Məhkəmə qərarları › İş №2(103)-825/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-825/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-825/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 11, 1 saylı mənzil İddiaçı, həmin binanın 5 saylı mənzili isə Cavabdeh mülkiyyətində və faktiki istifadəsindədir. İddiaçı qonşu mənzildən onun mənzilinə su axıdıldığını iddia edərək ona dəymiş zərəri tələb edir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 2822 manat və mənəvi zərərə görə 2.000 manat olmaqla, ümumilikdə 4822 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 69 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus mənzilə üst mərtəbədən, yəni 11 nömrəli evin 5 saylı mənzilindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə su axıntıları olmuş və yeni təmir olunmuş mənzil yararsız vəziyyətə salınmışdır. Qeyd edilən bu hallarla bağlı olaraq cavabdehə dəfələrlə xəbardarlıqlar edilmiş, lakin sonuncu tərəfindən bu xəbardarlıqlara məhəl qoyulmamış, həmçinin vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli (hakim G.Əkbərli, iş № 2(004)-492/2023) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq 2.822 manat, mənəvi zərərə görə 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50,22 manat olmaqla, cəmi 3072,22 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və 100 (yüz) manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, işin faktiki hallarına görə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi mübahisəsizdir və buna görə də mənzilə dəymiş maddi ziyanın əvəzi olaraq ekspert rəyi ilə müəyyən edilmiş 2822 manat məbləğində pul, həmçinin 200 manat mənəvi zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yuxarıda qeyd edilən normalara və işin faktiki hallarına istinad edərək onun hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəyməsini mübahisəsiz hesab etməkdə əsaslı olmamışdır. Belə ki, ekspert rəyində mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış kommunikasiya xətləri (su kanalizasiya boru xətləri) gizli (malaaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadığı halda, cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilməklə, müəyyən vaxt keçdikdən sonra iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Yasamal Rayon MKTB-nin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda 1 saylı mənzildən suyun axıdıldığını göstərilmişdir. Lakin məhkəməyə təqdim edilmiş heç bir sənəddə iddiaçının mənzilinə suyun konkret olaraq onun mənzilindən axıdılmasını və bu işdə bilavasitə ounn təqsirkar olmağı sübut olunmur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzilinə su axıdılmasına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

24. Cavabdeh isə iddiaçıya maddi ziyanın dəydiyini etiraf edir, lakin ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğlə razı olmadığını bildirir.

25. Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin ona məxsus 5 saylı mənzildə sudan nəzarətsiz istifadə etməsi nəticəsində iddiaçıya məxsus 1 saylı mənzildə qüsurlar yaranmış və maddi ziyan dəymişdir. Həmçinin, həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri cəmi 2.822 manat müəyyən edilməklə divarda, tavanda və döşəmədə aparılmalı olan təmir işlərinin, eyni zamanda təmir materiallarının hər birinin dəyəri ayrı-ayrılıqda hesablanaraq rəyə əlavə edilmiş smetada qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənzilinə dəymiş ziyanı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ həcmində müəyyən etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.

27. İşdən görünür ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddianı qismən – iddiaçının mənzilinə suyun axıdılması hissəsində etiraf etmiş, yalnız maddi ziyanın həcmini mübahisələndirmişdir. Bundan əlavə ekspert rəyi ilə cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su sızması nəticəsində sonuncuya ziyan dəydiyi faktı müəyyən olunmuşdur. Həmçinin, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat birliyinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və aktın məlumatlarında 1 saylı mənzildən suyun axıdıldığı göstərilmişdir. Eyni zamanda qeyd olunur ki, baxış keçirilən zamanı iş üzrə cavabdeh ona məxsus 5 saylı mənzildə sudan nəzarətsiz istifadə edilməsi səbəbindən iddiaçıya məxsus 1 saylı mənzilə suyun sızdığını bildirmişdir.

28. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

30. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığı təsdiq olunmuşdur.

31. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su sızmasının texniki səbəbi, suyun axıdılma halları nəticəsində zərər dəymişdirsə, dəymiş zərərin həcmi, dəymiş zərərin bərpa olunması üçün tələb olunan pulun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4060 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 11 nömrəli evin 1 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2822 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.

33. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

34. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

35. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 37.

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar