Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-822/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı kapitanı X3 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/704 nömrəli material üzrə araşdırma zamanı İddiaçı şikayəti ilə bağlı izahatı alınmış Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Novxanı qəsəbə ərazisində olan Topaz mərc oyunlarına daxil olduğunu, iddiaçıdan balansının 2000 manat olub-olmadığını soruşduğunu, iddiaçının ona balansında 1000 manat pulun olduğunu bildirdiyini, iddiaçının ona 1000 manat pul kuponu verdiyini və birlikdə marketə gedib aparat vasitəsilə 2000 manat pulu köçürməyini təklif etdiyini, sonra marketə getdiklərini, pulunun maşında olduğunu bildirərək, pulu götürmək üçün maşına getdiyini və oradan da avtomobili ilə uzaqlaşdığını, pulu olmadığı üçün 1000 manat pulu ödəyə bilmədiyini, lakin hissə-hissə ödəyəcəyini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən "Topaz” mərc oyuları obyektində satıcı işləyir. xx.xx.2023-cü il tarixdə 15:40 radələrində sözügedən mərc oyunları öbyektinə cavabdeh gələrək, 2000 manat kupon vuracağını bildirmişdir. Bu zaman ona bildirmişdir ki, 1000 manat limiti var və bu zaman həmin şəxsə 1000 manat dəyərində kupon yazıb həmin kuponu terminalda qeydiyyatdan keçirmişdir. Həmin şəxslə birlikdə yaxınlıqda olan Oba marketə gedib kassa aparatının yanında olanda ona bildirdi ki, puldan 200 çatmır. Pulu gətirmək üçün maşına getmiş lakin oradan da maşını sürüb uzaqlaşmışdır. Özü də polisdə izahat verərək bunu etiraf etmişdir. Həmçinin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh bu vaxta kimi də pulu ödəmir. Ona görə də o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3147/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X2).
6. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilən mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh kassaa ödəniş etmək şərti ilə 1000 manat dəyərində kuponu vermiş, onun əvəzinə kuponun pulunu ödəmiş lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Abşeron Rayon Polis İŞ-də Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı dəyəri 1000 manat olan kuponu götürmüşdür. Hazırda iddiaçı cavabdehin pulu qaytarmadığını bildirərək, Cavabdeh 1000 manat məbləğində pulun tutulmasını tələb edir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Cavabdeh 1000 manat məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində iddiaçıdan almasını polisə izahatında yazılı şəkildə təsdiq etmiş və yazısını öz imzası ilə təsdiq etmişdir.zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçıya 1000 manat məbləğində maddi ziyan dəymişdir və bu məbləğ də zərər vurandan - cavabdehdən tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21.1 –ci, 1096-cı, 1097-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, “Topaz” məntəqəsi işlədir və həmin məntəqənin işləmə mexanizminə tam bələddir. Məndən ödəniş almadan kuponu qeydiyyatdan keçirməsi nəticəsində dəymiş zərərin məsuliyyəti onun üzərindədir. Çünki mərc etmə qaydaları o, özü pozmuşdur. Əgər həmin kuponlar uduşlu olmuş olsaydı o zaman sözsüz ki, həmin kuponları iddiaçı ona verməyəcəkdi. İddiaçının istinad etmiş olduğu polis bölməsindəki izahata gəldikdə isə həmin izahatı təzyiq altında vermiş və orada nə yazıldığını belə oxumamışdır. Sadəcə təzyiq altında imza çəkmiş ki, ondan əl çəksinlər. Hadisənin real olaraq necə baş verməsini məhkəmə iclasında səsləndirməsinə baxmayaraq, həmin izahatına məhkəmə qətnaməsində nədənsə yer verilməmişdir. İşin hallarından da görünür ki, öz hüquq və vəzifələrini düzgün yerinə yetirməyən tərəf əslində iddiaçı tərəfdir. Belə ki, o, məhkəmə iclasında iştirakı zamanı da bildirmişdir ki, onun qeyd olunan kuponları vurmaq fikri olmamışdır. Həmin vaxt iddiaçı ondan pulu almadan fikir olaraq bildirdiyi oyunların çekini artıq sistemə vurmuşdur. Çünki o, gözləmirdi ki, o, ondan pul almamış sistemə kuponları daxil edər. “Topaz"’ məntəqəsinin öz işləmə mexanizmi və qaydaları mövcuddur. İlkin olaraq mərc etmək istəyən şəxs boş kuponu götürərək orada sadə karandaşla qaralama edir, həmin qaralamanı gətirib kassada duran şəxsə təqdim edərək ödənişi edir və həmin ödənişin qeyd olunmuş kupona vurulmasını xahiş edir. Kassada oturan şəxs də ödənişi aldıqdan sonra öz hesabında mövcud olan vəsaitlə müştərinin vermiş olduğu kuponu ‘Topaz"’-ın ümumi sisteminə daxil edərək kassadan etibarlı kupon çıxarır. Hazırki situasiyada isə “Topaz"’ məntəqəsini işlədən şəxs öz vəzifələrini düzgün icra etməmiş, mərc qaydalarını pozmuş və bunun təqsirini onun üzərinə atmışdır. Hazırda onlayn olaraq mərc qaydaları il tanış olmaq mümkün olmaması səbəbindən həmin qaydaları buraya əlavə edə bilmir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi həmin mərc qaydalarını tələb etməli və iddiaçı tərəfin həmin qaydalara uyğun hərəkət edib-etmədiyini araşdırmalı idi. Məhkəmə tərəfindən müəyyən edilən mərc qaydalarını araşdırmaması iş üzrə ədalətsiz qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Həmin qaydalarda ‘Topaz”’ məntəqəsinin hansı qaydada işlənilməsi, kuponun hansı qaydada vurulması öz əksini tapmışdır. Məntəqəni işlədən şəxs ödəniş almadan kuponu vurursa, məsuliyyət onun öz üzərində olmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin dilməməsini xahiş etdi.
d) Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1084-cü maddəsinə əsasən lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh kassa ödəniş etmək şərti ilə 1000 manat dəyərində kuponu vermiş, onun əvəzinə kuponun pulunu ödəmiş lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Abşeron Rayon Polis İŞdə Cavabdeh izahatında da bildirmişdir ki, İddiaçı dəyəri 1000 manat olan kuponu götürmüşdür. Hazırda iddiaçı cavabdehin pulu qaytarmadığını bildirərək, Cavabdeh 1000 manat məbləğində pulun tutulmasını tələb edir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Cavabdeh 1000 manat məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində iddiaçıdan almasını polisə izahatında yazılı şəkildə təsdiq etmiş və yazısını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdeh iddia edilən hərəkətləri həmin zaman olan vəziyyətinə görə etdiyini, lakin iddiaçının ondan pulu almadan kuponu doldurub qeydiyyatdan keçirməsinin onun öz səhvi olduğunu bildirməklə ona hər hansı məbləğdə pul ödəməli olmadığını bildirmişdir.
21. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən belə bir kuponun doldurulması onun tərəfindən tələb edildiyindən, kuponun doldurulması üçün iddiaçı tərəfindən həmin məbləğ daxil edildiyindən onun tərəfindən pul ödənilmədiyindən iddiada göstərilən məbləğdə pulun cavabdeh iddiaçının xeyrinə tutulması qanuni və əsaslı olaqla cavabdehin irəli sürdüyü dəlili əsassızdır.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
23. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.