Məhkəmə qərarları › İş №2(103)-827/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-827/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-827/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “özbaşına tikilinin sökülməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ özbaşına tikilinin sökülməsi və .s” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4906/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu,18-ci Nərimanov döngəsində yerləşən yerləşən 6 saylı evin mülkiyyətçilərinin ümumi istifadələri üçün nəzərdə tutulmuş , sahəsi təxminən 19 kv.m olan həyətdə sahəsi 10-12 kv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin sahədən (həyətdən) saxlanc yeri kimi istifadə edilməsinin qadağan edilməsi (iddia tələbinin dəqiqləşdirilməsi ) barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4906/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsində yerləşən 6 saylı fərdi ev paylı mülkiyyət olmaqla 1/6 hissədə onun, 2/6 hissəsi Cavabdeh və 2/6 hissədə X2 mülkiyyətindədir. Fərdi evin ümumi istifadədə olan həyəti var. Ev dəhlizə, pilləkən meydançasına, həyətə, küçəyə yolu olan, digər tikililərdən sırf arakəsmə və boşluğu olmayan divarla təcrid olunmuş tikilidir. Evdə yaşayanlar evdən küçəyə, küçədən evə gələrkən həyətdən istifadə edirlər. Sözügedən həyətin ümumi istifadə üçün nəzərdə tutulmasına və ölçüsünün təxmini 19 kv.m. olmasına baxmayaraq, Cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozaraq orda təxmini 10-12 kv. m. olan 1 otaq və sanitar qovşağını tikmişdir. Qanunsuz tikilinin balaca həyətdə yerləşməsindən başqa həyətin boş qalan hissələrində cavabdehin müxtəlif əşyaların (köhnə qapı- pəncərə və s.) saxlaması evə girişçıxışda yaşayanlar üçün ciddi maneçiliklər yaradaraq, həyətdən sərbəst istifadə etmək imkanlarını xeyli məhdudlaşdırır. Sözügedən tikilinin qanunsuzluğundan başqa həmin sahənin boş qalan hissələrində sökülməsi barədə təklifi ilə Cavabdeh razılaşmadığından tikilinin qanunsuzluğu ilə əlaqədar Yasamal rayon İcra hakimiyyətinə müraciətinə xx.xx.2023-cü il tarixli cavabda əsassız olaraq evlə əlaqədar mübahisənin məhkəmədə araşdırılması göstərilərək, məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hansı ki, iddiada sözü gedən tikili miras əmlaka daxil olmadığından davam edən məhkəmə araşdırılmasının predmeti ola bilməz.

3. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.2, 180.4; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsini tələb edir. İddiaçının sökülməsini tələb etdiyi tikili özbaşına tikili olsa da, məhkəmə tərəfindən yerli baxış zamanı özbaşına tikilinin həyətdə gediş-gəlişə heç bir maneçilik yaratmadığı və hazırda iddiaçının evinə olan gediş-gəliş yolunun eninin təxminən 1,5 metr olması müəyyən edilmişdir. Həmçinin, həmin özbaşına tikilinin iddiaçının evinə hər hansı digər mane yaratması da müəyyən edilməmişdir. İşin mübahisəsiz hallarına əsasən, mübahisələndirilən tikilinin özbaşına tikili olması müəyyən edildiyindən, həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı vizual baxış keçirilməklə həmin tikilinin giriş-çıxışa və idiaçının evinə hər hansı digər mane yaratmaması müəyyən edildiyindən və bunun üçün xüsusi bilik tələb edilmədiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilməsinə zərurət görülməmişdir. Beləliklə də, iddiaçının mübahisələndirdiyi tikililər özbaşına tikili olsa da, iddiaçının hüququnu pozmadığından, iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan "maraqlı tərəf” sayıla bilməz. Məhkəmə iddia tələbinin "cavabdehin həyətdən saxlanc yeri kimi istifadə edilməsinin qadağan edilməsi" hissəsinə münasibətdə qeyd edir ki, yerli baxış zamanı həqiqətən də cavabdeh tərəfindən həyətin giriş qapısının yanında bir neçə kiçik əşya qoyduğu müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, həmin sahə ümumi istifadədə olduğundan cavabdehə həyətə hər hansı əşyanın qoyulması qadağan edilə bilməz. Hər iki tərəf hər hansı əşyasını həyətə qoymaqda sərbəstdir, bunun üçün məhdudiyyət nəzərdə tutula bilməz.

4. Birinci instansiya məhkəməsində iraat zamanı müəyyən edilmişdir ki:- Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187,20 kv.m olan fərdi yaşayışn 2/6 hissəsi üzərində Cavabdeh, 1/6 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır;- Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 arel 2023-cü il tarixli 2(004)-37/2023 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq: fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar) naturada ayrılması qət edilmişdir;- İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, özbaşına tikililər həyətdə yerləşən saxlanc yeri və sanitar qovşaq kimi istifadə olunan 2 otaqdan ibarətdir. Həmin özbaşına tikililər həyətdə gediş-gəlişə heç bir maneçilik yaratmır. Həmçinin, cavabdeh həyətə giriş qapısının yanında həyətə bir neçə kiçik əşya qoymuşdur. Yerli baxış zamanı cavabdeh saxlanc yeri kimi istifadə olunan otaqdan iddiaçının da istifadə etdiyini bildirsə də, iddiaçı bu halı təkzib etmişdir. Həmçinin, iddiaçı və cavabdehin anası iddiaçının özünün mülkiyyətində olan evdə yaşamadını bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97, 217.1, 217.3, 761-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qanunun tələbindən göründüyü kimi, paylı mülkiyyətdə olan əşyadan istifadə onun bütün iştirakçılarının razılığı əsasında həyata keçirilir. Həmçinin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 187,20 kv.m olan fərdi yaşayışn 2/6 hissəsi üzərində Cavabdeh, 1/6 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış, Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(004)-37/2023 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı cavabdehlər Sənubər Rəhimova və Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq: fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar) naturada ayrılması qət edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçının qeyd olunan ünvanda paylı mülkiyyət hüququ ilə ona mənsub mənzili olmaqla həmin mənzilin ümumi sahəsində iddiaçının razılığı olmadan cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili onun birbaşa mülkiyyətçi kimi hüquqlarını pozmuş, buna baxmayaraq məhkəmə qətnamədə mülkiyyət hüququna dair maddələrə istinad etməklə həmin maddələrin tələbinin pozul-pozulmamasını araşdırmalı olmasına baxmayaraq, qeyd onunan maddi hüquq normasına deyil, özbaşına tikililərlə bağlı maddələri qətnamədə qeyd etməklə, iddiaçının iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etməyin mümkün olmamasını, belə ki, iddiaçının mübahisələndirdiyi tikililər özbaşına tikili olsa da, iddiaçının hüququnu pozmadığından, iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf’ olmaması barədə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə yerli baxış zamanı özbaşına tikilinin həyətdə gediş-gəlişə heç bir maneçilik yaratmadığı və hazırda iddiaçının evinə olan gediş-gəliş yolunun eninin təxminən 1,5 metr olmasının müəyyən edilməsini, həmin özbaşına tikilinin iddiaçının evinə hər hansı digər maneə yaratmasının müəyyən edilməməsini qeyd etsə də həmin nəticədə əsassız olmuşdur.Əvvəla, məhkəmə yalnız yerli baxışla qeyd olunan tikilinin iddiaçının evinə mane yaratmaması nəticəsinə gəlsə də, qeyd olunmalıdır ki, ümumi istifadədə olan sahədə inşa edilmiş həmin qanunsuz tikili iddiaçının gediş-gəlişinə meneə yaratmaqla yanaşı yaşadığı həyətə maşını salmağa imkan vermir, (nəzərə alsaq ki, həyətlərinin qarşısında ümumiyyətlə maşın saxlamağa yer yoxdur) yəni həyətdə yer olmadığından iddiaçı maşınını evindən çox uzaqda park etmək məcburiyyətində qalır..Digər tərəfdən də qeyd olunan tikili saxlanc yeri kimi deyil, mənzil kimi inşa edilmiş və sanitar qovşağı quraşdırılmışdır. Bu hal da onu deməyə əsas verir ki, cavabdeh qeyd olunan tikilini başqasının istifadəsinə vermək niyyətindədir.Bütün bu hallar isə paylı mülkiyyətçinin ümumi əmlakdan istifadə etmək və sərəncam verməklə bağlı hüququnu pozur. Qanunun tələbindən göründüyü kimi digər sübut növləri ilə müqayisədə daha üstün qüvvəyə malik sübut növü ekspert rəyi hesab edillir.Yuxarıda qeyd etdiyi kimi tikili saxlanc yeri kimi deyil, mənzil kimi inşa edilmiş və sanitar qovşağı quraşdırılmışdır. Lakin, hazırki mülki işdən göründüyü kimi hakim qeyd olunan mübahisəli yerə yerli baxış keçirməklə kifayətlənmiş, yalnız cavabdehin izahatında qeyd etdiyi halların əsaslı olması nəticəsinə gələrək işi tam və obyektiv araşdırılması, tikilinin saxlanc, yaxud mənzil kimi inşa edilməsinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edən ekspertizanın keçirilməsinə zərurət olmasına baxmayaraq həmin sübutun əldə edilməsi üçün qanuna müvafiq tədbir görməmişdir.

Apellyasiya məhkəməsinin icraatında olan zaman müəyyən edilən hallar:

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-17891/2024 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 135.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 187.2 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 135.0 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 187.2 kv.m olan fərdi yaşayış evi **********31-10301 reyestr nömrəsi ilə X2 1/2 hissə, İddiaçı 1/6 hissə, Cavabdeh 2/6 hissə olmaqla xüsusi mülkiyyətindədir. Yarımzirzəmili birmertəbəli olan fərdi yaşayış evi ümumilikdə olaraq texniki pasportda uyğundur. Lakin fərq yarımzirzəmidə 2 saylı yerləşkədədir (genişləndirilərək sahəsi artmışdır).Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, faktiki olaraq göstərilən sahə 135.0 kv.m olduğu halda, texniki pasportla 144.8 kv.m-dir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-17891/2024 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən ünvan 5 ünvanında yerləşən torpaq sahəsi faktiki olaraq 135.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində ümumi sahəsi 187.2 kv.m olan yaşayış evi mövcuddur. Göstərilən 135.0 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 187.2 kv.m olan fərdi yaşayış evi **********31- 10301 reyestr nömrəsi ilə X2 1/2 hissə, Cavabdeh 2/6 hissə olmaqla xüsusi mülkiyyətindədir. Yarımzirzəmili birmərtəbəli olan fərdi yaşayış ümumilikdə olaraq texniki pasportda uyğundur. Lakin fərq yarımzirzəmidə 2 saylı yerləşkədədir (genişləndirilərək sahəsi artmışdır).Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Belə ki, faktiki olaraq göstərilən sahə 135.0 kv.m olduğu halda, texniki pasportte=444s4kv.m olduğu göstərilmişdir.

7. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə mülki iş üzrə rəy vermiş ekspert Elmar Səidovun, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə yerində müayinə keçirilmiş, yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu,18-ci Nərimanov döngəsində yerləşən yerləşən 6 saylı ev və ümumi istifadədə olan həyətə baxış keçirilərək özbaşına tikilinin mövcud olduğu, həmin özbaşına tikiliyə 8,6 m2 genişləndirilmiş otağın, 1,82 m2 genişləndirilmiş hamam otağının və 0.4 m2 genişləndirilmiş moykanın olduğu müəyyən edilmişdir. Həmçinin həmin sahədə qurudmağa asılmış paltarlar nəzərə alınanda da gediş-gəlişə maneələr yaratdığı müəyyən edilmiş, iddiaçı isə əlavə olaraq cavabdeh tərəfindən oranın xarici vətəndaşlara kirayə verildiyi və onların da sanitar gigiyenalarına uyğun olaraq yaşamadıqlarını, özbaşına tikilinin də bu məqsədlər üçün tikildiyini bildirmiş, cavabdeh isə iddiaçı və üçüncü şəxslə aralarında münaqişəli vəziyyət olduğundan mənzilində yaşamadığını və oranı kirayə verdiyini bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, ümumi istifadədə olan həyətdə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin həyətin digər sakinlərinin gediş-gəlişə maneə yaratdığını, belə ki, iddiaçının öz maşınını həyətdə saxlaya bilmədiyini qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdeh tərəfindən həmin yerin xarici vətəndaşlara kirayə verildiyini, bunun da həyətin digər sakinləri tərəfindən haqlı olaraq narazıçılığa səbəb olduğunu, həmçinin asılan paltarların da gediş-gəlişə maneəçilik yaratdığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 10.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətini əsaslı hesab etdiyini, həyətin ümumi istifadədə olduğunu və cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin digər sakinlərə maneəçilik törətdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 13.Azərbaycan Respublikası Konstiusiyasının tələblərinə əsasən: 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. 226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. 226.4. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. 15.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. 16.Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. 17.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin qeyd edilən qanunvericilik normalarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilməyərək xüsusi biliyə malik olan şəxslər cəlb edilməmiş, yalnız yerində müayinə ilə kifayətlənmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş ekspertiza ilə həmin ünvanda özbaşına tikilinin olduğu müəyyən edilsə də, bu tikilinin maneə yaradıbyaratmaması ilə bağlı məhkəmə tərəfindən qoyulmuş suala ekspert tərəfindən cavab verilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə tərəfindən mübahisəli özbaşına tikili yerində müayinə edilmiş və orada cavabdeh tərəfindən edilmiş artırılmalar, həmin artırmalar nəticəsində həyətə girişin kifayət qədər daraldığı və bunun da öz növbəsində gediş-gəlişə maneələr yaratdığı müəyyən edilmişdir. İddiaçı özbaşına tikililərin həyəti kifayət qədər daraltdığını, ümumi istifadədə olan və mənzillərə giriş-çıxış yolu olan həyətə maneəsiz daxil ola bilmədiklərini, cavabdehin özünün orada yaşamadığını qazanc əldə etmək məqsədi ilə oranı xarici vətəndaşlara kirayə verdiyini bildirmiş, cavabdeh bunu təkzib edən sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalanan dəlilləri nəzərə almaqla iddiaçının apellyasiya şikayətini əsaslı hesab edir. Bu səbəbdən də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olması, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməli olması və apellyasiya şikayətinin təmin edilməli olması barədə qənaətə gəlir. Qeyd edilməlidir ki, ümumi istifadə üçün, habelə keçid üçün nəzərdə tutulan sahələr yalnız mülkiyyətçilərin tam razılığı əsasında məxsusi (fərqli) istifadə üçün, o cümlədən saxlanc (anbar) və ya digər köməkçi tikililərin (qurğuların) inşası mümkündür və qanunvericiklə müəyyən edilmiş hallarada müvafiq icra hakimiyyəti orqanların razılığı da tələb olunur. Ona görə,evin mülkiyyətçilərinin ümumi istifadələri üçün nəzərdə tutulmuş həyət sahəsində müəyyən edilən qanunsuz tikili cavabdehin hesabına sökülərək (texniki göstəricilərinə uyğun - əvvəlki vəziyyəti bərpa edilməli) həmin sahədən (həyətdən) təyinatına zidd olaraq saxlanc yeri (anbar və s.) kimi istifadə edilməsi qadağan edilməlidir. 18.Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan ekspertiza xərci cavabdehə adi edilməli, tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. 19.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4906/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin sahədən (həyətdən) saxlanc yeri kimi istifadə edilməsinin qadağan edilməsi barədə iddiası təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu 18-ci Nərimanov döngəsində yerləşən 6 saylı evin mülkiyyətçilərinin ümumi istifadələri üçün nəzərdə tutulmuş, sahəsi təxminən 19 m2 olan həyət sahəsində 10-12 m2 olan qanunsuz tikili cavabdehin hesabına sökülərək həmin sahədən (həyətdən) saxlanc yeri kimi istifadə edilməsi qadağan edilsin. İş üzrə keçirilmiş 16 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6261 N°-li ekspertiza tədqiqatının dəyəri olan 100 ( yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar