Məhkəmə qərarları › İş №2(103)-823/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-823/2024

14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-823/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpağın naturada bölünməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-86/2023 nömrəli, 05 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, Bakı şəhəri, 10 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.1995-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı, bacısı X11, vəfat etmiş qardaşı X6 vərəsələri və arvadı X7 və qızı X4 ünvan miras əmlakdan ona və bacısı Ağca Mehdiyevaya 1/4 hissədə, vəfat etmiş qardaşı X6 vərəsələri arvadı X7 və X4 ¼ hissədə pay keçmiş, ¼ hissədə açıq qalmışdır.

2. İş materiallarında olan miras payın bağışlanması haqqında müqavilənin surətindən aydın olur ki, X11, X7, X10 ünvan ünvanında yerləşən sahəni İddiaçı bağışlamışlar.

3. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan ¼ hissədə Cavabdeh, ¾ hissədə isə İddiaçı paylı mülkiyyətindədir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA№629509 saylı torpaq sahəsinin planı və ölçüsünün sürətindən görünür ki, ünvan ünvanı mərhum X8 məxsusdur.

5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/2556 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən mübahisə predmeti olan 1690 saylı torpaq sahəsinin yalnız 1 tərəfdən yol (küçə) ilə əhatə olunduğu, torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evinin mövcud olduğunu, həmçinin torpaq sahəsinin bölünəcəyi təqdirdə əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranacağını nəzərə alaraq qeyd olan torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edildi.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 3/4 hissədə onun mülkiyyətində, 1/4 hissədə Cavabdeh mülkiyyətində olan paylara uyğun olaraq onun və Cavabdeh arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci i tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 10 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.1995-ci il tarixdə ölmüş X3 vərəsəsi İddiaçı, bacısı X11, vəfat etmiş qardaşı X6 vərəsələri və arvadı X7 və qızı X5 ünvan miras əmlakdan ona və bacısı Ağca Mehdiyeva ¼ hissədə, vəfat etmiş qardaşı X6 vərəsələri arvadı X7 və qızı Quliyev Şamil qızına ¼ hissədə pay keçmiş, ¼ hissədə açıq qalmışdır. 21 avqust 2021 -ci il tarixli miras payının bağışlanması haqqında müqaviləyə əsasən X12, X7, X9 öz paylarını ona bağışlamışlar. Onun adına çıxarış verdikdən sonra açıq qalan 1/4 hissə Cavabdeh tərəfindən qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlak reyestrində **********41 saylı çıxarışına əsasən ünvan 3/4 hissədə mükiyyətində, 1/4 hissədə Cavabdeh mülkiyətindədir. O, bildiriş göndərməklə paylı mülkiyyətdə olan bağ sahəsinin 0.12 ha olan torpaq sahəsindən girişdən 0.09 ha onun, arxa sahənin Cavabdeh öz sahəsinə birləşməsi ilə naturada ayrılmasını təklif etmişdir, çünki başqa qaydada mümkün deyildir. Lakin cavabdeh onun təklifinə heç bir cavab verməmişdir. Onunla razlaşmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini, miras payın bağışlanması müqaviləsinin surətini, Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində **********41 saylı çıxarışın surətini, cavabdehə göndərilmiş bildiriş və qəbzi, dövlət rüsumunun ödənilməsi barədə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı, etibamamənin əslini, vəkil orderinin əslini iddia ərizəsinə əlavə edib.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-86/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50,0 (əlli) manat məbləğində pulun İddiaçı tutulub X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1-220.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, 12 sot torpaq sahəsi hələ xx.xx.2021-ci ildə İddiaçı tərəfindən bütün xərclər qarşılanmaqla X3 adına özəlləşdirilərək rəsmiləşdirilmişdir (qəbzlər təqdim edilmişdir). Sənədləşmədən sonra vərəsəlik təsdiqlənmiş və X3 şifahi surətdə bütün vərəsələrin yanında iddiaçıya vəsiyyət etdiyi 12 sot torpaq sahəsinin sənədləşməsi prosesinə başlandı. Sənədləşmə vərəsələrin bağışlanma müqaviləsinə əsasən, Cavabdeh imtinası ilə başlandı. İlkin olaraq sənəd 1/4 hissə X13 və 3/4 hissə İddiaçı natura bölgüsündə xx.xx.2021-ci ildə rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh vərəsəliyini təsdıqləyərək, açıq qalmış 1/4 hissəni xx.xx.2021-ci ildə sənədləşdirmişdir. Şəfiyev Teymurun şifahi vəsiyyətinə məhəl qoymayan Cavabdeh ona 1994-cü ildə müqavilə ilə 24 sotluq torpaq sahəsinin 12 sotunun verilməsinə baxmayaraq, 1994-ci ildən iddiaçını sahəyə yaxın buraxmayaraq (qız övladı olduğu ücün) sahəni mənimsəmiş, həmin sahədə məqsədyönlü ona ayrılmış sahədə deyil, məhz qanuni şəkildə iddiaçıya düşən sahədə Şəfiyev Teymura məxsus evi qeyri-qanuni şəkildə mənimsəyərək genişləndirmişdir. Daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən Cavabdeh ona məxsus 12 sot ( bütün sənədlərdə qeyd edilmiş qonşu sahə elə onun özünə aiddir (rəsmi sənədlərdə 1690A nömrəli sahə adlanır)) sahəsini hələ də hasarla ayırmamış və qapı qoymamışdır. Bu gündə mübahisəli sahənin girişindən istifadə edir. Başqa sözlə desək, tərəflərin mərhum atasına məxsus olan 24 sot torpaq sahəsini birbirindən hasarla bərabər hissələrə ayırmadan (12+12 (9+3)=24 sot) və bərabər ayrılmış hər bir hissə üçün ayrıca giriş-çıxış qapısı qoymadan, yalnız cəmi bir giriş-çıxış qapısı qoymaqla təkbaşına qanunsuz olaraq istifadə edir. Paylı torpaq sahəsində cəmi bir qapı olduğundan həmin qapını bağlayaraq iddiaçının öz mülkiyyətindən istifadə etməyinə qanunsuz və əsassız olaraq məhdudiyyət qoyur. İddiaçının istəyi 0.09 ha ölçüsü olan öz torpaq sahəsini paylı torpaq sahəsinin naturada bölünməsi yolu ilə əldə etmək və təyinatı üzrə istifadə etməkdir. İddiaçı təklif edir ki, yolu ayırmaqla və 3 sot torpaq sahəsini 12 sotdan ibarət olan 1690A nömrəli öz sahəsinə birləşdirməklə qapı ayrılsın və ya qanunsuz tikili olan və vaxtı ikən tərəflərin atasına məxsus olan, sonradan genişləndirilərək istifadə etdiyi həmin evi 3 sot torpaq sahəsində əhatə edərək, ümümi 12 sotun ön hissəsindən ayrılmaqla özünə götürüb, geridə qalmış iddiaçıya məxsus 0.09 ha torpaq sahəsi üçün ayrıca giriş-çıxış təmin olmaqla naturada bölgüsünün təmin edilməsidir. Məhkəmənin müvafiq qətnaməsində “işin faktiki halları” ilə bağlı hissəsində deyilir ki, “...İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində(?) naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır... ...Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan ünvanda yerləşən, ümumi birgə istifadədə olmaqla tərəflərin mülkiyyətindədir, lakin iddia tələbi olan Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəsbəsi,1690 saylı bağ sahəsi torpaq sahəsi dövlət mülkiyyətindədir(?). Hazırda iddiaçılar həmin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər...” Göründüyü kimi, məhkəmə işin faktiki halları hissəsində bir çox səhvlərə yol vermişdir. Məhkəmə səhvən torpaq sahəsinin naturada bölünməsi əvəzinə payların ayrıca mənzillər şəklində naturada ayrılmasından, qeyd edilən torpaq sahəsi tərəflərin xüsusi mülkiyyətində olduğu və iş materiallarında mövcud olan sübutlarla, həm də məhkəmə tərəfindən təsdiq olunduğu halda, səhvən torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən işin əsas faktiki halları-qeyd edilən torpaq sahəsinin arxa hissəsindəki qonşu torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında məhz hal-hazırkı mülki iş üzrə cavabdehə məxsus olduğu, buna görə də həm paylı mülkiyyətdə olan bağ sahəsinin 0.12 ha olan torpaq sahəsindən girişdən 0.09 ha mənim, arxa hissədə 0.03 ha sahənin Cavabdeh öz sahəsinə birləşməsi ilə naturada ayrılmasının mümkün olması, həm də paylı mülkiyyətdə olan bağ sahəsinin 0.12 ha olan torpaq sahəsindən girişdən 0.03 ha torpaq sahəsinin iki sot yarım ölçüsündə olan hissəsinin üzərində inşa edilən fərdi yaşayış evinin və ona bitişik çatışmayan ölçüdə torpaq sahəsinin Cavabdeh, arxa hissədə olan 0.09 ha torpaq sahəsinin mənə məxsus olmaqla bir-birindən hasar çəkilərək təcrid edilmək yolu ilə naturada bölünməsinin mümkün olması və başqa alternativ variantlarda payların naturada ayrılmasının mümkünlüyü və sair hallar məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş və qiymətləndirilməmişdir. Apellyasiya şikayətinə əlavə edilən şəkillər və həmin şəkillərdə təklif edilən həll yolları ekspert rəyinin və həmin rəy əsasında qəbul edilən müvafiq məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu, iddiamın qanuni və əsaslı olmasını və buna görə iddiamın təmin edilməli olmasını təsdiq edir. Məhkəmənin öz qətnaməsində müəyyən etdiyi faktiki halların əsasını tərəflərin məhkəməyə təqdim etdiyi sənədlər təşkil etmişdir və iş materiallarında məhkəmənin müəyyən etdiyi faktiki halları təsdiq edən kifayət edəcək qədər mötəbər sübut yoxdur. Beləliklə, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün müvafiq faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

14. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə ərizə ünvanlayaraq iştirakları olmadan iclasın keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

16. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

17. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

18. Maddə 220.1. paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

19. Maddə 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

20. Maddə 220.3. paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-86/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

37. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İddia ərizəsindən görünür ki, ünvan , ümumi birgə istifadədə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Hazırkı mülki iş üzrə iddiaçı həmin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

39. Kollegiya qeyd edir ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur.

40. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.

41. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

42. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

43. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

44. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır .

45. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz.

47. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, mübahisəli torpaq sahəsinin yalnız 1 tərəfdən yol (küçə) ilə əhatələnməsi ərazinin tərəflərin paylarına uyğun şəkildə naturada bölgüsünü qeyri-mümkün edir, bu hal ekspert rəyi ilə təsdiq olunur.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-86/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar