Məhkəmə qərarları › İş №2(103)-8247/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8247/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8247/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərin əvəzi olaraq 2000 manatın ödənilməsini, 13000 ABŞ dolları məbləğində borcun gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərə görə isə illik 5% olmaqla, 48 ay, hər ay üçün 55 ABŞ dolları olmaqla, ümumilikdə 2640 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-1139/20) iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pulun öhdəlik icra olunan zaman məzənnə üzrə manatla tutulması qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı gecikdirilmiş vaxt üçün faizin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə icra olunmamış vaxt müddətini xx xxxxx 2011-ci il tarixdən hesaba almaqla son müddəti xx xxxxxx 2015-ci ilədək müəyyən etməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-6273/2016 saylı qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin icra olunmasına bu günədək əməl etməmişlər, məhkəmənin müəyyən etdiyi barəsində məhkəmə qətnaməsi ilə qət olunmuş 13000 ABŞ dollarının ödənilməsinə, qətnamənin icra olunmasına əməl etməmişlər. Cavabdehlər Suraxanı Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsinin icra olunmasına əməl etmədiklərinə görə məhkəmə ödənilməmiş vaxt üçün cavabdehlərdən müştərək qaydada 1516.66 ABŞ dollarının tutulub ona verilməsinə baxmayaraq onlar təkrarən dörd ildir ki, 13000 ABŞ dollarından ödəniş etməmişlər və bu nəticədə 48 aya bərabər tutulur və 2640 ABŞ dolları təşkil edir. Cavabdehlərin bu kimi hərəkətlərindən ona dəymiş mənəvi zərərə görə də 2000 manat pul tutulmalıdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-1367/2013 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 13000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı etiraf edərək xx.xx.2011-ci il tarixdən iddiaçıya 13000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin borclu olduqlarını üzərinə götürmüşlər. Həmin qətnaməyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2013-cü il tarixli icra vərəqəsi verilmişdir. Lakin cavabdehlər uzun müddətə özgəsinin pul vəsaitini qanunsuz olaraq özlərində saxlamış, 13000 ABŞ dolları məbləğində borcu ödəməkdən qərəzli şəkildə yayınmışlar. Bundan sonra, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ona olan 13000 ABŞ dolları məbləğində borcun gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərə görə, yəni xx.xx.2013-cü il tarixdən qətnamə çıxarılanadək illik 5% olmaq şərtilə pulun ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə və mənəvi ziyan olaraq 2000 ABŞ dolları məbləğində pulun alınaraq alınaraq İddiaçı verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 1516.66 ABŞ dolları məbləğində pul vəsaiti, mənəvi ziyana görə 200 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmiş, qətnamədən cavabdehlərdən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra – xx.xx.2020-ci il tarixdə İddiaçı yenidən məhkəməyə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərər olan 2000 manatın ödənilməsini, 13000 ABŞ dolları məbləğində borcun gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərə görə illik 5% olmaqla, 48 ay, hər ay üçün 55 ABŞ dolları olmaqla ümumilikdə 2640 ABŞ dollarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin hazırkı vaxtadək icra olunmamasında onların təqsiri yoxdur. Belə ki, onlar işləmir və heç bir yerdən gəlirləri yoxdur. Onlar qətnaməni icra etmək niyyətində olmuşlar. Bununla bağlı maddi imkanları olmasa da, çətinliklə əldə etdikləri 3000 manat pulu borcun ödənilməsinə yönəltmişlər. Həmçinin, onlara məxsus avtomobilin üzərinə 2014-cü ildən həbs qoyulmuş, lakin avtomobil icra məmurları tərəfindən satılmamış və borcun ödənilməsinə yönəldilməmişdir. Nəticədə borc ödənilməmiş qalmışdır. Belə ki, onlar, həmin avtomobilin satılmasına razı olmuşlar. Bununla bağlı dəfələrlə icra məmuruna müraciət etsələr də, icra məmuru tərəfindən avtomobilin satılması təmin edilməmiş və bununla da, borcun uzun müddət ödənilməmiş qalmasına şərait yaratmışdır. İcra məmuru borcu cavabdehin təqaüdünə yönəltməmiş, bu barədə müraciətlərinə laqeyd yanaşmışdır. Cavabdehlər məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehlər hazırda birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilən hissəsində mübahisələndirmişlər. İddianın təmin edilməyən hissəsində qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də hazırkı qətnamə yalnız cavabdehlərin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsini hazırkı tarixədək icra etməməklə ona zərər vurmuşlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı cavabdehlərin ona olan 13000 ABŞ dolları məbləğində borcu gecikdirməsi ilə əlaqədar vurulmuş zərərə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixədək illik 5% olmaq şərtilə pul tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar