Məhkəmə qərarları › İş №2(103)-827/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-827/2021

18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-827/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, cavabdeh Hüseynov X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “layihəyə uyğun yolun çəkilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın 25.07.2013-cü il tarixli, 5228 BP saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013cü il tarixdə 18/04270 nömrəsi ilə razılaşdırılmış layihədə qeyd edilmiş yolun çəkilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdiyev, iş № 2(001)-1251/20) iddia təmin edilərək iddiaçı "xxxx" MMC tərəfindən ünvan 1də inşa edilən binanın yeraltı avtomobil dayanacağına 25.07.2013-cü il tarixli, 5228 BP saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə 18/04270 nömrəsi ilə razılaşdırılmış layihədə qeyd edilmiş giriş yolunun çəkilməsinə (bu yolun çəkilməsi ilə bağlı aparılan işlərin hər hansı formada pozulmasına səbəb olan hərəkətlərin edilməsi, o cümlədən bu işlərin aparıldığı sahəyə daxil olma, yolun çəkilməsi ilə bağlı görülən işlərə müdaxilə etmə) cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Hazırda cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qətnamədən birgə apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" MMC-yə qarşı “qurulmuş, çoxillik yaşıllaşdırma ərazisindən istifadə edilməsinin qadağan olunması və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilərək, "xxxx" MMC-yə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafından istifadə edilməsinin qadağan olunması, ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının iddiaçılara həvalə edilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 8 mikrorayon, N.Nərimanov küçısi, 3078-ci məhəllə ünvanında inşa edilən binanın 25.07.2013-cü il tarixli, 5228 BP saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə 18/04270 nömrəsi ilə razılaşdırılmış layihədə qeyd edilmiş yolun çəkilməsinə hazırkı iş üzrə cavabdehlər maneə törətməkdədirlər. Bu da öz növbəsində həm tikinti işlərinin dayandırılmasına, həm də tikinti işlərinin dayandırılması səbəbindən tikilicək binanın payçılarının öz mənzillərini vaxtında təhvil ala bilməməsinə səbəb olmaqdadır. Bu hal özü isə həm bina payçılarının, həm də "xxxx" MMC-nin hüququ və mənafelərinin pozulması ilə müşaiyət olunur. Bu səbəbdən aidiyyəti qaydada təsdiqlənmiş layihə üzrə "xxxx" MMC tərəfindən qeyd edilən ünvanda inşa edilən bina üzrə tikinti tamamlama işlərinin davam etdirilməsinə, layihədə qeyd olunmuş yolun çəkilməsinə hazırkı iş üzrə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh Hüseynov X5 iddianı qəbul etməyərək və iddiaya qarşı həm özü, həm də digər cavabdehlər tərəfindən imzalanmış yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən aparılan tikinti ilə qonşuluqda yerləşən yaşayış binasının ara məsafəsində 1970-ci illərdən etibarən müxtəlif növ ağaclardan ibarət olan yaşıllıq zolağı təşkil edilmiş, ərazidə köşk, uşaq əyləncə elementləri, suvarma sistemi qurulmuş və bunlar əhalinin xoş rifahına və sağlamlığına xidmət etmişdir. Lakin həmsərhəd ərazidə 2007-ci ildə tikinti işlərinə cəhd göstərilsə də qarşısı alınmış, 2014-cü ildə ərazi dəmir konstruksiya ilə hasarlanmış, sakinlərin şikayətlərindən sonra dövlət tərəfindən sökdürülərək əvvəlki vəziyyətə qaytarılmışdır. Buna baxmayaraq, 2016-cı ildən etibarən tikinti işlərinə başlanılmış, ərazidəki yaşıllıqlar dağıdılmış, nəticəsi böyük mübahisələrə səbəb olmuşdur. İddiaçının özbaşınalığının qarşısı alınmış, ərazidə yeni ağaclar əkilmiş, səliqə səhman yaradılmışdır. Bir müddət sonra həmin ağaclar da məhv edilmişdir. Bununla bağlı mübahisə yaranmış və nəticədə cəmiyyət ilk öncə 5.000 manat, sonra isə 100.000 manat məbləğində cərimə edilmiş, cəmiyyətin direktoru inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Onların cəmiyyətə qarşı iddiaları da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilmiş və cəmiyyətə ərazidən istifadə edilməsi qadağan edilmiş və ərazini yaşıllaşdıraraq əvvəlki vəziyyətin bərpa edilməsi həvalə edilmişdir. Həmin icraat çərçivəsində də cəmiyyətin ərazi üzrə hər hansı sənədlərə malik olmadığı müəyyən edilmişdir. Bu qətnamədən cəmiyyət tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Lakin cəmiyyət həmin qətnamə ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Əksinə qətnamənin icrasına möhlət verilməsi, həmçinin qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmişdir. Hər iki halda onların ərizələri məhkəmə tərəfindən rədd edilmişdir. Cəmiyyətin tikintinin aparılmasında əsas götürdüyü layihəni qeydə almış Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda həmin tikintinin quraşdırma işlərinə dair 0,1485 kv.m. torpaq sahəsinin nəzərdə tutulduğunu, həmin torpaq sahəsinin sərhədlərindən kənarda, o cümlədən tikintinin cənub sərhədi ilə 21 nömrəli yaşayış binasının ara məsafəsində yerləşən həmin ərazidə hər hansı tikinti quraşdırma işlərinin aparılmasına, yol çəkilişinə icazə verilmədiyi və ərazinin nəzarətdə saxlanılması üçün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə tapşırıq verildiyi bildirilmişdir. Həmçinin, Binəqədi bələdiyyəsi tərəfindən təqdim olunmuş cavablarda cəmiyyətə hər hansı torpaq sahəsinin ayrılmadığı qeyd olunmuşdur. Bununla belə, həmin ərazidən istifadə edilməsi və ərazinin abadlaşdırılıb qorunması barədə qətnamə qəbul edildiyi halda bu ərazidə cəmiyyət tərəfindən yolun çəkilməsi qanunsuzdur. Cəmiyyətin özünə təqdim edilmiş məkbubda qeyd edilmişdir ki, tikinti layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən mütləq qaydada razılaşdırılmışdır. Həmin Komitədən və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi tərəfindən verilmiş sənədlərdə də bildirilmişdir ki, tikinti inşaat normativlərinə tamamilə ziddir, torpağın ayrılması və təyinatının dəyişdirilməsi barədə rəy və çıxarış verilməyibdir. Cəmiyyətin apardığı tikinti işləri qanunsuzdur, onun mübahisələndirdiyi torpaq sahəsinə dair heç bir hüququ yoxdur. O və digər cavabdehlər dinc vətəndaşlardır və heç bir tərəfə qarşı qərəzli niyyətləri olmamışdır və hazırda da yoxdur. 1971-ci ildən etibarən yaşadıqları, qurub yaratdıqları ərazi cəmiyyət tərəfindən zəbt edilmiş, dağıdılmışdır. Onlar evlərində sakit yaşamaq, öz həyətlərində rahat gəzmək istəyirlər. Bu onların konstitusion hüquqlarıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı məsələ məhkəmə qaydasında mübahisələndirilmiş, əraziyə baxış keçirilmiş, məlumatlar toplanarkən MMC həmin ərazi üzərində hər hansı hüquqa malik olduğunu sübuta yetirə bilməmiş və qəbul edilmiş 2016cı il tarixli qətnaməyə əsasən adıgedən ərazidən istifadə edilməsi MMC-yə qadağan edilmiş və həmin ərazinin yaşıllaşdırılaraq əvvəlki vəziyyətdə bərpa edilməsi istiqamətində MMC-nin üzərinə öhdəlik qoyulmuşdur. Qətnamədə qeyd olunur ki, qətnamə cavabdehlərdən olan Cavabdeh1 iştirakı ilə keçirilmiş iclasda qəbul edilmişdir. 29.01.2020, 18.02.2020-ci il tarixli iclaslarda iştirak etmişlər, lakin qarşı tərəfin əsassız formal danışıqlarını, eyni zamanda da məhkəmədə yaranan qərəzli halları gördükdə iclasda iştirak etməkdən imtina etmişlər və bu barədə 03.06.2020-ci il tarixli ərizə ilə məlumat vermişlər. Qətnamədə qeyd olunanlara görə mübahisəli məsələnin həlli üçün qarşılıqlı razılaşmanın əldə olunması məqsədi ilə guya MMC tərəfindən sakinlərə vəsait verilib. Hamısı yalandır, bildirilənlərin hamısının şər böhtan olduğu məhkəmə və prokurorluq tərəfindən araşdırılmış, ərizələr rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdehlər tikintinin layihəsinin Azərbaycan Respublikası DŞAK tərəfindən mütləq qaydada razılaşdırıldığını bildirmişlər. Qeyd olunanlar səhvdir. Onların bildirdikləri belə olmuşdur ki, tikintinin layihəsi mütləq olaraq razılaşdırılmalı olduğu razılaşdırılmayıb. Qətnamədə qeyd edilir ki, sakinlər tikintiyə dair sənədlərin ləğv edilməsini məhkəmədə mübahisələndirmiş, lakin 1 saylı Bakı İİM, Bakı Apellyasiya və Ali Məhkəmə tərəfindən iddiaları təmin olunmamışdır. Bildirirlər ki, hazırda məhkəmə prosesində mübahisələndirilən predmet MMC-yə aid olmayan və istifadəsinə qadağa qoyulmuş torpaq sahəsindən gedir və tikintinin layihəsinin hansı dərəcədə qanuni olub-olmamasının hazırki məsələyə aidiyyəti yoxdur. Lakin, məhkəməyə sakinlər tərəfindən deyil, ilkin olaraq MMCnin özü tərəfindən müraciət olunaraq belə qarşıdurma vəziyyət yaranmışdır. Müvafiq məhkəmə qərarları tikintinin, tikintiyə dair layihənin hansı dərəcədə qanunsuz olduğu, eyni zamanda da tikintinin ölmüş şəxsin adına olan sənədlər əsasında həyata keçirildiyini mlum edir. Ərazidə salamat qalmış ağaclar tikilidən 10-15 metr deyil, 4-5 metr məsafədə yerləşir. Həmin yerdə pandus yol qurulacağı təqdirdə çoxillik şam ağacları və digər bitkilər məhv ediləcək, həyət yararsız hala salınacaq, təyinatını itirəcək. MMC-nin əraziyə ziyan vurmadan pandus qurulacağı barədə bildirdikləri həqiqətə uyğun deyil. Tikintinin şimal tərəfində 2 metr məsafədə tikinti ilə paralel olaraq mikrorayonun əsas yollarından biri olan N.Nərimanov küçəsi yerləşir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Cavabdeh1 izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddiaçının tələbi ünvan 1 ünvanında inşa edilən binanın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəsində qeyd edilmiş yolun çəkilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qətnaməni onunla əsaslandırmışdır ki, işin halları hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən 0,1485 ha torpaq sahəsindən və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə 18/04270 nömrə ilə razılaşdırılmış layihədən kənarda yerləşən sahədə hər hansı tikinti işlərinin aparılmasının (belə sahədən istifadə edilməsini) qeyri-mümkün olduğunu şərtləndirir. Qeyd edilən layihədə, habelə xüsusi nişanda 0,1485 ha torpaq sahəsi üzərində 17 mərtəbəli 1 girişli yaşayış binası, o cümlədən həmin binanın 1-ci və 2-ci mərtəbələrində qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və yeraltı avtomobil dayanacağı yerləşməlidir. Bu sahələr yerində müayinə zamanı vizual olaraq nəzərdən keçirilmişdir. Binanın girişinin, girişdə mənzillərin, habelə yeraltı avtomobil dayanacağının mövcud olması həmin girişə, mənzillərə və yeraltı avtomobil dayanacağına daxil olmaq üçün girişin olmasını özündə ehtiva edir. Həmin layihədə də mənzil sahiblərinin rahatlığını təmin edən yeraltı avtomobil dayanacağına giriş nəzərdə tutulmuşdur və bunun müəyyən edilməsi (layihədə axtarılıb-tapılması) üçün xüsusi bilik tələb olunmur. Belə bir girişin olmaması həmin dayanacağa avtomobillərin daxil olmasını və orada saxlanılmasını, başqa sözlə bu sahədən nəinki təyinatı üzrə, həmçinin ümumiyyətlə istifadə edilməsini qeyri-mümkün etmiş olacaqdır. Nəticədə həmin sahə ümumiyyətlə öz əhəmiyyətini itirmiş olur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı nəinki yeraltı avtomobil dayanacağına giriş yolunun çəkilməsi hüququna malikdir, həmçinin tikinti qanunvericiliyinin tələbləri, o cümlədən layihənin tam icra edilməsinin və gələcəkdə bu binanın istismara qəbul olunmasının, habelə həmin binadan mənzillər almış şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi baxımından bilavasitə belə bir vəzifə daşıyır. Belə bir giriş yolunun çəkilməsi üçün nəzərdə tutulmuş sahə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 mart 2018-ci il tarixli qətnaməsinə əsasən istifadəsi qadağan edilmiş sahə ilə ümumiyyətlə üst-üstə düşmür, bu sahə ilə sərhəd bölür. Bu səbəbdən cavabdehlər yeraltı avtomobil dayanacağına yolun çəkilməsinə hər hansı formada maneə yarada bilməzlər və bu istiqamətdə onların gördükləri bütün tədbirlər əsassız və qanunsuzdur. Belə ki, mübahisəli bina ilə üzbəüz yerləşən binada yaşayan cavabdehlərin öz binalarının qarşısında olan sahədən, yoldan, habelə Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 mart 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya istifadəsi qadağan edilmiş sahədən istifadə etmək hüququ var, lakin tikinti üçün ayrılmış 0,1485 ha sahəyə münasibətdə onlar hər hansı hüquqa malik deyillər. Bununla belə, layihədə nəzərdə tutulduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin layihəyə uyğun olaraq ünvan 1də ona ayrılmış 0,1485 ha torpaq sahəsi üzərində inşa etdiyi binanın nəzdində yerləşən yeraltı avtomobil dayanacağına giriş yolu çəkə bilər, bu işlərin görülməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılması qanunsuzdur və bu istiqamətdə cavabdehlər tərəfindən yaradılmış ixtiyari maneə aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırkı vəziyyətdə maneələrin aradan qaldırılması özündə bu yolun çəkilməsi ilə bağlı aparılan işlərin hər hansı formada pozulmasına səbəb olan hərəkətlərin edilməsini, o cümlədən bu işlərin aparıldığı sahəyə daxil olmanı, yolun çəkilməsi ilə bağlı görülən işlərə müdaxilə etməni ehtiva edir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. İşdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.03.2013-cü il tarixli 100 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə ünvan 1də 0,1485 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 13/83 nömrəli ayrıc aktı tərtib edilmişdir. Sərəncama uyğun olaraq layihələndirmə işləri aparılmış və tərtib edilmiş sənədlər müvafiq qaydada razılaşdırılaraq təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş tikinti işlərinə başlanılması üçün əsas olan 06.12.22013-cü il tarixli, 032 nömrəli Xüsusi Nişanda obyektin təyinatı qismində 17 mərtəbəli 1 girişli yaşayış binası (1 və 2 –ci mərtəbələr qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq) göstərilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd edilən ünvan üzrə ona ayrılmış torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılmış və tikinti aparılan zaman həmin sahə ilə üzbəüz yerləşən 21 saylı və digər yaşayış binalarının sakinləri arasında mübahisə yaranmışdır. Belə ki, həmin yaşayış binalarının sakinləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd edilən ünvanda tikinti işlərinin aparılmasına və orada çoxmərtəbəli yaşayış binasının inşasına, xüsusilə də tikinti işlərinin bu məqsədlər üçün ayrılmış torpaq sahəsindən kənarda yerinə yetirilməsinə, o cümlədən torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə edilməsinə, ağacların kəsilməsinə və məhv edilməsinə etiraz etmişlər. Bununla bağlı, sakinlərin, yəni hazırkı iş üzrə cavabdehlərin "xxxx" MMC-yə qarşı iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və "xxxx" MMC-yə ünvan 1 ünvanında 0,1485 ha torpaq sahəsinin ətrafında qurulmuş çoxillik yaşıllaşdırma ərazisindən istifadə edilməsi qadağan olunmuş və ərazinin əvvəlki vəziyyətə qaytarılması ona həvalə edilmişdir. Belə ki, həmin icraat çərçivəsində "xxxx" MMC tərəfindən 17 mərtəbəli binanın tikintisinə başlanılarkən şəhərsalma qanunvericiliyinin tələblərinin pozulması, obyektin yerləşdiyi ərazinin şəhərsalma normalarına uyğun planlı şəkildə tikilmiş mövcud yaşayış zonası olduğundan burada əlavə obyektlərin, xüsusilə çoxmərtəbəli yaşayış binalarının tikntisinin ərazinin tikinti və tikinti sıxlığı əmsallarını daha da artırdığını və obyektin ərazidə yerləşdirilməsi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmadığı, tikinti sahəsində 5 ədəd ağacın, 21 saylı binanın yan tərəfində yolkənarı yaşıllıq zolağında ağacların məhv edildiyi müəyyən edilmişdir. Qeyd edilən qətnamədən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və hüquqi nəticə etibarı ilə yuxarı istansiya məhkəmələri bu nəticə ilə razılaşmışlar. Bundan əlavə qeyd edilən torpaq sahəsində hündürmərtəbəli binanın tikintisi ilə bağlı icazə sənədlərinin ləğv olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Lakin həmin məhkəmənin 18.04.2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bu qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Hazırda iddiaçı "xxxx" MMC müvafiq qaydada razılaşdırılmış layihəyə, habelə xüsusi nişana istinadən tərəflərindən inşa edilmiş binada yeraltı avtomobil dayanacağının da nəzərdə tutulduğunu, lakin cavabdehlər tərəfindən yaradılmış maneələr nəticəsində həmin dayanacağa giriş yolunun çəkilməsi işlərini yerinə yetirə bilmədiyini iddia edir və layihədə təsbit edilmiş avtomobil dayanacağına giriş yolunun çəkilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmasını, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olub-olmamasını aydınlaşdırmaq məqsədilə, eləcə də xüsusi bilik tələb olunan sualların izahına ehtiyac yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10/333 saylı, 07 iyun 2021-ci il tarixli rəyə əsasən aşağıdakıları müəyyən etmişdir. Ekspertiza nəticəsində tədqiq olunan torpaq sahəsinin ümumi sahəsinin 1488,0 kv.m olduğu müəyyən edilmişdir. Çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş ayrıc aktında həmin sahənin 0,1405 ha olduğu göstərilmişdir ki, bu da mütəxəssislər tərəfinən müəyyən olunmuş sahədən 83 kv.metr az təşkil edir. Mülki iş materiallarının 1-ci cildinin 12-ci səhifəsində olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə 18/04270 nömrə ilə razılaşdırılmış layihəyə əsasən Bakı şəh, Binəqədi ray, 8-ci mkr, Nərimanov küç, 3078-ci məhəllə ünvanında 0,1485 ha torpaq sahəsində inşa olunan 17 mərtəbəli, bir girişli binanın zirzəmisində və yeraltı qarajına giriş-çıxış yolunun binanın şərq hissəsindən birbaşa 21 saylı, 5 mərtəbəli yaşayış binasına tərəf, eləcə də, Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə istifadəsi qadağan edilmiş çoxillik yaşıllaşdırma ərazisindən keçməsi nəzərdə tutulduğu müəyyən edilmişdir. Bakı Şəhər İcra hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə, 18/04270 nömrə ilə razılaşdırılmış layihədə qeyd olunan məlumatlarla Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə istifadəsi qadağan edilmiş çoxillik yaşıllaşdırma ərazisinin faktiki vəziyyəti müqayisə edilərkən, həmin sahələrin üst-üstə düşdüyü müəyyən edilmişdir. Baxış zamanı aparılan ölçü işləri nəticəsində, tədqiq olunan yaşayış binasının zirzəmisinə və yeraltı qarajına giriş hissəsindən (binanın divarından) yaşıllıq (salamat qalmış ağaclar və s.) ərazisinə ən yaxın məsafə 8-9 metr təşkil etdiyi müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan tikintiyə dair torpaq sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 12.08.2013-cü il tarixdə 18/04270 nömrə ilə razılaşdırılmış layihədə qeyd edilmiş giriş yolundan (hal-hazırda mübahisələndirilən ərazidən keçməklə) əsas yol istiqamətində birbaşa çıxış mövcud olmadığı müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan binanın 1-ci mərtəbəsindən N.Nərimanov küçəsinə tərəf giriş-çıxış yolu olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə bir daha təsdiq olunur ki, layihədə göstərilən formada qarajın girişçıxışı həmin istiqamətdə yerləşən 21 saylı 5 mərtəbəli binanın sakinlərinin hüquq və mənafelərinə xələl gətirməklə, həyətdə yerləşən yaşıllıqların məhvi, həyətdən cavabdehlərin rahat və maneəsiz istifadəsinin məhdudlaşması ilə nəticələnə bilər. İddiaçının çəkmək istədiyi yol Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə istifadəsi ona qadağan edilmiş çoxillik yaşıllaşdırma ərazisinin faktiki sahəsi ilə üst-üstə düşür. Digər tərəfdən, rəydə də göstərildiyi kimi, binanın 1-ci mərtəbəsindən N.Nərimanov küçəsinə tərəf giriş-çıxış yolu mövcuddur. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsinin ekspertiza keçirilərkən təqdim etdiyi sxemdə də binanın daxili yolla yanaşı, küçəyə də çıxışının nəzərdə tutulduğu və mövcud olduğu qeyd edilmişdir. Göründüyü kimi, binanın qarajına giriş-çıxış yolu üçün alternativ imkanlar vardır. Belə olan halda, iddiaçı qarajın giriş-çıxış imkanının yalnız mübahisələndirilən və istifadəsi qüvvədə olan məhkəmə qətnaməsi ilə qadağan olunmuş ərazidən keçməsini tələb etməkdə haqlı deyildir. Eyni zamanda ekspert rəyindən göründüyü kimi ayrıc aktına əsasən "xxxx" MMC-nin istifadəsinə cəmi 1405 kvm torpaq sahəsi ayrılsa da, MMC faktiki olaraq 1488 kvm torpaq sahəsindən, yəni müəyyən olunmuş sahədən 83 kvm artıq olan sahədən istifadə edir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.04.2021-ci il, X1 X6 Agentliyinin 24.04.2021-ci il, , Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 04.05.2021-ci il, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08.05.2021-ci il, Binəqədi Rayon İcra Hakimiyyətinin 17.07.2021ci il tarixli məktublarından və eləcə də “Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Binəqədi RPİ-nin 5-ci PB-nin 03.06.2021-ci il tarixli qərarından da görünür ki, "xxxx" MMC yaşayış binasının zirzəmisinə giriş təşkil etmək məqsədilə razılaşdırılmış layihə sənədlərindən kənarlaşmaya yol verilməklə, torpaq sahəsini zəbt etməklə istifadəsi ona qadağan edilmiş ərazidə qazıntı işləri aparmış, lakin müvafiq icra hakimiyyəti orqanları tərəfindən bunun qarşısı alınmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında Binəqədi RPİ-nin 5-ci PB-də bununla bağlı araşdırma aparılmış və fakt öz təsdiqini tapdığından və materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2ci maddəsinin tərkibi olduğundan material “Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 03.06.2021-ci il tarixli qərarla istintaq aidiyyəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Binəqədi RPİnin İstintaq Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tikintinin ətrafındakı ərazilərdən istifadə MMC-yə qadağan edilmişdir ki, MMC hazırkı işdə məhz ona qadağan edilmiş ərazilərdən yolun çəkilməsinə maneələrin aradana qaldırılmasını tələb edir. Həmin sahədən istifadənin iddiaçıya digər qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qadağan edilməsi baxımından da hazırki iddianın təmin olunması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı isə digər qətnamə ilə müəyyən edilmiş halı faktiki olaraq yenidən mübahisələndirməklə, əslində həmin ona qadağan edilən ərazidən istifadə məqsədi güdərək əvvəlki məhkəmə qətnaməsinin əsasını mübahisələndirmiş, qanuni qüvvəyə minmiş qətnamənin əsaslılığını şübhə altına almağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Hüseynov X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Hüseynov X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “layihəyə uyğun yolun çəkilməsinə yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar