Məhkəmə qərarları › İş №2(103)-8275/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8275/2021

26.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8275/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (direktoru) X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borca görə 2335 ABŞ dollarının, hesablanmış faizə görə 467 ABŞ dollarının, dövlət rüsumuna görə 30 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh MMC-nə müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər, eyni zamanda qonaqlamaq üçün otel nömrələri sifariş vermiş, nəticədə 2835 ABŞ dolları borcu yaranmış, lakin ötən 4 il ərzində borcunu ödəməmişdir. MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş, sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmiş, sifarişlərə görə ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən qaytarılmasa da, aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada cavabdehə hər-hansı çətinlik yaratmamışdır. Cavabdeh yalnız xəbərdarlıq məktubu göndərildikdən sonra 26.07.2019-cu il tarixdə 500 ABŞ dolları məbləğində ödəniş etmiş, bununla bağlı qəbz tərtib olunmuş, qalan pul məbləğinin ödənilməsinin qısa zamanda təmin ediləcəyini bildirsə də, vədinə əməl etməmişdir. Hazırda Cavabdeh 2335 ABŞ dolları məbləğində əsas borcu mövcuddur və pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün gecikdirilmiş vaxt üçün illik 5%, yəni 467 ABŞ dolları da ödəməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh göstərilən xidmətə görə 2129,12 ABŞ dollarının, dövlət rüsumuna görə 30 manatın İddiaçı MMC-nin xeyrinə, ekspertiza tədiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun iddianın təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, ödəniş qəbzlərindəki məbləği səhv hesabladığını, pul vəsaitindən faydalanmağa görə 5 % tələbini təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işi hərtərəfli araşdırmadığı, iddiaçı şirkətdən hansı xidmətləri aldığını tam aydınlaşdırmadığı, istinad olunan qəbzin iddiaçı şirkətin rəhbərinin xahişi ilə tərtib edildiyini və üç min manatdan çox borcun yazılı müqavilə ilə rəsmiləşdirilməli olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şirkətin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi qəbz formal olduğundan orada göstərilən məbləği ödəməmişdir və iddiaçıya heç bir borcu mövcud deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “hesablanmış faizə görə 467 ABŞ dollarının cavabdehdən tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin tələb qismən təmin edilməli, cavabdehin şikayəti təmin olunmayaraq qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin bilavasitə tərəflərin özlərinin bildirdikləri ilə müəyyən olunan hallarına görə, Cavabdeh İddiaçı MMC-nə müxtəlif istiqamətlərdə səfərlərin (uçuşların) həyata keçirilməsi məqsədilə aviabiletlər, eyni zamanda qonaqlamaq üçün otel nömrələri sifariş vermiş, bu xidmətlərin göstərilməsi nəticəsində onun MMC-nə 2835 ABŞ dolları borcu yaranmış, 26.07.2019-cu il tarixdə o, yaranmış borcundan 500 ABŞ dollarını ödəmiş və 27.07.2019-cu il tarixdə yazılı qəbz verərək qalan 2335 ABŞ dolları borcunu 6 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüş, 16.01.2020-ci il tarixdə isə "xxxx" MMC-nin hesabına 350 manat ödəniş həyata keçirmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh sözügedən qəbzdəki imzanın ona məxsus olmadığını irəli sürsə də, onun bu arqumenti müvafiq ekspertizanın rəyi ilə təkzib olunmuş, iddiaçı şirkətə yaranmış borcunu tam qaytarmış olduğu dəlilini isə sübuta yetirə bilməmişdir. Eyni zamanda, cavabdehin 26.07.2019-cu il tarixdə borcundan 500 ABŞ dolları ödəniş apardığını və bu barədə tərtib olunan qəbzdə pul vahidinin ABŞ dolları əvəzinə manat olaraq qeyd edildiyini etiraf edən iddiaçı şirkət də, 16.01.2020-ci il tarixli qəbzin yaranan fərqin aradan qaldırılması məqsədilə tərtib olunduğunu sübut edə bilməmişdir və kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qalıq borc məbləğinin 2129,12 ABŞ dolları təşkil etdiyi barədə qənaəti qanuni olmuşdur. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin “cavabdehdən 467 ABŞ dolları faiz borcunun tutulması” tələbi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından aydın olur ki, cavabdehin iddiaçı şirkət qarşısında müvafiq öhdəliyi 2016-2017-ci illər ərzində göstərilmiş xidmətlərə (satılan aviabiletlərə görə və s.) görə yaranmış, yuxarıda qeyd olunduğu kimi o, sonuncu dəfə 27.07.2019-cu il tarixdə yazılı qəbz verərək qalan 2335 ABŞ dolları borcunu 6 ay ərzində ödəyəcəyini öhdəsinə götürmüş, 16.01.2020-ci il tarixdə 350 manat ödəniş həyata keçirmiş, qalan borcunu ödəməmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, 27.01.2020-ci il tarixindən (öhdəliyin 27.07.2019-cu il tarixdən etibarən 6 ay ərzində icra ediləcəyinin razılaşdırıldığı nəzərə alınmaqla) birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı 11.02.2021-ci il tarixinə qədər olan müddət üçün (12 ay 14 gün) 2129,12 ABŞ dollarına illik beş faizlə hesablanan 110,5 ABŞ dolları faiz borcu cavabdehdən iddiaçı şirkətin xeyrinə tutulmalıdır (2129,12 x 5% = 106,5 (illik) x 12 ay 14 gün = 110,5 ABŞ dolları). Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-638/2021 saylı iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi “cavabdehdən 467 ABŞ dolları faiz borcunun tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirmə faizi qismində 110,5 (yüz on dollar 5 sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar