Məhkəmə qərarları › İş №2(103)-8272/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8272/2021

07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8272/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, Üçüncü şəxs qismində "TBC Kredit Bank olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs qismində "t Bank olmayan Kredit Təşkilatı (bundan sonra t BOKT) MMC və Xəzər rayon İcra və probasiya şöbəsi olmaqla) qarşı "protokolun etibarsız sayılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(009)-783/2017 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı - cavabdehlər «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC-yə qarşı ("xxxx" MMC və Xəzər rayon İcra Şöbəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə müraciət edərək "xxxx" MMC-nin 08 dekabr 2016-cı il tarixli Y-593 saylı Protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Daşınmaz Əmlakın Dövlət Reyestrində 222 nömrəli reyestr kitabının 20572 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində mülkiyyətində olan 0,0588 ha torpaq sahəsində yerləşən 202 kv.m ümumi, 134,8 kv.m yaşayış və 67,2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı 2 mərtəbəli 44 saylı fərdi yaşayış evi və 0,0589 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməklə, 10 aprel 2013-cü il tarixdə AZBA-004877 saylı müqaviləyə əsasən "TBC Kredit BOKT-dən 72 ay müddətinə illik 22 faizlə 80.000 (səksən min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit müqaviləsinin tələblərinə əməl etməməsi səbəbindən "TBC Kredit” BOKT MMC yaranmış 116.400 (yüz on altı min dörd yüz) ABŞ dolları borc məbləğinin manat ekvivalenti ilə daşınmaz əmlakın hərrac yolu ilə satılaraq borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4269/2015 saylı 21.09.2015-ci il tarixli Qərarına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsi ev 44 saylı 0,0589 ha torpaq sahəsindəki 202,0 kv.m ümumi, 134,8 kv.m yaşayış və 67,2 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi vaşayış evinin 210.000 (iki yüz on min) manat ilkin satış qiyməti ilə hərracda satılması müəyyən edilməklə, "TBC Kredit” BOKT MMC-nin borcunun ödənilməsi tələbi təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4269/2015 saylı 21.09.2015-ci il tarixli Qərarın icra edilməsi məqsədi ilə "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nə sənədlər təqdim edilmişdir. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin 08 dekabr 2016-cı il tarixli Y-539 saylı Protokoluna əsasən İddiaçı Kamil oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, ev 44 fərdi yaşayış evi ilkin satış mərkəzi 210.000 (iki yüz on min) manat olmaqla hərracda 133.875 (yüz otuz üç min səkkiz yetmiş beş) manata "xxxx" MMC tərəfindən alınmışdır. Keçirilmiş hərrac barədə tərtib edilmiş protokoldan da görünür ki, hərracda ipoteka saxlayandan başqa alıcı iştirak etməmişdir. Belə ki, protokoldan göründüyü kimi hərracın hansı formada, yəni açıq və ya qapalı auksion şəklində və hərracda iştirakçıların ipoteka predmetinin 5 faizi məbləğində behin ödənilməsi və qalib olmayan iştirakçıların ödədiyi behin qaytarılması barədə də heç bir məlumat verilməmişdir. Bundan başqa, ipoteka saxlayan digər alıcıların olmamasından və hərrac təşkilatçısının qanuna zidd hərəkətlərindən istifadə edərək süni şəkildə ipoteka predmetinin qiymətini azaltmaqla hərracın qalibi olmuşdur. Hərracın təşkilatçısı hərracın baş tutmaması haqqında kütləvi informasiya vasitəsində elan verməli olduğu halda bunu etməmiş, ipoteka saxlayana bir növ ipoteka predmetini daha ucuz qiymətə əldə etməyə imkan yaratmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(009)-783/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin 08.12.2016cı il tarixli Y-593 saylı Protokolun etibarsız hesab edilməsinin əsası kimi hərracın hansı formada yəni açıq və ya qapalı auksion şəklində keçirilməsibarədə heç bir məlumatın ona verilmədiyi, bundan başqa ipoteka saxlayan digər alıcıların olmamaısndan və hərrac təşkilatçısının qanuna zidd hərəkətlərindən istifadə edərək süni şəkildə ipoteka predmetinin qiymətini azaltmaqla hərracın qalibi olması, hərracın təşkilatçısının "İpoteka haqqında" Qanunun 43.1 maddəsinin tələblərinə riayət edərək hərracın baş tutmaması barədə kütləvi informasiya vasitəsində elan verməli olduğu halda bunun etməməsi, ipoteka saxlayana bir növ ipoteka predmetini daha ucuz əldə etməyə imkan yaratdığını hallarına əsaslansa da. istinad etdiyi halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu halları sübut edə bilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görülmüş, bununla bağlı kütləvi informasiya vasitələrində elanlar dərc edilmiş və hərracın təyin olunması və keçirilməsi barədə iddiaçının kifayət qədər məlumatı olmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(009)-783/2017 saylı qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin tam təmin edilməklə, 08.12.1016-cı il tarixli Y-593 saylı hərracın yekunlarına dair protokolun etibarsız sayılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı səbəbindən qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilsə də ki, sözügedən 1 predmeti olmuş əmlak əsaslı təmir olunmuş və bir çox yenidənqurma işləri görülmüşdür, buna düzgün hüquqi qiymət verilməmişdir. Belə olan halda isə hərracın keçirilməsi məsələsinə və qaydasına yenidən baxılmalıdır. Belə ki, “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinin 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədərki redaksiyasında təkrar hərrac ilkin satış qiymətindən 25 faizi olmayan qiymətlə alınmasını nəzərdə tuturdu. Bu isə o deməkdir ki, 2016-ci il tarixdə keçirilmiş hərracda "xxxx" BOKT MMC ipoteka saxlayan kimi əmlakın ilkin satış qiyməti olan 210.000 manat məbləğindən 25 % aşağı olmayan, yəni 157.500 manat məbləğindən az olmayan qiymətə əmlakı əldə edə bilərdi (bundan aşağı qiymətə ala bilməzdi). Belə olmayan halda isə hərracın keçirilməsi qaydaları kobud şəkildə pozulmuş və ipoteka predmeti ipoteka saxlayanın maraqları naminə ucuz qiymətə (133.875 manata) mənimsənilmişdir. Lakin bu maddi hüquq normasının pozuntusu məhkəmənin diqqətindən yayınmışdır və buna görə də düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində "TBC Kredit” BOKT MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bilirmişdir ki, iddia tələbinin əsasını hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Lakin 2017-ci ildə keçirilən məhkəmə prosesində belə bir hal müəyyən edilməmişdir. Əgər əsas olsa idi, bu apellyasiya şikayətində göstərilməli idi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tərəfindən verilmiş apellayasiys şikayəti birinci instansiya məhkəməsinin qismən ləğv edilməsinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyi və əsaslığının tam olaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və X1 müştərək qaydada 80.000 (səksən min) ABŞ dolları əsas borc, ödəniş qrafiki üzrə nəzərdə tutulmuş və ödənilməmiş 61.882 (altmış bir min səkkiz yüz səksən iki) ABŞ dolları 08 (səkkiz ) sent faiz borcu və 8.000 (səkkiz min) ABŞ dolları dəbbə borcu, cəmi 149.882 (bir yüz qırx doqquz min səkkiz yüz səksən iki) ABŞ dolları 08 (səkkiz) sent məbləğində kredit borcunun qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq pul vəsaiti və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması və tutmanın İddiaçı məxsus olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 222 nömrəli reyestr kitabının 20572 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsində mülkiyyətində olan 0,0589 ha torpaq sahəsində yerləşən 202,0 kv metr ümumi 134,8 kv metr yaşayış və 67,2 kv metr yardımçı sahədən ibarət 6 otaqlı, 2 mərtəbəli, 44 saylı fərdi yaşayış evinə və 0,0589 ha torpaq sahəsinə (onların ilkin satış qiyməti 150000 (bir yüz əlli min) manat müəyyən edilərək) yönəldilməsi və həmin qiymətə açıq hərraca çıxarılması hissəsində təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi borcun ipoteka predmetinə yönləndirilərək satılması hissəsində dəyişdirilərək, cavabdeh İddiaçı məxsus ipoteka predmetinin hərracda ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borcun ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 20.04.2016-cı il tarixli 2(102)-1639 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 sentyabr 2015-ci il tarixli qətnaməsi 8000 (səkkiz min) ABŞ dolları dəbbə borcunun tutulması hissəsində dəyişdirilmiş, İddiaçı və X1 müşətək qaydada iddiaçı "TBS Kredit Bank olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 3000 manat məbləğində dəbbə pulu tutulması, qətnamə cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən ümumi sahəsi 202 kv.metr, yaşayış sahəsi 134,8 kv.metr, yardımçı sahəsi 67,2 kv.metr olan 6 otaqlı, 2 mərtəbəli, 44 saylı fərdi yaşayış evi və 0,0589 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 sentyabr 2015-ci il tarixli 2(103)- 4269/2015 saylı icra vərəqəsi icra edilməsi üçün Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarından görünür ki, qeyd olunan icra vərəqəsinin icrası məqsədilə, Xəzər rayon İcra Şöbəsinin 11.07.2016-cı il tarixli 53/8 Y.Q. saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən 44 saylı evi 210.000 (iki yüz on min) manat ilkin satış qiyməti ilə 12.10.2016-cı il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirdərək 178.500 manat olmaqla, 16.11.2016-cı il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, həmin mənzil "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən «İpoteka haqqında» Qanunun 43.7- ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuş, tələbkar Bank isə təklifi qəbul edərək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən 44 saylı evi həmin qiymətə alınmış və bu barədə 08.12.2016-cı il tarixdə Y-593 №-li hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş, həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə “Azərpoçt” poçt xidməti vasitəsilə İddiaçı ünvanına 09.09.2016-cı il tarixli və 17.10.2016-cı il tarixli Sifarişli-Xəbərnaməli məktubla bildirişlər göndərmiş və həmin bildirişlər poçt xəbərnaməsinə imza edilməklə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan «Birja» qəzetinin 19-15.09.2016-cı il, 23-29.09.2016-cı il, 14.10.-cı il, 28-10-13.11.2016-cı il və 18-24.11.2016-cı il tarixlərinə olan 28, 29, 33, 35, 38 saylı buraxılışlarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən 44 saylı evin ilkin satış qiyməti 210.000 manat olmaqla 12.10.2016-cı il tarixdə və 16.11.2016-cı il tarixlərdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və «İpoteka haqqında» Qanunun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ipoteka predmeti olmuş Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən 44 saylı ev 210.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirilərək 178.500 manat qiymətlə 16.11.2016-cı il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, həmin mənzil «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 133.875 (yüz otuz üç min səkkiz yüz yetmiş beş) manata tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə təklif olunmuş, tələbkar Bank isə təklifi qəbul edərək ipotekada olmuş əmlakı həmin qiymətə almış və bu barədə 08.12.2016-cı il tarixdə Y-593 №-li hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş, həmçinin həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, «İpoteka haqqında» Qanunla borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısına) sifariş verir. «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipteka saxlayan qoyan alıcı qismində iştirak edə bilər. X4 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası işin hallarına və qanunvericiliyin qeyd edilən tələblərinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlinmişdir. İpoteka predmeti olmuş əmlakın əsaslı təmir olunması və bir çox yenidənqurma işləri görülməsinə baxmayaraq, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməməsi ilə bağlı apellyasiya şikaytinin dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin kollegiya xatırladır ki, qeyd edilən əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, MPM-nin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Əmlakın cavabdeh Bank tərəfindən təkrar hərracda 157.500 manat məbləğindən az olmayan qiymətə əldə edilməli olduğu halda, daha ucuz qiymətə, yəni 133.875 manata satılması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Bank qeyd edilən əmlakı təkrar hərracdan deyil, təkrar hərrac baş tutması səbəbilə ona təklif edildikdən sonra əldə etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və onları qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etmir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Şimal DRES Dəniz döngəsi küçəsində yerləşən 44 saylı evin "xxxx" MMC tərəfindən alınması barədə 08.12.2016-cı il tarixdə Y-593 №-li hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(009)-783/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar