Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8220/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi eyni zamanda vəkili X1, Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 187/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201 k.m olan 4 otaqlı mənzilin təmirinə sərf etdiyi 50.000 manat alınaraq ona ödənilməsi, "xxxx" MMC-dən maddi ziyana görə 79000 manat və mənəvi zərərə görə 50.000 manat alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201.1 kv.m olan 3 saylı 4 otaqlı mənzilini 230.000 (iki yüz otuz min) manata satın almışdır. Həmin mənzil ona təhvil verilmiş və mənzili təhvil alandan sonra təmirinə 50.000 (əlli min) manat vəsait xərcləmişdir. Mənzili təmir edəndən sonra məlum oldu ki, həmin mənzillə bağlı həmçinin Cavabdeh1 ilə də müqavilə bağlanmış və Cavabdeh1 ona və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 04/03/01 nömrəli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-337/2016 saylı, 26 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə, ona və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi, cavabdehlər "xxxx" MMC və X8 arasında bağlanmış 26 may 2008-ci il tarixli Daşınmaz əmlakın (yaşayış sahəsinin) sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində (ümumi sahəsi - 201 k.m.) 4 otaqlı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2016 saylı, 26 may 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş və "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Yəni, cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2007-ci il tarixli müqavilə və onunla də bağlanmış 10 dekabr 2013-cü il tarixli, 04/03/01 nömrəli daşınmaz əmlakın sifarişi üzrə müqavilə qanuni hesab edilmiş. Lakin, mənzilin kimə verilməsi məsələsi həll edilməmişdir. Qeyd etdiyi kimi həmin mənzil onun istifadəsində olmaqla təmirinə 50.000 manat xərcləmişdir. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 onun faktiki istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında yerləşən, binanın 4-cü mərtəbəsində yerləşən, 3 saylı mənzilin qapısını qırmış və özbaşına mənzilə daxil olmuşdur. Bu barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir, lakin cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC ona məxsus olan vəsaiti əsassız olaraq 2013-cü il tarixdən 2019-cu il tarixədək istifadə etmiş və ondan fayda götürmüşdür. Həmçinin də həmin məbləğin 10 000 manatını hal- hazıra kimi geri qaytarmamışdır. Ona görə də hesab edir ki, cavabdeh ona məxsus olan 230 000 manata hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri, (230 000x5%= 11500x6=69000), cəmi: 79000 manat pul vəsaitini və ödədiyi 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Bundan başqa cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli mənzil iki nəfərə satılmış, 6 ildir ki, məhkəmələrdə çəkişirlər və həmin mənzil artıq əlindən alınmışdır və bunun da nəticəsində mənəvi iztirab keçirtmişdir. Cavabdeh tərəfindən bu cür alçaldıcı hərəkətlərə məruz qalmaq onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heç nə enmiş, bu sarsıntılar onun və ailənin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişlər və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışdır. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" MMC-dən ona vurduğu mənəvi zərərə görə 50. 000 (əlli min) manat tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-187/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Dövlət büdcəsinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 qətnamənin - Cavabdeh1 münasibətdə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin etməmişdir. Digər tərəfdən Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsində onun barəsində icra işi olduğunu öyrəndikdən sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində olan mülki iş üzrə olan qətnamə ilə tanış olarkən məlum olmuşdur ki, mübahisəli mənzillə bağlı AR ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertiza keçirilmiş və bununla bağlı ekspert mənzildə olmuşdur. Ekspertizanın tarixi 29 oktyabr 2020-ci il tarix kimi göstərilmişdir. Lakin qeyd olunan mübahisəli mənzili 2019-cu ildə satmış və mənzili alan adam həmin mənzili təmir edib orada yaşayır. Onunla əlaqə saxlamış və bildirilmişdir ki, mənzilə heç kim gəlib baxış keçirməmişdir. Həmçinin mübahisəli mənzilə baxış keçirilsə belə orada təmir işləri iddiaçı tərəfindən aparılmamışdır. Hesab edir ki, qeyd olunanlar məhkəmə tərəfindən araşdırılmalıdır. Qətnamədən həmçinin digər cavabdeh "xxxx" MMC də apellyasiya şikayəti verərək, qətnamənin – cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 (on min) manat və mənəvi zərərə görə 5.000 (beş min) manat tutularaq, İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı özü Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllədə inşa edilən yaşayış sahəsində 1ci bina, 4-cü mərtəbə 201 kv.m olan mənzili X2 200.000 (iki yüz min) manata almasını bildirmişdir. İddiaçı mübahisəli mənzilə görə X4 200.000 (iki yüz min) manat ödəməklə almasına baxmayaraq, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, buna görə də "xxxx" MMC-nin rəhbərliyi mübahisəni bitirməkdən ötrü İddiaçı 220 000 (iki yüz iyirmi min) manat ödəmişdir və həmin məbləğin almasını İddiaçı etiraf edir. Yəni, İddiaçı 20000 (iyirmi min manat) artıq pul vəsaiti ödənilmişdir ki, tərəflər arasında gələcəkdə hər-hansı mübahisə olmasın. Bu səbəbdən də iddiaçının "xxxx" MMC-yə qarşı iddia tələbi tam əsassızdır və şikayət olunan qətnamə də həmin hissədə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində onların iştirakı təmin edilməyib. İcra mərhələsində qətnamədən xəbər tutmuşlar. Ərizə ilə məhkəməyə müraciət edib qətnaməni əldə etmişdir. Əvvəl baxılmış iş üzrə ilə həm onun, həm digər şəxsin müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh1 ümumiyyətlə Azərbaycanda yaşamır, Rusiya Federasiyasının vətəndaşıdır. Uzun müddət Azərbaycanda olmayıb. Xəqani bildirir ki, 2019-cu ildən sonra həmin mənzilə gedişi olmayıb, həmin mənzilə girməyib, orada MTK və digər cavabdeh olub, iş materialları ilə tanış olanda görünür ki, ekspertiza təyin olunub. Ekspert neçə dəfə həmin mənzilə girməyə çalışıb, amma alınmayıb. Cavabdeh1 ekspert rəyini təqdim etmişdir. Cavabdeh1 ekspert rəyində göstərilən foto şəkillərdəki mənzilin sözügedən mənzil olmadığını iddia edir. Orada aparılmış təmir işlərindən xəbəri olmayıb. Cavabdeh1 dediyinə görə o, mübahisəli mənzili 2019-cu ildə başqa adama satmışdır. Başqa adam həmin mənzili təmir etmişdir. Amma ekspert rəyində göstərilən mənzilin təmiri yarımçıqdır. Bundan başqa ekspert rəyi bəsit tərtib olunub. Ekspert təmir işləri, təmir işlərinə sərf olunan avadanlıqların adını qeyd edir, həmin avadanlıqların qiymətlərini qeyd edir amma avadanlıqların qiymətləri ilə bağlı sübutları göstərməyib, müqayisəli təhlil aparmayıb, qiymətinin müəyyən edilməsi ilə bağlı mötəbər sübut qeyd edilməyib. Ekspert özündən görüləcək işlərin qiymətlərini müəyyən edir. Amma burada görüləcək işlərlə bağlı müqaviləyə istinad edilməyib. Ona görə hesab edir ki, iş üzrə ekspert rəyi mötəbər sübut hesab edilə bilməz. Nümayəndə (vəkil) sonrakı izahatında ekspert rəyində foto şəkli əks olunmuş mənzilin mübahisəli mənzil olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, təmirə evi alan kimi başlamışdır. Qısa müddət ərzində təmiri yekunlaşdırmışdır. Təmiri yekunlaşdırmağa 10 günlük iş qalmışdı ki, dedilər qapılar sökülüb, mebel alınacaqdı, xırda məsələlər - oboy qalmışdı, 10 günə köçəcəkdi. Sonra ona xəbər etdilər ki, mənzili satıblar, qapını söküblər və s. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni zamanda vəkili X3 apellyasiya şikayətlərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsində də özü qeyd edir ki, mənzil Tariverdiyev Kamran tərəfindən təmir olunub. Bu iddia ərizəsi təmin edilməyib. Arxivdən götürülən işdə də deyilir ki, mənzil təmir olunur. Həmin işdə də qeyd edilir ki, mənzilə giriş-çıxış qadağan olunub. Mənzilə giriş çıxış qadağan olunur, çünki mənzildə təmir işləri aparılır. Tərəf özü də etiraf edir ki, mənzildə təmir işləri aparılır. Cavabdeh1 deyir ki, uzun müddət Azərbaycanda yaşamayıb. Amma onlarla olan mübahisəyə Konstitutsiya Məhkəməsində də baxılıb. Deyilir ki, məhkəmə qətnaməsi icra olunub. Amma icra olunmayıb. "xxxx" MMC-nin Cavabdeh1 qarşı müqavilənin etibarsızlığı tələbi təmin edilməyib. Onun müqaviləsi etibarsız hesab edilməyib. Bundan istifadə edib mənzilin qapısını qırıb içəri girir. Sonra mənzili mülkiyyətinə keçirir, başqa şəxsə satır. Ekspertlə mənzilə baxış keçirilmişdir. İddiaçı 2013-cü ilin dekabr ayında mənzili almışdır. İddiaçının Bakı şəhəri Nəsimi rayon Məhkəməsində işə baxılan zaman bu məhkəmələrdən xəbəri olub. O vaxt artıq təmir işləri olmuşdu. Əslində evə oboy vurulmamalı idi. İddiaçının qayınatası təmir etmişdi. Mənzilin giriş hissəsinə parket vurulacaqdı, ancaq bu iş qalmışdı. Əslində 50000 manatdan çox pul xərclənib. Mənzilin indiki halı ilə ekspertiza təyin edilsə qiymət 80 000 manat müəyyən ediləcəkdi, çünki mənzili alan imkanlı şəxsdir, daha bahalı təmir edib. Bundan başqa ekspertlə birgə baxış keçirəndə orada həqiqətən də dikt olub, parket yox idi. Həbs qoyulanda girişdə heç nə olmayıb, beton idi. Metlax sanitar qovşaqda idi. Digər otaqlarda hamısında dikt idi. Balkonda nə olduğunu görməmişdir. Həmçinin dəqiqləşdirmə zamanı müəyyən edilmişdir ki, parketi artıq vururdular, amma həbs qoyulduğu üçün giriş olmadı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehlər isə apellyasiya şikayətlərində qətnaməni iddia tələbinin onlara aid təmin edilən hissədə mübahisələndirmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, digər cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən - cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 (on min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04/03/01 saylı, 10.12.2013-cü il tarixli müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4 mərtəbəsində (ümumi sahəsi 201,1 kv.m olan) 4 otaqlı 3 №li mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsində götürür. “İcraçı” “sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürür. Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Sifarişçi mənzilin dəyərini birdəfəlik və yaxud hissə-hisssə ödəyə bilər. İş materiallarında olan "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-ə məxsusdur. Bu binanın 01 giriş, 4 mərtəbəsində ümumi sahəsi 201,1 kv.m olan 4 otaqlı 3 №li mənzil payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29.05.2007-ci il tarixli müqavilədən görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən yaşayış sahəsində İ binanın 4 mərtəbəsində (ümumi sahəsi 201,1 kv.m olan) 4 otaqlı 3 №li mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərcləri öz öhdəsində götürür. “İcraçı” “sifarişçinin” istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz öhdəsinə götürür. Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir. Sifarişçi mənzilin dəyərini birdəfəlik və yaxud hissə-hisssə ödəyə bilər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, "xxxx" MMC tərəfindən 386-cı məhəllədə inşa edilmiş 21 mərtəbəli binanın, 01 ədəd 04 otaqlı ümumi sahəsi 201 kv.m olan 02 №li mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli, 2(102)-1536/2017 saylı qərarından görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddialar cavabdeh X5 ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6876/2016 saylı nömrəli iş üzrə 19 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-nə, İddiaçı və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMCnin cavabdehlər Cavabdeh1 və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi tam təmin edilmiş, cavabdehlər "xxxx" MMC və X8 arasında bağlanmış 26 may 2008-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində (ümumi sahəsi -201 kv.m) 04 otaqlı məzilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2007-ci il tarixli Daşınmaz əmlakın sifarişi üzrə müqavilə etibarsız hesab edilmişdir. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X9 tərəfindən qəbul edilmiş 17 sentyabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən tərəflər arasında mülki mübahisəli məsələ ilə bağlı gələcəkdə aralarında narazıçılıq yaranarsa onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli, 10/1553 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mübahisəli 3 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 42000,0 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini – “Cavabdeh1 təmir işləri üçün xərclənmiş 42.000 (qırx iki min) manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi” hissəsində düzgün nəticəyə gəlmiş, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində - “mübahisəli mənzillə bağlı AR ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertiza keçirilməsini və bununla bağlı ekspert mənzildə olmasını öyrənmiş, Ekspertizanın tarixi 29 oktyabr 2020-ci il tarix kimi göstərilmişdir. Lakin qeyd olunan mübahisəli mənzili 2019-cu ildə satmış və mənzili alan şəxs həmin mənzili təmir edib orada yaşayır. Onunla əlaqə saxlamış və bildirilmişdir ki, mənzilə heç kim gəlib baxış keçirməmişdir. Həmçinin mübahisəli mənzilə baxış keçirilsə belə orada təmir işləri iddiaçı tərəfindən aparılmamışdır.” Lakin iş materialları ilə müəyyən edilmişdir ki, R.Abdullayevin ərizəsi əsasında İddiaçı ilə 10.12.2013-cü il tarili 04/03/01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə İddiaçı ilə bağlandıqdan sonra mübahisəli mənzil ona təhvil verilmiş və İddiaçı mənzilin təmirinə başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)- 337/2016 saylı mülki işi apellyasiya baxışı zamanı məhkəmənin arxivindən götürülərək müəyyən edilmişdir ki: Qeyd olunan qətnamədən Cavabdeh1 və A.Məmmədov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6876/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış; Həmin qətnamədən ilk iddia üzrə iddiaçı Cavabdeh1 və ilk və qarşılıqlı iddialar cavabdeh X5 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1536/17 saylı, 07 mart 2017-ci il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 6876/2016 nömrəli iş üzrə 19 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 mart 2017-ci il tarixli qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6876/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qətnaməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7444/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 2(005)-337/2016 saylı qətnaməsi - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı aralarında bağlanmış 29 may 2007-ci il tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsi iddiasına aid hissədə ləğv edilmiş və həin hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin olunmamışdır. Qeyd olunan iş üzrə Cavabdeh1 iddia ərizəsindən görünür ki, hazırda mübahisələndirilən mənzilin qapısı dəyişdirilmiş və cavabdeh İddiaçı tərəfindən orada təmir işlərinin aparılmasına başlanılmışdır. Göründüyü kimi İddiaçı mübahisəli mənzili aldıqdan sonra orada təmir işlərinə başlamış, lakin sonradan mənzilin başqa şəxslərə satılması ilə bağlı olaraq yaranmış mübahisədən sonra təmir işlərini yekunlaşdıra bilməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı da təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli, 10/1553 saylı ekspertiza rəyindən göründüyü kimi İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mübahisəli 3 saylı mənzili üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 42000,0 manat məbləğində müəyyən edilir. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya baxışı zamanı işin obyektiv həllinə nail olmaq üçün ekspert İlham Xudiyev məhkəm iclasına dəvət edilmişdir. Ekspert izahatında bildirmişdir ki, mübahisəli mənzilə baxış keçirilərkən həmin mənzildə mülkiyyətçi olmuş və təmir işləri gedirdi. Bununla bağlı mülkiyyətçidən hansı təmir işlərin görməsini soruşmuş və həmin işlərin çıxılması nəticəsində yerdə qalan təmir işlərinə görə çəkilmiş xərc müəyyən edilmişdir. Məbləğin müəyyən edilməsi isə məhz bazar qiymətinə uyğun olaraq görülmüş işlərin, alınmış avadanlıqların aşağı qiyməti əsas götürülmüşdür. Göründüyü kimi İddiaçı mənzili əldə etdikdən sonra orada təmir işlərini həyata keçirmişdir, sonradan isə mənzilə dair mübahisə yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Maddi ziyanın məbləği isə ekspert rəyinə uyğun olaraq müəyyən edilməklə həmin rəydəki məbləğin düzgün olmaması və ya təkzib edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi eləcə də vəkilinin izahatından müəyyən edilmişdir ki, Cavabdeh1 uzun illər ölkə xaricində yaşamışdır və iddiaçıda məhkəmə barədə məlumatın olmaması ağlabatandır. Məhkəmə kollegiyası digər cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 386-cı məhəllə ünvanında inşa edilən 1-ci binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 201.1 kv.m olan 3 saylı 4 otaqlı mənzilini 230.000 (iki yüz otuz min) manata satın almasını bildirsə də iş materiallarında qeyd olunan mənzilin məhz 230.000 (iki yüz otuz min) manata alınması öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2016 saylı, 26 may 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı mübahisəli mənzili Ramin Abdullayev adlı şəxsən 200.000 manata əldə etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə mənzillə bağlı ümumiyyətlə pul ödənilməsi müəyyən edilməmişdir. İşin müəyyən edilən halı ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilə görə Ramin Abdullayevə 200000 manata pul ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 10000 manat pulun tutulması hissəsində əsassız olmuşdur, birinci instansiya məhkəməsi isə hər hansı bir mötəbər sübuta istinad etmədən iddia tələbini həmin hissədə təmin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdeh "xxxx" MMC-dən mənəvi ziyanla bağlı iddiaçının xeyrinə 5.000 (beş min) manat pulun tutulması işin hallarına uyğun olmuşdur. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” İş materiallarından göründüyü kimi mübahisəli mənzilin bir neçə şəxsə satılması hazırki və daha əvvəlki iddiaların qaldırılmasına, uzun illər məhkəmə çəkişmələrinin davam etməsinə rəvac vermiş, bununla da "xxxx" MMC tərəfindən iddiaçıya mənəvi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, digər cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən - cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 (on min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" MMC –nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-187/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən – “cavabdeh "xxxx" MMC-dən maddi zərərə görə 10.000 (on min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8220/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8220/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver