Məhkəmə qərarları › İş №2(103)-8275/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8275/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8275/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4570/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 6310 manat maddi ziyan, 3000 manat mənəvi ziyan olmaqla, cəmi 9310 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, təxminən 08.24 radələrində cavabdeh etibarnamə əsasında idarə etdiyi «VAZ 21214» markalı, 90-PX824 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində hərəkət edən zaman əks istiqamətə çıxmış və onun idarə etdiyi «Hyundai İ 30» markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçının avtomobilinin təmiri ehtiyyat hissələri və usta (zəhmət) haqqı ilə birlikdə 11310 manat təşkil etmişdir. İcbari sığorta 5000 manat ödəniş etmişdir. Qalıq 6310 manat məbləğ isə cavabdeh tərəfindən ödənilməmişdir. Dəfələrlə edilən xəbərdarlıq heç bir nəticə verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4570/2020 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin olunmuş, 3185 (üç min yüz səksən beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 100 manat hissəsinin İddiaçı, 20 manat hissəsinin Cavabdeh tutulub dövlət gəlirlərinə alınması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməməsi, məhkəmə iclasının təxirə salınmaması, bu səbəbdən də təkrar ekspertizanın təyin olunması barədə vəsatət vermək imkanından məhrum olması, məhkəmənin dəymiş zərərin məbləği ilə səhv nəticəyə gəlməsi, iddiaçıya dəymiş zərərin ödənilməsindən boyun qaçırmaması, «xxxx» ASC tərəfindən 5000 manat icbari sıqorta məbləğinin iddiaçıya ödənilməsi, bununla da dəymiş zərərin qarşılanması, lakin iddiaçının məqsədinin ondan daha artıq pul almaq olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən (inzibati xəta haqqında protokol və s.) Cavabdeh «VAZ 21214» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə saat 08.24 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq İddiaçı idarə etdiyi «Hyundai İ30» minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinrək, 60 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, işdə olan xx.xx.2019-cu il tarixli «X10 Departamenti»nin ilkin baxış aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Hyundai İ30» minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11310 manat maddi ziyan hesablanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, 2489 saylı avtonəqliyyat vasitələrinin texniki ekspertizası rəyinə əsasən - 2008-ci il buraxılışlı «Hyundai İ30» minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8185 manat müəyyən edilir. İşdə olan «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktının surətinə əsasən PAX ********** nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» şəhadətnaməsinə əsasında «VAZ 21214» minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat məbləği həddində sığortalanmış (sığortalı X4, sığorta olunan X2), təqdim edilmiş qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən X1 məxsus «Hyundai İ30» minik markalı, **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8185 manat məbləğində ziyan dəymiş, İddiaçı 5000 manat icbari sığorta ödənişi həyata keçirilmişdir. Sığorta məbləğinin qalığı 3185 manatdır. X11 Sair oğlu sığorta aktının həqiqiliyini və etibarlılığını təsdiq edərək imzalamışdır. İddiaçı xx.xx.2019-cu il tarixli «X10 Departamenti»nin ilkin baxış aktına əsaslanaraq dəymiş maddi zərərə görə cavabdehdən 6310 manat maddi ziyan (icbari sığorta tərəfindən ödənilmiş 5000 manat sığorta haqqı çıxıldıqdan sonra), həmçinin mənəvi zərərə görə 3000 manat tələb etmiş, müvafiq sübutları təqdim etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddianı qəbul etməmiş, bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17397 saylı rəyinə əsasən - 2008-ci il buraxılışlı «Hyundai İ30» minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8400 manat müəyyən edilir. Lakin, birinci instansiya məhkəməsi yol-nəqliyyat hadisəsi baş verdikdən sonra keçirilmiş avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 2489 saylı rəyininə əsaslanaraq (həmin rəyə əsasən 2008-ci il buraxılışlı «Hyundai İ30» minik markalı, **-HC- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8185 manat müəyyən edilir) dəymiş zərərin məbləğini 8185 manat həddində müəyyən etmişdir. Çünki, sığorta şirkəti məhz həmin rəyə əsasən zərərin məbləğini müəyyən etmiş və iddiaçıya 5000 manat icbari sığorta ödənişini həyata keçirmişdir. Göründüyü kimi, işdə dəymiş zərərin hesablanması üzrə 3 sübut (xx.xx.2019-cu il tarixli «X10 Departamenti»nin ilkin baxış aktına əsasən - 11310 manat, xx.xx.2019-cu il tarixli, 2489 saylı avtonəqliyyat vasitələrinin texniki ekspertizası rəyinə əsasən – 8135 manat, Məhkəmə Ekspertizası Məkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən – 8400 manat) mövcud olmuş, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən ən az zərər məbləğini əsas götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı avtomobilə vurulmuş maddi zərərlə bağlı 11310 manat məbləğində pul tələb etsə də, mülki iş üzrə keçirilmiş hər iki ekspertiza tədqiqatı nəticəsi üzrə tərtib edilmiş ekspert rəylərinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində «Hyundai İ30» minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8400 manat və 8185 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, 2489 saylı avtonəqliyyat vasitələrinin texniki ekspertizası rəyi ilə razı olduğunu bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi mülki iş materiallarında olan fotoşəkillərlə və qüsur aktı əsasında tərtib edilmişdir. Lakin xx.xx.2019-cu ildə tərtib olunmuş ekspertiza tədqiqatı qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsinə baxış keçirilməklə aparılmışdır. Odur ki, ilk tərtib olunmuş ekspert rəyi daha mötəbər hesab olunmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi dəymiş zərərlə bağlı «xxxx» ASC tərəfindən iddiaçıya ödənilmiş 5000 manat icbari sığorta məbləğini çıxılmaqla (iddiaçı da iddia ərizəsində ona ödənilmiş icbari sığorta məbləğini çıxmaqla qalan zərəri tələb etmişlər), zərər məbləğini 3135 manat həddində müəyyənləşdirmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin daha az olması və s.) təqdim etməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin digər dəlilinə, yəni cavabdehin xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməməsini, buna baxmayaraq məhkəmə iclasının təxirə salınmaması barədə dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, işdə olan sənədlərə əsasən cavabdeh əvvələr məhkəmə iclaslarında iştirak etmiş, etiraz və vəsatətlərini təqdim etmişdir. Lakin, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, birinci instansiya məhkəməsi bu halı iddiaçı ilə müzakirə edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, məhkəmə iclasının təxirə salınması barədə cavabdehin vəkilinin ərizəsindən görünür ki, vəkil üzrlü hal kimi özünün başqa məhkəmə prosesinin olmasını göstərmiş, cavabdehin şəxsən məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı isə hər hansı hal qeyd edilməmişdir. Göründüyü kimi, cavabdehin sonuncu məhkəmə iclasında iştirak etməməsi işə mahiyyəti üzrə baxılmasına maneə təşkil etməmiş, birinci instansiya məhkəməsi buna məhkəmə iclas protokolunda münasibətini bildirmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4570/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4570/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar