəməyə müraciət etmək üçün müvafiq sənədlərin əslini prokurorluq, məhkəmə və daxili işlər orqanlarından ala bilməməsi olmuşdur. Məhkəməyə hazırda müraciət etməsinin səbəbi də, barəsində cinayət təqibinin bəraətverici əsaslarla xitam verilməsi barədə qərarın surətini təsadüfən əldə etməsidir. Cavabdehdən vurulmuş ziyanın ödənilməsi barədə 12 iyun 2020-ci il tarixdə rəsmi müraciətinə də cavab verilməmişdir. Ödənilməli olan maddi ziyanı onunla əsaslandırır ki, qanunsuz olaraq həbs olunmasa idi, hal-hazırda DİO-da xidmətlə əlaqədar rütbə alıb, xidmətin son yaş həddi ilə təqaüdə buraxılaraq təqaüdlə təmin olunar, əməkdaşlara aid olunan bütün mükəlləfiyyətlərdən istifadə edə bilərdi. Heç olmasa mənzillə təmin oluna bilərdi. Ödənilməli olan fiziki ziyanı onunla əsaslandırır ki, qanunsuz həbs olunaraq həbs düşərgələrində sağlamlığını itirmiş, əmək qabiliyyətsiz və xəstə haldadır. Bu vəziyyətdə evlənə bilməmiş, valideynlərinin evinə qeydiyyatda olmasına baxmayaraq, bağ evində kimsəsiz halda tək yaşayır. Ödənilməli olan mənəvi ziyanı onunla əsaslandırır ki, qanunsuz həbs olunaraq məhkumluq həyatı keçirməklə işlədiyi kollektivdə, qohum və qonşular, dostlar arasında nüfuzdan düşərək, qohum-qardaşlarının xeyir və şər mərasimlərində iştirak edə bilmir. İnzibati orqanlar tərəfindən fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi qanunla Maliyyə Nazirliyinə həvalə olunduğundan həmin təşkilat tərəfindən ödənilməlidir.
3. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2699/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).
4. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2699/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən görünür ki, iddiaçı barəsində cinayət işinə 06 noyabr 1991-ci il tarixdə xitam verilmişdir. Həmin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964cü il redaksiyasında) 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il təşkil edir. Həmin Məcəllənin 78-ci maddəsinə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyasında) 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Qüvvədə olan Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda, məhkəmə qətnaməsində istinad etdiyi “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu 1999-cu il 18 fevral tarixdə qüvvəyə mindiyindən, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə mindiyindən, həmin qanunvericilik aktlarının müddəaları hazırki mübahisəyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin Vİİ maddəsinə əsasən qanunun geriyə qüvvəsi yoxdur. İddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək islah işləri cəzası təyin edilmişdir. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana görə 20.000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-lı Qərarını nəzərə almayıb Adıçəkilən Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cı maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd edilən Qərarın 8-ci hissəsinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazları üzrə əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməli, qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Ona qarşı xüsusilə ağır cinayət törədildikdə — 330 manat, ona qarşı ağır cinayət törədildikdə — 165 manat, ona qarşı az ağır cinayət törədildikdə — 55 manat ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — 11 manat. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 20.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır.Bundan başqa məhkəmə qərar qəbul edərkən həm iddiaçıya ziyan vurmuş şəxslərin təqsirliliyini (qərəzli, əsaslı yanılma və səhv nəticəsində), iddia tələbinin yönəldiyi dövlət büdcəsinin vəziyyətini, qətnaməninin icrasının mümkünlüyünü və s. nəzərə aldıqdan sonra ədalətli mövqe nümayiş etdirməyə borclu idi. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Mənkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki. onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin qeyd edirik ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Beləliklə, Nəsimi Rayon Məhkəməsinin iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etmədiyi aşkardır. Qətnamədən də çöründüyü kimi məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyidirilməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon Prokurorluğunun baş müstəntiqi İ.Bağırov 12640 saylı cinayət işi materiallarına baxaraq 06 noyabr 1991-ci il tarixdə əsaslandırıcı hissədə göstərilənlər nəzərə alınaraq, cinayət əməli tərkibi olmadığından İddiaçı barəsində cinayət işinə xitam verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 09.02.1983-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası (SSR) Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 23-1-ci maddəsinə əsasən cəza şərti hesab edilərək, islah işləri cəzası təyin edilmişdir.
11. Bakı şəhər Məhkəməsinin 25.04.1983-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmışdır.
12. Bakı şəhər Məhkəməsinin 01.08.1991-ci il tarixli qərarı ilə dövlət ittihamçısının protesti təmin edilmiş, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 09.02.1983-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi əlavə araşdırma (istintaq) aparılması üçün Bakı şəhər Prokurorluğuna geri qaytarılmışdır.
13. Sonradan cinayət işi Bakı şəhəri Oktyabr rayon Prokurorluğuna göndərilmiş və yuxarıda adı qeyd olunan baş müstəntiq tərəfindən 10 sentyabr 1991-ci il tarixdə icraata götürülmüşdür.
14. Baş müstəntiq zərər çəkmiş şəxsin aldığı xəsarətlərin 22 sentyabr 1982-ci il tarixdə baş vermiş dava-dalaşda aldığı, lakin həmin xəsarətlərin iddiaçı tərəfindən yetirilmədiyi əsası ilə cinayət işi üzrə icraata xitam vermişdir. Hüquqi dəyərləndirmə:
15. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri həm iddiaçıya mənəvi zərərin dəyməsi faktının olmaması, həm də mənəvi zərərin ödənilməsi vəzifəsinin Maliyyə Nazirliyinə aid olmaması hallarının üzərində qurulmuşdur.
16. Məhkəmə kollegiyası iddiaçının mənəvi sarsıntıya məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirərkən qeyd edir ki, iş materiallarına əsasən, iddiaçı 1978-ci ildə hüquq fakültəsini bitirdikdən sonra, Daxili İşlər orqanlarında müstəntiq vəzifəsində çalışmışdır. Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 09.02.1983-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası (SSR) Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 23-1-ci maddəsinə əsasən cəza şərti hesab edilərək, islah işləri cəzası təyin edilmişdir. Daha sonra, Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon Prokurorluğunun baş müstəntiqi İ.Bağırov 12640 saylı cinayət işi materiallarına baxaraq 06 noyabr 1991-ci il tarixdə əsaslandırıcı hissədə göstərilənlər nəzərə alınaraq, cinayət əməli tərkibi olmadığından İddiaçı barəsində cinayət işinə xitam verilmişdir.
17. Hazırda iddiaçı cinayət təqibi orqanının səhvi nəticəsində cəzaya məhkum edildiyindən ona dəymiş mənəvi zərərin əvəzinin ona ödənilməsini tələb edir.
18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
19. Həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cı maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd edilən Qərarın 8-ci hissəsinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
20. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, iddiaçının kollegiya iclasında verdiyi izahatına və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, iddiaçının cinayət təqibi orqanının səhvi nəticəsində cəzaya məruz qalması iş materialları ilə öz təsdiqini tapdığından həmin hal işin mübahisələndirilməyən halını təşkil edir. İddiaçı bu səbəbindən xidməti vəzifəsindən kənarlaşdırılmış, səhhətində problemlər yaranmış, yaxınları arasında nüfuzu zədələnmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının xidməti vəzifəsindən kənarlaşdırılması, mənəvi sarsıntıya məruz qalması cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş və bunun nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır.
21. İddiaçının mənəvi zərərə məruz qalmasının normativ əsası həm Mülki Məcəllə, həm də Cinayət Prosessual Məcəllənin müddəalarında öz əksini tapır.
22. Belə ki, Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
24. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
25. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
26. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
27. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
28. Cavabdeh apellyasiya şikayətində hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməli olmasını və mübahisəyə hazırda qüvvədə olan qanunvericilik normalarının deyil, iddiaçı məhkum olunduğu zaman qüvvədə olan qanunvericilik normalarının tətbiq edilməli olmasını qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə vurğulayır ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə görə, şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Hazırki iddia tələbinin predmeti olan mənəvi zərər şəxsi qeyri-əmlak hüquqlarına aid olduğundan onun tələb edilməsinə iddia müddəti şamil edilə bilməz.
29. Baxılan mübahisəyə hazırki qanunvericiliyin tətbiq edilə bilməməsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 7.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qeyd edilən maddənin məzmunundan görünür ki, həmin müddəa Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanları istisna edir.
30. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
31. Hazırki mübahisədə qüvvədə olan qanunvericiliyin hüquq münasibəti yaranan dövrə tətbiq edilməsi iddiaçının vəziyyətini yaxşılaşdırdığından kollegiya hesab edir ki, Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Mülki Məcəllənin qüvvədə olan normaları tətbiq edilməlidir. Yəni, hazırki mübahisəyə iddia müddəti şamil edilməməlidir.
32. Bundan başqa, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir.
33. X2 87.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.
34. Mənəvi zərərin ödənilməsi vəzifəsinin Maliyyə Nazirliyinə aid olmaması ilə bağlı cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməli, qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi.
35. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göründüyü kimi, qanunsuz cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı dövlətin təqsirli şəxslərdən (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərdən) reqres qaydada vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır. Sadalanan hallara əsasən təqsirkar vəzifəli şəxslərin vəzifəyə cəlb edilməsi və dövlətin onlara qarşı reqres hüququnun olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
36. Mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəalarının nəzərə alınmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin müddəa zərərməkmişin cinayət qanununda nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə kompensasiya almaq hüququnu ehtiva edir. İddiaçı isə hazırki iddia tələbində cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edir.
37. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
38. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
39. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
40. Birinci instansiya məhkəməsi iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı doğru nəticəyə gəlsə də, kollegiya kompensasiyanın məbləği hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır.
41. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
42. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
43. Beləliklə, sadalanan xüsusatlara və hüquq normalarının tələblərinə əsasən, kollegiya cinayət təqibi orqanının səhvi nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin azaldılaraq 15000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş kompensasiya məbləğinin azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2699/2021 saylı, 05.05.2021ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev