Məhkəmə qərarları › İş №2(103)-8239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8239/2021

16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8239/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(011)-853/2021- 025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin təmir-tikinti işlərinə sərf olunmuş 200.000 (iki yüz min) ABŞ dolları və mənəvi zərərə görə 200.000 (iki yüz min) manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın gələcəkdə təmin edilməsi tədbiri kimi ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226.6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin təmir-tikinti işlərinə sərf olunmuş təxminən 200.000 (iki yüz min) ABŞ dolları pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi və mənzildə olan çeklər, ödəniş qəbzləri və smetaların alınması üçün həmin mənzilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6410/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan maraqlarına toxunan şəxs X2 tərəfindən şikayət verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(011)-6410/2020 saylı qərardadının ləğv edilməsi, mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-853/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6410/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6410/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmiş, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmiş, ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzildə (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M22, m2) 2(011)-853/2021 saylı mülki iş üzrə ekspertiza keçirilənədək təmir-tikinti işlərinin həyata keçirilməsinin Cavabdeh, mənzilin mülkiyyətçisi X1 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(011)-853/2021 saylı qərardadından şikayət verərək, qərardadın əsassız olduğunu bildirərək, onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadla iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin qərardad qəbul edilərkən mübahisəli mənzilin mülkiyyətçisinin artıq dəyişməsi, tərəflər arasında olan hazırki mübahisənin ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin təmir-tikinti işlərinə sərf olunmuş xərclərlə bağlı olması, mülki iş üzrə ekspertizanın keçirilməsinin zəruriliyi nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri qismində mübahisəli əmlakın üzərinə həbs qoyulmasına dair vəsatəti təmin etməməsi düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Prosessual qanunvericiliyin bu normalarının məzmunundan da görünür ki, iddianı təmin etmə tədbiri iddianın gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq edilir. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasında həmin mənzillə bağlı mülki mübahisələr olmuş və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mənzil cavabdehə verilmişdir. Hazırkı iddia tələbi isə mənzillə deyil, həmin mənzilin təmirinə çəkilmiş xərclərlə və mənəvi ziyan tələbi ilə bağlıdır. Göstərlənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmılıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-853/2021-025 saylı iş üzrə 01.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar