Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8260/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(001)-3814/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə bağladığı alqı-satqı müqavilələri əsasında ünvan 1, 1-ci bina, 1-ci giriş, 28 saylı mənzilə və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qaraja mülkiyyət hüququ almaq üçün Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən protokoldan çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında bağlanmış alqısatqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən 28 saylı mənzili və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qarajı almışdır. Mənzil və qarajı aldığı tarixdən uzun müddət ərzində Cavabdeh Mənzil-Tikinti Kooperativi onun hüquqlarını pozmuş, mənzilinə və qarajına dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, binanı istismara verərək dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən vəzifəsi olan tədbirləri görməmişdir. Aldığı mənzilin müqaviləsinin 2.1-ci maddəsinin 5-ci abzasına, qarajın müqaviləsinin 3-cü abzasına görə verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (“payçının hesabına orderin və kupçanın verilməsi və s) Cavabdeh MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. Aldığı mənzil və qaraj üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Cavabdeh MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsə də, sonuncular təhvil-təslim aktını imzalamaqdan və mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etmişlər. Cavabdeh MTK tərəfindən binada tikinti işləri tam görülməyib, bəzi işlər yarımçıq qalıb. Pilləkən qəfəsinin çöl pəncərələri quraşdırılmayıb, zirzəmidə tamamlama-bəzək işləri tam başa çatdırılmayıb. Qısa müddət keçməsinə baxmayaraq, binanın fasadında suvaq və rəng qatının aşınması nəticəsində binanın fasadı pis vəziyyətə düşmüş, fasadın estetik görünüşü pozulmuşdur. Qeyd olunan çatışmazlıqlar tikinti zamanı MTK tərəfindən tikintidə mövcüd “İnşaat Norma və Qaydaları”nın tələblərinə əməl olunmamasını göstərir. Bundan əlavə, mənzil alınan zaman MTK tərəfindən təqdim olunan baş planda göstərilməyən ikimərtəbəli tikili sonradan məhəllənin həyətində tikilmişdir ki, bu da Cavabdeh MTK tərəfindən “Payçı”ların hüquqlarının kobud surətdə pozulmasıdır. Yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti X4 19 fevral 2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bina qeydiyyata alındıqdan sonra mənzilinə və qaraja dair çıxarışların alınması üçün dəfələrlə şifahi, sonradan isə 13 yanvar 2021-ci il tarixdə cavabdehə yazılı müraciət edərək çıxarışların alınması üçün protokoldan çıxarışları və digər lazimi sənədlərin verilməsini tələb etmişdir. Cavabdeh ondan heç bir qanuna uyğun olmayan, mənbəyi bəlli olmayan 3.465 manat məbləğində kommunal xərclərə görə pul tələb etmişdir. Alqı-satqı müqavilələrinin 5.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, yaşayış binasının (su, qaz, kanalizasiya, işıq, lift, zibilin daşınması və s. sahələrdə olan xidmətləri) istismarı ilə bağlı bina istismara verildikdən sonra “Payçı” ilə “İcraçı” arasında əlavə olaraq istismar müqaviləsi bağlanacaq. Keçən dövr ərzində onun ilə Cavabdeh MTK arasında heç bir istismar müqaviləsi bağlanmamışdır. Buna rəğmən MTK hər hansı bir işlərin görülməməsinə baxmayaraq özünün müəyyən etdiyi və hansı bir sübuta söykənməyən 3.465 manat məbləğində pul vəsaitini ondan qanunsuz olaraq tələb edir. Cavabdeh heç bir əsas olmadan müqavilələr əsasında aldığı mənzilə və qaraja görə heç bir borcu olmadığı təqdirdə çıxarışlarını almaq üçün protokoldan çıxarışları və digər lazımı sənədləri vermək üçün ondan qeyri-qanuni əsası olmayan kommunal pulu adı ilə pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(001)- 3814/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 28 saylı mənzilin və ünvan 1 ünvanında 4 saylı evin qarşısında yerləşən, mərtəbə -1, 49 saylı qarajın İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokollarından çıxarışlarının İddiaçı təqdim edilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, cavabdehdən 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Mənzil Tikint Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(001)-3814/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi birtərəfli qaydada mübahisəni araşdırmaqla qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, iddiaçı "xxxx" Mənzil Tikint Kooperativinin ünvan 2 ünvanda tikdiyi yaşayış kompleksinin tikintisi başa çatmış və istismara qəbul edilmiş 16 mərtəbəli yaşayış evinin 1-ci bina, 1-ci giriş, 28 saylı mənzilində yaşamasına baxmayaraq, onlara göstərilən kommunal xidmətlərin heç birini ödəməmişdir. Bu xidmətlər pilləkan meydançaları və pilləkanlar, liftlər və digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət və sair xidmətlərdir. Bunun nəticəsində iddiaçının MTK-ya 3230 manat borcu yaranmışdır. İddiaçı qətnamədə göstərilən sənədləri MTK-dan tələb edərkən ona təklif olunmuşdur ki, kommunal xidmətə görə yığılmış borcunu ödədikdən sonra tələb etdiyi sənədlər ona təqdim ediləcəkdir. İddiaçı isə bundan imtina edərək məhkəməyə müraciət etmişdir. Kommunal xidmət haqqı yaşayış mənzillərinin hər kv.metrinə 30 qəpik müəyyən edilmişdir ki, cavabdehin mənzili 114 kv/m olduğundan (114x0.3=34.2) cavabdehin mənzilinə düşən aylıq kommunal xidmətlərə görə ödəniş 34.2 manat təşkil edir. Bu gunə ödənilməmiş cəmi borc 3054.8 manat təşkil edir. Yaşayış kompleksində 465 yaşayış təyinatlı mənzil mövcuddur. Hazırda 357 mənzildə yaşayış mövcuddur. Toplanan kommunal xidmət haqları hesabına çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər, pilləkan meydançaları, pilləkanlar, liftlər, digər umumi xidmət ərazilərinin təmizlənməsi, zibillərin daşınması, ümumi istifadə olunan ərazilərin işıqlandırılması, liftlərə nəzarət və lazım olduqda texniki xidmət, şaxtalar, su anbarı, nasosxana, hidroforlara, umumi həyətin təmizlənməsi və abadlaşdırılması, mühafizəsi və sair xidmətlər daxildir. Həmçinin, bu illər ərzində MTK-nın işçilərinin (sədr, mühasib, komendant, elektrik, santexnik, 2 mühafizəçi, 2 xadimə, mexanik və fəhlə) əmək haqları ödənilmişdir. Ümumi istifadə olunan ərazilərin işıqlandırılması ücün "Azərişıq"a, zibillərin daşınması üçün Binəqədi rayon Mənzil Kommunal Təsərüffatı Birliyinə məişət tullantılarının daşınması üçün, "xxxx" MMC-yə liftlərə göstərdiyi xidmətə görə hər ay cavabdeh tərəfindən ödənişlər olunur. MTK tərəfindən göstərilən xidmət haqlarının cavabdeh tərəfindən ödənilməməsi cavabdehin vergi və digər təşkilatlara qarşı borclarının yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MTK-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 19 fevral 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 2, blok 2, mərtəbə 14, ümumi sahəsi 114,01 kv.m yaşayış sahəsi, 3 otaqlı, 76 nömrəli yaşayış mənzilini payçıdan qəbul edir və sahə fərqini (68.83 kv.m) ödəmək şərti ilə payçıya yuxarıda qeyd olunan ünvanda yaşayış evi 1, blok 1, mərtəbə 9, ümumi sahəsi 181,84 kv.m, 4 otaqlı, 28 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Təhvil verilən 3 otaqlı mənzilin tam dəyəri 74.107 manatın ödənildiyini nəzərə alaraq, payçı öz növbəsində yaşayış mənzilinin sahə fərqinin 1 kv.m üçün 640 manat olmaqla, ümumilikdə icraçıya 20 fevral 2011-ci il tarixədək 43.411 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Mənzilin tam qiyməti 117.518 manat təşkil edir. Müqavilənin 2-ci maddəsində MTK verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 19 fevral 2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də bina 1, 1-ci blok, 9-cu mərtəbə, 181,84 kv.m sahəsi olan 4 otaqlı 28 saylı mənzili MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd 4 otaqlı mənzil üçün borcu yoxdur. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanmış 27 may 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Əlişir Nəvai 33/Naxçıvanı 3068-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evi 4 qarşısındakı mərtəbə -1, 49 saylı qarajı payçıya verməyi öz öhdəsinə götürür. Payçı isə öz növbəsində ümumilikdə icraçıya 15.000 manat məbləğində vəsait ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.4-cü bəndinə əsasən MTK verilmiş qarajın üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirməyi (payçının hesabına müvafiq sənədlərin verilməsi və sair) öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 27 may 2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai 33/Ə.Naxçıvanı küçəsi 3068-ci məhəllə, ev 4, qarşısındakı, mərtəbə -1, 49 saylı qarajı MTK-dan almışdır. Payçı İddiaçı 1 ədəd qaraj üçün borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış 13 yanvar 2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, payçı kimi MTK ilə bağlanmış müqavilələrə uyğun pay haqqının tam ödənildiyini nəzərə alaraq mənzilə və qaraja aid protokoldan çıxarışlarının verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli, 529 saylı məlum fərmanına uyğun olaraq onların binası da dövlət tərəfindən istismara qəbul edilmişdir. 01 sentyabr 2015-ci il tarixdən yuxarıda göstərilən ünvanda yaşamaqla lift, blokların və həyətin işıqlandırılması, zibillərin daşınması, blokların və həyətin təmizlik işləri, binanın ümumi əmlaklarının saz vəziyyətdə saxlanılması xərcləri və sair Cavabdeh MTK-nın göstərdiyi xidmətlərdən istifadə edilir. Məktubda cavabdeh iddiaçıya bildirmişdir ki, xidmətlərdən istifadə nəticəsində 63 ay ərzində xidmət haqqı olaraq Cavabdeh MTK-ya 3.436,65 manat borcu yaranmışdır. Hətta qarajdan istifadə etdiyi halda xeyli borc yaranmışdır. Bu borcun ödənilməsi ilə bağlı tərəflərindən ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınılıb. Bunun nəticəsində Cavabdeh MTK-nın müvafiq təşkilatlara ("xxxx" ASC-yə, Vergilər Nazirliyinə, “Lİft servis”, Məişət İstismar Xidməti və sair) xeyli borcu yaranmışdır. Yuxarıdakıları nəzərə alaraq Cavabdeh MTK ona göstərdiyi xidmət haqqı borcunu ödəyib protokoldan çıxarışı Cavabdeh MTK-nın komisiyasından almağı iddiaçıya təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pay haqqını tam ödədiyi mənzilə və qaraja mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin həmin daşınmaz əmlaklar üzərindəki mülkiyyət hüququnun iddiaçıya keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirmək vəzifəsini icra etməməsi qanunsuzdur və ona görə hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh "xxxx" Mənzil Tikint Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(001)- 3814/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8260/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8260/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver